Məhkəmə qərarları › İş №2-1(3-7)-121/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-121/2026

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-121/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 (üçüncü şəxs Naftalan şəhər Naftalan bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Naftalan şəhər Naftalan bələdiyyəsinin ## ###### 2003-ci il tarixli, ** saylı qərarına əsasən 1000 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt ##.##.2004-cü il tarixində Naftalan şəhər torpaq şöbəsində 2 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli *** saylı Qərarına əsasən Mərkəzi Kolxoz bazarının müdiri İddiaçı ərizəsində göstərilən ünvanda və ölçüdə Mərkəzi Kolxoz bazarının inkişaf etdirilməsi üçün torpaq sahəsinin satılmasına etiraz etmir. ##.##.2004-cü il tarixli * nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Naftalan bələdiyyəsinin hesabına 1500000 manat məbləğində ödəniş edilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh1 * saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin ##.##.2025-ci il tarixli *-**-*-**/*- ****/**** nömrəli imtina məktubundan görünür ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, naturada istifadə etdiyi torpaq sahəsi ilə “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” üzrə elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Belə ki, Naftalan şəhər Bələdiyyəsinin. ##.##.2003-cü il tarixli ** saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi üçün satılmış 0.10 ha torpaq sahəsinin (0.0416 ha və 0.0583 ha) “Torpaqların elektron kadastr uçotu informasiya sistemi" üzrə elektron kadastr məlumat bazasında mülkiyyət növü dövlət mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahəsi kimi işlənmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhər bələdiyyəsinin ## ###### 2003-cü il tarixli, ** nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan rayon şöbəsi tərəfindən verilmiş JN-0023, KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktında göstərilən Naftalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, sahibkarlıq məqsədi ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə Naftalan şəhər Naftalan bələdiyyəsi iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Naftalan şəhər bələdiyyəsinin ## ###### 2003cü il tarixli, ** nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan rayon şöbəsi tərəfindən verilmiş JN0023, KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktında göstərilən Naftalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, sahibkarlıq məqsədi ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh orqan cavabdeh1 publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla, mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olmasına baxmayaraq bu hal Məhkəmə tərəfindən araşdırılmamış, müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.2-385.1.4-cü maddələrinə əsasən qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. b) apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) prosessual məsələlər Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bərdə Ərazi İdarəsinin hüquq varisi olaraq tanınmışdır. d) məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azər Rzayev apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (## ###### 2008-ci il tarixədək olan redaksiya) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...

2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Naftalan şəhər bələdiyyəsinin ## ###### 2003-cü il tarixli, ** nömrəli qərarı əsasında ona satılmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan rayon şöbəsi tərəfindən verilmiş JN-0023, KOD ******** saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktında göstərilən Naftalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir. Cavabdeh iddiaçının buna dair müraciətindən imtina edərək bildirmişdir ki, naturada istifadə etdiyi torpaq sahəsi ilə “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” üzrə elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi arasında uyğunsuzluq vardır. Belə ki, Naftalan şəhər Bələdiyyəsinin ##.##.2003-cü il tarixli ** saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədi üçün satılmış 0.10 ha torpaq sahəsinin (0.0416 ha və 0.0583 ha) “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” üzrə elektron kadastr məlumat bazasında mülkiyyət növü dövlət mülkiyyətində olmaqla ümumi istifadədə olan torpaq sahəsi kimi işlənmişdir. İş materiallarından görünür ki, Naftalan şəhər Naftalan bələdiyyəsinin ## ###### 2003-ci il tarixli, ** saylı qərarına əsasən 1000 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt ##.##.2004-cü il tarixində Naftalan şəhər torpaq şöbəsində 2 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsi tərəfindən tərtib edilmiş rəydən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli *** saylı Qərarına əsasən Mərkəzi Kolxoz bazarının müdiri İddiaçı ərizəsində göstərilən ünvanda və ölçüdə Mərkəzi Kolxoz bazarının inkişaf etdirilməsi üçün torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Naftalan şəhər şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə Torpaqların alqısatqısına dair ##.##.2004-cü il tarixli akt, aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin satılmasına etiraz edilməməsi barədə şəhər torpaq şöbəsinin rəyi, habelə şəhər torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Belə ki, torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi üçün ayrıldığından “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsinin rəyinin alınması şərt idi. Həmin vaxt torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etmək səlahiyyəti rayon torpaq şöbəsinə məxsus idi. Göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naftalan şəhər şöbəsi tərəfindən iddiaçıya satılmalı olan 1000 kv.m torpaq sahəsinə dair müsbət rəy verilmişdir. Rəydə torpaq sahəsinin etirazın olmaması qeyd edilmişdir. Beləliklə işin mübahisə olunmayan hallarına görə iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: 1.Elektron məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid tikili altı torpaq sahəsidir. 2.Yuxarda qeyd edilən torpaq sahəsi üzərində başqa şəxsin, və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamışdır. 3.İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis kommunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.

4. Yuxarıda qeyd edilən 0.10 ha torpaq sahəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. 5.İddiaçının faktiki istifadə etdiyi 0.10 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. 6-7. Təqdim edilən sənəd və göstərilən torpaq sahəsində hər hansı tikili mövcud deyil.

8. Naftalan şəhər Heydər Əliyev prospektində yerləşən 0.10 ha torpaq sahəsinin ayrıldığı zaman yaşayış məntəqəsi torpaqlarına aid olmuşdur. 9.İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin həndəsi ölçüləri (en uzunluq) konfiqurasiyası JN 0023 KOD******** nömrəli dövlət aktındakı torpaq sahəsinin en uzunluq ölçüləri və konfiqurasiyası uyğundur və onun hüdudları daxilində yerləşir. Beləliklə, iş materialları, mütəxəssis rəyi və mövcud hüquqmüəyyənedici sənədlər birlikdə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi 0.10 ha torpaq sahəsi qanunvericiliyin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olaraq səlahiyyətli orqanların rəyi əsasında bələdiyyə tərəfindən ayrılmış, torpağın alqı-satqısı rəsmiləşdirilmiş, dövlət aktı verilmiş və torpaq sahəsinin faktiki istifadə olunan yerləşməsi, ölçüləri və konfiqurasiyası dövlət aktında göstərilən məlumatlarla uyğun olmuşdur. Eyni zamanda, həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin qeydiyyata alınmış hüquqları mövcud deyil, torpaq sahəsi hər hansı mühafizə zolaqlarına düşmür və digər şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan cavabdehin yalnız elektron kadastr məlumat bazasındakı uyğunsuzluğa istinad etməklə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı hesab oluna bilməz. Həmçinin məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə (torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olmasına) münasibətdə qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsi elektron məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid tikili altı torpaq sahəsidir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar