Məhkəmə qərarları › İş №2-1(3-7)-253/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-253/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-253/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 nümayəndəsi X3 və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları:

1. “X8” X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən ##.##.2023-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli əmrlə Cavabdeh “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir.

2. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı ## ######## 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuşdur.

3. “X8” X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının ##.##.2024-cü il tarixli, *- **-*/*-*-**/**** nömrəli qərarına əsasən cavabdeh Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi ##.##.2023-cü il tarixdən dayandırılmışdır.

4. “X8” X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar ##.##.2023-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli və ##.##.2024-cü il tarixli, 3-17-2/2- M-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilmişdir.

5. Məhkəmənin sorğusuna Lənkəran Dövlət Universitetinin pubik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, */*** nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh 2023/2024-cü tədris ilində X7 xətti ilə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində əyani təhsilalma forması üzrə "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunmuşdur. Bundan sonra onun imtina etmək hüququ olduğu halda portal.edu.az vasitəsilə elektron qeydiyyatdan keçmiş və tələbə statusunu qazanmışdır. Cavabdeh 2023/2024-cü tədris ili başlayan vaxtdan etibarən payız semestri ərzində dərslərdə iştirak etmədiyi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ###### 2024-cü il tarixli KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"nın tələblərinə əsasən 1 (bir) semestr tələbə kontingentində saxlanıldıqdan sonra xaric edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 529.00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FIN: *******) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 ## ###### 2023-cü il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X17 və Təyinat filialı tərəfindən qəbul edilən ## ######## 2023-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli Əmrlə cavabdeh Cavabdeh "Işsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən # ###### 2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirilir ki, Qanunun 18.0.9-cu maddəsinə əsasən sığorta ödənişi şəxsin sığorta ödənişi aldığı dövrdə ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunması halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı ## ######## 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuş və ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı # ######## 2023-cü il tarixdən etibarən başlamış, şəxs isə məhz həmin aydan ali təhsil müəssisəsində əyani təhsil almağa başlamışdır. Cavabdeh əyani təhsil almağa başladığına baxmayaraq, Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. Işsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEIS-in müvafiq altsistemində cavabdeh Cavabdeh 2023-cü ilin sentyabr ayından məşğul şəxs olduğu aşkar olunmuşdur. Belə ki, cavabdeh Cavabdeh ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildirilir ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən ## ###### 2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli və # ### 2024-cü il tarixli, *-**-*/*-M- *****/**** nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubuna ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində göstərildiyi kimi doğrudan da işdən azad olduğu müddətdən sonra, # ######## 2023-cü il tarixdən etibarən 3 ay (sentyabr, oktyabr, noyabr) müddətinə işsizlikdən sığorta ödənişi almışdır və bu müddət ərzində də heç bir yerdə rəsmi olaraq işləməmişdir. Ancaq ali məktəbə daxil olmağının sığorta ödənişi almağına zidd olduğundan xəbərsiz olmuşdur. Belə ki, Agentliyin əməkdaşı sığorta ödənişi təyin olunan zaman bunun haqqında ona yazılı və şifahi heç bir məlumat verməmişdir. O da sadə vətəndaş olaraq bütün qanun və vəzifələri əzbər bilmədiyinə görə, qəsdli olmadan məlumatsızlıq səbəbindən Agentliyə bu haqqında məlumat verməmişdir. Eyni zamanda nəzərə çatdırmaq istəyir ki, ali məktəbə qəbul olmağına baxmayaraq, təhsil müəssisəsinin Lənkəran şəhərində olduğuna görə təhsilə başlamamış və qeydiyyatının ləğv edilməsi barədə Lənkəran Dövlət Universitetinə birbaşa gedərək müraciət etmişdir. Ancaq qeydiyyatının universitet tərəfindən vaxtında ləğv olunmaması və tələbə kimi sistemdə 1 semestr aktiv saxlanılmasına görə, əslində təhsil almasa da tələbə kimi qeydiyyatda qalmışdır. 31 oktyabr tarixində agentliyin əməkdaşı böyük mütəxəsis X6 iş yerinə gələrək ona köhnə tarix ilə, yəni üzərində ##.##.2023-cü il qeyd edilmiş bildiriş (iltizam) vərəqi imzalatmaq istəmişdir ki, "Guya universitetə əyani daxil olduqda Agentliyə məlumat verməli olduğunu ona qabaqcadan bildirib". Ancaq bildiriş köhnə tarix ilə yazıldığına görə etirazını bildirmiş və imzalamağa etiraz etmişdir. Bununla belə tarixi dəyişərək ##.##.2024-cü il tarix ilə imzalamağı təklif etmiş və nə üçün ona qeydiyyata düşdüyü zaman təqdim olunmamasını soruşmuşdur. X6 isə ona bu sənədin onun müraciəti zamanı mövcud olmadığı üçün izah olunmadığını, amma yenə də köhnə tarix ilə imzalamalı olduğunu bildirdi. Buna iş yoldaşları da şahiddir və hətta müdiri X5 da bu barədə X6 etirazını bildirərək, hansı qanuna əsasən köhnə tarixli sənədi ona imzalatmaq istədiyini və bunun birbaşa qanun pozuntusu olduğunu bildirmişdir. Əgər Agentlikdə sığorta ödənişi təyin olunan zaman əməkdaşların ona izah etdiyi imzalı bir bildiriş varsa, ki qanunun tələbinə əsasən olmalı idi, buyurub məhkəməyə təqdim etsin. Əks halda özünün qanunu pozduğu bir halda ona dövlət tərəfindən köçürülmüş artıq ödənişi geri tələb etmək üçün məhkəməyə müraciət etmək hüququ olmadığını düşünür. Qeyd etmək istəyir ki, halhazırda yarım ştat ilə (2024-cü ildə 175 AZN, 2025-ci il qanuna əsasən 200 AZN əmək haqqı ilə) rəsmi olaraq işləyir. Bu səbəblə ona artıq ödənilən və ondan tələb edilən 529 AZN məbləği ödəmək imkanı yoxdur.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmənin sorğusuna Lənkəran Dövlət Universitetinin pubik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, */*** nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh 2023/2024-cü tədris ilində X7 xətti ilə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində əyani təhsilalma forması üzrə "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunmuşdur. Bundan sonra onun imtina etmək hüququ olduğu halda portal.edu.az vasitəsilə elektron qeydiyyatdan keçmiş və tələbə statusunu qazanmışdır. Cavabdeh 2023/2024-cü tədris ili başlayan vaxtdan etibarən payız semestri ərzində dərslərdə iştirak etmədiyi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ###### 2024-cü il tarixli, KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"nın tələblərinə əsasən 1 (bir) semestr tələbə kontingentində saxlanıldıqdan sonra xaric edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə işsizlikdən sığorta ödənişi kimi ödənilən vəsaitin geri qaytarılması tələbində haqlı olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Agentliyə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmiş, eyni zamanda qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmışdır. Filial tərəfindən cavabdehə “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.2.3cü maddəsinə əsasən # ######## 2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Təyinat dövrü üzrə ödənişlərin icrası zamanı aktiv sığorta ödənişi alan şəxslərin məlumatları yenidən araşdırılarkən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) müvafiq altsistemindən əldə edilmiş məlumatlara əsasən cavabdehin ## ######## 2023-cü il tarixdən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuş və bu səbəbdən ona təyin edilmiş sığorta ödənişi ## ######## 2023-cü il tarixdən dayandırılmışdır. Bildiririk ki, Qanunun 18.0.9-cu maddəsinə əsasən sığorta ödənişi şəxsin sığorta ödənişi aldığı dövrdə ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunması halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 3.1-ci bəndinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. Qanunun 17.1-ci maddəsinə əsasən bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. Qanunun 13.1-1-ci maddəsinə əsasən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə həmin Qanunun 13.1.1-13.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. “Məşğulluq haqqında” Qanunun 4.1.6-cı maddəsinə əsasən ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar məşğul şəxs hesab olunur və həmin Qanunun 5.12.1-ci maddəsinə əsasən onların işsiz kimi qeydiyyatına yol verilmir. “Məşğulluq haqqında” Qanunun 4.4.8-ci maddəsinə əsasən bu Qanunun 4.1.6-cı maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında daxil edilir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman cavabdehin qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını, habelə ona işsizlikdən sığorta ödənişinin verilməsini məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. Işsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEIS-in müvafiq altsistemində cavabdehin ## ######## 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı və məşğul şəxs olduğu aşkar olunmuşdur. Iddiaçı qanunvericiliyin müddəaları nəzərə alınmaqla, cavabdehin məşğul şəxs olub-olmamasını araşdırmış və təyinat tarixinə məşğul şəxs olduğu aşkar edilməmişdir. Lənkəran Dövlət Universiteti tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ## ######## 2025-ci il tarixli, */*** nömrəli məktubda qeyd olunmuşdur ki, Cavabdeh 2023/2024-cü tədris ilində Azərbaycan Respublikası X7 xətti ilə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsində əyani təhsilalma forması üzrə “Kompüter mühəndisliyi” ixtisasına qəbul olunmuşdur. Bundan sonra onun imtina etmək hüququ olduğu halda portal.edu.az vasitəsilə elektron qeydiyyatdan keçmiş və tələbə statusunu qazanmışdır. Məktubda həmçinin Cavabdeh payız semestri ərzində dərslərdə iştirak etmədiyi üçün 1 (bir) semestr tələbə kontingentində saxlanıldıqdan sonra xaric edildiyi qeyd olunmuşdur. Həmçinin cavabdeh əyani təhsil almağa başladığına baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmiş, üstəlik işsizlikdən sığorta ödənişini əldə edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Belə ki, Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Qaydanın 2.2-ci bəndinə əsasən sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 (on) iş günündən gec olmayaraq Agentliyə və ya DOST mərkəzlərinə məlumat verməlidir. Beləliklə, cavabdeh ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldıqdan sonra məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində, Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra etmişdir. Cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən ## ###### 2023-cü il tarixli, *-**-*/*-M- *****/**** nömrəli və # ### 2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli xəbərdarlıq məktubları ünvanlanmış və həmin xəbərdarlıq məktubları # ###### 2024-cü il və ## ### 2024-cü il tarixlərində cavabdeh tərəfindən təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubuna ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Qaydanın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Işə baxan məhkəmə həmçinin yuxarıda qeyd edilən faktiki halları nəzərə almamış, gəldiyi nəticəni kifayət qədər əsaslandırmadan ümumi ifadələrdən istifadə etməklə qərar qəbul etmişdir. Məhkəmə qərarın 25-ci abzasında cavabdehin qanunvericiliyin tələbləri barədə məlumatlandırılmadığını qeyd etmişdir. Halbuki cavabdeh # ###### 2023-cü il tarixdə imzaladığı məşğulluq imkanlarının qiymətləndirilməsi ilə bağlı bildiriş sənədində təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıdığını və işsiz kimi qeydiyyata alınmamasına səbəb ola biləcək hallardan biri baş verdikdə, bu barədə Nazirliyə məlumat verməyi öz üzərinə götürdüyünü təsdiqləmişdir. Məhkəmə qərarda, həmçinin Qanunun 18.0.9-cu maddəsinə əsasən sığorta ödənişi şəxsin sığorta ödənişi aldığı dövrdə ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda sığorta ödənişinin verilməsinin dayandırıldığını qeyd etmişdir. Göründüyü kimi, Qanunda sığorta ödənişi alan şəxsin ali təhsil müəssisəsinə qəbul olunması halı (həmin müəssisədə təhsil alıb-almamasından asılı olmayaraq) sığorta ödənişinin verilməsinin dayandırılması əsası kimi müəyyən edilir. Işə baxan məhkəmə Qanunda açıq şəkildə qeyd olunmasına baxmayaraq cavabdehin həmin ali təhsil müəssisəsində təhsil almadığını əsas gətirərək iddianı təmin etməmişdir. Halbuki Lənkəran Dövlət Universitetinin müvafiq məktubunda cavabdehin ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra imtina etmək hüququ olduğu halda portal.edu.az vasitəsilə elektron qeydiyyatdan keçdiyi və tələbə statusunu qazandığı, həmçinin 1 (bir) semestr ərzində həmin universitetin tələbə kontingentində saxlanıldığı qeyd edilmişdir. Işə baxan məhkəmə maddi hüquq normalarına da riayət etməmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmamış, Qanunda və Qaydada konkret təsbit edilən müddəaların olduğuna baxmayaraq iddianı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdəfiə etdiyini bildirərək, şikayətin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

18. “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Işsizlikdən sığortanın məqsədi və əhatə dairəsi 1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. 1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir. Maddə 2. Əsas anlayışlar 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.2. işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlər; 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər; 2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər: 2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; 2.0.4.2. dövlət orqanları; 2.0.4.3. fiziki şəxslər; 2.0.4.4. seçkili orqanların rəhbərləri; 2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; 2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği... Maddə 7-1. Işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 18. Sığorta ödənişinin verilməsinin dayandırılması 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə.

19. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Məşğul şəxslər 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 2.1. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması şərtləri və müddəti “Işsizlikdəın sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə tənzimlənir. 2.2. Sığorta ödənişinin verilməsinə və ya verilməsinin dayandırılmasına, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə, sığorta ödənişi təyin edilən şəxs bu barədə 10 (on) iş günündən gec olmayaraq Agentliyə və ya “DOST” Mərkəzə məlumat verməlidir. 6.1. “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır. 6.2. “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. 7.1. Sığorta ödənişinin verilməsi qaydasının icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir. 7.2. Sığorta ödənişi almaq hüququ olan şəxslər sığorta ödənişinin verilməsi ilə bağlı Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər.

21. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş X8 Nizamnaməsi:

1. Ümumi müddəalar 1.1. Dövlət Məşğulluq aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

2. Agentliyin fəaliyyət istiqamətləri 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək.

3. Agentliyin vəzifələri və hüquqları 3.1.4. işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin, habelə aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə dair proqnozlar hazırlamaq, habelə işsizlikdən sığorta fondunun büdcəsinin layihəsinin hazırlanmasında iştirak etmək...

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Maddə 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir. 82.2. Inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

23. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

11. Inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

24. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddia mümkün sayılmamalıdır.

26. Işin halları ilə müəyyən olunur ki, cavabdehin müvafiq müraciətinə əsasən X17 və Təyinat Filialı tərəfindən qəbul edilən ## ######## 2023-cü il tarixli, *-**-*/*-*-***/**** nömrəli Əmrlə cavabdeh Cavabdeh "Işsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən # ###### 2023cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 690,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən Cavabdeh ilə bağlı ## ######## 2023-cü il tarixindən ali təhsil müəssisəsində əyani təhsil almağa başladığı müəyyən olunmuş və ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişinin ödənilməsi dayandırılmışdır. Iddiaçı artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Cavabdeh ## ###### 2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli və # ### 2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli xəbərdarlıq məktubları göndərilmişdir.

27. Iddiaçı məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 529.00 manat dövlət vəsaitinin X19 və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia rədd edilmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, "məhkəmə müdafiəsinə ehtiyac" meyarını inzibati orqanların qaldırdığı iddialara tətbiq edərkən, ilk növbədə həmin subyektin publik-hüquqi təbiəti və malik olduğu xüsusi səlahiyyətlər nəzərə alınmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddiaçı qismində çıxış edən inzibati orqanın hüquqi statusu fiziki və mülkihüquqi şəxslərdən prinsipial şəkildə fərqlənir və bu fərqlilik iddianın mümkünlüyü şərtlərini bilavasitə müəyyən edir.

29. Inzibati orqanlar hakimiyyət səlahiyyətli subyektlər olaraq, hüquqi nəticə yaradan birtərəfli inzibati aktlar qəbul etmək səlahiyyətinə malik olduqlarından, onların məhkəməyə müraciəti yalnız öz səlahiyyətləri çərçivəsində mübahisəni həll etmək imkanından məhrum olduqları hallarda əsaslandırıla bilər. Məhkəməyə müraciət inzibati orqan üçün son çarə (ultima ratio) xarakteri daşımalıdır. Əgər qanunvericilik inzibati orqana qarşı tərəfdən hər hansı hərəkətin edilməsini (məsələn, pulun tutulması, dövlət əmlakının geri qaytarılmasını və digər) məcburi xarakterli akt qəbul etməklə tələb etmək səlahiyyəti verirsə, bu, inzibati orqanın "titul sahibi" funksiyasını daşıması deməkdir. Belə olan təqdirdə, isə özü icra sənədi yaratmaq gücündə olan orqanın məhkəmədən eyni nəticəni doğuran ikinci hüquqi titulun tələb edilməsi prosessual baxımdan əsaslı hesab edilə bilməz.

30. Buna baxmayaraq, hazırkı iş üzrə iddiaçı inzibati orqan özünün publik-hüquqi icra səlahiyyətlərini nəzərə almadan, “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə istinad etməklə birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, sözügedən bəndə əsasən, “Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

31. Məhkəmə tərkibi hesab edir ki, “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2ci bəndi ayrıca və təcrid olunmuş şəkildə deyil, “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsi, eləcə də inzibati icraatın fundamental prinsipləri ilə birlikdə sistemli və məqsədyönlü şəkildə təfsir edilməlidir.

32. “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət icra məmurları (bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlara münasibətdə həmçinin xüsusi icra məmurları) tərəfindən icra edilir. Inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.

33. Qeyd olunan normaların sistemli təfsiri onu deməyə əsas verir ki, “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndi inzibati icraatın ümumi hüquqi mexanizmindən və inzibati aktların icrası institutundan təcrid olunmuş şəkildə dərk edilə bilməz. Həmin norma “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsi ilə birlikdə inzibati icraatın vahid və ardıcıl hüquqi konstruksiyasını formalaşdırır.

34. Inzibati hüququn nəzəri əsaslarına görə publik-hüquqi münasibətlərdə inzibati orqanlara birtərəfli hüquqi nəticə yaradan və icraedici xarakter daşıyan səlahiyyətlərin verilməsi, məhkəməyə müraciətin bu münasibətlərdə ilkin və məcburi mərhələ kimi çıxış etməsini istisna edir. Belə münasibətlərdə məhkəmə müdafiəsi inzibati icraatın alternativi deyil, inzibati akt qəbul edildikdən və icra mexanizmi işə salındıqdan sonra həyata keçirilən sonrakı hüquqi nəzarət formasıdır. Bu baxımdan, 24.7-ci maddənin inzibati orqan üçün birbaşa və ilkin məhkəməyə müraciət öhdəliyi yaratdığı kimi təfsir edilməsi, inzibati akt institutunun funksional mahiyyətini zəiflətməklə yanaşı, inzibati icraatın hüquq sistemində tutduğu yeri də faktiki olaraq inkar etmiş olardı.

35. “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinin normativ məqsədi inzibati orqanların qanunla onlara verilmiş icra səlahiyyətlərini məhdudlaşdırmaq deyil, sığorta ödənişləri çərçivəsində qəbul edilmiş inzibati aktların hüquqi əsaslarının və nəticələrinin məhkəmə nəzarəti vasitəsilə yoxlanılmasını təmin etməkdir. Sözügedən norma inzibati icra mexanizmini əvəz edən müstəqil prosedur yaratmır, əksinə, həmin mexanizmin tətbiqindən sonra işə düşən təminat xarakterli hüquqi nəzarət funksiyasını yerinə yetirir. Bu baxımdan, 6.2-ci bənd də istifadə olunmuş “mübahisəyə məhkəmə qaydasında baxılır” ifadəsi inzibati aktın qəbulunu və icrasını istisna edən ilkin şərt kimi deyil, həmin aktın qanuniliyinin və əsaslılığının məhkəmə qaydasında qiymətləndirilməsini mümkün edən mexanizm kimi başa düşülməlidir. Normanın əks təfsiri inzibati icraatın mərhələliliyini aradan qaldırmaqla yanaşı, inzibati orqanların publikhüquqi səlahiyyətlərinin faktiki olaraq məhkəməyə transferi ilə nəticələnə bilər ki, bu da inzibati hüququn məqsədlərinə uyğun deyildir.

36. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, 6.2-ci bənd inzibati orqanın publikhüquqi səlahiyyətlər çərçivəsində inzibati akt qəbul etmək və həmin aktı icraya yönəltmək imkanını aradan qaldırmır. Əksinə, bu norma inzibati səlahiyyətlərin həyata keçirilməsindən sonra fərdin məhkəmə müdafiəsinə çıxışını təmin etməklə, inzibati effektivliklə məhkəmə nəzarəti arasında zəruri hüquqi balansı formalaşdırır.

37. Bu yanaşma “Inzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin məzmunu ilə də uzlaşır. Həmin norma bir daha təsdiq edir ki, qanunverici inzibati icra mexanizmini ilkin və əsas vasitə, məhkəmə müdaxiləsini isə sonrakı və tamamlayıcı nəzarət mərhələsi kimi nəzərdə tutmuşdur.

38. Hazırkı mübahisə üzrə də kollegiya hesab edir ki, inzibati orqan əvvəlcədən cavabdehi xəbərdar etməklə işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş vəsaitin qaytarılmasına dair inzibati qərar qəbul edib onu birbaşa icraya yönəltmək imkanına malikdir.

39. Işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş vəsaitin qaytarılmasına dair qərarla razılaşmayan şəxs isə inzibati məhkəmə qaydasında həmin inzibati aktı mübahisələndirmək hüququna malikdir. Bu baxımdan, “məhkəmə qaydasında həll” mexanizmi inzibati icraat mərhələsini əvəz etmir, əksinə, inzibati müdafiə vasitələrinin hüquqi və ya faktiki baxımdan səmərəsiz qaldığı hallarda tətbiq edilən tamamlayıcı mexanizm kimi çıxış edir.

40. Eyni zamanda, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2011-ci il tarixli qərarına istinadən qeyd edir ki, həmin qərarda “Inzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiqi Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququna intensiv və geri dönməz müdaxilə ilə nəticələnən xüsusi hallar üçün məhdudlaşdırılmışdır.

41. Hazırkı işdə isə mübahisə obyekti müvafiq məqsəd üçün şəxsə edilmiş sığorta ödənişinin geri qaytarılmasına yönəlmişdir. Bu səbəbdən, Konstitusiya Məhkəməsinin göstərilən hüquqi mövqeyi inzibati orqanın öz səlahiyyətləri çərçivəsində inzibati icra mexanizmlərindən istifadə etməsinə hüquqi maneə yaratmır.

42. Beləliklə, inzibati orqan kimi iddiaçı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməlidir. Aparılmış icraatın yekununda yaranmış borcun ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda, tələbin icraya yönəldilməsi barədə qərar (inzibati orqanın özü tərəfindən) qəbul edilməlidir. Lakin, inzibati orqan tərəfindən yuxarıda qeyd olunan hallarla bağlı hər hansı addım atılmamış, inzibati akt qəbul edilməmişdir.

43. Nəticə etibarilə, iddiaçının səlahiyyət dairəsində effektiv və hüquqi baxımdan əlçatan inzibati icra mexanizmi mövcud olmuş, məhkəməyə müraciət zərurətdən deyil, seçimdən irəli gəlmişdir. Bu hal subsidiarlıq, səmərəlilik və effektivlik prinsipləri ilə uzlaşmır, həmçinin, Ali Məhkəmənin Plenumunun * nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə müdafiəsinə hüquqi ehtiyacın mövcud olmadığını göstərir.

44. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Apellyasiya şikayəti digər hissələrdə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar