Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(3-7)-18/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarının ləğv edilməsi, ona həmin tarixdən “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1377/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14 iyun 2023-cü il tarixli, 6448 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, depressiv daxilolmalarla, intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.”
2. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; - F06.5 Üzvi dissosiativ pozğunluq; - F43.1 Posttravmatik stress pozğunluğu Stasionar müalicə aldığı müəssisələr: Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Gəncə Psixiatrik xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Gəncə Psixiatrik xəstəxana - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F43.1 Posttravmatik stress pozğunluğu; Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Həkim müayinəsinin nəticəsi: F06.5 Üzvi dissosiativ pozuntu, Bələdliyi qismən saxlanılıb. Daima baş ağrıları, baş gicəllənmələri olur. Bir yerdə qərar tuta bilmir. Özünə qapanır, öz özünə danışır. Ruh düşkünlüyü müşahidə edilir. Təkliyə meyillidir. Ünsiyyətə həvəssiz qoşulur. Suallara qısa və əsəbi cavab verir. Çox əsəbi və hövsələsizdir. Əsəbilik zamanı özünə qəsd intihara cəhdlər edir. Başında və beynində səs küylərdən narahatdır. Zahirən narahat və gərgindir. Öz-özünə danışır. Əhval ruhiyyəsi dəyişkəndir. Yuxusu və yaddaşı pozulub. Davranışları qüsurludur. Maraq dairəsi öz şəxsiyyətinə bağlıdır. Sevdiyi işində işləyə bilmədiyi üçün həyatına bir necə dəfə qəsd etmək istəyib, ailəsi cəhdin qarşısını alıb. Bu səbəbdən xəstəni tək qoymurlar, daima nəzarətdə saxlayırlar. Mütamadi yanında dostları, ailəsi olur. Formaları qaydalara uyğun geyinməyən tanımadığı şəxslərlə dalaşır, təhqir edir. Formanı soyundurur. Formalı şəxs gördükdə onunla saatlarca söhbət edir, Şəhid dostlarından, köhnə xatirələrindən eyni söhbətlərdən dönə-dönə hər dəfəsində danışır (müayinə tarixi xx.xx.2024).
3. TSEK-ə göndəriş zamanı diaqnoz: Əsas diaqnoz - F06.5, Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu. Yanaşı xəstəliklər: S06. Baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi; F43.1. Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu.
4. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Üzvi dissosiativ pozuntu. Uzunmüddətli posttravmatik stress pozuntusu” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
5. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi.
6. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 4550 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Bağırov X11 tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0.
7. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
8. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024-cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X8 publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1500 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) aşkar olunur. İş materiallarında olan sənədlərə əsasən İddiaçı keçirilmiş “Posttravmatik stress pozğunluğu. Üzvi dissosiativ pozğunluq, Başbeyinin silkələnməsi” diaqnozu qeyd olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən əlilliyinin müəyyən edilməsi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi son qərarın ləğv edilərək, əlilliyinin yeni qaydaların meyarlarına istinad edilərək təyin edilməsi, xroniki xəstəliyinin faizlə təyin olunması müəyyən olunaraq rəyin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş, hərbi xidmətdə olarkən ağır bədən xəsarətləri almış, səhhətində ciddi problemlər yaranmış, bununla bağlı ona aidiyyəti orqanlar tərəfindən müvafiq sənədlər verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasında olarkən heç bir araşdırma aparılmadan onunla qısa söhbət edilmiş və əlillik təyin edilməsi üçün heç bir əsasın olmadığı bildirilmişdir. Cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubundan bəlli olur ki, təqdim edilmiş sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilən diaqnozlar əlillik təyininə əsas vermədiyindən diaqnoz öz təsdiqini tapmamışdır. İddiaçı hesab edir ki, Agentlik tərəfindən əlilliyin təyinindən imtina edilməsi qanuni və əsaslı deyildir.
12. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş, etirazda göstərilmişdir ki, vətəndaşın Əlillik AS-də forma 88, sms-bildirişi mövcud olmadığından şübhəli əsaslar gətirilərək X5 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları barədə ünvanına sifarişlixəbərnaməli məktub göndərilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may, tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-1377/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizm funksiyalarının 65-80% pozulmasına görə iki il müddətinə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-1377/2025 nömrəli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-1377/2025 nömrəli qərardadı ilə, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarının ləğv edilməsi, ona həmin tarixdən “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1377/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Emin Nofil oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024cü il il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iddiaçı üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi dissosiativ pozğunluq, posttravmatik stress pozğunluğu xəstəlikləri üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almış, lakin iddiaçıya tibbi göndəriş üzrə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, göstərilən xəstəliklər eyni xarakterli olmaqla psixi və davranış pozuntuları ilə əlaqədardır. Ona görə də həmin xəstəliklər üzrə ümumi müalicə müddəti F43.1 meyarı üzrə müalicə müddətinə daxil edilə bilər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X8 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1500 saylı ekspert rəyinə əsasən, İddiaçı hal-hazırda Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) aşkar olunmuş, lakin Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli tibbi göndərişdə göstərilən diaqnoz qeyd edilməmiş, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda davam edən xəstəliyi (F43.1) “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun gəldiyinə görə ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1377/2025 nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 6448 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, depressiv daxilolmalarla, intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-42,0. İnsulindən asılı olmayan şəkərli diabet tip-2, orta-ağır dərəcədə, kompensasiya mərhələsində. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11361087 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2291 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11614600 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 12349551 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4550 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tez yorulmadan, fiziki hərəkət zamanı təngənəfəslikdən, bədən çəkisinin çox olmasından, ağız boşluğunda quruluqdan, susuzluqdan, əsəbilikdən, qıcıqlara qarşı həssas olmasından, baş ağrılarından, sıxıntı hissindən, yuxu pozulmasından, burun tənəffüsünün çətinləşməsindən şikayətlənmişdir. Müayinə zamanı süst, passiv aqressiv tərzdə danışmışdır. Spesifik sualların heç birini cavablandırmamış, səssiz qalmış, özünə xəsarətləri açıqlamamışdır. Xəstəliyə aid olmayan digər mövzularda tam aktiv olmuşdur. Koqnitiv fəaliyyətdə gerilik izlənilməmiş, intellektinə və yaşına uyğun olmuşdur. Əhval-ruhiyyə fonu normal diapazonda, təfəkkürü ardıcıl və məntiqi olmuşdur. Mühakimə və analiz qabiliyyəti maraqlarına uyğun olmuşdur. Tənqidi tam saxlanılmışdır. Psixi vəziyyəti səbəbindən kənar şəxsin qulluğu və nəzarətinə əsas verən hal aşkarlanmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) sərhədyanı tip şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya, tibbi sənədlərlə təsdiqlənməmiş anamnezdə intihar cəhdi (sözlərinə əsasən)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlərə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməmsi halı iddiaçının əyani müayinəsi zamanı, həmçinin tibb müəssisələrinin müavinə sənədləri tədqiq edilən zaman Agentliyin Tibbi- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Halbuki ekspert rəyində iddiaçıda halhazırda üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) aşkar olunduğu qeyd edilmişdir. Həmin diaqnoz (F07) isə iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göndərişdə yanaşı xəstəlik kimi qeyd edilən F43.1 meyarı üzrə əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Bununla da, göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F06.5- Üzvi dissosiativ ppzuntu, Üzvi dissosiativ pozuntu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); -xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); -intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; -aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; -müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Həmçinin nəzərinizə çatdırılır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman tərəfimizdən yazılı vəsatət təqdim edilərək bildirilmişdir ki, iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Lakin birinci instaniva məhkəməsi tərəfindən vəsatət nəzərə alınmamış, əsasız olaraq iddia mümkün sayılaraq icraata qəbul edilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, tərəfimizdən məhkəməyə təqdim edilən sənədlərdən də müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə X3 xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2024-cü il tarixdə iddiaçıya imtina barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir. (Bunu təsdiq edən elektron sistemdən çıxarış iş materiallarına əlavə edilmişdir). İddiaçı isə sms-in ona çatdırıldığı xx.xx.2024-cü il tarixdən 30 gün müddətində, yəni 10 iyul 2024-cü il tarixədək şikayət vermək hüququnun olmasına baxmayaraq, 27 avqust 2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi “buraxılmış prosessual müddətin bərpa edilməsinə” dair qərardadında İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar qaydada müalicə olunmasını üzrlü səbəb hesab edərək iş üzrə buraxılmış prosessual müddət bərpa edilməsi barədə ərizəni təmin etmişdir. Qeyd edilən hal ilə razılaşmayaraq bildiririk ki, iddiaçıya tərəfimizdən əlilliyin təyin edilməsindən imtina barədə SMS xx.xx.2024-cü il tarixdə göndərilmiş və onun 30 gün müddətində (xx.xx.2024-cü il tarixədək) şikayət vermək hüququ olmuşdur. Birinci instansiya məhkəməsi öz qərardadında şəxsin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar qaydada müalicə olunmasını qeyd etmişdir. Göründüyü kimi şəxsin stasionar qaydada müalicəsi bitdikdən sonra da prosessual müddəti buraxmadan şikayət vermək üçün kifayət qədər (7 gün) müddəti olmuşdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərin müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 1377/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may, tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may, tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular – F06; Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0. 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulması faizi 35-60% faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
35. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
36. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
37. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
38. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
40. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
42. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır.
43. İşin faktiki halları ilə müəyyən edilir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14 iyun 2023-cü il tarixli, 6448 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə görünür ki, İddiaçı aldığı “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, depressiv daxilolmalarla, intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
44. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə barəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik verilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan şikayət vermiş və onun əyani müayinəsi aparılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-4247/2024 nömrəli qərar ilə, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) sərhədyanı tip şəxsiyyət pozuntusu, qeyri-sabit kompensasiya, tibbi sənədlərlə təsdiqlənməmiş anamnezdə intihar cəhdi (sözlərinə əsasən)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: 1) Əsas diaqnoz - F06.5, Üzvi dissosiativ pozuntu, Üzvi dissosiativ pozuntu. 2) Yanaşı xəstəliklər: -S06. Baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi; -F43.1. Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu.
46. Həmin göndərişə əsasən müəyyən olunur ki, İddiaçı göndərişdə ona qoyulmuş diaqnozlar (xəstəliklər) üzrə ambulator müraciətlər etmiş, həmçinin müvafiq tarixlərdə və müəssisələrdə stasionar müalicədə olmuşdur.
47. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əlillik meyarlarının müəyyən edilməsində düzgün nəticəyə gəlməmişdir.
49. Birinci instansiya məhkəməsi öz mövqeyində qeyd etmişdir ki, iddiaçı üzvi mənşəli şəxsiyyət pozğunluğu (F07.0), üzvi dissosiativ pozğunluq (F06.5), posttravmatik stress pozğunluğu (F43.1) xəstəlikləri üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almış, lakin iddiaçıya tibbi göndəriş üzrə yalnız “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, göstərilən xəstəliklər eyni xarakterli olmaqla psixi və davranış pozuntuları ilə əlaqədardır. Ona görə də həmin xəstəliklər üzrə ümumi müalicə müddəti F43.1 meyarı üzrə müalicə müddətinə daxil edilə bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda davam edən xəstəliyi (F43.1) “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun gəlir.
50. Lakin işin faktiki halları onu deməyə əsas verir ki, hazırda iddiaçıda olan xəstəlik birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndinə qeyd edilmiş meyarlarla deyil, 7.6.2.1ci bəndində qeyd edilmiş meyarlarla uyğunluq təşkil edir.
51. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə ona qoyulan əsas diaqnoz “Üzvi dissosiativ pozuntu olmuş-F06.5” olmuşdur. Doğrudur ki, iddiaçı barəsində sonuncu göndəriş rəsmiləşdirilən zaman (xx.xx.2024) “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 7.6.2-ci yarımbənddə “üzvi dissosiativ pozuntu - F06.5” diaqnozlu xəstəlik mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli, 235 nömrəli qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2-ci yarımbəndi yeni redaksiyada verilənədək, həmin yarımbənddə “üzvi dissosiativ pozuntu - F06.5” xəstəliyi “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-F06” xəstəliyinin alt diaqnozu kimi nəzərdə tutulmuş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2-ci yarımbəndi yeni redaksiyada verilərək alt diaqnozlar (F06.0, F06.1, F06.2, F06.3, F06.4, F06.5) ləğv edilmişdir.
52. Bununla belə, iddiaçı barəsində göndəriş rəsmiləşdirilən zaman “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2-ci yarımbəndində “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - F06” və “Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0” diaqnozlu xəstəliklər “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2-ci bəndində mövcud olmuşdur.
53. Mübahisəsiz haldır ki, iddiaçıya qoyulan həm əsas diaqnoz, həm də yanaşı xəstəlik “Psixi və davranış pozuntuları” adlı 7-ci bənddə nəzərdə tutulmuşdur, lakin nəzərə alınmalıdır ki, həmin bəndin yarımbəndləri üzrə qiymətləndirmə meyarları ayrıdır.
54. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində göndəriş rəsmiləşdirilən zaman ona qoyulmuş əsas diaqnoz (“üzvi dissosiativ pozuntu - F06.5) “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin 7.6.2-ci bəndində olmasa da, həmin diaqnoz özü həmin bəndə dəyişiklik olana qədər “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - F06” diaqnozunun alt bəndi kimi nəzərdə tutulduğundan birinci instansiya məhkəməsi ən azından həmin bənddə nəzərdə tutulan xəstəliklər üzrə onun əlilliyini müəyyən edə bilərdi.
55. Digət tərəfdən, iş materiallarında olan iddiaçının sağlamlıq vəziyyətinə dair dair tibbi sənədlərlə müəyyən edilir ki, iddiaçı “F43.1-postravmatik stress pozğunluğu” diaqnozlu xəstəlik üzrə yalnız 1 dəfə ambulator müraciəti olmuş, həmçinin həmin diaqnozlu xəstəlik üzrə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Gəncə Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Buna baxmayaraq, “F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozlu xəstəlik üzrə isə iddiaçının 2 dəfə ambulator müraciəti olmuş, həmçinin həmin diaqnozlu xəstəlik üzrə 2023-2024-cü illərdə 6 dəfə ayrı-ayrı müddətlərdə müxtəlif tibb müəssisələrində stasionar müalicələrdə olmuşdur.
56. Həmçinin, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunarkən də ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensassiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə - F07.0” diaqnozu qoyulmuşdur.
57. Bundan əlavə, müvafiq məhkəmə qərardadına əsasən “Məhkəmə X8” PHŞ tərəfindən təqdim edilmiş ekspert rəyindən də görünür ki, yoxlanılan şəxs İddiaçı halhazırda Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) aşkar olunmuşdur.
58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya qoyulmuş əsas diaqnoz (“üzvi dissosiativ pozuntu - F06.5) “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2-ci bəndində olmasa da, həmin diaqnoz özü həmin bəndə dəyişiklik olana qədər “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - F06” diaqnozunun alt bəndi kimi nəzərdə tutulduğundan, eyni zamanda iddiaçıda daha çox “F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozlu xəstəlik əlamətləri olduğundan və hər iki xəstəlik “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2-ci bəndində nəzərdə tutulduğundan, həmçinin eyni xarakterli xəstəliklər olduğundan və eyni qaydada qiymətləndirilmə aparıldığından hazırki halda ona əlillik “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2.1-ci bəndinə müvafiq təyin edilməlidir.
59. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütovlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) qeyd edilmişdir.
60. İddiaçı barəsində tərtib edilmiş Forma 88 arayışında da iddiaçının həkim müayinəsinin nəticəsi olaraq qeyd edilmişdir ki, Bələdliyi qismən saxlanılıb. Daima baş ağrıları, baş gicəllənmələri olur. Bir yerdə qərar tuta bilmir. Özünə qapanır, öz özünə danışır. Ruh düşkünlüyü müşahidə edilir. Təkliyə meyillidir. Ünsiyyətə həvəssiz qoşulur. Suallara qısa və əsəbi cavab verir. Çox əsəbi və hövsələsizdir. Əsəbilik zamanı özünə qəsd intihara cəhdlər edir. Başında və beynində səs küylərdən narahatdır. Zahirən narahat və gərgindir. Öz-özünə danışır. Əhval ruhiyyəsi dəyişkəndir. Yuxusu və yaddaşı pozulub. Davranışları qüsurludur. Maraq dairəsi öz şəxsiyyətinə bağlıdır. Sevdiyi işində işləyə bilmədiyi üçün həyatına bir necə dəfə qəsd etmək istəyib, ailəsi cəhdin qarşısını alıb. Bu səbəbdən xəstəni tək qoymurlar, daima nəzarətdə saxlayırlar. Mütamadi yanında dostları, ailəsi olur. Formaları qaydalara uyğun geyinməyən tanımadığı şəxslərlə dalaşır, təhqir edir. Formanı soyundurur. Formalı şəxs gördükdə onunla saatlarca söhbət edir, Şəhid dostlarından, köhnə xatirələrindən eyni söhbətlərdən dönə-dönə hər dəfəsində danışır.
61. Göründüyü kimi iddiaçıda olan mövcud xəstəlik əlamətləri istinad olunan Meyarların 7.6.2.1-ci bənddə qeyd edilmiş qiymətləndirmə meyarlarına uyğun, yəni orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyinatına əsas verir.
62. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin qismən təmin olunmasına münasibətdə aşğıdakıların qeyd edilməsini zəruri hesab edir.
63. Belə ki, iddiaçı hazırki tələbində cavabdehin xx.xx.2024-cü il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarının ləğv edilməsi, ona həmin tarixdən “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
64. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə görə şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
65. Göründüyü kimi, əlilliyin nə ümumi, nə də xüsusi səbəbləri sırasında “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi mövcud deyildir. İddiaçı İkinci Qarabağ müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət keçərkən aldığı travma səbəbindən onda müvafiq xəstəliklər yarandığına görə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmalıdır.
66. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
67. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
68. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə 2 il müddətinə inə əlillik təyin olunmasına əsas verir.
69. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “iddianın müddət ötürülməklə verilməsi ilə bağlı” dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı əlillik təyin edilməsindən imtina barədə SMS-i aldıqdan sonra stasionar qaydada müalicələrdə olmuş, sözügedən qərarı qısa müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə mübahisələndirmişdir ki, bu da onu deməyə əsas verir ki, iddiaçının inzibati aktı mübahisələndirmək marağı olmuş, həmçinin qanunvericiliklə müəyyən edilmiş müddəti çox ötürmədən məhkəməyə müraciət etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, əlilliyi olan şəxslər cəmiyyətdə həssas təbəqə sayıldıqlarına görə dövlət onların reabilitasiyası, məşğulluqlarının təmin olunması və sosial təminatı istiqamətində konkret addımlar atır. Hazırki iddia da mahiyyət etibarı ilə iddiaçının əlilliyinə görə sosial təminatı ilə bağlı olduğundan yuxarıda qeyd olunan hallar onun xeyrinə şərh edilməlidir. Məhz bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir.
71. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1377/2025 nömrəli qərarı qismən, yəni “İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə əlilliyin təyin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.