Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-99/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında ##.##.1999-cu il tarixli, *** nömrəli Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamdan çıxarışda qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın, vətəndaş İddiaçı 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən, tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin ##.##.1999-cu il tarixli qərarı və sovxozun ##.##.1999-cu il tarixli **/K nömrəli əmri nəzərə alınsın, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 ##.##.2003-cü il tarixli əmrdən çıxarışından görünür ki, İddiaçı fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubu ilə göndərilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına əsasən Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdirinin ##.##.1999-cu il tarixli, **/* saylı məktubunu nəzərə alaraq Maştağa-Buzovna yolunun şimalında, BAİB-ə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5 hektar həyətyanı torpaq fondu ayrılmışdır. xxxx publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır (iddiaçı ünvanı tanımır). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər arxivinin ##.##.2025-ci il tarixli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 Həmkarlar Təşkilatı Komitəsinin ##.##.2003-cü il tarixli, ** saylı protokolundan çıxarışdan görünür ki, siyahıda qeyd olunan X5 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin siyahıda 1558-ci sırada iddiaçı İddiaçı adı qeyd edilmişdir. - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 ##.##.2003-cü il tarixli, ** saylı əmri ilə siyahıda adları göstərilən X5 işçilərinin hər birinə fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 direktorunun ** nömrəli əmrinin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq, sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X5) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, barədə ona çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Buzovna qəsəbəsində 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X5 direktorunun ** nömrəli əmrinin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Həmçinin, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı ona ayrılan torpaq sahəsinin ünvanını tanımır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X5) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında qeyd etmişdir ki, ona ayrılan torpaq sahəsinin yerini bilmir, lakin Buzovna qəsəbəsində, Südçülük sovxozunda, yola yaxın ərazidə yerləşdiyi məlumdur. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin həqiqətən ona ayrılmış torpaq sahəsinə uyğun olduğunu sübut edə bilməmişdir. Eyni zamanda bu hal cavabdehin məhkəmə sorğusuna cavab məktubundan da, iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatla da təsdiq olunur. Göründüyü kimi iddiaçı onun istifadəsində olmayan bir torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş edir. İddiaçıya torpaq sahəsi ayrılması mübahisəsiz olsa da, cavabdeh konkret olaraq iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin ona ayrılmış sahəyə uyğun olub-olmadığını yoxlayaraq iddiaçının hüquqlarını qeydə ala, yaxud qeydə almaqdan imtina edə bilər. İddiaçıya ayrılmış torpaq sahəsini yerinin müəyyənləşdirilməsi isə cavabdehin vəzifələrinə aid edilməmişdir. Həmçinin iddiaçı torpaq sahəsinə dair yerləşmə sxemi də təqdim etmədiyi üçün ona ayrılmış sahənin yerinin müəyyən edilməsi mümkün deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin ona ayrılması mübahisəsizdir. İş materialları ilə tam sübuta yetirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 ##.##.2003-cü il tarixli, ** saylı əmri, həmin əmrlərə əsasən tərtib olunmuş siyahıda onun adının göstərilməsi ona 0,10 ha torpaq sahəsinin ayrıldığını təsdiq edir. Birinci instansiya məhkəməsi də bu halı inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək əldə edilmiş torpaq sahələrinə dair icra hakimiyyəti orqanlarının aktları hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə bu normanı formal şəkildə qeyd etsə də, onun hüquqi nəticəsini tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi səhv olaraq torpaq sahəsinin dəqiq yerinin müəyyən edilməsini iddiaçının üzərinə qoymuşdur. Halbuki yerində baxış, inventarlaşdırma, ölçmə və plan-ölçünün hazırlanması məhz xxxx orqanının funksional səlahiyyətlərinə daxildir. İddiaçının torpaq sahəsinin ünvanını dəqiq bilməməsi hüququn mövcudluğunu aradan qaldırmır və qeydiyyatdan imtina üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının formalaşmış mövqeyinə əsasən torpaq sahəsinin icra hakimiyyəti orqanının aktı ilə ayrılması mülkiyyət hüququnun yaranması üçün kifayətdir və faktiki istifadə olunmaması bu hüququ istisna etmir. Birinci instansiya məhkəməsinin iddiaçının torpaq sahəsinin yerini bilməməsini əsas götürməsi bu mövqeyə ziddir. Ali Məhkəmənin hüquqi mövqeyinə görə dövlət reyestri orqanı hüququn mövcudluğunu qiymətləndirən deyil, mövcud hüququ rəsmiləşdirən inzibati orqandır. Hazırkı işdə cavabdeh hüququn mövcudluğunu inkar etmədən, texniki səbəblərlə qeydiyyatdan imtina etmişdir. Bu isə inzibati orqanın səlahiyyət həddini aşmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində imtina halları qapalı siyahı şəklində göstərilmişdir. Yerləşmə sxeminin olmaması həmin maddədə imtina əsası kimi nəzərdə tutulmamışdır. Ali Məhkəmənin mövqeyinə əsasən bu cür texniki çatışmazlıqlar inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə və Ali Məhkəmənin mövqeyinə görə inzibati orqan iddiaçının hüququnu istisna edən hallara istinad edirsə, bunu sübut etməlidir. Cavabdeh belə halları sübut etmədiyi halda, məhkəmə sübutetmə yükünü əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. Bu kateqoriya işlər üzrə Ali Məhkəmənin yanaşmasına görə mübahisənin predmeti torpaq sahəsinin mövcudluğu deyil, inzibati orqanın öz vəzifələrini icra edib-etməməsidir. Cavabdeh baxış keçirməli, inventarlaşdırma aparmalı, plan-ölçü hazırlamalı idi. Bunları etmədən imtina etməsi qanunsuz inzibati hərəkətsizlikdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir... Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir... Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır... Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir... Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər... Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir... Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Baş vermiş dəyişiklik nəticəsində Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin məhkəmələrdə təmsil olunma səlahiyyəti qalmamışdır. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 Həmkarlar Təşkilatı Komitəsinin əmrinə əsaslanaraq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın, plan-ölçünün verilməsini xahiş edir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 direktorunun ** №-li əmrinin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İddiaçı ona ayrılan torpaq sahəsinin ünvanını tanımır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir. İş materiallarında görünür ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 Həmkarlar Təşkilatı Komitəsinin ##.##.2003-cü il tarixli, ** saylı protokolundan çıxarışdan görünür ki, siyahıda qeyd olunan X5 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin siyahıda 1558-ci sırada iddiaçı İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 ##.##.2003-cü il tarixli, ** saylı əmri ilə siyahıda adları göstərilən X5 işçilərinin hər birinə fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda iş materiallarında olan xxxx publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır (iddiaçı ünvanı tanımır). Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı izahatında ona ayrılan torpaq sahəsinin yerini bilmədiyini, lakin Buzovna qəsəbəsində, Südçülük sovxozunda, yola yaxın ərazidə yerləşdiyinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılması işin mübahisəsiz halı olsa da, torpaq sahəsinin yeri, onun hansı sahədən ayrılmasını müəyyən edən heç bir sənəd (yerləşmə sxemi, plan-ölçü sənədi və s.) aşkar edilməmişdir. Göründüyü kimi, indiki halda iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər mövcud olsa da, məhz torpaq sahəsinin yerini müəyyən edən sənədlər mövcud deyildir, iddiaçının özününü də torpaq sahəsinin yeri barədə məlumatı yoxdur. Belə olan halda, məhkəmə kollegiyası onu qeyd edir ki, faktiki olaraq naturada yeri və koordinatları mövcud olmayan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Belə ki, əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilk növbədə həmin əmlakın mövcudluğu müəyyən edilməlidir. Mövcud olmayan əmlaka dair hüququn dövlət qeydiyyatına alınması gələcəkdə həmin qərarın icrasını mümkünsüz olmasına gətirib çıxardır ki, bu hal isə qanunvericiliyin tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin naturada yeri, mövcudluğu və sərhədləri müəyyən edilmədən ona dair əmlak hüququnun dövlət qeydiyyatına alınması qanunvericilik normasının tələbi baxımından yolverilməzdir. Əmlak hüququnun dövlət qeydiyyatı konkret, fərdiləşdirilmiş və naturada mövcud olan obyektə münasibətdə mümkündür. Bir sözlə, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Həmçinin məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı məsələnin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir, habelə qeyd edilən məsələ öz həlini tapdıqdan sonra həmin torpaq sahəsinə dair əmlak hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-99/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-99/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver