Məhkəmə qərarları › İş №2-1(3-7)-358/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-358/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-358/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Fərid Məzahir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İbrahimov Fərid Məzahir oğlunun və iddiaçının nümayəndəsi İbrakhimova Faridakhonun iştirakları ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, M********XKM nömrəli göndərişində İbrahimov Fərid Məzahir oğluna qoyulmuş diaqnoz aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar, intihar fikirləri ilə.

2. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, M********XKM nömrəli göndərişindəki diaqnozlar üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İbrahimov Fərid Məzahir oğlunun əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İşdə olan sənədlər:

3. ##.##.2021-ci il tarixli Travma haqqında arayışa əsasən, əsgər İbrahimov Fərid Məzahir oğlu ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində ”sağ qulağın batması, beyin silkələnməsi” xəsarətini almışdır.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli, ***** nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İbrahimov Fərid Məzahir oğluna təyin edilmiş “F07.0 Tez-tez baş verən dekompensasiyalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu. T 70, H 93.3, H 90.4 Barotravma (##.##.2020), sağtərəfli xronik koxlear nevrit,sağtərərfli neyrosensor ağıreşitmə,pıçıltı nitqinin sağ qulaqda 2,5 (iki tam onda beş metr), sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir.

5. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İbrahimov Fərid Məzahir oğlunun XBT-10 üzrə kod F 07.0, əsas xəstəlik: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.

6. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli hərbi psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İbrahimov Fərid Məzahir oğlunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və diaqnozun “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə F07.0” olması müəyyən edilmişdir.

7. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İbrahimov Fərid Məzahir oğlunda hazırda “X1, Depressiv Daxilolmalarla” (F 07.0) aşkar olunur. ##.##.1989-cı il təvəllüdlü İbrahimov Fərid Məzahir oğlu canlı müayinə olunmaqla, onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “F07.0” Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi alınmış kəllə beyin travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar fikirləri ilə diaqnozu öz təsdiqini tapır. ##.##.1989-ci il təvəllüdlü İbrahimov Fərid Məzahir oğlu canlı müayinə olunmaqla, onun əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə ona qoyulmuş “XBT 10 kodu “F07.0” diaqnozu öz təsdiqini tapır.İbrahimov Fərid Məzahir oğlunda hazırda “X1, depressiv daxilolmalarla” (F 07.0) aşkar olunur.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İbrahimov Fərid Məzahir oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlilliyin təyin edilməsindən imtina etməsini nəzərdə tutan hərəkətlərinin əsassız hesab edilməsi və ona tibbi sənədlərdə göstərilən diaqnozlara görə əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı qüvvələrinin əsgəri olmaqla 2020-ci ildə ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş və hərbi xidmətdə olarkən ağır bədən xəsarətləri almış, səhhətində ciddi problemlər yaranmış, bununla bağlı ona aidiyyəti orqanlar tərəfindən müvafiq sənədlər verilmişdir. Həmin sənədləri toplayaraq cavabdehə təqdim etmiş və əlillik vəziyyətinin qiymətləndirilməsini xahiş etmişdir. Cavabdeh heç bir araşdırma aparmadan ona ##.##.2024-cü il tarixli imtina verilmişdir. İmtinadan bəlli olur ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

10. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər əsas götürülürsə, o zaman cavabdeh olaraq iştirakımıza nə zərurət var idi? Mingəçevir PND-in göndərişi əsas götürülürsə, o zaman göndəriş ilə əlillik təyin olunardı. Ekspertiza təyin olunması barədə qərardadda məhkəmənin qoyduğu F07 kodu üzrə xəstəliyin ağırlaşmaları ilə bağlı suala ekspert tərəfindən əsaslandırlmış cavab verilməmişdir. Ekspertin rəyində 7.6.2.1-ci maddəsində nəzərdə tutulan ağırlaşmalarla bağlı konkret əsaslandırma olmamışdır. Məhkəmənin əsas götürdüyü bu 3 halın heç biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə müəyyən olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilməsi nəticəsində qəbul olunmuş qərardan daha üstün qüvvəli hesab edilməməlidir. Bundan başqa, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyası:

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

20. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu:

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, prosessual hüquq normasının tətbiqində səhvə yol verilərək işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığı üçün qərar ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.

23. Belə ki, maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü yoxlanılarkən ilk öncə araşdırılmalı hal aidiyyət qaydalarına uyğun olaraq iddianın verilib-verilməməsidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin olaraq hazırki işə baxmaqda səlahiyyətli olubolmamasını müəyyənləşdirməli idi.

26. Məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyrimüəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur.

27. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə 01 oktaybr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

29. Hazırki iddia tələbi məcburetmə haqqında iddia növünə aiddir və ərazi aidiyyəti Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən müəyyən edilməlidir.

30. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı barədə müvafiq göndəriş Mingəçevir PND tərəfindən verilmiş, o, ##.##.2024-##.##.2024-cü il tarixlərdə Şəki Psixiatriya Xəstəxanasında stasionar müalicə almışdır.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

32. Qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlməsə də, hazırki iş üzrə iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşadığını bildirmişlər.

33. Göründüyü kimi, hazırki iddia tələbi üzrə üzərinə müvafiq vəzifənin qoyulmasının tələb edildiyi cavabdehin yurisdiksiyası birdən çox inzibati məhkəməni əhatə etdiyindən, hazırki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri (qeydiyytada) olduğu yer üzrə məhkəməyə göndərilməlidir.

34. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

35. Beləliklə, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəməyə əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulması ehtimal edilən hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Şəki İnzibati Məhkəməsində baxılması daha qanuni və əsaslıdır.

36. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

37. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar