Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-353/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçılar iddiaçı2 və iddiaçı1 iştirakları ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh, Tərtər rayon icra məmurları X1 və X3 qarşı “qərarın qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh, Tərtər rayon icra məmurları X1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli "icraata başlamaq haqqında" qərarına qanunsuz hüquqi qiymət verilməsi, 4000 manat maddi ziyanın və 3000 manat məbləğində mənəvi ziyanın, ümumilikdə, 7000 (yeddi min) manat vəsaitin cavabdehlərdən tutularaq iddiaçıların hesablarına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin (hakim F.Əliyev) ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh, Tərtər rayon icra məmurları X1 və X3 qarşı “qərarın qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Inzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Iş materiallarından göründüyü kimi, iddiaçılar qanuni qüvvəsini almış müvafiq qətnamə ilə həyata keçirilən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini və nəticədə onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş edir. Başqa sözlə, onlar hazırkı mübahisə ilə bağlı Cavabdeh (icra məmurlarının) hərəkətlərini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “Icra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamə qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ## ####### 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “... Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. Icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “Icra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ##.##.2017-ci il tarixli (Iş № *- 1(102)-2042/2017) və ##.##.2019-cu il tarixli (Iş № *-*(***)-****/****) nömrəli qərarlarında qeyd edilmişdir ki, “Icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.” Kollegiya qeyd edir ki, “Icra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “Icra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər “Icra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Mübahisəyə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “Icra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “Icra haqqında” Qanun deyil, Mülki Prosessual və Inzibati Prosessual Məcəllələr çıxış edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə “... məhkəməyə müraciət olunduğu ##.##.2024-cü ildən başlayaraq, ##.##.2022-ci il təvəllüdlü X4 və ##.##.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı2 hər ay 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi, ... və qətnamənin alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi” qət edilmişdir. Bundan sonra, Cavabdeh ##.##.2024-cü il tarixli “Icraata başlamaq haqqında” qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmışdır. Hazırki iddia tələbindən görünür ki, iddiaçı inzibati orqanın hərəkət və hərəkətsizliyini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da IPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Iddiaçı Tərtər rayon Icra şöbəsinin icra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, o, sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət və ya iddia verməklə mübahisələndirə bilər. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. IPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** saylı qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası IPM-in 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-353/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-353/2026
09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver