Məhkəmə qərarları › İş №2-1(3-7)-192/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-192/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-192/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “qərarda dəyişiklik edilməsi və ##.##.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı ##.##.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2025ci il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ##.##.1986-cı tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaş İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X2 pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, ##.##.2006-cı il tarixinədək 33 il 4 ay 24 gün sığorta stajı əsasında vətəndaş İddiaçı ##.##.2024- cü il tarixindən (qanuna ediimiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən) 364,64 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq, vətəndaş İddiaçı eyni zamanda Bəhman Cəfərovun və X4 vəfatı ilə əlaqədar onların sosial sığorta göstəricilərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. ##.##.2020-ci il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 ##.##.2020-ci il tarixdə durğunluq ürək çatışmazlığı səbəbindən ölmüşdür.

3. ##.##.2021-ci il tarixli, AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 ##.##.2019-cu il tarixdə tam qulaqcıq-mədəcik blokadası səbəbindən ölmüşdür.

4. ##.##.2022-ci il tarixli, AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı Bəhman oğlu (orijinalda “Bəhman” olaraq yazılıb) ##.##.1968-ci il tarixdə Gədəbəy rayonu, Düz Rəsullu kəndində doğulmuş, “atası” qrafasında X3 və “anası” qrafasında X4 qeyd edilmişdir.

5. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubuna əlavə edilmiş: - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-C-******/**** nömrəli qərarına əsasən, İddiaçı barəsində ailə başçısını itirməyə görə ##.##.2024-cü il tarixdən 394.18 manat pensiya təyin edilmişdir; - ##.##.2025-ci il tarixli, *******000* nömrəli əlilliyi qiymətləndirilən şəxs barədə məlumata əsasən, İddiaçı ##.##.1995-ci il tarixdən müddətsiz II qrup əlillik təyinatı aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarında dəyişiklik edilməsi və həmin tarixədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsi ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanması haqqında öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1968-ci il tarixində doğulmuş və uşaqlıqdan (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs) əlildir, əlilliyə görə əmək pensiyası alır. ##.##.2019-cu il tarixdə anası X4, ##.##.2020-ci il tarixdə isə atası X3 vəfat etmiş, hər ikisi də əmək pensiyaçısı olmuşlar. Qanunvericiliyə əsasən, anası X4 və atası X3 aldığı pensiyanın sığorta hissələri birlikdə ona hesablanmalıdır. O, bununla bağlı müraciət etmiş, lakin imtina cavabı verilmişdir.

8. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etiraz onunla əsalandırılmışdır ki, ##.##.1986-cı il tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.1992-ci il tarixindən ##.##.2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 24- cü maddəsi və ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə pensiyanın ödənişi davam etdirilmişdir. Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növünden başqa növünə keçmək hüququ vardır. Sözügedən Qanunun 34.2-ci maddəsinə ##.##.2024-cü il tarixindən edilmiş dəyişikliyə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Qanununun 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. X2 pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, ##.##.2006-cı il tarixinədək 33 il 4 ay 24 gün sığorta stajii əsasında iddiaçıya ##.##.2024- cü il tarixindən (qanuna edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən) 364,64 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq, pensiyanın məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 394,18 manata çatdırılmışdır. Ötən dövr üzrə (##.##.2024-cü il tarixindən) hesablanmış fərq məbləği aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia tələbi əsassızdır, iddiaçıya mövcud qanunvericiliyə əsasən, onun mənafeyinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. İddiaçının tələbi üzrə eyni zamanda X3 və X4 vəfatı ilə əlaqədar onların sosial sığorta göstəricilərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim N.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, pensiyanın hesablanması “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli qərarı əsasında həyata keçirilir. İddiaçı ailə başçısının itirilməsinə görə əmək pensiyasının hər iki valdeyininə münasibət sığorta hissəsinin nəzərə alaraq hesablanmasını tələb etsə də, tələbini əsaslandıra bilməmiş, pensiya qanunvericiliyində isə belə bir hal nəzərdə tutulmamış, bununla bağlı qanunvericilikdə heç bir norma yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.3-cü maddəsinə istinad edilməklə əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1- 1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

16. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı: 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il ######ın #-dən 2018-ci il ####un #-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə və onların ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın * nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti). 2.2.6. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq:

2. vəfat etmiş ailə başçısının övladının (övladlarının) doğum haqqında şəhadətnaməsinin surəti;

3. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;

4. ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı;

5. vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin, habelə atasının, anasının, arva-dının, ərinin orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyinin olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış;

6. ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı; 2.2.7. qulluq stajına görə əlavələrin hesablanması üçün hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə yaşa görə, habelə onların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və formada həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.

20. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ##.##.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanmasını cavabdehdən xahiş etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək hər iki valideynin vəfatı ilə əlaqədar onların sosial sığorta göstəricilərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən imtina əsaslı hesab edilərək tələb mümkün sayılmamışdır.

21. Məhkəmə kollegiyası gəlinən hüquqi nəticə ilə razılaşır və qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. X5: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5.İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.

9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

24. Yuxarıda qeyd edilən Plenum qərarında əks edilmiş mövqeyi hazırkı işə tətbiq edərkən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir.

25. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixinədək vəfat etmiş hər iki valideynin pensiyasının sığorta hissəsinin cavabdeh tərəfindən ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınaraq yenidən hesablanmasına nail olmaqdır.

26. “Əmək pensiyaları haqqında“ Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Sözügedən Qanunun 34.2-ci maddəsinə ##.##.2024-cü il tarixindən edilmiş dəyişikliyə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Qanununun 14.1.1.2-ci maddəsinə əsasən, vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.

27. Göründüyü kimi pensiyanın hesablanması “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli qərarı əsasında həyata keçirilir. İddiaçı isə ailə başçısının itirilməsinə görə əmək pensiyasının hər iki valdeyininə münasibət sığorta hissəsinin nəzərə alaraq hesablanmasını tələb etsə də, tələbini əsaslandıra bilməmiş, pensiya qanunvericiliyində isə belə bir hal nəzərdə tutulmamışdır. Belə ki, bununla bağlı qanunvericilikdə heç bir norma yoxdur.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır.

29. Qeyd olunan normanın təhlilindən belə nəticə hasil olur ki, qanunverici normanın məzmununda “vəfat etmiş ailə başçıları” deyil, “vəfat etmiş ailə başçısı” ifadəsindən istifadə etməklə, yenidən hesablanma zamanı ailə başçısını itirməyə görə pensiyanın tərkibində nəzərə alınmalı olan sığorta hissəsinin yalnız bir vəfat etmiş valideynə aid olmasını nəzərdə tutmuşdur.

30. ##.##.2025-ci il tarixli, *******000* nömrəli əlilliyi qiymətləndirilən şəxs barədə məlumata əsasən, İddiaçı ##.##.1995-ci il tarixdən müddətsiz II qrup əlillik təyinatı aparılmış, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-C-******/**** nömrəli qərarı ilə barəsində ailə başçısını itirməyə görə ##.##.2024-cü il tarixdən 394,18 manat pensiya təyin edilmişdir.

31. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində artıq ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələb mövcud deyildir. İddiaçı cavabdehdən pensiya qanunvericiliyində nəzərdə tutulmayan halların qəbul edilməsini tələb edir. Eyni zamanda iş üzrə cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarına müdaxilə olunması, hüququnun pozulması faktı da öz təsdiqini tapmır. Belə olan halda isə iddianın mümkünlük şərtləri ödənilmir.

32. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar