Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(3-7)-117/2026 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X13, X18, X14 və X15) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-868/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X13, X18, X14 və X15) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs tərəfindən ona satılmış 1,24 ha torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum atası X20 rayon notariat kontorunda 26 oktyabr 2001-ci ildə 4Ə/38 saylı alqı-satqı müqaviləsinə əsasən iş üzrə 3cü şəxslərdən onlara məxsus olan 1,24 ha torpaq sahəsini almışdır. Torpaq sahəsini bu yaxınlarda atasının qanun üzrə vərəsəsi kimi adına keçirmək istəyərkən məlum olmuşdur ki, onun sahibliyində olan torpaq sahəsi 3 saylı Gəncə Ərazi idarəsində üçüncü şəxslərin adına qeydiyyata alınmış və ona bu barədə çıxarış verilmişdir. İşin halları ilə məlum olur ki, cavabdeh inzibati orqan tərəfindən qanuni sahibliyində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları başqa şəxslərin adına qeydiyyata alınmışdır. Ona görə də Samux rayonu, Ziyadlı kəndində yerləşən 1,24 hektar torpaq sahəsinin üçüncü şəxslərin adına qeydiyyata alınması məhkəmə qaydası ilə ləğv edilməlidir. Məhkəmə iclasında üçüncü şəxslər X13 və X18 vəsatət verərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Samux Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə qərarı çıxarılana kimi hazırki işin icraatının dayandırılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkil) X4 icraatın dayandırılmamasını xahiş etmişlər. Həmçinin, vəkil əlavə olaraq göstərmişdir ki, çıxarış qüvvədə ola-ola həmin iddiaya baxıla bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-868/2025 nömrəli qərardadı ilə (hakim F.Əliyev) üçüncü şəxslərin vəsatətinin təmin edilməsi və hazırkı 2- 1(114)-868/2025 nömrəli inzibati iş üzrə icraatın iddiaçılar X6, X11 və X7 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin ləğvi və torpaq sahəsindən çıxarılma” tələbinə dair Samux Rayon Məhkəməsinin icraatında olan e-2(058)-938/2024 nömrəli iş üzrə yekun məhkəmə qərarı qəbul edilənə qədər dayandırılması qərara alınmışdır. Məhkəmə qərardadında qeyd edilmişdir ki, mülki iş üzrə yekun məhkəmə aktının çıxarılması hazırki iş üzrə obyektiv nəticəyə gəlməyə əsas verəcəkdir. Çünki iddiaçı məhz mübahisələndirilən alqı-satqı müqaviləsini əsas tutaraq üçüncü şəxslərin adına aparılmış qeydin ləğv edilməsinə nail olmağa çalışır. Hansı ki, həmin alqı-satqı müqaviləsi mülki mühakimə icraatı qaydasında mübahisələndirilmişdir. Yəni birinci növbədə həmin mülki mübahisə üzrə yekun məhkəmə aktı çıxarılmalıdır. Çünki inzibati işdə iddianın uğurluluğu həmin mülki işdən asılıdır. Odur ki, icraatın dayandırılması qanunamüvafiqdir. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-868/2025 nömrəli qərardadının ləğv edilməsi və işin məhkəmə baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə üçüncü şəxslər Samux Rayon Məhkəməsində onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Üçüncü şəxslərin Samux Rayon Məhkəməsində olan işinə baxılıb qurtarana kimi onun Gəncə İnzibati Məhkəmədə olan işinə baxılması müvəqqəti dayandırılmışdır. Bildirir ki, Samux Rayon Məhkəməsində alqı-satqı müqaviləsi mübahisələndirilir. O isə mübahisəli torpağa dair qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Hər bir halda 1-ci onun iddiasına baxılmalıdır. Çünki nə qədər ki, üçüncü şəxslərin adına çıxarış vardır, yəni onların adına torpağa dair qeydiyyat aparılıb onda 1-ci onun iddiasına baxılmalı, sonra Samux Rayon Məhkəməsində olan işə baxılmalıdır. Bildirir ki, iş üzrə üçüncü şəxslər Samux Rayon Məhkəməsində qaldırdıqları iddiaya baxılması üçün ərizə vermirlər. Ona görə də Gəncə İnzibati Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli qərardadı əsassız olduğu üçün ləğv edilməli, iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki:- -Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Samux rayon Ziyadlı kənd sakinləri X13, X18, X14 və X10 verilmiş və bununla bağlı xx.xx.1999-cu il tarixli, JN-254 kod 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilərək qeydiyyat kitabında 254 nömrə ilə qeydiyyata alınmışdır. -Samux rayon notariat kontorunda bağlanmış xx.xx.2001-ci il tarixli, 4Ə/38 reyestr nömrəli müqaviləyə əsasən X13, X18, X14 və X15 JN-254 kod 50707028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən 1.24 ha torpaq sahəsini ******* manat müqabilində X1. -Samux rayon Ziyadlı kəndində yerləşən 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X13, X18, X14 və X8 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə müəyyən olunur ki, Dövlət aktı ilə üçüncü şəxslərə məxsus 1.24 ha torpaq sahəsinin iddiaçının mərhum atası X2 ilə bağlı müqavilə olsa da, sözügedən torpaq sahəsinin 0.99 ha hissəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına qeydə alınmışdır. Hazırda iddiaçı Samux rayon notariat kontorunda bağlanmış xx.xx.2001-ci il tarixli, 4Ə/38 reyestr nömrəli müqaviləyə istinad etməklə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydi mübahisələndirmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçılar X13, X19 və X16 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğvi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Samux rayon notariat kontorunda bağlanmış xx.xx.2001-ci il tarixli, 43/38 reyestr nömrəli müqavilənin etibarsız olduğu üçün ləğvinə və Samux rayonu, Ziyadlı kəndində yerləşən “Torpağın Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında onlara məxsus 0.99 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi, iddiaçı məhz mübahisələndirilən alqı-satqı müqaviləsini əsas tutaraq üçüncü şəxslərin adına aparılmış qeydin ləğv edilməsinə nail olmağa çalışır, hansı ki, həmin alqı-satqı müqaviləsi özü mülki mühakimə icraatı qaydasında mübahisələndirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı məhkəmənin qərarının mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İstinad olunan normanın müddəalarını hazırki işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə yekun məhkəmə aktının çıxarılması hazırki iş üzrə obyektiv nəticəyə gəlməyə əsas verəcəkdir. Yəni, birinci növbədə həmin mülki mübahisə üzrə yekun məhkəmə aktı çıxarılmalıdır. Çünki hazırki inzibati işdə iddianın uğurluluğu həmin mülki işdən asılıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-868/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-117/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-117/2026
24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver