Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-141/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı etdiyi müraciətinin müsbət həllindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubu ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasının və digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən sığorta stajı ##.##.1977-ci il tarixindən ##.##.1982-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla 17 il 5 ay 24 gün təşkil edir. Həmçinin, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1996-cı il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmrində səlahiyyəti şəxsin adı qeyd olunmayıb, eyni zamanda qeydlərdə kiril-latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılmışdır) sözügedən dövrün araşdırılması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. “xxxx” ASC-nin hazırda fəaliyyət göstərməməsi, arxiv sənədlərinin Ağdam rayon Dövlət Arxivində saxlanılmaması, saxlanıldığı yerin məlum olmaması səbəbindən əmək fəaliyyəti dövrünün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
İşdə olan sənədlər:
2. AZE №******** şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1959-cu il tarixdə Salyan rayonu, Marşlı kəndində anadan olmuşdur.
3. ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1996-##.##.2006-cı il tarixlərdə “xxxx” ASC-də çilingər vəzifəsində işləmişdir.
4. Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 3200026981) ##.##.2000-ci il tarixdə 10/34 nömrə ilə dövlət qeydiyyatından keçməsi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin ##.##.2007-ci il tarixli ** nömrəli Sərəncamı ilə təşkilati-hüquqi formasının dəyişdirilib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim edilən arayışa əsasən uçot məlumat bazasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin ##.##.2023-cü il tarixdən ##.##.2048-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır.
5. Ağdam Rayon Statistika İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdam Rayon Statistika İdarəsində “xxxx” ASC haqqında 2003-2006-cı illərin məlumatı mövcuddur. Həmin illərdə müəssisənin fəaliyyəti olmuşdur.
6. Dövlət Vergi Xidməti Qarabağ Ərazi Vergilər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, xxxx ASC-nin (VÖEN: 3200026981) Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsinə baxmayaraq səhmlərin 100%i Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə aiddir.
7. Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli, 330 və ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamları ilə X2 bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi ilə keçmiş Dövlət Əmlak Komitəsinin yuxarıda qeyd olunan sərəncamları etibarsız hesab edilmiş və “xxxx” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmişdir. Xidmətin arxivində saxlanılan “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış emissiya prospektinə əlavə olunmuş işçilərin siyahısına İddiaçı adı daxil edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan ИT İ ******* nömrəli əmək kitabçasında qeyd edilmiş iş illərinin, yəni ##.##.1996-cı ildən ##.##.2006-cı ilə kimi xxxx ASC-də çilingər işlədiyi müddətin sığorta stajına hesablanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması bərədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1959-cu ildə Salyan rayonu, Marşlı kəndində doğulmuşdur və hazırda Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla orada yaşayır. Pensiya yaşı çatdığı üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Əmək fəaliyyətinə 1977-ci ildən başlamış, hərbi xidmət keçmiş və 2006cı ilə kimi işləmişdir. Lakin cavabdeh orqan qeyd edir ki, 17 il 05 ay 24 gün iş stajı vardır. Halbuki, 28 ilə yaxın iş stajı vardır. Əsassız olaraq cavabdeh orqan onun ##.##.1996-cı ildən ##.##.2006-cı ilə kimi xxxx ASC-də çilingər işlədiyi müddəti staja hesablamır. Belə ki, göstərilən dövrlər üzrə işləmiş və hər ay əmək haqqı almışdır.
10. İddiaçı tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, ##.##.1996-cı ildən ##.##.2006-cı ilə kimi «xxxx» ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2024-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli, *-**-*/*-H- *****/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı ##.##.1996-cı ildən ##.##.2006-cı il tarixə kimi «xxxx» ASC-də işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2024-cü ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c)apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
18. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir.
21. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onunla əsaslandırmışdır ki, əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1996-cı il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azadolma əmrində səlahiyyəti şəxsin adı qeyd olunmayıb, eyni zamanda qeydlərdə kiril-latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılmışdır) sözügedən dövrün araşdırılması zərurəti yaranmış və bu səbəbdən müvafiq quruma sorğu göndərilmişdir. “xxxx” ASC-nin hazırda fəaliyyət göstərməməsi, arxiv sənədlərinin Ağdam rayon Dövlət Arxivində saxlanılmaması, saxlanıldığı yerin məlum olmaması səbəbindən əmək fəaliyyəti dövrünün araşdırılması və sığorta stalına daxil edilməsi mümkün hesab edilmir.
25. İddiaçı məhkəməyə müraciət edərək, ##.##.1996-cı ildən ##.##.2006-cı ilə kimi «xxxx» ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2024-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, tələb təmin edilmişdir.
26. Hazırki qərarın 19-cu bəndində qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 65 yaşının tamam olması və azı 25 il sığorta stajı olması şərtləri ödənməlidir.
27. İddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla ##.##.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Həmçinin, onun əyani təhsil aldığı illər də nəzərə alınmaqla 17 il 5 ay 24 gün sığorta stajının olması cavabdeh tərəfindən qəbul edilmiş, yalnız ##.##.1996- ##.##.2006-cı illərdə “xxxx” ASC-də çilingər vəzifəsində işlədiyi dövr mübahisələndirilmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.
29. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin illər nəzərə alınır.
31. Hazırki iş üzrə iddiaçının ##.##.1996-##.##.2006-cı illərdə “xxxx” ASC-də çilingər vəzifəsində işləməsi ИT-İ 0116396 əmək kitabçasında aparılan qeydlərlə öz təsdiqini tapır (Əmək kitabçası işə əlavə olunur).
32. Cavabdehin imtinasını, hazırki halda isə apellyasiya şikayətini əmək kitabçasında qeyd olunmuş mübahisələndirilən – ##.##.1996-cı il tarixindən ##.##.2006cı il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması, belə ki, işdən azadolma əmrində səlahiyyətli şəxsin adının qeyd olunmaması, qeydlərdə kiril-latın qrafikalı əlifbalardan qarışıq istifadə edilərək yazılması, “xxxx” ASC-nin hazırda fəaliyyət göstərməməsi, arxiv sənədlərinin Ağdam rayon Dövlət Arxivində saxlanılmaması, saxlanıldığı yerin məlum olmaması səbəbindən əmək fəaliyyəti dövrünün araşdırılmasının mümkün olmaması ilə əsaslandırmışdır.
33. Məhkəmə tərkibi göstərilən dəlillərlə bağlı qeyd edir ki, həqiqətən də iddiaçıya məxsus ИT-İ 0116396 əmək kitabçasında ##.##.1996-cı il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə əmrlərin tarixi və nömrəsi (##.##.1996-cı il, əmr №**/k / ##.##.2006-cı il, əmr №**/**) göstərilərək möhürlə təsdiq edilsə də, səlahiyyətli şəxsin adı qeyd olunmamış, yalnız “Kadr şöbəsi” qeydi aparılmışdır (səh.6-7).
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
36. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X1) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
37. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması onun təqsiri ilə bağlı deyil və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
38. Bundan başqa müəssisənin mövcudluğunun araşdırılması zamanı toplanan sənədlər – Ağdam Rayon Statistika İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdam Rayon Statistika İdarəsində “xxxx” ASC haqqında 2003-2006-cı illərin məlumatı mövcuddur. Həmin illərdə müəssisənin fəaliyyəti olmuşdur.
39. Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli, 330 və ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamları ilə X2 bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi ilə keçmiş Dövlət Əmlak Komitəsinin yuxarıda qeyd olunan sərəncamları etibarsız hesab edilmiş və “xxxx” Açıq Səhmdar Cəmiyyəti ləğv edilmişdir. Xidmətin arxivində saxlanılan “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış emissiya prospektinə əlavə olunmuş işçilərin siyahısına İddiaçı adı daxil edilmişdir.
40. Göründüyü kimi mübahisələndirilən dövrlərdə (##.##.1996-##.##.2006-cı illər) «xxxx» ASC-nin fəaliyyətdə olması və iddiaçının həmin müəssisədə işləməsi halı qeyd olunan sənədlərlə öz təsdiqini tapır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə olunmayan 17 il 5 ay 24 gün sosial sığorta stajı vardır və mübahisə olunan dövr üzrə ##.##.1996-##.##.2006cı il tarixlərdə «xxxx» ASC-də işlədiyi dövrlər nəzərə alındıqda qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmış olur.
42. Beləliklə iddiaçının işlədiyi müəsissənin fəaliyyətdə olması və mövcudluğu təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından arxiv məlumatının olmaması vətəndaşın ziyanına şərh edilə bilməz. Eyni zamanda əmək kitabçasında aparılan qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
43. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir və hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Həmçinin, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
44. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).
45. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
46. Odur ki, iddianın qismən təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov