Məhkəmə qərarları › İş №2-1(3-7)-142/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-142/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-142/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvanlı dövlət sosial yardımın təyin olunma tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə başçısı kimi ona təyin olunmuş ünvanlı dövlət sosial yardımın 2025-ci ilin aprel ayından təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi müəyyən edilmiş, İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilməklə müvafiq sərəncam göndərilmiş, həmçinin məhkəmə iclasında iddiaçıya bu barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək onunla əsaslandırmışdır ki, ailə vəziyyəti ilə bağlı və məhkəmə əməkdaşları ilə əlaqə zamanı yaranan anlaşılmazlıq səbəbindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsini, cavabdehin nümayəndəsi isə ərizənin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Qeyd edilməlidir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya inzibati məhkəmə icraatının aparılması qaydası ilə bağlı seçim imkanı verir. İPM-in 9-1.3cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış (səh. 62) ilə müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, sonuncu tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 gün müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir. İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti ##.##.2026cı il tarixdə başa çatmışdır. İddiaçı müddətin ötürülməsi səbəbi kimi ailə vəziyyəti və qərardadın təqdim olunması tarixinə münasibətdə yaranan anlaşılmazlığı göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər müddət bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının ##.##.2019-cu il tarixli **-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının: 2.1. İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər. 2.3-1. Hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır. 2.4. İnformasiya Sisteminin istifadəçiləri İnformasiya Sistemindən aşağıdakı üsullarla istifadə edirlər: 2.4.1-1. “Elektron kabinet” vasitəsilə. 2.5. İnformasiya Sistemində “Elektron kabinet” X1 (“ASAN login”) ilə qeydiyyatdan keçməklə yaradılır. 2.5-2. İnformasiya Sisteminin istifadəçiləri, həmçinin elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər. 2.9. “ASAN login” (https://asanlogin.my.gov.az) vasitəsilə İnformasiya Sisteminin istifadəçisi “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə etdiyi vahid istifadəçi adı və şifrə ilə, həmçinin “ASAN login” üzərindən “Elektron imza” və “ASAN imza” vasitəsilə İnformasiya Sistemində qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır. 2.11. İnformasiya Sisteminin istifadəçiləri “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər. Göründüyü kimi hazırki halda elektron kabinetin yaradılması iddiaçı tərəfindən həyata keçirilmişdir, ona digər şəxs(lər) tərəfindən müdaxilə edilməsi mümkün deyildir. Belə olan halda, iddiaçıya digər şəxs(lər) tərəfindən məhkəmə aktı barəsində əlavə məlumat verilməsi ilə bağlı zərurət aradan qalxmışdır. Beləliklə iddiaçının qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. O da nəzərə alınmalıdır ki, iddiaçının elektron sistemdə yaradılmış özünə məxsus kabinetə nəzər yetirməməsi buraxılmış prosessual müddətin bərpasına imkan verən hal kimi dəyərləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Odur ki, apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar