Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-205/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2025ci il tarixli, *-**-*/*-M*****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərin surətlərinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 16 il 2 ay 29 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.
İşdə olan sənədlər:
2. AZE №******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1958-ci il tarixdə anadan olmuşdur.
3. НЗ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı ##.##.1977-##.##.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
4. MT-İ ****** nömrəli diploma əsasən İddiaçı ##.##.1984-cü il tarixdə Azərbaycan SSR Dövlət Sənaye Komitəsi S.M.Kirov adına X2 Texnikomunun kənd təsərrüfatı istehsalatına mühasib uçotu şöbəsinə daxil olmuş və 1988-ci ildə kənd təsərrüfatı istehsalatında mühasib uçotu ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının ##.##.1988-ci il tarixli qərarı ilə ona mühasib ixtisası verilmişdir.
5. Tərtər rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, *-**-**RA/*-**/**** nömrəli arxiv arayışına əsasən, İddiaçı 1974-1976 və 1980- 1996-cı illərdə sabiq “Lenin” və “F.Qəhrəmanov” adına kolxozlarda işləmiş, işlədiyi müddətdə 1986,1987, 1990, 1991- 1994-cü illər üzrə minimum əmək günü normasından artıq, 1974-1976, 1980-1985, 1988, 1989, 1996-cı illər üzrə isə minimum əmək günü normasından az işləmişdir.
6. ##.##.2012-ci il tarixli ****** nömrəli və ##.##.2013-cü il tarixli ****** nömrəli qəbzlərə əsasən, İddiaçı tərəfindən Tərtər Mamırlı bələdiyyəsinə 2012, 2013- cü illər üzrə 22 manat torpaq vergisi ödənilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi ******* №-li hərbi biletin surətində qeyd olunan məlumata əsasən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmət dövrü nəzərə alınmaqla onun ##.##.2006-cı il tarixinədək 1 il 11 ay 17 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi Tərtər Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli 3-48-43 RA/2-**/**** №-li arayışına əsasən “Lenin” və “F.Qəhrəmanov” adına kolxozda işlədiyi müddətdə 1974-cü il üzrə 52 gün, 1975-ci il üzrə 45 gün, 1980-ci il üzrə 50 gün, ##.##.1981-ci il tarixindən ##.##.1994- cü il tarixinədək 13 il, 1994-cü il üzrə 290 gün və 1996-cı il üzrə 28 gün adam günü normasını yerinə yetirdiyi dövr (ümumi 14 il 3 ay 15 gün) də sığorta stajına daxil edildiyi halda onun ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmadığından mötəbərliyi tərəflərindən araşdırılmamışdır və əlavə sənəd təqdim ediləcəyi təqdirdə qeyd edilən dövrlərin araşdırılması üçün müvafiq sorğu ünvanlanması zərurəti yaranacaqdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1958-ci ildə anadan olmuş, əmək fəaliyyətinə 1974-cü ildən başlamışdır. Belə ki, 1974-1976 və 1980-1996- cı illərdə (19 il) Tərtər rayon «Lenin» və «F.Qəhrəmanov» adına kolxozlarda üzvlük əsasında kolxozçu işləmiş, ##.##.1977-ci ildən ##.##.1979-cu ilədək (1 il 11 ay 11 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, ##.##.1984-cü ildən ##.##.1988-ci ilədək (3 il 10 ay 24 gün) X2 Texnikumununda mühasibatlıq ixtisası üzrə orta ixtisas təhsili almış, ##.##.2012-ci və ##.##.2013-cü il tarixlərdə hər dəfə DSMF-nin hesabına 22 manat məcburi dövlət sığorta pulu ödəmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə, MDSS ödənişi isə BÜÖ seriyalı, 224738 və ****** №-li mədaxil qəbzləri ilə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında, diplomunda və hərbi biletindəki olan qeydlərə əsasən o, ##.##.2006-cı ilədək 25 il 5 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək onun ##.##.2023-cü ildə 65 yaşının olmasını, ##.##.2006-cı ilədək 25 il 5 gün iş (sıgorta) stajına malik olmağını, ##.##.2012-ci və ##.##.2013-cü il tarixlərdə hər dəfə DSMF-nin hesabına 22 manat MDSS haqqı ödədiyini nəzərə alıb ona pensiya hüququnun yarandığı ##.##.2023-cü ildən əmək pensiyası təyin alınmaqla ##.##.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinin icrasından imtina edilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “onun 1974-1976-cı və 1980-1996-cı illərdə kolxozda işlədiyi, ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövrün sosial sığorta stajına daxil edilməklə ##.##.2023- cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli, *-**-*/*- M*****/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajına, habelə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə qeydə alınmış pensiya kapitalına malik olmadığından, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyil.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddianın mümkün sayılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
21. İşin halları ilə müəyyən olunur ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək, cəmi sığorta stajının 16 il 2 ay 29 gün təşkil etməsi və ##.##.2006-cı il tarixdən ##.##.2018ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən imtina əsaslı hesab edilərək tələb mümkün sayılmamışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajına malik olması şərtləri ödənilməlidir.
23. Hazırki işdə iddiaçının ##.##.1958-ci il təvəllüdlü olmaqla ##.##.2023-cü il tarixdə (65 yaş) pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Eyni zamanda, Mərkəzləşdirilmiş elektron informasiya sistemin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda tələbin əsaslı hesab edilməsi üçün iddiaçının ən azı 25 il sığorta stajına malik olması şərti ödənilməlidir.
24. İş materiallarında olan sənədlərə əsasən iddiaçının sosial sığorta stajına dair dövlər aşağıdakılardan ibarətdir: - ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmət dövrü; - “Lenin” və “F.Qəhrəmanov” adına kolxozda işlədiyi 1974-1976-cı və 1980-1996cı illər; - ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövr.
25. Cavabdehin imtina və etiraz dəlillərindən məlum olur ki, yuxarıda göstərilən dövrlərdən hərbi xidmət dövrü tam şəkildə, “Lenin” və “F.Qəhrəmanov” adına kolxozda işlədiyi müddətdə 1974-cü il üzrə 52 gün, 1975-ci il üzrə 45 gün, 1980-ci il üzrə 50 gün, ##.##.1981-ci il tarixindən ##.##.1994-cü il tarixinədək 13 il, 1994-cü il üzrə 290 gün və 1996-cı il üzrə 28 gün olmaqla qəbul edilərək, iddiaçının sosial sığorta stajı 16 il 2 ay 29 gün müəyyən edilmişdir.
26. İddiaçı hazırkı tələbində 1974-1976-cı və 1980-1996-cı illərdə kolxozda işlədiyi dövrlərin tam şəkildə, habelə ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixədək orta ixtisas təhsili aldığı dövrün sosial sığorta stajına daxil edilməklə ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövrlər iddiaçının sosial sığorta stajına daxil ediləcəyi halda belə pensiya təyinatı üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır ki, bu da sonuncunun hazırki tələblə bağlı subyektiv hüququnun olmamasını deməyə əsas verir.
28. Məhkəmə tərkibi qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
31. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
32. Göründüyü kimi, iddiaçı ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajına, habelə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə qeydə alınmış pensiya kapitalına malik olmadığından, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyil.
33. Apellyasiya şikayətinin “#.##.2012-ci və ##.##.2013-cü il tarixlərdə hər dəfə DSMF-nin hesabına 22 manat MDSS haqqının ödənilməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin dəlillə əlaqədar məhkəməyə hər hansı sənəd təqdim etməmiş, məhkəmə iclasında iş materiallarına əlavə edilən sənəndlərdən başqa heç bir sənədinin olmadığını bildirmiş, iddia ərizəsinə əlavə etdiyi ##.##.2012-ci il tarixli ****** nömrəli və ##.##.2013-cü il tarixli ****** nömrəli qəbzlər isə Tərtər Mamırlı bələdiyyəsinə 2012 və 2013-cü illər üzrə 22 manat torpaq vergisinin ödənilməsi ilə bağlı olmuşdur.
34. Belə olan halda, iddiaçının istinad etdiyi hallar iddianın mümkün sayılmasına imkan vermədiyindən məhkəmə mövqeyində haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov