Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-125/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, “torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması, çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mənafov İlqar Səttar oğlu cavabdeh Cavabdehn * saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona Tərtər Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə sahibkarlıq məqsədi üçün 30 il müddətinə ayrılıb icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndi ərazisində yerləşən dövlət mülkiyyəti olan 0.70 ha torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaq sahəsində tikdiyi ticarət obyekti üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ona Tərtər Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, *** nömrəli sərəncamına əsasən icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim R.Tağıyeva) ilə iddia təmin edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə hüquqi əsasın mövcudluğu və tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü araşdırılmalıdır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Qeyd olunmalıdır ki, ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçının icarə hüququnun qeydə alınması, çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədini almaq istədiyi və Tərtər Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, *** nömrəli sərəncamı ilə icarəsinə verildiyi torpaq sahəsi hazırda TEKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən dövlət mülkiyyəti olmaqla digər təyinatlı olmuş, üçüncü şəxs də məhz bu əsasdan – ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasından çıxış edərək birinci instansiya məhkəməsinin qərarının onun mənafeyinə toxunduğunu hesab edərək apellyasiya şikayəti vermişdir. Cavabdehn * saylı Bərdə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Mənəfov İlqar Səttar oğlunun iddia etdiyi və naturada göstərdiyi Tərtər rayon Köçərli kəndində yerləşən 0,67 ha torpaq sahəsi Tərtrər rayonu Nizami təsərrüfatının Köçərli kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən dövlət mülkiyyəti olmaqla digər təyinatlı torpaq sahəsidir. TEKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Mənəfov İlqar Səttar oğlunun iddia etdiyi və naturada göstərdiyi Tərtər rayon Köçərli kəndində yerləşən 0,67 ha torpaq sahəsinin üzərində yerləşən 0,30 ha metal konstruksiyalı tikili TEKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, alt uqodiyası ticarət obyekti kimi qeyd edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir və bu barədə sənədləşdirmə işləri həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən aparılmışdır. Belə olan halda isə iş üzrə qəbul ediləcək qərar üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi marağına toxunmayacaq və onun hazırki iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına dair hüquqi əsaslar yoxdur. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Azərbaycan Respublikasının İPM-in 81.1, 83.3.6, 83.4-cü maddələrinin müddəaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2015-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alındıqda, cəlbetmənin dəyişdirilməsi və ya ləğv edilməsi, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verilməsi barədə qərardadlardan şikayət verilə bilər. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 28, 81, 83, 87-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı Mənafov İlqar Səttar oğlunun cavabdeh Cavabdehn * saylı Bərdə Ərazi İdarəsinə qarşı icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(3-7)-125/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-125/2026
17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver