Məhkəmə qərarları › İş №2-1(3-7)-249/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-249/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-249/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi İsmayılova Səyalı Mahmud qızının iştirakları ilə, “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa olunmasına dair qərarın qəbul edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı əmək pensiyasının bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxx publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Fondun keçmiş Ağstafa rayon şöbəsinin ##.##.2010-cu il tarixli yoxlama aktına əsasən, ##.##.2004-cü il tarixindən ##.##.2008-ci il tarixinədək “xxxx” MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, ##.##.2006-cı il tarixindən ##.##.2008ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən olunmuşdur. Bu səbəbdən Fondun müvafiq qurumuna sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, fərdi şəxsi hesabı ilə bağlı araşdırma zamanı 2006- 2008-ci illərdə əmək fəaliyyətli olduğu sığortaedən “xxxx” MMC tərəfindən təqdim edilmiş 2007-ci il üzrə illik məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatda adının sığortaolunan kimi qeyd olunmadığı, həmçinin sığortaedən tərəfindən 2006 və 2008-ci illər üzrə hər hansı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanmadığı müəyyən olunmuşdur.

İşdə olan sənədlər:

2. Azərbaycan Respublikası xxxxnun Ağstafa rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın ##.##.2008-ci il tarixli, *** nömrəli qərarına əsasən, İddiaçı barəsində ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixinə kimi 81.0 pensiya təyin edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən: - ##.##.2008-ci il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - ##.##.2014-cü il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - ##.##.2015-ci il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - ##.##.2016-cı il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - ##.##.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı “ümüumi xəstəlik” səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

4. xxxx publik hüquqi şəxsinin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərə əsasən: - xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə ##.##.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-M-****/**** nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə ##.##.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə ##.##.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə ##.##.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlərin Altsisteminin ##.##.2025-ci il tarixli, ******* nömrəli ərizəyə əsasən, İddiaçı ##.##.2022- ##.##.2027-ci il dövrü üzrə ümumi xəstəlik səbəbindən II qrup əlilliyə görə 180 AZN müavinət təyin edilmişdir; - Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2022ci il tarixli, *******0006 nömrəli qərarına əsasən, İddiaçı barəsində ##.##.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir.

5. xxxx publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, pensiya işi qovluğuna daxil olan sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı ##.##.2004-cü il tarixindən ##.##.2006-cı il tarixinədək “xxxx” MMC-də əmək fəaliyyəti dövrü, həmçinin ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2006-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla faktiki sığorta stajı 1 il 7 ay 19 gün müəyyən edilmişdir. Araşdırma zamanı Fondun keçmiş Ağstafa rayon şöbəsinin ##.##.2010-cu il tarixli aktına əsasən, İddiaçı ##.##.2004-cü il tarixindən ##.##.2008-ci il tarixinədək “xxxx” MMC-də əmək fəaliyyətinin olması qeyd edildiyi halda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən ##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək adıçəkilən şəxsin fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilib və bu barədə İddiaçı Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli və Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2025-ci il tarixli məktublarla məlumat verilmişdir. Mərkəzi Filialın ##.##.2025-ci il tarixli qərarı ilə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı cavabdeh xxxxnun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iki illik sığortanın hesablanılması, pensiyasının artırılması öhdəliyinin icra edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən 2008-ci ilə kimi tikinti materialları satışı ilə məşğul olan “xxxx” MMC şirkətində fəhlə işləmiş, həmin şirkətin direktoru X1 rəhmətə getdiyinə görə həmin şirkətin fəaliyyəti 2018- ci ildə dayandırılmışdır. O, Qazax rayonuna gedib pensiya ilə bağlı sənədini aldıqda 4 illik stajının 2 illik sığortasının keçirilmədiyi məlum olmuşdur. Bu səbəbdən də onun pensiya işində problem yaranmış, o, Bakı şəhərinə gedib “DOST” mərkəzinə müraciət etmişdir. Ona Dövlət Sosial Müdaifə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2025-ci il tarixdə cavab verilmiş, 2 illik qalan hesablanmamış sığortanın hesablanıb pensiyanın artırılması müsbət həll edilməmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “xxxx” publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *- **-*/*-M****/**** nömrəli, ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli və ##.##.2025ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarların ləğv edilməsi, ##.##.2022-ci ildən əlilliyə görə əmək pensiyasının bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

10. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli imtina məktubu ilə eynilik təşkil edir.

11. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia tələbi təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmunu cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etirazın məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini, iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar

1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.2. əlilliyə görə əmək pensiyası; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

18. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

20. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya ##.##.2008-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmiş, ##.##.2021-ci il tarixində əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır. Bundan sonra ##.##.2022-ci il tarixdən iddiaçının orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, iddiaçı əmək pensiyasının bərpa olunması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək ##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən imtina əsassız hesab edilərək iddia təmin edilmişdir.

21. Göründüyü kimi hazırki məhkəmə araşdırmasının predmetini ##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda, həmin dövr nəzərə alınmaqla iddiaçıya ##.##.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkünlüyüdür.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırki iş üzrə əsas hüquqi məsələ etimad hüququnun hüdudları ilə qanunçuluq prinsipinin qarşılıqlı münasibətidir. Belə ki, birinci instansiya məhkəməsi əvvəlki inzibati aktı əsas götürərək etimad hüququnu tətbiq etmiş, nəzərə almamışdır ki, əvvəlki əlilliyə görə pensiyanın müddəti başa çatdığından, söhbət əvvəlki hüququn davam etdirilməsindən deyil, yeni inzibati icraat nəticəsində yeni pensiya hüququnun müəyyən edilməsindən gedir. Belə olan halda isə inzibati orqan qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtləri yenidən yoxlamağa borcludur və əvvəlki səhv inzibati akt gələcəkdə qanuna zidd yeni inzibati aktın qəbul edilməsi üçün hüquqi əsas yarada bilməz.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş halları və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün qiymətləndirmədiyindən gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

24. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, ##.##.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi üçün həmin dövr üzrə şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi zəruri şərtdir. Başqa sözlə, göstərilən tarixdən sonrakı dövr üzrə sosial sığorta stajı yalnız əmək fəaliyyəti faktı ilə deyil, həmin fəaliyyət dövrü üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə formalaşır. Bu baxımdan, qanunverici sosial sığorta stajının müəyyən edilməsini əmək münasibətlərinin mövcudluğu ilə deyil, sosial sığorta sistemində fərdi uçot məlumatlarında əks olunan və qanunvericiliyə uyğun qaydada ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə əlaqələndirmişdir.

25. Göründüyü kimi ##.##.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə ##.##.2006-cı il tarixdən ##.##.2008-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Başqa sözlə, həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması üçün qanunda nəzərdə tutulmuş imperativ şərt yerinə yetirilməmişdir.

26. Birinci instansiya məhkəməsi isə qeyd olunan hüquqi tələbi nəzərə almamış, iddiaçıya əvvəlki dövrdə əlilliyə görə əmək pensiyasının təyin edilməsinə istinad edərək etimad hüququnun pozulmaması zərurətini əsas götürmüş və nəticədə ##.##.2006-cı il tarixindən ##.##.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda, həmin dövr nəzərə alınmaqla iddiaçıya ##.##.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.

27. İş materiallarından görünür ki, iddiaçıya əvvəllər əlilliyə görə əmək pensiyası təyin edilərkən cavabdeh inzibati orqan tərəfindən ##.##.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrü üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti lazımi qaydada araşdırılmamış, nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati akt qəbul edilmişdir. Lakin inzibati orqanın əvvəlki mərhələdə yol verdiyi hüquqi səhv sonrakı inzibati icraat zamanı həmin səhvin davam etdirilməsi və ya təkrarlanması üçün hüquqi əsas yarada bilməz.

28. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə əvvəllər təyin edilmiş pensiyanın davam etdirilməsi və ya bərpası ilə bağlı deyil. İşin hallarından görünür ki, iddiaçıya əvvəllər təyin edilmiş əlillik müddəti bitmiş, bununla əlaqədar həmin əlilliyə əsaslanan pensiya hüququ da başa çatmışdır. Sonradan iddiaçının yenidən əlilliyə görə əmək pensiyası almaq hüququnun müəyyən edilməsi yeni inzibati icraatın predmeti olmuşdur. Belə olan halda, inzibati orqan yeni inzibati akt qəbul edərkən əmək pensiyasının təyin edilməsinin bütün qanuni şərtlərini tam və hərtərəfli yoxlamağa borcludur.

29. Kollegiya qeyd edir ki, etimad hüququ inzibati fəaliyyətin sabitliyini və şəxsin hüquqi müəyyənlik gözləntisini qoruyan hüquqi prinsip olmaqla yanaşı, onun tətbiqi qanunun imperativ normalarının aradan qaldırılması və ya qanunvericiliyin birbaşa tələblərinin tətbiq edilməməsi ilə nəticələnə bilməz. Hüquqi etimad prinsipi şəxsdə qanunazidd vəziyyətin qeyri-müəyyən müddət ərzində davam etdirilməsi barədə legitim gözlənti yaratmır. Əks yanaşma qanunçuluq prinsipinin mahiyyətini aradan qaldırmaqla yanaşı, inzibati orqanın əvvəlki səhv qərarının gələcəkdə də məcburi qaydada təkrarlanmasına gətirib çıxarardı ki, bu da hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.

30. Beləliklə, iddiaçının əvvəlki dövrdə əlilliyə görə əmək pensiyası alması faktı, yeni pensiya hüququ müəyyən edilərkən qanunvericiliyin tələb etdiyi şərtlərin mövcudluğunun yoxlanılmasını istisna etmir. Əksinə, yeni inzibati icraat çərçivəsində əmək pensiyasının təyin edilməsinin bütün hüquqi əsasları yenidən qiymətləndirilməli, həmin əsasların mövcudluğu qanunvericiliyin qüvvədə olan tələbləri baxımından müəyyən edilməlidir.

31. Hazırkı iş üzrə isə müəyyən edilir ki, iddiaçının ##.##.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrü üzrə adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi təsdiq olunmur. Buna görə də həmin dövr sosial sığorta stajına daxil edilə bilməz. Mübahisəli dövr sosial sığorta stajına daxil edilmədikdə isə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sosial sığorta stajı şərti ödənilməmiş olur.

32. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar