Məhkəmə qərarları › İş №2-1(3-7)-285/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-285/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-285/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçılar iddiaçı2 və X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinə (üçüncü şəxslər X3 və Üçüncü şəxs) qarşı «çıxarışın və texniki pasportun ləğv edilməsi və mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə X3 və Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2026-cı il qərardadı ilə iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh1 publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsi hüquqi varisi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 ilə əvəz edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar iddiaçı2 və X8 apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar cavabdehə ##.##.2024-cü il tarixli, MS-**/**** nömrəli müraciət ünvanlayaraq, mübahisəli evə və torpaq sahəsinə Anar Hüseynovun adına verilmiş ##.##.2023-cü il qeydiyyat tarixli Çıxarışın və 2002-ci noyabr tarixli, qeyd nömrəsi 88, inventar nömrəsi 1443 olan Texniki Pasportun ləğv edilməsini, bundan sonra həmin torpaq sahəsi üzərində iddiaçı2 və X8 mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişlər. Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli, *-**-**/*- ****/**** saylı məktubu ilə onların tam əsaslandırılmış ərizəsinə mahiyyəti üzrə baxmaqdan imtina etmiş, yalnız ümumi xarakterli cavab vermişdir ki, məktuba əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi görə ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtina məktubundan sonra onlar məhkəməyə ##.##.2024-cü il tarixli dəqiqləşdirilmiş yeni iddia ərizəsi təqdim edərək, "Cavabdehin imtinasını qanunsuz sayılmaqla, Tovuz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin cavabdeh tərəfindən düzgün icra olunmaması nəticəsində aparılmış ##.##.2023-cü il qeydiyyatın, Tovuz rayonu, Qovlar qəsəbəsi, təzə məhəllə (hazırki ünvanı H. Hacıyev küçəsi, 38) ünvanda yerləşən fərdi yaşayış evinin 1995-ci ildə vəfat etmiş mərhum X1 adına, Tovuz DTI və MHQl-nin tərəfindən 2002-ci il noyabr ayında verilmiş, qeyd nömrəsi 88, inventar nömrəsi 1443 olan yaşayış evinin Texniki pasportunun ləğv edilməsi və evin altındakı 0.08 ha torpaq sahəsinə iddiaçı2 və X7 mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair" qərar qəbul edilməsini xahiş etmişlər. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hesab edirlər ki, məhkəmənin həmin qərardadı əsassız olduğundan aşağıdakılara əsasən ləğv edilərək, iddia mümkün sayılmasına dair qərardad çıxarılmalıdır. Belə ki, məhkəmə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticədə qeyd etmişdir ki, “Iddiaçılar texniki pasportun ləğv edilməsinə və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmağa çalışılır. Lakin ilk növbədə onun tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi şərtdir. Hansı ki, bu halı cavabdeh inzibati orqan etiraz ərizəsində də vurğulamışdır. Iddiaçıların cavabdeh inzibati orqana müraciəti çıxarışın ləğv edilməsi, məhkəmədən tələbi isə texniki pasportun ləğv edilməsi və mülkiyyət hüquqlarının qeydə alınmasıdır. Göründüyü kimi hər ikisi müxtəlif tələblərdir. Hansı ki, bu hal məhkəmə tərəfindən iddiaçıların və vəkilinin diqqətinə çatdırılmış, lakin uzun müddət ərzində hazırki tələbi ilə cavabdeh inzibati orqana müraciət edilməmiş və nəticəsini məhkəməyə təqdim edilməmişdir. Işin bu halı iddia tələbinin mümkün sayılmamasına dəlalət edir". Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, onlar yuxarıda qeyd edildiyi kimi məhkəmənin ##.##.2024-cü tarixli sərəncamından sonra cavabdeh inzibati orqana ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edib, ondan ##.##.2024-cü il tarixli imtina məktubu aldıqdan sonra, məhkəməyə dəqiqləşdirilmiş yeni iddia təqdim etmişdir. Həmin ərizədə isə cavabdeh tərəfindən məhkəmə qərarının düzgün icra edilməməsi nəticəsində aparılmış qanunsuz qeydiyyatın ləğv edilməsini, fərdi yaşayış evinə cavabdeh tərəfindən qanunsuz hazırlanmış texniki pasportun ləğv edilməsini və torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişlər. Qeyd etdilənlərdən görünür ki, onlar birinci və ikinci iddia tələbləri üzrə cavabdeh tərəfindən yol verilən pozuntuları aydın qeyd edərək, cavabdehdən qeydiyyatlarda düzəliş aparılmasını xahiş etmişlər. Daha sonra isə iddiaçıların qanuni istifadələrində olan 8 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişlər. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbləri mümkün hesab edilməli olduğu halda, əsassız olaraq mümkün sayılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı2, X8 və onların nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin müvafiq qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. Inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Bundan əlavə həmin Qərarın 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq məhkəmə qətnaməsinin cavabdeh tərəfindən düzgün icra olunmaması nəticəsində verilmiş müvafiq çıxarışın, eləcə də mübahisəli fərdi yaşayış evinə dair 2002-ci il noyabr tarixində verilmiş texniki pasportun ləğv edilməsi və evin altındakı torpaq sahəsinə dair onların mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bundan sonra, məhkəmə tərəfindən iddiaçılara müvafiq sərəncamla hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi, eyni zamanda həmin tələblə bağlı cavabdeh orqana müraciət edilməsi və müraciətin icrasından imtina edildikdə müvafiq imtina məktubunun məhkəməyə təqdim edilməsi onlara izah olunmuşdur. Məhkəmənin hüquqi yardımından sonra, iddiaçıların vəkili tərəfindən məhkəməyə yeni iddia ərizəsi, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli imtina məktubu təqdim edilmişdir (bax: iş materiallarının 35-42-ci səhifəsi). Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən texniki pasportun ləğv edilməsinə və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması nail olmağa çalışılır. Lakin ilk növbədə onlar tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi şərtdir. Hansı ki, bu halı cavabdeh inzibati orqan etiraz ərizəsində də vurğulamışdır. Iddiaçıların cavabdeh inzibati orqana müraciəti çıxarışın ləğv edilməsi, məhkəmədən tələbi isə texniki pasportun ləğv edilməsi və mülkiyyət hüquqlarının qeydə alınmasıdır. Göründüyü kimi hər ikisi müxtəlif tələblərdir. Hansı ki, bu hal məhkəmə tərəfindən iddiaçıların və vəkilinin diqqətinə çatdırılmış, lakin uzun müddət ərzində hazırki tələbi ilə cavabdeh inzibati orqana müraciət edilməmiş və nəticəsini məhkəməyə təqdim edilməmişdir. Işin bu halı iddia tələbinin mümkün sayılmamasına dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əvvəla qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işin hallarını doğru müəyyən etməyərək hesab etmişdir ki, iddiaçıların tələbi yalnız texniki pasportun ləğv edilməsi və mülkiyyət hüquqlarının qeydə alınmasıdır. Lakin iş materiallarında olan ilkin iddia ərizəsi, eləcə də sonradan təqdim edilmiş yeni iddia ərizəsinin « Xahiş edirik » hissəsinə nəzər saldıqda müəyyən edilir ki, iddiaçılar həm də ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın (reyestr qeydinin) ləğvini tələb etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarının 42-ci səhifəsində olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən iddiaçıların vəkilinə ünvanlanan ##.##.2024-cü il tarixli məktubdan görünür ki, daşınmaz əmlaka dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı müraciətə baxılaraq təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, iddianın dövlət reyestrindən verilmiş çıxarışın (daşınmaz əmlaka dair reystr qeydinin) ləğv edilməsi hissəsi ilə bağlı iddiaçı tərəf cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən bundan imtina edilmişdir. Bu isə öz növbəsində iddia tələbinə həmin hissədə digər mümkünlük şərtləri yerinə yetirildiyi halda mahiyyəti üzrə baxılaraq müvafiq qərarın qəbul edilməsini zəruri edir. Tələbin digər hissələrinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırki ərizə üzrə tələblər eyni ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı olduğundan, eləcə də prosessual qənaət prinsipi baxımından tələbin cavabdehə müraciət edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsi yenidən iddiaçılara hüquqi yardım göstərərək cavabdehə müraciət etməsini, müraciət edilməyəcəyi halda nəticələrini izah etməli, yalnız bundan sonra iddianın mümkünlüyünə qiymət verməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar