Məhkəmə qərarları › İş №2-1(3-7)-10/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-10/2026

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(3-7)-10/2026 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, “qərarın ləğvi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-122/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, E00084147NUL nömrəli göndərişində X4 qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – T90 Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət. Ağırlaşma – G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş-beyin travması nəticəsində ensefalopatiya xəstəliyi. Yanaşı xəstəliklər – F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom.

2. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, E00084147NUL nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən X1 əlillik vəziyyəti xx.xx.2023 -cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İşdə olan sənədlər:

3. X5 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Gədəbəy RPŞ-nin göndərişinə əsasən şəhadətləndirilmiş və DİN Tibb İdarəsi Xüsusi Həkim Komissiyasının 289 nömrəli qərarına əsasən K26.4 "Xroniki xora xəstəliyi, tez-tez və uzun müddətli kəskinləşmələrlə. 12 barmaq bağırsağın xorasının kəskinləşməsi, qanaxma əlamətləri ilə, tez-tez residiv verən. Soğanağın deformasiyası və daralması. K22.7 Barretta qida borusu. Eroziv qastrit. Xroniki hepatoxolesistit. Qara ciyərin piy distrofiyası. Adgeziv plevrit. Astenik vəziyyət. Vegetativ damar distoniyası. Vertebrogen lümboişalgiya, remissiya fazasında. D50.0 Posthemorragik anemiya" diaqnozu “DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

4. X4 xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2023-cü il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir.

5. Müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilmiş və Komissiyanın xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən Gədəbəy rayon sakini xx.xx.1983-cü il təvəllüdlü iddiaçının (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xroniki xora xəstəliyi, tez-tez və uzun müddətli kəskinləşmələrlə. 12 barmaq bağırsağın xorasının kəskinləşməsi, qanaxma əlamətləri ilə, tez-tez residiv verən. Soğanağın deformasiyası və daralması. Barretta qida borusu. Eroziv qastrit. Xroniki hepatoxolesistit. Qara ciyərin piy distrofiyası. Adgeziv plevrit. Astenik vəziyyət. Vegetativ damar distoniysi. Vertebrogen lümboişalgiya remissiya fazasında. Posthemorragik anemiya" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yüngül qıcolma tutmalarından şikayətlənmişdir. Hal-hazırda medikamentoz preparatlardan gündə 2 dəfə "Depakin", "Fillepsal", "Fenozepam" qəbul etdiyini bildirmişdir. Müayinə zamanı çəkisi 98 kq, boyu 174 sm, BKl=32.6 müəyyənləşdirilmiş, palpasiya zamanı qarnı yumşaq və ağrısız olmuş, əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkarlanmamışdır. Müayinə gedişatında vətəndaş ekspertiza üçün əhəmiyyətli olan epikativ ocaqları təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmiş, anamnestik məlumatlarında tutmaları təsvir edə bilməmiş, epilepsiya xəstəliyi təsdiqlənməmiş, vətəndaşın klinik vəziyyəti praktiki sağlam olaraq dəyərləndirilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1835 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Epilepsiya xəstəliyi" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli EEQ müayinəsinin nəticəsi "Orta strukturların disfunksiyası üzərində iti-yavaş dalğa kompleksi qeyd edilir" kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Alın payının hər iki tərəfində, sağ təpə payında subsm-ik lipodens-qlizo xarakter ocaqlar qeyd olunur (damar mənşəli). Sol orta kəllə çuxurunda subaraxnoidal sahədə fokal genişlənmə izlənir. Hər iki gicgah sırımları, Silvi yarıqları dərinləşmişdir – xəfif kortikal ensefalopatiya qeyd olunur" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir Nəticədə Azərbaycan Respublikasının Nazirler Kabinetinin 13 may 2022-ci il tari 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlana müvar olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

6. xx.xx.2023-cü il tarixdə X4 SMS bildiriş göndərilərək xx.xx.2023-cü il tarixli göndərişdəki diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmişdir.

7. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T844/2023 nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "Başın travmalarının nəticələri. Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya. Baş beyin travması nəticəsində ensefalopatiya xəstəliyi. Generəlizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri. Epilepsiya xəstəliyi mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə qıcolma tutmaları) ocaqlı simptomatik" diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəlifiyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi son qiymətləndirmə nəticəsində 0% qeyd edilmişdir. Həmin diaqnoz əlillik təyini səviyyəsində olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, №187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.

8. Səhiyyə Nazirliyinin Mərkəzi X3 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2810 nömrəli rəyində qeyd edilmişdir ki, X2 “Üzvi emosional-labil (astenik) pozuntusu (Psixi və davranıs pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6)” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilən tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara və təqdim edilən tibbi sənədlərə görə 2017-ci polis bölməsində pilləkəndən yıxılaraq travma alması rayon xəstəxanasında müalicədə olması, aldığı travmadan sonra onda bas ağrıları, baş gicələnmə hallarının biruzə verməsi, həmçinin qapalı yerdə qala bilməməsi, qıcolma tutmalarının biruzə verməsi, beynində sıxılma hallarının olması, göstərilənlərlə əlaqədar AR DİN A.Heydərov adına Respublika Hospitalında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi nevrologiya bölməsində müayinə və müalicədə olaraq onda "Qapalı kəllə beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət. Epilepsiya, parsial mürəkkəb tutmalarla (ayda 7-8 dəfə) ocaqlı simptomatik" diaqnozunun müəyyən edilməsi, ona təyin edilmiş sakitləşdirici müalicəni evdə qəbul etməsi, həmçinin hazırki psixiatrik müayinə zamanı əsəbiliyi, emosional qeyri-sabitliyi və s. sübut edir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16042/2023 nömrəli qərarının ləğv edilərək ona ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, polis orqanlarında işlədiyi dövr ərzində yaşadığı ərazinin poliklinika və xəstəxanalarında müxtəlif xəstəliklərləbağlı müalicələr almış, xx.xx.2018-ci ildə TSEK-in müayinəsindən keçmiş və ona 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində Agentlikdə müayinədə olmuş, 2018-ci ildə əlillik təyin olunarkən müəyyən olunmuş bütün xəstəliklər tamamilə öz təsdiqini tapsa da, cavabdeh orqan qanunsuz və əsassız olaraq əlilliyin təyin edilməsindən imtina etmişdir.

11. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlilliyin təyini barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

12. Cavabdeh orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 289 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xroniki xora xəstəliyi, tez-tez və uzun müddətli kəskinləşmələrlə. 12 barmaq bağırsağın xorasının kəskinləşməsi, qanaxma əlamətləri ilə, tez-tez residiv verən. Soğanağın deformasiyası və daralması. Barretta qida borusu. Eroziv qastrit. Xroniki hepatoxolesistit. Qara ciyərin piy distrofiyası. Adgeziv plevrit. Astenik vəziyyət. Vegetativ damar distoniysı. Vertebrogen lümboişalgiya, remissiya fazasında. Posthemorragik anemiya" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yüngül qıcolma tutmalarından şikayətlənmişdir. Hal-hazırda medikamentoz preparatlardan gündə 2 dəfə "Depakin", "Fillepsal", "Fenozepam" qəbul etdiyini bildirmişdir. Müayinə zamanı çəkisi 98 kq, boyu 174 sm, BKl=32.6 müəyyənləşdirilmiş, palpasiya zamanı qarnı yumşaq və ağrısız olmuş, əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkarlanmamışdır. Müayinə gedişatında vətəndaş ekspertiza üçün əhəmiyyətli olan epikativ ocaqları təsdiqləyən EEQ müayinəsinin dalğalarını təqdim etməmiş, anamnestik məlumatlarında tutmaları təsvir edə bilməmiş, epilepsiya xəstəliyi təsdiqlənməmiş, vətəndaşın klinik vəziyyəti praktiki sağlam olaraq dəyərləndirilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1835 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Epilepsiya xəstəliyii" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli EEQ müayinəsinin nəticəsi "Orta strukturların distunksiyası üzərində iti-yavaş dalga kompleksi qeyd edilir" kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi "Alın payının hər iki tərəfində, sağ təpə payında subsm-ik hipodens- qlizoisə xarakter ocaqlar qeyd olunur (damar mənşəli), Sol orta kəllə çuxurunda subaraxnoidal sahədə fokal genişlənmə izlənir. Hər iki gicgah şırımları, Silvi yarıqları dərinləşmişdir-xəfif kortikal ensefalopatiya qeyd olunur" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması iddiaçıda olub olmamasını müəyyən etmək üçün əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspertizasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-122/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin olmasına (psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası) və orqanizmin funksiyalarının pozulmasının faizinin 65-80 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri.

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmamışdır. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırki vəziyyətini əks etdirməməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadığından “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi – S06-T90 (20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiya) Qiymətləndirmə 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası

22. “Tibbi-sosial ekspert komissiyaları haqqında“ Əsasnamə: 5.1.Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti əlilliyin qiymətləndirilməsi təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2.Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 (bir) il müəyyənləşdirilir. 5.3. əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əliliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət (indiki Agentlik) tərəfindən aparılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, E00084147NUL nömrəli göndərişində qeyd olunan “Əsas diaqnoz – T90 Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət; Ağırlaşma – G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Baş-beyin travması nəticəsində ensefalopatiya xəstəliyi; Yanaşı xəstəliklər – F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom” diaqnozları üzrə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

28. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçıda mövcud olan diaqnozların əlilliyin təyini üçün əsas olmaması qeyd edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

30. İş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçıya təyin edilmiş diaqnozlardan “Əsas diaqnoz – T90 Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəlləbeyin travmasından sonrakı vəziyyət” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

31. Belə ki, “Başın travmalarının nəticələri, Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında (nəzərə alınmalıdır ki, göndəriş xx.xx.2023-cü il tarixlidir və xx.xx.2023-cü il tarixdə imtinaya dair inzibati akt qəbul edilmişdir) “6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi S06-T90” sırasında öz əksini tapmışdır.

32. Qeyd olunmalıdır ki, T90 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verməsi üçün Meyarların 6.1.1-6.1.10-cu bəndlərində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

33. İş materiallarında olan ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin onun stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri nəticələri əsasında müəyyən edilmiş, habelə iddiaçı barəsində sonuncu göndəriş tərtib edilərkən o son bir il ərzində “G40-Epilepsiya”ya görə ambulator müraciət etmiş və stasionar müalicələr aldığı, “Məhkəmə-X3” phş-də psixiatrik müayinəsi zamanı onda “Üzvi emosional-labil (astenik) pozuntusu” (Psixiyə davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında F06.6) müəyyən edilmiş, xx.xx.2025-ci il tarixlərdə "Tam diaqnoz: a)Əsas: (T90.9) KQKBZ-nin. qalıq əlamətləri. b)ağırlaşmalar: (G40.2) Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindrom.(həftədə 7-8 dəfə). (167.3) Ensefalopatiya İİ mərhələ kooqnitiv pozulmalar. (G90.8) Vegetativ damar paroksizmləri. c)yanaşı: (F48.8) Asteno-nevrotik sindrom. (İ10) Hipertoniya xəstəliyi" Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın nevrologiya şöbəsində stasionar müayinə və müalicədə olduğu” qeyd edilmişdir.

34. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, E00084147NUL nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 110) qeyd edilmişdir ki, xəstədə ayda 7-8 dəfə cəngolma tutmaları baş verir, tutmalar 10-15 dəqiqə kimi davam edir. Dili narahat, kənarlarda dişlərin izi alınır. Refleksi D=S sönük. Parasteziya hissiyyat pozulub. Çanaq orqanlarının funksiyası tutmalar zamanı pozulub. Patoloji refleksi yoxdur. Romberq zəif davamlıdır.

35. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı barəsində xx.xx.2018-ci ildə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə “Kallədaxili travma, Qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət. Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik.Kompleks parsial qıcolma tutmaları ilə müşahida olunan lokaliza olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə):ocaqlı simptomatik. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, Hipertoniya xəstəliyi ll mərhələ. Xroniki xolesistit, Xroniki hepatoxolesistit. Onikibarmaq bağırsağın xorası, 12-barmaq bağırsağın xorası” diaqnoz əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılması işin mübahisəsiz halıdır.

36. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-cü bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinə uyğun olduğu işin araşdırılmış halları ilə müəyyən edilir. Belə olan halda isə apellyasiya şikayətinin “əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmaması” ilə əlaqədar dəlilləri işdə olan sənədlərlə təkzib olunur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

38. Apellyasiya şikayətinin “əlilliyin qiymətləndirilməsinin inzibati orqanın diskresion səlahiyyətinə aid olması və məhkəmə qərarının buna müdaxiləsi olması” dəlili ilə bağlı qeyd olunur ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

40. İnzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

42. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.

43. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

44. Göründüyü kimi iddiaçının əsas diaqnozu (başından aldığı travma) onda beyinin təzahür edən və psixi təzahür edən pozuntulara səbəb olmuşdur. Belə ki, həm cavabdeh orqanın apellyasiya şikayətinin dəlili kimi iş üzrə mühüm əhəmiyyət daşıdığı bildirilən ekspert rəyində, həm də iş materiallarına əlavə edilmiş digər tibbi sənədlərdə iddiaçıda qıcolma tutmalarının və ensefalopatiya xəstəliyinin olması öz təsdiqini tapmışdır.

45. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-122/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar