Məhkəmə qərarları › İş №2-1(3-7)-221/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-221/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-221/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, “müavinətin üç il əvvəlki tarixə hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı sosial müavinətin ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-*/*-A-******/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ona veteran vəsiqəsi ##.##.2025-ci il tarixində verildiyindən əvvəlki dövr üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə M/V ****** nömrəli Müharibə veteranı vəsiqəsi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Prezident təqaüdünün ## ##### 2019-cu ildən etibarən ötən dövr üzrə hesablanaraq ödənilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İ Qarabağ müharibəsində iştirak etmiş, veteran statusuna malik olmuş, lakin bu statusu təsdiq edən “Müharibə vetreranı” vəsiqəsi ona 2025-ci ildə təqdim edilmiş, müvafiq təqaüd yalnız həmin tarixdən sonra ödənilmişdir. O, veteran statusuna faktiki olaraq çoxdan, yəni müharibədə iştirak etdiyi vaxtdan malik olmuşdur və bu hüquq sonradan vəsiqə təqdim olunması ilə dəyişməməlidir.

5. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli, *-**-*/*-A- ******/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, 2019-cu il # ##### tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, 2019-cu il # ##### tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçının vəkili (nümayəndəsi) qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da gəlməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının və iddiaçının vəkilinin (nümayəndəsinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

13. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli, *** nömrəli Fərmanı:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il #####in #-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il #####in #-dən tətbiq edilir.

14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

15. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il ## ###### tarixli, *** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli, *** nömrəli Fərmanı: “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il ## ###### tarixli, *** nömrəli Fərmanının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilsin; Bu Fərman 2019-cu il #####in #-dən tətbiq edilir

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin halları ilə müəyyən olunur ki, iddiaçıya ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı və M/V seriyalı, ****** nömrəli “müharibə veteranı” vəsiqəsi verilmiş və cavabdeh tərəfindən ona ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.

19. Hazırda iddiaçı ##.##.2025-ci il tarixdən əvvəlki 3 illik dövr üzrə Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsis edilmiş prezident təqaüdünün ona ödənilməsini tələb edir.

20. Birinci instansiya məhkəməsi qərarında iddiaçıya “müharibə veteranı” vəsiqəsinin ##.##.2025-ci il tarixdə verildiyini, Prezident təqaüdünün isə Fərmanın qüvvəyə mindiyi ## ##### 2019-cu il tarixdən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmadığını qeyd edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi ##.##.2025-c il tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli, *** nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir.

22. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ##### tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi isə ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalı idi.

23. Bununla bağlı hüquqi mövqe “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırılırdı. Belə ki, həmin Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır.

24. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır.

25. 2019-cu il ## ##### tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.

26. Belə olan halda, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla, əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il ## ##### tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlərin bölgüsünə dair konstitusiya prinsipinə görə, məhkəmələr hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz.

28. Bu mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il ## ##### tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il ## ##### tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır.

29. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi və statusu Fərmanın qüvvədə mindiyi 2019-cu il ## ##### tarixdən sonra – ##.##.2025ci il tarixdə verildiyindən o, həmin tarixdən əvvəlki illər üçün təqaüdün verilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçıya 2025-ci il tarixdə müvafiq vəsiqə təqdim edilmiş və həmin tarixdən də aylıq təqaüd ödənilməyə başlanılmışdır. Göründüyü kimi, iddiaçıya ödənilən aylıq pul vəsaiti müvafiq Fərmanın tələblərinə əsasən həyata keçirilmiş və onun hüquqi statusu müavinət qismində deyil, məhz təqaüd qismində çıxış etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar