Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-218/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “ölüm haqqında akt qeydində ölüm səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı övladı X1 ölüm haqqında akt qeydində ölüm səbəbinin dəyişdirilməsi ilə əlaqədar Bərdə rayon Qeydiyyat şöbəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2024cü il tarixli, *-*-*/*-***/** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, övladı X1 ölüm haqqında akt qeydində ölüm səbəbinin “Xidməti vəzifəsini yerinə yetirərkən elektrik vumadan vəfat etmişdir” deyil “Xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissədə şəhid olmuşdur” kimi yazılması şöbəsinin imkanlarından xaricdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”-nın 1-ci bölməsinin 2-ci bəndinə əsasən aidiyyatı şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Ölüm aktı qeydində ölüm səbəbinin dəyişdirilməsi qeydiyyat şöbəsinin imkanlarından xaric olduğuna görə onun ərizəsinin təmin edilməsi mümkün deyildir.
İşdə olan sənədlər:
2. ##.##.1985-ci il tarixli, III-ЖГ ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X3 ilə İddiaçı nikahları bağlanmışdır, ərə- “ Ağayev”, arvada- “Quliyeva” soyadı verilmişdir.
3. *-*** nömrəli, 1996-cı il tarixli qətnamədən çıxarışla müəyyən olunur ki, X1 ## ###### 1994-cü il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən Mərquşavan kəndi ərazisində elektrik vurmadan vəfat etmişdir.
4. ## ##.1996-cı il tarixli, *** nömrəli ölüm haqqında akt qeydinə əsasən, X1 xidməti vəzifəsini yerinə yetirərkən elektrik vurmasından vəfat etmişdir.
5. Bərdə rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-**-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, X1 ölüm səbəbi Bərdə Rayon Məhkəməsinin *** nömrəli ##.##.1996-cı il tarixli qətnaməsinə əsasən qeyd edilmişdir.
6. ##.##.1993-cu il tarixli, *** nömrəli şəhid ailəsi vəsiqəsindən görünür ki, X4 şəhid ailəsi üzvü kimi tanınmışdır.
7. Bərdə Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, ##.##.1969-cu ildə anadan olmuş mərhum X1 yetkinlik yaşına çatana kimi İddiaçı öhdəsində olması faktı müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 ##.##.1994-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə şəhid olmasının müvafiq ölüm haqqında şəhadətnamədə qeyd edilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X2 ##.##.1994-cü ildə Şuşa RPŞ-də işləyə-işləyə Mərquşavan kəndində xidməti vəzifəsini yerinə yetirərkən döyüş bölgəsində faciəvi şəkildə şəhid olmuşdur. Övladı anadan olandan şəhid olduğu günə kimi onun himayəsində olmuşdur.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “mərhum övladı X1 ölüm haqqında akt qeydində ölüm səbəbinin “xidməti vəzifəsini yerinə yetirərkən elektrik vurmadan vəfat etmişdir”dən “xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissədə şəhid olmuşdur”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddia tələbi mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı ilə mərhum X1 arasında heç bir qohumluq əlaqəsi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mərhum Ş.Ağayevin yetkinlik yaşına çatana kimi iddiaçının öhdəsində olması faktının məhkəmə qətnaməsi ilə müəyyən edilməsi halı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün gələ bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
21. İddiaçı hazırkı iddia tələbi ilə ögey övladı-mərhum ərinin oğlunun onun tərəfindən böyüdülməsinə əsaslanaraq ölüm haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçı ilə mərhum X1 arasında heç bir qohumluq əlaqəsinin olmaması, bu baxımdan da hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün hesab etməmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
23. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
24. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır.
26. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur.
27. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.
28. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
30. Hazırda iddiaçı ögey övladı-mərhum ərinin oğlunun ölüm haqqında akt qeydində ölüm səbəbinin “Xidməti vəzifəsini yerinə yetirərkən elektrik vumadan vəfat etmişdir” deyil “Xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissədə şəhid olmuşdur” kimi yazılmasını tələb edir.
31. İddiaçı tələbinin əsası kimi mərhum X1 onun tərəfindən böyüdülməsi, həmçinin apellyasiya şikayətinin məzmununda mərhumun yetkinlik yaşına çatana kimi onun öhdəsində olması faktının məhkəmə qətnaməsi ilə müəyyən edilməsi hallarına istinad etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Bərdə Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.1969-cu ildə anadan olmuş mərhum X1 yetkinlik yaşına çatana kimi İddiaçı öhdəsində olması faktı müəyyən edilmiş, lakin onun ailə üzvü olmasını nəzərdə tutan hal müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1-ci maddəsinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlar; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
33. İşin hüquqi halları ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən ölüm haqqında akt qeydindəki ölüm səbəbi qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin *** nömrəli ##.##.1996-cı il tarixli qətnaməsinə əsasən qeyd edilmişdir (Bərdə rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-**-***/**** nömrəli məktubu).
34. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı ilə mərhum X1 arasında heç bir qohumluq əlaqəsi olmadığından, həmçinin mübahisələndirilən qeyd qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aparıldığından iddia tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov