Məhkəmə qərarları › İş №2-1(3-7)-236/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-236/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-236/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı iş üzrə Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Işin halları:

1. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən, İddiaçı ##.##.2025-ci il tarixdən Slavyanka bələdiyyəsinin mühasibi vəzifəsindən azad edilmişdir.

2. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli və ##.##.2025-ci il tarixli *** nömrəli arayışlarında qeyd edilmişdir ki, bələdiyyənin sabiq mühasibi İddiaçı veriləcək əmək haqqı yanvar ayı üçün 133.83 (bir yüz otuz üç manat səksən üç qəpik) manat, fevral ayı üçün 206.80 (iki yüz altı manat səksən qəpik) manat, axırıncı hesabın kəsilməsi 30.43 (otuz manat qırx üç qəpik) manat olmaqla, cəmi 371.06 (üç yüz yetmiş bir manat altı qəpik) manat təşkil edir. Əlavə olaraq, ## ### 2025-ci il tarixdə Azərpoçt vasitəsi ilə onun kart hesabına 130.00 (bir yüz otuz) manat, ## #### 2025-ci il tarixdə 241.06 (iki yüz qırx bir manat altı qəpik) manat (sonuncu hesabın kəsilməsi) pul vəsaiti köçürülmüşdür. Beləliklə, bələdiyyənin sabiq mühasib İddiaçı heç bir borcu qalmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Iddiaçı İddiaçı cavabdeh Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, işlədiyi aylar üzrə (ödənilməmiş aylar, bu ilin fevral, mart və aprel ayları üzrə) ona ödəniləcək əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1957-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, orta məktəbi bitirdikdən sonra, ##.##.1979-cu il tarixdə Gədəbəy rayonu Slavyanka kəndində Kənd Sovetində hesabdar kassir vəzivəsinə təyin edilmiş və ##.##.1998-ci il tarixə kimi orada işləmişdir. Hesabdar kassir işlədiyi üçün hər hansı mühasibatlıqla bağlı diplom tələb edildiyindən 1993-cü ildə Gədəbəy rayonunda yerləşən mühasibatlıq kursuna daxil olmuş və 2 il 6 ay orada oxumuş, oranı müfəvvəqiyyətlə bitirmişdir. ##.##.2000-ci ildə müddətsiz əmək müqaviləsi bağlanılmaqla Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə mühasib vəzifəsinə təyin edilmiş və bu ilin aprel ayının 24-nə kimi işləmişdir. Bu müddət ərzində işinin ödəsindən layiqincə gəlmiş və qüsursuz fəaliyyət göstərmişdir. Bu ilin yanvar ayının əmək haqqını kəsrlə almış, fevral-mart aylarında əmək haqqını almamış, aprel ayının 24-də aprel ayı üçün də əmək haqqı ala bilmədiyini görərək bu barədə bələdiyyə sədrinə öz etirazını bildirmişdir. Bu ilin aprel ayının 25-də bələdiyyə sədri ona fevral ayının 17-dən onu işdən çıxarmağını bildirmişdir. O, buna öz etirazını bildirmişdir ki, onu necə işdən çıxardıblar ki, onun bundan xəbəri yoxdur, necə işdən çıxarılmışdır ki, bu günə kimi işə gəlib-getmiş və işə davamiyyət kitabına işə gəlib-getməyi barədə imza atmışdır. Bələdiyyə sədri bütün bu iradlarına əhəmiyyət verməyərək ona təkidlə işə gəlməməyini və ona hər hansı bir əmək haqqı ödənilməməsini bildirmişdir. O, ##.##.2025-ci il tarixdə işdən çıxarılarkən Slavyanka bələdiyyəsinin sədri X1 olmuşdur ki, bu hal bələdiyyənin * saylı protokolunda öz əksini tapır. Beləliklə, o, işlədiyi aylar üçün əmək haqqını ala bilmədiyini görüb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Müraciət etdikdən sonra, may ayının 29-da ona 130 manat pul ödənilmişdir. Hansı ki, aprel ayının 24-nə kimi ona 1235,54 (min iki yüz otuz beş manat, əlli dörd qəpik) əmək haqqı ödənilməli idi.

5. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, hazırkı işdə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

7. Iddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.

8. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. “Inzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanunu: 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

13. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

14. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 15.2. IPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə IPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi IPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" ## #### 2013-cü il tarixli Qərarı

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

18. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Belə ki, Inzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «xxxx» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ###### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2017-ci il tarixli qərarında göstərmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. Iddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. Iddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir.

20. Işin hallarından görünür ki, iddiaçı Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən ##.##.2025-ci il tarixdən Slavyanka bələdiyyəsinin mühasibi vəzifəsindən azad edilmiş, hazırki tələblə məhkəməyə müraciət edərək işlədiyi aylar üzrə (2025-ci ilin fevral, mart və aprel ayları üzrə) ona ödənilməli olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələb mümkün sayılmamışdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının əvvəl işlədiyi bələdiyyə orqanındakı mühasib vəzifəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun tələbi inzibati hüquq münasibətləri ilə bağlı mübahisə hesab olunmur və mülki mühakimə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində baxılmalıdır.

22. Belə ki, Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plennumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olan orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.

23. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia tələbinə inzibati məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində baxılması ilə əlaqədar gəldiyi nəticə düzgün olmuşdur.

24. Başqa sözlə kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin məhz inzibati hüquq normaları ilə tənzimlənməsi üçün bir sıra imperativ qayda vardır ki, bundlardan da biri mübahisənin subyekt tərkibidir. Belə ki, IPM-in 8.1.3-cü maddəsi subyektlər üzrə inzibati məhkəmənin səlahiyyətli olmasını müəyyən etmişdir.

25. Bundan başqa tərəflər arasında yaranan mübahisə - əmək münasibətindən yaranan mübahisədir. Belə olan halda, yəni inzibati hüquq münasibətinin olmadığı halda inzibati mübahisənin olmasından söhbət gedə bilməz. Inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Hazırki işdə isə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətləri mövcud deyildir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarın da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XIX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

27. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, hazırki mübahisə xüsusi hüquq normaları ilə tənzimləndiyindən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququ vardır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar