Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-980/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Əlixanov İsmayıl Əlibəy oğlunun cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, İsmayılzadə Fərid Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirak ilə, iddiaçı Əlixanov İsmayıl Əlibəy oğlunun cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əlixanov İsmayıl Əlibəy oğlu cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh qəsəbəsi ərazisində, Kardiologiya sanatoriyasının qərbində, Qələbə küçəsi 15 ünvanda yerləşən 98 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi, yaşayış sahəsi 72 kv.m olan, 4 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinin dövlət əhəmiyyətli yolun tikintisi ilə əlaqədar sökülməsinə görə 30 faiz əlavəsi ilə birlikdə təmirli vəziyyətdə həmin ərazidə yeni yaşayış evi (mənzil) ilə təmin olunması və 2011-ci ildən yaşayış sahəsi ilə təmin oluncağı dövrədək ona ailə üzvləri ilə birlikdə kirayədə yaşaması ilə əlaqədar aylıq 500 manat ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində, Kardiologiya sanatoriyasının qərbində, Qələbə küçəsi 15 ünvanda yerləşən 98 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsi 1996-cı ildən faktiki onların istifadələrində olmuş, torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə, 2011-ci ilədək həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışlar. Göstərilən yaşayış evi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən təxminən 2011-ci ildə sökülənədək olan müddətdə həmin evdə yaşamış, torpaq və əmlak vergisini vaxtı-vaxtında ödəmişlər. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ##.##.2008-ci il tarixli **** saylı Sərəncamın icrası ilə əlaqədar H.Əliyev adına X1 dairəsi - Bilgəh 6 cərgəli avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yaşadıqları 1 mərtəbəli 4 otaqlı yaşayış evi tamamilə sökülmüş, sökülən yaşayış evi və torpaq sahəsi əvəzinə yeni yaşayış sahəsi ilə təmin olunmamışlar. O, həmin vaxtdan müxtəlif dövlət orqanlarına müraciətlər etsə də, heç bir nəticəsi olmamış, evinin sökülməsi nəticəsində kompensasiya ödənilməsi barədə dəfələrlə şikayət etsə də, müsbət nəticəsi olmamışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ##.##.2025-ci il tarixli məktubla cavab vermiş və cavab məktubunda göstərmişdir ki, sözügedən layihə vaxtilə “xxxx” ASC (indiki “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi) tərəfindən həyata keçirilmişdir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ##.##.2025-ci il tarixli məktubunda isə göstərmişdir ki, ərizədə göstərilən torpaq sahəsinə dəymiş ziyanın qiymətləndirilməsi və baxılması yalnız həmin torpaq sahəsi üzrə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş hüquqmüəyyənedici sənədlərin (çıxarış) notarial qaydada təsdiqlənmiş surətləri Agentliyə təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizə də aidiyyəti üzrə Agentliyə göndərilmiş, Agentlik ##.##.2025-ci il tarixli məktubla eyni məzmunda cavab vermişdir. Digər qurumlar isə ümumiyyətlə cavab verməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanların imtinaları əsassız və qanunsuz olmaqla mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi və üzərindəki tikili ilə bağlı çıxarış olmasa da, torpaq sahəsinə dair Bilgəh Bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı qərarı “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlər siyahısında göstərilmişdir. Bundan əlavə, həmin torpaq sahəsi və üzərindəki tikililərlə bağlı (texniki göstəricilər) Bilgəh bələdiyyəsi tərəfindən müvafiq arayış verilmişdir. Cavabdehin etirazları: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iş üzrə Sabunçu Rayon İcra Hakimiyyəti cavabdehlik daşımadığından iddia tələbi Sabunçu RİH-ə münasibətdə mümkünsüz sayılmalıdır. Digər cavabdehlər iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, qərardadın ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından müəyyən edilir ki, ilk dəfə iddiaçı Əlixanov İsmayıl Əlibəy oğlu cavabdeh Azərbaycan Avtomobil X6rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində yerləşən ona məxsus torpaq sahəsinə 20.000 manat, sahəsi 98 kv.m. olan fərdi yaşayış evinə görə 76.832 manat və həmin daşınmaz əmlakın kompensasiyasının 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 19.366 manat olmaqla, cəmi 116.198 manat pulun dövlət büdcəsindən tutularaq ona ödənilməsinin cavabdehə həvalə edlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən 98 kv.m. olan tikililərə görə 73.500 (yetmiş üç min beş yüz) manat məbləğində kompensasiyanın Əlixanov İsmayıl Əlibəy oğluna dövlət büdcəsi hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2020-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı və ##.##.2020-ci il tarixli *-*(***)-***/**** nömrəli əlavə qərarı ilə üçüncü şəxsin və cavabdehin apelyasiya şikayəti təmin edilmiş, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı Əlixanov İsmayıl Əlibəy oğlunun cavabdeh Azərbaycan Avtomobil X6rşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində Kardiologiya Sanatoriyasının qərbində Qələbə küçəsi 15 ünvanında yerləşən 98 kv.m. olan fərdi yaşayış evinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə, iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2020-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı Əlixanov İsmayıl Əlibəy oğlu cavabdeh Azərbaycan Avtomobil X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində, Kardiologiya Sanatoriyasının qərbində, Qələbə küç., ev 15 ünvanda yerləşən ona məxsus torpaq sahəsinə görə 20.000 manat, sahəsi 98 kv.m. olan fərdi yaşayış evinə görə 76.832 manat və həmin daşınmaz əmlakın kompensasiyasının 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 19.366 manat, cəmi 116.198 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına ona ödənilməsi vəzifəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar bəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, vahid məhkəmə təcrübəsi ilə bağlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Hazırda iddiaçı Əlixanov İsmayıl Əlibəy oğlu yenidən həmin torpaq sahəsinə və evin sökülməsinə görə kompensasiya iddiası ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə yanaşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətini də cavabdeh qismində göstərərək, Bilgəh qəsəbəsi ərazisində, Kardiologiya sanatoriyasının qərbində, Qələbə küçəsi 15 ünvanda yerləşən 98 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdiyi, yaşayış sahəsi 72 kv.m olan, 4 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinin dövlət əhəmiyyətli yolun tikintisi ilə əlaqədar sökülməsinə görə 30 faiz əlavəsi ilə birlikdə təmirli vəziyyətdə həmin ərazidə yeni yaşayış evi (mənzil) ilə təmin olunması və 2011-ci ildən yaşayış sahəsi ilə təmin oluncağı dövrədək ona ailə üzvləri ilə birlikdə kirayədə yaşaması ilə əlaqədar aylıq 500 manat ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı yenidən eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla iddia qaldırmışdır. İddiada hazırkı iddiaya cavab verməli olmayan Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin göstərilməsi, o cümlədən söküntü ilə əlaqədar kompensasiya kimi pul məbləğinin deyil, yeni evin istənilməsi yeni iddia demək deyil. Odur ki, hazırkı iddianın predmetini təşkil edən məsələ barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə baxılaraq hüquqi qiymət verilmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * №-li Qərarının 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Əlixanov İsmayıl Əlibəy oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Fərid İsmayılzadə Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-980/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-980/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver