Məhkəmə qərarları › İş №2-1(3-7)-250/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-250/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-250/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılzadə Bəhman Yahya oğlunun cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. “xxxx” ATSC-nin rəhbəri İsmayılzadə Bəhman Yahya oğlunun ##.##.2009-cu il tarixli müraciətindən sonra qəbul edilmiş Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli sərəncamına əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, ** nömrəli “xxxx ATSC-nə torpaq sahəsinin icarəyə verilməsi barədə” sərəncamı qüvvədən düşmüş hesab edilmiş, Cəmiyyətə verilmiş 50 hektar torpaq sahəsi geri qaytarılmış və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilmişdir.

İşdə olan sənədlər:

2. Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, ** nömrəli sərəncamına əsasən, X5 Birliyinin ərazisindən 50.0 ha torpaq sahəsi “xxxx” ATSC-yə 40 il müddətinə icarəyə verilmiş, “xxxx” ATSC ilə bağlanmış icarə müqaviləsi təsdiq edilmişdir.

3. Torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2003-cü il tarixli müqaviləyə əsasən, X5 Birliyinin ərazisindən 50.0 ha torpaq sahəsi “xxxx” ATSC-yə 40 il müddətinə icarəyə verilmişdir.

4. “xxxx” X1 Cəmiyyətinə Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2003cü il tarixli, ** nömrəli sərəncamı ilə X5 Birliyinin ərazisindən 40 il müddətinə icarəyə verilmiş 50.0 ha torpaq sahəsi barədə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN – 3767 KOD ******** nömrəli şəhadətnamə tərtib edilmişdir.

5. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İsmayılzadə Bəhman Yahya oğlunun cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) “##.##.2010-cu il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İsmayılzadə Bəhman Yahya oğlu cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy Rayon İcra Hakimiyyəti başçısının ##.##.2010-cu il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının ## ### 2003-cü il tarixli sərəncamı ilə X5 Birliyinin ərazisindən 50.0 ha torpaq sahəsi onun rəhbərlik etdiyi “xxxx”ATSC-yə 40 il müddətinə icarəyə verilmişdir və o bu gün də ayrılan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Bu günlərdə torpaq sahəsinə dair çıxarış almaq üçün “xxxx” X2 * saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, ona ünvanlanan ## ###### 2019-cu il tarixli, ************ saylı cavab məktubunu alanda bilmişdir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2010-cu il tarixli, ** nömrəli sərəncamı ilə ## ### 2003-cü il tarixli, ** saylı sərəncam ləğv edilmişdir. Lakin, bu günə kimi onun həmin sərəncam barədə məlumatı olmamış və heç bir dövlət orqanının əməkdaşı bu barədə ona heç nə bildirməmişdir. O, həmin torpaq sahəsindən istifadə etməkdə davam edir və hesab edir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş ## ###### 2010-cu il tarixli, ** saylı sərəncam qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalıdır.

8. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim N.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçı Gəncə İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə hüquqi qiymət verilmiş tələblə yenidən məhkəməyə müraciət etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümükünsüz saymamalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı:

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

19. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

20. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Birinci instansiya məhkəməsi hazırkı mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddianı mümkün saymamışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçının cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbi təmin edilməmişdir.

23. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İsmayılzadə Bəhman Yahya oğlunun cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) “##.##.2010-cu il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş, həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir.

24. Göründüyü kimi, iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin onun iddia tələbi təmin edilməmiş və həmin tələblə bağlı qərar qanuni qüvvəyə minmişdir.

25. Eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

26. Buna baxmayaraq, hazırki iş üzrə yeni iddianın qaldırıldığı ##.##.2025-ci il tarixədək iddiaçının tələbinin faktiki və hüquqi əsasları ilə bağlı hər hansı dəyişikliyin baş verməsi iş üzrə materiallardan müəyyən edilməmişdir.

27. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

29. Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 8.4-cü bəndinə əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

30. Odur ki, iddiaçı İsmayılzadə Bəhman Yahya oğlunun cavabdeh Goranboy Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar