Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-167/2026 21.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Gəncə şəhər Nizami rayon Komissarlığının ##.##.1992-ci il tarixli, */**** nömrəli arayışında qeyd edilmişdir ki, “İddiaçı ## #### 1992-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmışdır. Bu arayış çağırılmış şəxsin ailəsinə müavinətin təyin edilməsi üçün əsasdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1992-ci il tarixli, *** nömrəli Qərarına əsasən hərbi qulluqçuların ailələri üçün müəyyən edilmiş güzəştlərdən və üstünlüklərdən istifadə hüququ verir.”
2. İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletdəki qeydlərdən görünür ki, o, 1992-ci il tarixdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. 3. 4.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ölkəmizin suvrenliyi və ərazi bütövlüyü uğrunda N saylı Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə kifayət qədər sübutları var, o cümlədən hərbi biletində də bu haqda qeydlər mövcuddur. Həmçinin döyüş yoldaşları da bu faktı təsdiq edirlər. Lakin, veteran adını hələ də ala bilməmişdir. Veteranlıq adının rəsmilədirilməsi ilə əlaqədar cavabdehə rəsmi ərizə ilə müraciət etdmiş, lakin cavabdeh məktub yazaraq müsbət qərar qəbul edilmədiyini qeyd etmişdir.
7. Cavabdeh tərəfindən Gəncə Inzibati Məhkəməsinə göndərilmiş 30.04. 2025-ci il tarixli, */*-**** nömrəli etirazda qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentlıyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli, **** nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissənin arxivdə saxlanılan sənədlərində iddiaçının xidməti barədə məlumat olmadığına görə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli, *-**- **/*-S-***-**/**** nömrəli məktubuna əsasən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
8. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2025-ci tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Belə ki, iddiaçının xidməti barədə hərbi biletində qeydin olması ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ona məxsus hərbi biletdəki qeydlərə düzgün və obyektiv qiymət verilməmiş, həmçinin tərəfindən məhkəməyə təqdim edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin arayışları barədə lazımi istiqamətdə araşdırmalar aparılmamışdır. Belə ki, iddiaçıya məxsus hərbi biletdə onun N saylı Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, habelə həmin iştirakın tarixləri göstərilməklə açıq şəkildə qeyd edilmişdir. Daha sonra ##.##.1992-ci il tarixdə iddiaçının hərbi qeydiyyata hərbi biletdə öz əksini tapmışdır. Həmin sənəd dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəd olmaqla, iddiaçının döyüş əməliyyatlarında iştirak faktını təsdiq edən mühüm sübutdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi zamanı bu sübuta münasibət bildirməmiş, hərbi biletdə əks olunmuş məlumatların nə üçün sübut kimi qəbul edilmədiyini əsaslandırmamış, faktiki olaraq həmin sübutu diqqətdən kənarda qoymuşdur. Bu isə iş üzrə mühüm əhəmiyyət kəsb edən faktın araşdırılmaması deməkdir və məhkəmənin daxili inamının formalaşmasına mənfi təsir göstərmişdir. Iddiaçı tərəfindən məhkəməyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon Şöbəsi tərəfindən verilmiş ##.##.1992-ci il tarixli, */**** saylı arayış təqdim edilmişdir. Həmin arayışın məzmunu aşağıdakılardan ibarətdir: “İddiaçı ## #### 1992ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmışdır. Bu arayış çağırılmış şəxsin ailəsinə müavinətin təyin edilməsi üçün əsasdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1992-ci il tarixli, *** nömrəli Qərarına əsasən hərbi qulluqçuların ailələri üçün müəyyən edilmiş güzəştlərdən və üstünlüklərdən istifadə hüququ verir.” Göründüyü kimi, sözügedən arayış iddiaçının konkret tarixdə hərbi xidmətə çağırıldığını və hərbi qulluqçu statusunda olduğunu, onun güzəşt, müavinət və üstünlüklərdən istifadə edə bilməsini təsdiq edən rəsmi sənəddir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi nə həmin arayışın məzmununa, nə də onun hansı faktiki əsaslarla verildiyinə münasibət bildirmiş, arayışın sübut kimi dəyərləndirilməsindən tamamilə yayınmışdır. Məhkəmə bu sənədin iş üzrə əhəmiyyətini araşdırmadan iddiaçının hərbi xidmət faktının sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir ki, bu da məhkəmə araşdırmasının natamam aparıldığını göstərir. Iddiaçı ilə eyni vaxtda, eyni N saylı Hərbi Hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə cavabdeh inzibati orqan tərəfindən müharibə veteranı adı və vəsiqəsinin hansı əsaslarla verildiyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə iddiaçının bu barədə dəlillərini yoxlamamış, eyni faktiki hallara malik şəxslərlə iddiaçının vəziyyətinin müqayisəsini aparmamış, cavabdeh orqanın inzibati praktikasının ardıcıl olub-olmadığını müəyyən etməmişdir. Halbuki, inzibati orqanlar eyni mühüm faktiki hallara malik şəxslərə münasibətdə fərqli qərarlar qəbul edə bilməz və mövcud inzibati praktika fiziki şəxslərdə legitim gözlənti yaradır. Bu gözləntinin təmin edilməsi isə bərabər yanaşma və etimadın qorunması prinsiplərinin ayrılmaz tərkib hissəsidir. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hərbi xidmət dövründə yaralanmamış və ya xəsarət almamışdır, parkinson xəstəliyinə görə ona ümumi səbəbdən əlillik təyin edilmişdir.
14. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
16. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli, *** nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (# ####### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).
21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün.
22. “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
23. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1992-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldığını, N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət etdiyini və aktiv döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək cavabdeh - Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh orqan isə cavabında onun müraciətinə komissiyanın ##.##.2025-ci il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyini bildirilmişdir. Odur ki, iddiaçı hazırda bu tələblə məhkəməyə müraciət etmişdir.
39. Cavabdeh məhkəmə sorğusuna əsasən təqdim etdiyi ##.##.2025-ci il tarixli, *- **-**/*-***/**** nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin fevral-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyati kitablarında İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müharibə veteranı statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır.
41. Göründüyü kimi, iddiaçıya məxsus hərbi biletdə onun hərbi xidməti barədə müəyyən məlumatlar olsa da, lakin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır. Belə ki, arxiv məlumatlarında olan N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyati kitablarında onun xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə iddiaçının döyüşən hərbi hissənin tərkibində xidməti və onun hərbi hissədən qanuni əsaslarla tərxis olunmasının əsasları iş materialları ilə öz təsdiqini tapmır.
42. Həmçinin məhkəmə kollegiyası, iddiaçının istinad etdiyi ona məxsus НЗ ******* nömrəli hərbi biletdə olan qeydlərə münasibətdə bildirir ki, bu qeydlərin mötəbərliyi nizami hissə üzrə əmrdən çıxarışlar və arxiv arayışları ilə təsdiq olunmalıdır. Onun hərbi biletində olan məlumatların mötəbərliyi qəbul edilsə belə, lakin onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması iş materialları ilə müəyyən edilmir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ##.##.1996-cı il tarixli, *** nömrəli Fərmanı ilə hərbi qulluqçuların ehiyata buraxılması qərara alınmışdır. Həmin Fərmana uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli, ** nömrəli əmri ilə hərbi qulluqçuların təxris edilməsi prosesinə başlanmışdır. Hərbi qulluqçular qeyd edilən Fərmandan əvvəl, yalnız xüsusi hallarda (şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararsız olması müəyyən edildikə və.s) tərxis edilmişlər. Iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” ##.##.1996-cı il tarixli, *** nömrəli Fərmanından əvvəl tərxis olunmasının əsasları iş materialları ilə müəyyən olunmur.
44. Məhkəmə kollegiyası iddiaçının onunla eyni vaxtda, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə cavabdeh inzibati orqan tərəfindən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, “Inzibati Icraat haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş bərabərlik prinsipi çərçivəsində, hamı qanun və inzibati orqan qarşısında bərabərdir və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Bu prinsipə əsasən, hər bir şəxs və ya hüquqi qurum inzibati orqanların mövcud inzibati praktikasına etimad göstərmək hüququna malikdir. Lakin etimad hüququ yalnız qanunla əsaslandırılmış və düzgün həyata keçirilmiş inzibati hərəkətlərə etimad göstərilməsini nəzərdə tutur.
45. Etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
46. Bu hal, qanunsuz inzibati praktikaya etimad göstərilməsinin qeyri-mümkünlüyünü təsdiqləyir. Çünki etimad hüququ yalnız düzgün və qanuni tətbiq edilən inzibati praktikaya əsaslana bilər və hər hansı bir inzibati akt hüquq və qanunla ziddiyyət təşkil etdiyi halda, həmin praktika qəbul edilə bilməz.
47. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə müvafiq dəyişiklik edilənə qədər həmin bənddə nəzərdə tutulmuş şəxslərə hərbi biletdəki müvafiq qeydlər əsasında müharibə veteranı adının verilməsi imkanı nəzərdə tutulmuşdur.
48. Lakin ## ######## 2018-ci il tarixli dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərinin və ya arxiv arayışlarının birgə təqdim edilməli olması şərti müəyyən edilmişdir.
49. Iddiaçının birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim etdiyi döyüş yoldaşlarına məxsus müharibə veteranı vəsiqələri ilə müəyyən edilir ki, həmin vəsiqələrin verilmə tarixi 1998-ci ilə təsadüf edir. Deməli həmin dövrün qanunvericiliyinə əsasən həmin şəxslərə müharibə veteranı adının verilməsi qanuni olmuşdur. Iddiaçı isə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana 2025-ci il tarixdə müraciət etdiyindən onun müraciətinə istinad olunan Əsasnamənin hazırda qüvvədə olan redaksiyasına uyğun baxılaraq imtina verilmişdir.
50. Odur ki, cavabdehin hazırki mübahisə ilə bağlı hərəkətləri müvafiq qaydaların tələblərinə uyğun olduğuna görə, hətta iddiaçı ilə eyni vaxtda, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “müharibə veteranı” adı və vəsiqəsinin verilmiş olduğu halda belə “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipinə istinad edilməsi yolverilməzdir.
51. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.