Məhkəmə qərarları › İş №2-1(3-7)-280/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-280/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-280/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Firuz İbrahim oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İbrahimov Firuz İbrahim oğlunun iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İbrahimov Firuz İbrahim oğlunun ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Cavabdeh etdiyi müraciətinin müsbət həllindən sonuncu tərəfindən ##.##.2025-ci il tarixli 3-25-14/2-İ-1458-20/2025 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin ##.##.2022-ci il tarixli */*-**** nömrəli arayışına əsasən fevral 1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığından və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.

İşdə olan sənədlər:

2. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli, *** nömrəli qərarı ilə Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun ##.##.2014-cü il tarixli məktubunda barəsində cinayət işi və təqsirləndirici materialın olmadığı qeyd edilmiş, vətəndaş İbrahimov Firuz İbrahim oğlunun döyüş zonasında hərbi xidmət keçərkən, ##.##.1992-ci il tarixdə aldığı, ##.##.1992-ci ildə Bərdə rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - “Sol budun yuxarı 1/3-nin qəlpə yarası. Döş qəfəsinin sol arxa divarının qəlpə yarası” və ##.##.1994-cü ildə aldığı, ##.##.1994-cü ildən ##.##.1994- cü ilə kimi Bərdə rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Hər iki aşağı ətrafların donması II-III dərəcəli, sol ayağın İ-II barmaq sədəflərinin düşməsi” (SHXÇDX-nin Bərdə rayon şöbəsinin ##.##.2014-cü il tarixli *** saylı göndərişi, ##.##.2014-cü il tarixli *** saylı və ##.##.2014-cü il tarixli *** saylı arayışları, Bərdə rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, ambulator kartadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir) diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.

3. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2022-ci il tarixli, */*-**** nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı "##.##.1993", səh 4, sıra 41) 1970-ci il təvəllüdlü İbrahimov Firuz İbrahim oğlunun adı qeyd olunmuşdur. Lakin qarşısında xidməti barədə qeydiyyat aparılmamışdır. - N №-li hərbi hissə komandirinin ## ### 1993-cü il tarixli ** №-li əmrində sıravi Firuz İbrahimovun (əsas: § 3, sıra 10, səh 10, əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) 5-ci taburun şəxsi heyətinin siyahısına qəbul edilərək ##.##.1993-cü il tarixdən Hacıkənd döyüş bölgəsində hesab edilməsi barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli ** №-li əmrində 5-ci taburun hərbi qulluqçusu, sıravi Feyruz İbrahimovun (əsas: § 14, sıra 13, səh 28, əmrdə adı Feyruz yazılmışdır və atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Murovdağ döyüş zonasında döyüş tapşırığını yerinə yetirdiyi üçün aprel və may ayları üçün döyüş gününün təsdiq edilməsi barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli ** №-li əmrində 5-ci MAT-un müddətdən artıq xidmət edən hərbi qulluqçusu, sıravi Firuz İbrahimovun (əsas: § 3, sıra 4, əmrdə atasının adı yazılmamışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) tibb təlimatçısı vəzifəsinə keçirilməsi barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İbrahimov Firuz İbrahim oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İbrahimov Firuz İbrahim oğlunun əlillik vəziyyəti ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə (##.##.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2016-cı il tarixində qiymətləndirmə aparılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə (##.##.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra sonuncu dəfə vətəndaş Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAWJJ və T********JCB nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq ##.##.2021-ci və ##.##.2022-ci il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İbrahimov Firuz İbrahim oğlu cavabdeh Cavabdeh aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1971-ci ildə Bərdə rayonunda anadan olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə döyüşçü kimi iştirak etmiş, bu barədə Müdafiə Nazirliyinə müraciət etmişdir. Komissiya 1994-cü ilin fevral ayından sonrakı dövrə məlumat olmadığından ona veteran adı verilməsi mümkün deyildir. Onun bütün sənəd və sübutları var, hərbi xidmətdə yaralanmış, barəsində cinayət işi olmamışdır.

7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir.

8. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025ci il tarixli, */*-****/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli 3-25-14/2-İ-1458- 20/2025 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025ci il tarixli, */*-****/**** nömrəli etirazın məzmunu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilərək Mərkəzi Arxivin ##.##.2022-ci il tarixli */*-**** nömrəli arayışına əsasən fevral 1994-cü il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmaması ilə əsaslandırılmış, iddiaçı məhkəməyə müraciət edərək ona “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi iddianı əsaslı və qanuni hesab edərək təmin etmiş, qərarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsi ilə əsaslandırmışdır.

22. Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsinə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

23. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli, *** nömrəli qərarında qeyd edilmişdir ki, vətəndaş İbrahimov Firuz İbrahim oğlu barəsində müəyyən edilmiş, döyüş zonasında hərbi xidmət keçərkən, ##.##.1992-ci il tarixdə aldığı, ##.##.1992-ci ildə Bərdə rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - “Sol budun yuxarı 1/3-nin qəlpə yarası. Döş qəfəsinin sol arxa divarının qəlpə yarası” və ##.##.1994-cü ildə aldığı, ##.##.1994-cü ildən ##.##.1994- cü ilə kimi Bərdə rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Hər iki aşağı ətrafların donması II-III dərəcəli, sol ayağın İ-II barmaq sədəflərinin düşməsi” (SHXÇDX-nin Bərdə rayon şöbəsinin ##.##.2014-cü il tarixli *** saylı göndərişi, ##.##.2014cü il tarixli *** saylı və ##.##.2014-cü il tarixli *** saylı arayışları, Bərdə rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, ambulator kartadan çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir)” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.

24. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İbrahimov Firuz İbrahim oğlunun əlillik vəziyyəti ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə (##.##.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2016-cı il tarixində qiymətləndirmə aparılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən beş il müddətinə (##.##.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra sonuncu dəfə vətəndaş Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAWJJ və T********JCB nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq ##.##.2021-ci və ##.##.2022-ci il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtinasını iddiaçının fevral 1994-cü il tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmaması ilə əsaslandırsa da nəzərə almamışdır ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir və bu təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsinə əsasən şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsasdır.

26. Məhkəmə kollegiyası iddiaçı barəsində əlillik təyinatının aparılmasına dair qərarın hazırda qüvvədə olmamasına (##.##.2021-ci il tarixində müddəti bitmiş, ##.##.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsinə dair qərar qəbul edilmişdir) münasibətdə qeyd edir ki, şəxsə əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.

27. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.

28. Beləliklə, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək yaralandığından, habelə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan fevral 1994-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeyd hissəsinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

29. Belə olan halda imtinanın və apellyasiya şikayətinin dəlillərinin heç bir maddi hüquqi əsası yoxdur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar