Məhkəmə qərarları › İş №2-1(3-7)-327/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-327/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-327/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Gəncə şəhər Psixonevroloji Dispanserin ##.##.2023-cü il tarixli, ****/**** nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Bağbanlar küçəsi, ev 56-da yaşayan 1984-cü il təvəllüdlü İddiaçı ##.##.2006-cı il tarixdən “Epilepsiya tez-tez müşahidə edilən qıcolma tutmaları, şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu ilə qeydiyyatdadır. Bildirilir ki, xəstə İddiaçı ##.##.2007-ci il tarixdən mütəmadi olaraq pulsuz Finlepsal, Resperidon, Siklodol, Fenazepam, Depakin 500, Aminazin dərmanları ilə təmin edilir.

2. İddiaçı “Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dəyişməsi ilə” diaqnozuna əsasən ##.##.2014-cü il tarixdə 1 il müddətinə, ##.##.2015-ci il tarixdə “Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə hipertension sindrom” diaqnozuna əsasən 1 il müddətinə və eyni diaqnozla ##.##.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən II dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçı əlilliyi tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilərək ##.##.2021-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması”, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il tarixlərdə “Göndərişin natamam doldurulması”, ##.##.2023-cü il və ##.##.2024-cü il tarixlərdə “Əlavə müalicəyə ehtiyacın olması”, ##.##.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

4. Iddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F.07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu; Ağırlaşma - G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 10-12 dəfə).

5. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2025-ci il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

6. ##.##.2025-ci il tarili əyani müayinə aktına əsasən İddiaçı ##.##.2025-ci il tarixdə * nömrəli Tibbi Sosial Ekspert Komissiyasında əyani müayinə edilmiş və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qayıdan depressiv pozğunluğu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozları qoyulmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun ##.##.2021-ci ildən ##.##.2024-cü il tarixdə və ##.##.2025-ci il tarixdə qəbul olunmuş əlillik dərəcəsi təyin edilməsindən imtina barədə qərarların ləğv edilməsi və cavabdehin üzərinə əlilliyin təyin edilməsindən imtina edildiyi tarixdən əlillik dərəcəsi təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, o, uşaq yaşlarından ruhi xəstəlikdən əziyyət çəkir. Ona "Epilepsiya tez-tez müşahidə edilən qıcolma tutmaları, şəxsiyyət dəyişikliyi ilə F07. 0" diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq uşaq yaşlarında * saylı Uşaq Xəstəxanasında, ##.##.2006-ildən isə Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatdadır, ##.##.2007-ci il tarixdən mütəmadi olaraq pulsuz Finlepsal, Resperidon, Siklodol, Fenazepam, Depakin 500, Aminazin dərmanları ilə təmin edilir. Bundan başqa vaxtaşırı müayinə və müalicə kursu keçir. Əvvəllər 2016-cı ilin iyul ayınadək onun II qrup əlilliyi müəyyən olunmuşdur. 2016-cı ilin iyul ayında onun yenidən 5 il müddətinə II əlilliyi müəyyən olunmuşdur. 5 il müddət başa çatdıqdan sonra, yəni 2021-ci ilin iyul ayında onun əlilliyi dayandırılmışdır. Bundan sonra sənədləri bir neçə dəfə hazırlanıb Dövlət TibbiSosial Ekzpertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Hər dəfə ona əlavə müalicəyə ehtiyacın olması barədə imtina gəlirdi. O, müalicə aldıqdan sonra yenidən sənədləri göndərilirdi. Sonuncu dəfə 2024-cü ilin avqust ayında onun sənədləri Dövlət Tibbi-Sosial Ekzpertiza və Reabilitasiya Agentliyinə göndərildi. Lakin ##.##.2024-cü il tarixdə və sentyabr 2025 ci il tarixində yenidən ona imtina gəldi. Bu dəfə imtina onunla əsaslandırılmışdır ki, onun xəstəliyinin diaqnozu əlillik əlaməti təyin etmir. O, cavabdeh orqanın imtinası ilə razı deyil. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ambulator kartadan görünür ki, o, uşaq vaxtından ruhi xəstədir, Psixonevroloji Dispanserdə qeydiyyatdadır, pulsuz dərmanlar alır, hər il bir neçə dəfə ağırlaşmaları olub və o, xəstəxanaya müraciət edərək müayinə olunmuşdr və ona müalicələr yazılmışdır. Bundan başqa o, ##.##.2020-ci il-##.##.2020-ci il, ##.##.2021-ci il27.02.2021-ci il, ##.##.2021-ci il-##.##.2021-ci il, 13.09. 2022-ci il-##.##.2022-ci il, ##.##.2023-cü il-##.##.2023-cü il, ##.##.2024-cü il-##.##.2024-cü il, ##.##.2024-cü il ##.##.2024-cü il, ##.##.2024-cü il, ##.##.2025-ci il tarixlərdə xəstəliyi ilə əlaqədar Gəncə psixiatrik xəstəxanasında müalicə almışdır. Bu da onu göstərir ki, o, həqiqətən xəstədir. Hesab edir ki, ona qoyulan F07.0 diaqnozu əlillik müəyyən edir. Qeyd etdiyi kimi cavabdeh orqan əvvəllər ona əlavə müalicə tələb olunması ilə bağlı imtina edirdi. Əgər onun diaqnozu əlillik müəyyən etmirdisə nəyə görə əvvəllər ona bu barədə deyil əlavə müalicə olunmağa ehtiyacı olması barədə imtina edilirdi? Buna görə cavabdeh orqanın 2025-ci ilin sentyabrında verdiyi imtinasını qanunsuz və əsassız hesab edir və məhkənəyə müraciət etmək məcburiyyətindədir. Ona görə də, məhkəmə qaydasında ləğv edilməli, ona əlillik təyin edilməsindən imtina olunduğu tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir.

10. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, qiymətləndirmə nəticələri Müayinə tarixi: ##.##.2025 Növbəti qiymətləndirmə tarixi: Təyinatın tarixi: Akt nömrəsi: *******0015 Arayış təqdim ediləcək orqan: Müayinədən əvvəl qrupu Müvəqqəti əmək qabiliyyətini itirilməsi: Xeyr Ilkin yaxud təkrar: Əmək qabiliyyətinin itirilməsi (%-lə): 0 səbəbi: Müddəti: Qeyd: *-**-*/*-*-****/**** nömrəli qərara əsasən Tibbi-sosial yardım və reabilitasiya vasitələri: - Əmək zəmanəti: TSEK arayışının nömrəsi: Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idiopatik epilepsiya və pileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 10-12 dəfə). Məzkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Iddianın rədd edilməsni xahiş edirlər.

11. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “ona ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Gəncə Inzibati Məhkəməsinin (hakim G.Əliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə ümumi xəstəlik səbəbi ilə 2 il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, ##.##.2025ci il tarixli əyani müayinə aktına əsasən İddiaçı ##.##.2025-ci il tarixdə * nömrəli Tibbi- Sosial Ekspert Komissiyasında əyani müayinə edilmiş və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qayıdan depressiv pozğunluğu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **** nömrəli ambulator ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalar, intellektin enməsi və anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. İddiaçı səhhətində “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, F33-Qayıdan depressiv pozuntu” xəstəlikləri mövcuddur. Məhkəmə hesab etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz – “F.07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” və ağırlaşma - “G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 10-12 dəfə)” diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 65- 80% aralığındadır və bu da iddiaçıya əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilən zaman birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçı tərəfindən təqdim edilən sənədlərə və eksperti rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Belə ki: 1. Iddiaçının təqdimetdiyi sənədlər əsas götürülürsə, o zaman cavabdeh olaraq iştirakımıza nə zarurət var idi? 2. X4 göndərişi əsas götürülürsə, o zaman göndəriş ilə əlillik təyin olunardı. 3. Ekspertiza təyin olunması barədə qərardadda məhkəmənin qoyduğu F07 kodu üzrə xəstəliyin ağırlaşmaları ilə bağlı suala ekspert tərəfindən əsaslandırlmış cavab verilməmişdir. Məhkəmə tərəfindən isə göndərişdə qeyd olunan ağırlaşmaların əsassız olaraq 7.6.2.2-ci maddəyə uyğun olması qeyd olunmuşdur. Mülki-Prosessual Məcəlləyə əsasən ekspert məhkəmənin qoyduğu suallara əsaslandırılmış cavab verməlidir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır, digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmənin əsas götürdüyü bu 3 halın heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə müəyyən olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilməsi nəticəsində qəbul olunmuş qərardan daha üstün qüvvəli hesab edilməməlidir. Odur ki, Gəncə Inzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı iştirak etsə də məhkəmə kollegiyası tərəfindən verilən suallara cavab vermədi və iclas boyu başını qaldırmadı. Iclas zalında anası olduğunu deyən qadın verilən sualları başa düşə bilmədiyinə görə danışmadığını qeyd etdi.

Tətbiq edilən hüquq normaları

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar%C 4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 35- 60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 6.7. Epilepsiya. G40 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

22. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

24. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

25. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

31. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

41. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçı ##.##.2006-cı il tarixdən “Epilepsiya tez-tez müşahidə edilən qıcolma tutmaları, şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu ilə Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatdadır və ##.##.2007-ci il tarixdən mütəmadi olaraq müvafiq dərmanlarla pulsuz təmin edilir. İddiaçı “Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dəyişməsi ilə” diaqnozuna əsasən ##.##.2014-cü il tarixdə 1 il müddətinə, ##.##.2015-ci il tarixdə “Epilepsiya tez-tez baş verən qıcolma tutmaları ilə hipertension sindrom” diaqnozuna əsasən 1 il müddətinə və eyni diaqnozla ##.##.2016-cı il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən II dərəcə əlillik təyin edilmişdir.

42. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə barəsində sonuncu dəfə ##.##.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: “Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu.”; “Ağırlaşma - G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 10-12 dəfə)”.

44. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı əsas diaqnoz (F07.0) üzrə ambulator müraciətlər etmiş, həmçinin ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2024-##.##.2024, ##.##.2024- ##.##.2024 və ##.##.2024-##.##.2024-cü il tarixlərdə X5 stasionar müalicələrdə olmuşdur.

45. Bundan başqa, həmin göndərişdə “Status localis” qrafasında onun psixi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Bələdliyi hissəvidir, şəxs və yerə görə qorunur, lakin zamana qarşı bəzən pozulur, tarix, gün, saat və ardıcıllıq barədə suallara səhv cavab verir. Fikir axını yavaşdır, assosiasiyalar dar çərçivəlidir. Kontakta qoşulur, mürəkkəb suallara cavab verməkdə çətinlik çəkir. Nitqi monotondur, bəzən fikirlərini tam ifadə edə bilmir, eyni fikirləri və sözləri təkrar etməyə meyllidir. Əhval ruhiyyəsi aşağıdır. Meyl və həvəsləri sönükdür, depressivdir, özünə qapanıqdır. Səbəbsiz qıcıqlanır, öz-özünə danışır, deyinir, daim atasını anasını nələrdəsə günahlandırır, xəstə səs aldatmalarına məruz qalır, deyir məni hədələyirlər, təhqir edirlər. Hamını şübhəli nəzərlərlə seyr edir. Bəzən evdən getmələr, yanğın törətməyə meylli olması, özünə və anasına xəsarət yetirməsi söylənilir. Törətdiyi hadisələrə görə məsuliyyət daşımır, bunların o etmədiyini deyir. Yaddaşı zəifdir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Özünə qulluq vərdişləri azalıb, səliqəsizdir. Heç bir faydalı əməklə məşğul olmaq istəmir.”

46. Həmçinin iddiaçının bir saatlıq EEQ nəticəsi ilə müəyyən edilir ki, sol gicgah boyu ön mid temporal spayk tipli fokal epileptiform və delta ləngimə TIRDA qeyd olunur, müddəti 2-4 saniyə olmaqla bir neçə dəfə kiçik tutma baş verir. Göndərişdə də iddiaçıda ayda 10-12 dəfə generalizə olunmuş böyük epileptik tutmaların müşahidə edildiyi, tutmaların 3-4 dəqiqə çəkdiyi və ayılanda tutmanın amneziya olunduğu qeyd edilmişdir.

47. Digər tərəfdən ##.##.2025-ci il tarixli əyani müayinə aktına əsasən, İddiaçı ##.##.2025-ci il tarixdə * nömrəli Tibbi Sosial Ekspert Komissiyasında əyani müayinə edilmiş və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qayıdan depressiv pozğunluğu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozları qoyulmuşdur.

48. Bundan əlavə, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” PHŞ tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli ambulator ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv daxilolmalar, intellektin enməsi və anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. İddiaçı səhhətində “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, F33-Qayıdan depressiv pozuntu” xəstəlikləri mövcuddur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir.

49. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir.

50. Iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

51. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Inzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

54. “Inzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “Inzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.

55. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “Inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

56. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, əvvəlki əlillik təyinatı zamanı və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2 və 6.7-ci bəndlərinə uyğun olaraq ümumi xəstəlik səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir.

57. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

58. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar