Məhkəmə qərarları › İş №2-1(3-7)-145/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-145/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-145/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X9rşı iş üzrə QƏRARI Açar sözlər: təhsilə aid kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X9rşı “dioplomun tanınması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ## #### 2018-ci il tarixli B18 seriyalı ****** nömrəli Ukrayna Respublikasının bakalavr diplomundan görünür ki, İddiaçı 2018-ci ildə Ukrayna Respublikasının Milli Aeorokosmik Universitetinin “X6”nun Menecment fakültəsini bitirmişdir.

2. ##.##.2018-ci il tarixli, ******* nömrəli Diploma əlavənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, kvalifikasiyanın adı və verilən dərəcə: bakalvar dərəcəsi, kvalifikasiya üzrə əsas tədqiqat sahəsi: Menecment və idarəetmə; tədris proqramının müddəti müddəti 4 il (240 ECTS krediti), qəbul tələbləri tam ümumi orta təhsil, müsahibə nəticələri olmaqla tədris forması qiyabidir.

3. Ukrayna Respublikası tərəfindən ##.##.2018-cü il tarixdə A-59544-18 nömrəsi ilə ## #### 2018-ci il tarixli B18 seriyalı ****** nömrəli diplom # ####### 1961-ci il tarixli X2 əsasən apostil edilmişdir.

4. Cavabdeh ## ###### 2024-cü il tarixli, NA******** nömrəli qərarına əsasən İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal tahsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Istintaq və Təhqiqat Idarəsinin ##.##.2025-ci il tarixli, *-**/***-****/** nömrəli cavab məktubundan məlum olur ki, ##.##.1995-ci il təvəllüdlü İddiaçı 2013-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: ##.##.2013 - Çıxış -Türkiyə ##.##.2013 - Giriş - Ukrayna ##.##.2014 - Çıxış -Rusiya ##.##.2014 - Giriş - Rusiya ##.##.2014 - Çıxış -Ukrayna ##.##.2014 - Giriş - Ukrayna ##.##.2015 - Çıxış -Gürcüstan ##.##.2015 - Giriş - Gürcüstan ##.##.2016 - Çıxış -Gürcüstan ##.##.2016 - Giriş - Gürcüstan ##.##.2017 - Çıxış -Gürcüstan ##.##.2017 - Giriş - Gürcüstan ##.##.2017 - Çıxış -Ukrayna ##.##.2017 - Giriş - Ukrayna ##.##.2018 - Çıxış -Ukrayna ##.##.2018 - Giriş - Ukrayna.

6. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəmə kollegiyasının sorğusuna ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “məhkəmə tərəfindən ünvanlanmış sorğuya əsasən Agentlik tərəfindən araşdırma aparılmışdır. Iddiaçı ilə oxşar dövrlərdə eyni ali təhsil müəsisəsində təhsil almış şəxslərin məlumatları və inzibati icraat materialları sizə təqdim olunur:

1. X3 xarici ölkədə əldə etdiyi ali kvalifikasiyanın tanınması məqsədilə ##.##.2024-cü il tarixində Agentliyə müraciət etmişdir. Aparılmış inzibati icraat nəticəsində ##.##.2024-cü il tarixində ona tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Sərhədkeçmə məlumatlarına əsasən X3 hər təhsil ili üzrə 21 gün normativ tələbə münasibətdə 2013-2014-cü təhsil ilində -1 ay 19 gün, 2014-2015-ci təhsil ilində -2 ay 24 gün, 2015-2016-cı təhsil ilində -3 ay 1 gün, 2016-2017-ci təhsil ilində -2 ay 28 gün həmin ölkə ərazisində olmuş və 2017-2018-ci təhsil ilində məzun olmuşdur.

2. X1 xarici ölkədə əldə etdiyi ali kvalifikasiyanın tanınması məqsədilə ##.##.2024-cü il tarixində Agentliyə müraciət etmişdir. Aparılmış inzibati icraat nəticəsində ##.##.2024-cü il tarixində ona tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Sərhədkeçmə məlumatlarına əsasən X1 hər təhsil ili üzrə 21 gün normativ tələbə münasibətdə 2013-2014-cü təhsil ilində -21 gün, 2014-2015-ci təhsil ilində -1 ay 9 gün, 2015-2016-cı təhsil ilində -1 ay 11 gün, 2016-2017-ci təhsil ilində -2 ay 3 gün həmin ölkə ərazisində olmuş və 2017-2018-ci təhsil ilində məzun olmuşdur.

3. Iddiaçı İddiaçı B18 № ****** nömrəli ##.##.2018-ci il tarixli xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması üçün ##.##.2024-cü il tarixində Agentliyə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Belə ki, sərhədkeçmə məlumatlarına əsasən İddiaçı hər təhsil ili üzrə 21 gün normativ tələbə münasibətdə 2013-2014-cü təhsil ilində -16 gün, 2014-2015-ci təhsil ilində -1 gün, 2015-2016cı təhsil ilində - 1 gün, 2016-2017-ci təhsil ilində təhsilə ara vermiş, 2017-2018-ci təhsil ilində 1 ay həmin ölkə ərazisində olmuşdur. Təqdim olunmuş cədvəldən də aydın olur ki iddiaçı 3 təhsil ili üzrə normativ müddətlə bağlı tələbi ciddi şəkildə pozmuşdur. Halbuki onunla eyni dövrə təhsil almış digər şəxslər tam şəkildə normativin tələblərinə əməl etmişdirlər.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X9rşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli, NA******** nömrəli qərarının ləğv edilməsi və Milli Aerokosmik Universitetinin X5 bitirməsinə dair ##.##.2018-ci il tarixli, B18 ****** qeydiyyat nömrəli ali təhsil haqqında diplomunun Azərbaycan Respublikası ərazisi üzrə tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, 2013-cü ildə Ukrayna Respublikası Milli Aerokosmik Universitetinin X5n Menecment fakültəsinə daxil olmuş və 2018-ci ildə bakalavr dərəcəsi üzrə «direktor köməkçisi (müəssisə, təşkilat), qeydlər üzrə menecer (dövlət müəssisəsi), qeydlər üzrə menecer (iqtisadi fəaliyyət növləri)» ixtisasına görə B18 ****** qeydiyyat nömrəli diplom almışdır. Həmin diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən ##.##.2018-ci il tarixdə apostil olunmuşdur. Diplomun Azərbaycan Respublikası ərazisində tanınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısıqədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Hansı ki, təhsil aldığı müddət ərzində Ukrayna Respublikasına gedib-gəlmiş, sonuncu kurslarda isə atasının xəstəliyi ilə əlaqədar üniversitetə gedə bilməmişdir. Sonradan isə kreditlərini ödəyərək tədris yükünü kifayət qədər mənimsəmiş, imtahan verib diplomunu almışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi qərarlarında göstərmişdir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması ilə bağlı dəlil özü-özlüyündə bir qədər qeyri-müəyyəndir. Qeyd olunmalıdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə onun tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmamasına əlahiddə olaraq deyil, onun təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan başqa Qaydalara görə, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh orqan tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. Belə ki, həmin hal «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur. Onun ixtisasının bu meyarlardan hər hansı birinə uyğun gəlməməsi sübuta yetmir. Nəzərə alınmalıdır ki, təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Cavabdeh tərəfindən də bunu təkzib edən hər hansı sübut əldə edilməmişdir. Eyni zamanda tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə aiddir. Cavabdeh onun təhsil aldığı ölkədə qısa müddət ərzində olduğunu bildirsə də, yetərli müddətin məhz nə qədər olmasını göstərməmişdir. Həmçinin cavabdeh orqan tədris ilinin müddəti ilə dərsə davamiyyət müddəti anlayışlarını səhv təfsir etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının təhsil aldığı ölkədə birinci il 16 gün, ikinci il 01 gün, üçüncü il 01 gün, dördüncü il isə 01 ay olduğu müəyyən edilmişdir. Inzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olduğunu müəyyən etmiş və bu səbəbdən də iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Daha sonra etiraz Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması» Qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili» Qaydaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş « Ali təhsil pilləsinin dövlət standartı və proqramı» ilə əsaslandırılmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat vermiş və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddianın təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və müvafiq şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Hazırkı inzibati işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Iş materiallarından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Belə ki, ölkə ərazisində bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkə ərazisində tanınması məhz Azərbaycanda bakalavriat təhsilininqiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Dövlət Sərhəd Xidmətindən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçı 2013- 2014-cü il tədris ili ərzində 17 gün, 2014- 2015-ci il tədris ili ərzində 12 gün, 2016-2017- ci il tədris ili ərzində 14 gün, 2017-2018-ci il tədris ili ərzində isə 27 gün təhsil aldığı ölkədə olmuşdur. Göründüyü kimi, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu həmin müddət tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Odur ki, iddia tələbi təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş, həmçinin iddiaçı əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı və obyektiv araşdırma aparmamış, məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, həmin sübutları nəzərə almamış, işin faktiki və hüquqi hallarını düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Maddə 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş Informasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

18. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”: 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra– Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonramüvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti” Bənd 1.5. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ixtisaslaşmaların təhsil proqramları ilə müəyyən edilir. Əsas (baza ali) tibb təhsili proqramlarının təhsil müddəti 5-6 il, rezidenturada isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyən edilir. Doktoranturada təhsil müddəti 3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəliqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120- 160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”; (qeyd edilən qərar ##.##.2023 tarixdə ləğv edilmişdir). Bənd 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il # #### tarixli, *** nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir:

1. ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması;

2. təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Bənd 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə

22. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Bənd. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Bənd 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Bənd 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

23. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

24. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

29. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

30. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

31. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

32. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

34. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2018- ci ildə Ukrayna Respublikasının Milli Aeorokosmik Universitetinin “X6”nu bitirmiş, “Menecment və idarəetmə” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmiş, bununla bağlı ona həmin universitet tərəfindən ## #### 2018-ci il tarixli B18 seriyalı ****** nömrəli bakalavr diplomu verilmişdir. Iddiaçı həmin diplom üzrə kvalifikasiyanın tanınması və tanınma barədə şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Iddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq onu məhkəmədə mübahisələndirmişdir.

39. Göründüyü kimi, hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya bakalavr təhsili üzrə xarici ali təhsil müəssisəsi tərəfindən verilən diplom üzrə kvalifikasiyanın tanınması və ona tanınma barədə şəhadətnamənin verilməsi ilə bağlıdır.

40. Cavabdehin imtina dəlili ondan ibarətdir ki, iddiaçı ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Bu səbəbdən də hesab edilmişdir ki, iddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi onun ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir.

41. Qeyd edilməlidir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə kvalifikasiyanın tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır.

43. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

44. Azərbaycan Respublikasının ## #### 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir.

45. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsil müddətinə və təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir.

46. Qeyd edilməlidir ki, iş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Bu da, 30 saatlıq həftəlik maksimum həcm nəzərə alındıqda, 6-8 həftəlik dövrdə tədrisdə faktiki iştirakı şərtləndirir.

48. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

49. Yuxarıda istinad olunan müvafiq Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddəti araşdırılmış və onun sərhədkeçmə məlumatlarına əsasən müəyyən edilmişdir ki, o, 4 illik təhsil müddəti ərzində hər təhsil ili üzrə 21 gün normativ tələbə münasibətdə 2013-2014-cü təhsil ilində -16 gün, 2014-2015-ci təhsil ilində -1 gün, 2015-2016-cı təhsil ilində - 1 gün, 2016-2017-ci təhsil ilində təhsilə ara vermiş, 2017-2018-ci təhsil ilində 1 ay həmin ölkə ərazisində olmuşdur. Təqdim olunmuş məlumatlardan da aydın olur ki iddiaçı 3 təhsil ili üzrə normativ müddətlə bağlı tələbi ciddi şəkildə pozmuşdur.

50. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü yarımbəndlərinə əsasən iddiaçının xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas mövcud olmuşdur.

51. Beləliklə, hazırkı işdə iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilməməsi müəyyən edilir ki, bununla da onun təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu öz təsdiqini tapmır.

52. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab məktubu ilə iddiaçı ilə oxşar dövrlərdə eyni ali təhsil müəsisəsində təhsil almış və diplomu tanınmış şəxslər barədə məlumatlar təqdim olunmuş və həmin məlumatlarla müəyyən edilmişdir ki, diplomu tanınmış həmin şəxslərin sərhədkeçmə məlumatlarına əsasən X3 hər təhsil ili üzrə 21 gün normativ tələbə münasibətdə 2013-2014-cü təhsil ilində -1 ay 19 gün, 2014-2015-ci təhsil ilində -2 ay 24 gün, 2015-2016-cı təhsil ilində -3 ay 1 gün, 2016-2017-ci təhsil ilində -2 ay 28 gün və X1 2013-2014-cü təhsil ilində -21 gün, 2014-2015-ci təhsil ilində -1 ay 9 gün, 2015-2016-cı təhsil ilində -1 ay 11 gün, 2016-2017ci təhsil ilində -2 ay 3 gün həmin ölkə ərazisində olmuş və 2017-2018-ci təhsil ilində həmin şəxslər məzun olmuşdur.

53. Nəticə etibarilə, hazırkı iş üzrə imtina aktının əsası və mübahisə predmetinin mahiyyətini vətəndaşın tədris müddətində xarici dövlətin ərazisində kifayət qədər olmaması təşkil etmişdir, bu səbəbdən də eyni müəssisədə təhsil alan və müddətlə bağlı tədris normativini yerinə yetirən digər şəxslərin diplomlarının tanınması bu iş üzrə analoji qərarın qəbulunu şərtləndirmir.

54. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır

55. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar