Məhkəmə qərarları › İş №2-1(3-7)-348/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-348/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-348/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Nailə Teymur qızının cavabdeh Cavabdeh qarşı inzibati iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İsmayılova Nailə Teymur qızının və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” ##.##.2025-ci il tarixli qərara əsasən, İsmayılova Nailə Teymur qızının ##.##.2025-ci il tarixli, **************-* nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

İşdə olan sənədlər:

2. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” ##.##.2023-cü il tarixli, 2317020224601500 nömrəli qəbzə əsasən, İsmayılova Nailə Teymur qızı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 6.90 AZN-dir.

3. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” ##.##.2024-cü il tarixli, 2411020017703600 nömrəli qəbzə əsasən, İsmayılova Nailə Teymur qızı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 41.40 AZN-dir.

4. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” ##.##.2024-cü il tarixli, 2411020210615500 nömrəli qəbzə əsasən, İsmayılova Nailə Teymur qızı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 6.90 AZN-dir.

5. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” ##.##.2024-cü il tarixli, 2411020256769500 nömrəli qəbzə əsasən, İsmayılova Nailə Teymur qızı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 6.90 AZN-dir.

6. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” ##.##.2024-cü il tarixli, 2411020284331700 nömrəli qəbzə əsasən, İsmayılova Nailə Teymur qızı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 20.70 AZN-dir.

7. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-**- */*-****/**** nömrəli məktublarında qeyd edilmişdir ki, N.İsmayılovanın ##.##.2024-cü il tarixli 2411020210615500 və ##.##.2024-cü il tarixli **************** nömrəli “Sabit qəbz”lər üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar fərdi şəxsi hesabında 2024-cü ilin oktyabr, dekabr ayları üzrə öz əksini tapmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Sabit qəbz” bölməsində N.İsmayılova barədə 2024-cü ilin avqust, sentyabr, noyabr ayları üzrə məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İsmayılova Nailə Teymur qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, aztəminatlı ailə kimi onun ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciətinə verilmiş imtina qərarının ləğv edilməsi, aztəminatlı ailə kimi ona ##.##.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tənha yaşayır, məşğulluğunu yaşadığı Bərdə rayonu Soğanverdilər kəndində sahib olduğu 0.32 ha pay torpağında həyata keçirir. Həmin pay torpağından əldə etdiyi gəlir və həyətdə saxladığı toyuq cücədən əldə etdiyi gəlirlə çox acınacaqlı vəziyyətdə yaşayır. Malik olduğu pay torpağına görə vergi ödəyicisidir və pay torpağına görə vergiləri imkanı daxilində vaxtında ödəyib sabit qəbz almaq üçün hesabatlarını verir. O, təmsilçisi olduğu ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin müsbət həllindən imtina edilmişdir. Nazirlik əməkdaşlarının keçirdiyi maddi məişət şəraitinin müayinəsindən sonra gəlirləri barədə düzgün məlumat vermədiyini və məcburi dövlət sosial sığorta haqlarını ödəmədiyini səbəb göstərərək ona sosial yardım təyin edilməsindən imtina olunması barədə qərar verilmişdir. Lakin o, MDSS haqlarını vaxtında ödəmişdir.

10. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: ailəni təmsil edən şəxs qismində N.İsmayılova ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil edilmiş ##.##.2025-ci il tarixli **************-* nömrəli müraciətinə ##.##.2025-ci il tarixdə ailə üzvünün məşğulluğunu təmin edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Fərmanı ilə 2006-cı il ######ın #-dən "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə "Unvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEIS) ünvanlı dövlət sosial yardımı üzrə X3 və X1 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, "Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Qaydaların 7.1-ci bəndində qeyd olunur ki, Qaydaların 1.3-cü bəndində göstərilən qurumların "Elektron hökumət" portalına qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resursları yerləşdirilənədək və bu informasiya sistemlərinə və ehtiyatlarına Nazirliyin cıxışı təmin edilənədək həmin arayış və məlumatlar Təmsilçi tərəfindən kağız formasında alınır və VEMTAS-a daxil edilir. "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarına əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. VEMTAS tərəfindən "Ərizəbəyannamə"də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların "Ərizə-bəyannamə"də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nomrəli əlavə) qərar çıxarılır. Bildiririk ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarınin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadak əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, ölkə üzrə minimum aylıq əməkhaqqının müvafiq dərəcələri üzrə (5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında) hesablanır. Həmçinin ##.##.2020-ci il tarixdə istinad olunan Qanuna edilmiş dəyişikliklərə görə sosial siğorta ödənişləri üzrə prosedurların və inzibatçılığın sadələşdirilməsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər "sabit qəbz" əldə etməklə sığorta ödənişlərini həyata keçirməyə başlamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, MEİS-in "Sığorta (Hesabat)" altsistemindan əldə edilən məlumatlara əsasən torpaq mülkiyyətçisi İsmayılova Nailə Teymur qızı (VÖEN: **********) tərəfindən 2023-cü ilin dekabr ayı, 2024-cü ilin fevral-iyul, oktyabr, dekabr ayları üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları (MDSS) fərdi şəxsi hesabında əks olunmuş, 2024-cü ilin avqust, sentyabr və noyabr ayları üzrə isə fərdi şəxsi hesabında ödənilmiş MDSS haqları əks olunmamısdır. Həmçinin bildiririk ki, torpaq mülkiyyətçisi N.İsmayılova tərəfindən 2024-cü ilin avqust, sentyabr və noyabr ayları üzrə sabit qəbz almadığı aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, MEİS-in "Sığorta" altsisteminin "Birbaşa daxil olan ödənişlərin uçotu" bölməsindən əldə edilən məlumatlara əsasən N.İsmayılova tərəfindən 2024-cü ilin avqust üzrə ödənilmiş MDSS haqları 2024-cü ilin oktyabr ayı üçün sabit qəbzdə, 2024-cü ilin noyabr üzrə ödənilmiş mdss haqları 2024-cü ilin dekabr ayı üçün sabit qəbzdə istifadə edilmiş, sentyabr ayı üzrə isə ödənilmiş MDSS haqları barədə məlumatlar aşkar edilməmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3.-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün ##.##.2025-ci il tarixli **************-* nömrəli müraciətinə ##.##.2025-ci il tarixdə ailə üzvünün məşğulluğunu təmin edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması səbəbindən imtina verilmişdir. Belə ki, iddiaçı N.İsmayılova torpaq mülkiyyətçisi olmağına baxmayaraq, ##.##.2025-ci il tarixədək əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya ##.##.2025-ci il tarixli **************-* nömrəli müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş "ailə üzvünün məşğulluğunu təmin edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması" imtinası qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyi sübuta yetirilmiş hesab edilməlidir.

11. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə ##.##.2025-ci il tarixli qərarının ləğv edilərək ##.##.2025-ci il tarixindən ona ünvanlı dövlət sosial yardım təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla imtinası qanuni sayıla bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmumu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, qərarda adı qeyd olunan X2 hazırki işə hər hansı aidiyyəti yoxdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını, iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı— aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

20. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.3. Sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X5 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddiməişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. 5.14. Torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastrqiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin hallarından görünür ki, iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmiş, “Ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina barədə” ##.##.2025-ci il tarixli qərara əsasən, iddiaçının ##.##.2025ci il tarixli, **************-* nömrəli müraciətinə cavab olaraq ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

26. Cavabdehin mövqeyinə görə şəxsin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa o, məşğul şəxs hesab olunur və ailənin orta aylıq gəlirinin müəyyən edilməsi məqsədi ilə ailə üzvü kimi həmin pay torpaq sahəsinə məxsus şəxsin gəlirləri də müəyyən edilməlidir. Yəni, şəxsin mülkiyyətində olan pay torpaq sahəsindən nə qədər gəlir əldə etdiyini müəyyən etmək üçün MDSS ödənişləri yoxlanılır ki, hazırkı halda iddiaçının müəyyən aylar üzrə MDSS ödənişlərinin olmadığından onun gəlirlərini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

27. Göründüyü kimi, cavabdeh orqan ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmamasına istinad edərək ÜDSY təyin edilməsindən imtina etmişdir. Halbuki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.14-cü bəndinə əsasən, torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır.

28. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir.

29. Yəni, iddiaçının mülkiyyətində olan pay (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinə görə MDSS ödənişi onun həmin torpaq sahəsindən əldə etdiyi gəlirləri müəyyən etmir. Ona görə də, cavabdeh orqanın bu əsasla ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinası qanuni sayıla bilməz. Digər tərəfdən hazırki qərarın 21-ci bəndində qeyd olunan normalardan göründüyü kimi həmin əsas sosial yardımın təyin olunmasından imtina üçün sadalanan əsaslarına aid edilməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri).

31. Apellyasiya şikayətinin “qərarda adı qeyd olunan X2 hazırki işə hər hansı aidiyyətinin olmaması” dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün qərarı yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə apellyasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı təqdim edilmiş etirazda qeyd olunanları təkrarlamaqla formal xarakter daşıyır, o cümlədən iddiaçı qəbul edilməsini arzuladığı inzibati aktı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir (İPM-in 14.3-cü maddəsi). Odur ki, məhkəmənin iddianı təmin etməklə bağlı gəldiyi nəticə əsaslı və qanuni olduğundan, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar