Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-248/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, L********UTQ nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişiklikliyi, tez-tez dekopensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə; Yanaşı xəstəlik – F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu; Yanaşı xəstəlik – F48.0 Nevrasteniya, Nevrasteniya; Yanaşı xəstəlik – L90.1 Şvenninqer-Buzzi anetodermiyası, Sağ baldırın orta 1/3 kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.
2. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, L********UTQ nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
3. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun ##.##.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə ##.##.2024-cü il tarixdə diaqnoz öz təsdiqini tapmaması barədə *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.
İşdə olan sənədlər:
4. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, **** saylı xəstəlik haqqında şəhadətnaməsində İddiaçı təyin edilmiş "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli adaptasiya pozuntusu, qarışıq reaksiya. Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Sağ baldırın orta 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (##.##.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqa 6 altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Sol gözün sadə hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya 1,0 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla. Xolesterin polipləri" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.
5. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində ##.##.2022-ci il tarixli **** nömrəli “Xəstəlik haqqında” şəhadətnamə (qərar) vardır və hal-hazırda qüvvədədir.
6. “xxxx” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyində İddiaçı barəsində müəyyən edilmiş diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə F62.0” kimi qeyd edilmişdir.
7. İddiaçı ilkin olaraq ##.##.2022-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
8. İddiaçı əlillik vəziyyəti yenidən qiymətləndirilərək ##.##.2023-cü il tarixdə “Diaqnoz öz təsdiqini tapmaması” barədə, ##.##.2024-cü il tarixdə “Tam reabilitasiya olunması” barədə qərarlar qəbul edilmişdir.
9. “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, anamnezində intihar cəhdi ilə (F62.0) aşkar edilir. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının *** saylı ##.##.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsində Komissiyanın qərarında aşağıdakılar göstərilmişdir: "Diaqnoz: "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli adaptasiya pozuntusu, qarışıq reaksiya. Sağ baldırın orta 1/3-nin kor qəlpə yaralanmasından (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (##.##.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı niqtin sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə." "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Diaqnoz: "Sol gözün sadə hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya 1,0 olmaqla". "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır". O, dəfələrlə stasionar və ambulator müalicə olunmuşdur. Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** saylı rəyi ilə ona "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davaçlı şəxsiyyət dəyişikliyi F62.0"; ##.##.2024-cü il tarixli **** saylı rəyi ilə "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə F62.0" diaqnozu qoyulmuşdur. ##.##.2022-ci ildə ona TSEK-in diaqnozu "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, posttravmatik stress pozğunluğu. Yuxu pozğunluğu. Uyğunlaşdırıcı reaksiyaların pozğunluğu. Nevrasteniya. Baş ağrısı. Şvenninqer Buzzi anetodemiyası. Xronik atrofik akrodermatit. Miopiya"; əlilliyin müəyyən olunması meyari "üçüncü dərəcəli əlillik - uzunmüddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48- F48.9) olmaqla 5 il müddətinə əlillik verilmişdir. ##.##.2024-cü il tarixdə və ##.##.2024-cü il tarixdə onu növbədən kənar yenidən müayinəyə dəvət etmişlər. ##.##.2024-cü il tarixdə keçdiyi müayinə ilə əlaqədar ##.##.2024-cü il tarixdə ona "Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu. Nevrasteniya. Sağ baldırın orta 1/3 kor qəlpə yaralanmasından sonrakl bərkimiş dəri çapığı" diaqnozu qoyulsa da, lakin əlillik əlamətinin təyin edilməməsi səbəbi ilə əlillik dərəcəsinin verilmisindən imtina edilmişdir. ##.##.2024-cü il tarixdə qəbuldan sonra isə ##.##.2024-cü il tarixdə yenidən imtina yazılmışdır. Əgər ona təyin edilmiş diaqnoz dəyişməmişdirsə, necə ola bilər ki, ona hazırda əlillik dərəcəsi düşmür. Həmçinin, əlilliyinin 5 il müdətinə təyin edildiyi halda cavabdeh orqan onu 2 il müddət keçməmiş qəflətən "müayinə"yə çağırmaqla reabilitasiya olunmağı qərarına gəlinmişdir. Əgər onun 2 il müddətinə reabilitasiya olunmağının mümkün olması halı mövcud idisə, o zaman hansı səbəbdən 5 il müddətinə əlillik təyin edilmişdir. Deməli, ona əlillik dərəcəsi verilən zaman 5 il müddətinə onun reabilitasiya olunmağının mümkün olmaması məlum idi.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ona ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası, ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydası və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun normaları ilə əsaslandırılmışdır.
14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35- 60 faiz aralığındadır və bu da iddiaçıya həmin pozuntuya görə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F62.0 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.7.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski – 35-60% – 2 il; 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması – 65-80% – 2 il.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Mingəçevir PNDnin ##.##.2024-cü il tarixli, L********UTQ nömrəli göndərişi (forma 88) əsasında cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edərək qeyd edir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə göstərilən diaqnozlardan əsas diaqnoz – “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişiklikliyi, tez-tez dekopensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Belə ki, həmin xəstəlik iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir (Bax: hazırki qərarın 23-cü bəndi).
29. İddiaçıda mövcud olan “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişiklikliyi, tez-tez dekopensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə” diaqnozu XBT-10 kodu F62.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1-ci bəndində öz əksini tapmışdır. F62.0 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarlarının ya 7.7.1.1, ya da 7.7.1.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.7.1.1-ci bəndə əsasən, F62.0 kodlu xəstəlik - fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski ilə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.7.1.2-ci bəndə əsasən - bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması hallarında orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.
30. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, L********UTQ nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 75) qeyd edilmişdir ki, huşu aydın, zahirən narahatdır. Söhbət əlaqəsinə həvəssiz daxil olur, verilən suallara əsəbi, qısa cavablar verir. Konfiliktə meyillidir, maraq dairəsi məhduddur. Emosional labildir. Yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub. Depressivdir, gərgindir. Əhval ruhiyyəsi dəyişkəndir. Baş ağrılarından şikayət edir. Hövsələsizdir.
31. “xxxx” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyində iddiaçı barəsində müəyyən edilmiş diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə F62.0” kimi qeyd edilmişdir.
32. “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, anamnezində intihar cəhdi ilə (F62.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, özünə qapanması, intihar fikirlərinin və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”nda “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri ilə F62.0” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən narahat olması, əhvali ruhiyyəsinin dəyişkən olması, enməyə meyilli olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması vəs.) sübut edir.
33. Göründüyü kimi iddiaçıda Meyarların 7.7.1-ci bəndində qeyd olunan xəstəliklərin olması məhkəmə psixiatrik ekspertizasının rəyi və təqdim edilmiş digər sənədlərlə öz təsdiqini tapmışdır.
34. Məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və xüsusilə vurğulayır ki, əlilliyin xüsusi səbəblərdən müəyyən oluna bilməsi üçün xəstəlik hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamədə göstərilməli, eyni zamanda, həmin xəstəlik göndərişdə əks olunmalı və diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş sözügedən xəstəlik üzrə qiymətləndirmə göstəriciləri ilə uyğunluq təşkil etməlidir. Belə ki, hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamələrdə əksini tapmış diaqnozlar əsasında əlilliyin müəyyən olunması yalnız şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə mövcud olan diaqnozlar arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsindən asılıdır.
35. İş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, **** saylı xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı qoyulmuş "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli adaptasiya pozuntusu, qarışıq reaksiya. Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. Sağ baldırın orta 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (##.##.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 5 (beş) metr, sağ qulaqa 6 altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyən edilmişdir.
36. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində ##.##.2022-ci il tarixli **** nömrəli “Xəstəlik haqqında” şəhadətnamə (qərar) vardır və hal-hazırda qüvvədədir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların mövcudluğunun tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
38. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
40. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Müşfiq Məmmədov, Rəşad Mamedov