Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-360/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4 və üçüncü şəxs üçüncü şəxs3 nümayəndəsi Zeynalova Aidə İslam qızının iştirakları ilə, «üçüncü şəxslərin qeydiyyatdan çıxarılması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin üçüncü şəxs1 İlqar oğlu, üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.
İşdə olan sənədlər:
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur.
3. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli arayışına əsasən, X6, X2, X3, X8, X1, X7 və X4 şəhəri, H.Əliyev prospekti, ev 58, mənzil 49 ünvanında qeydiyyatdadırlar.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu və məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Kirovabad şəhəri, Vorovski küçəsi, 3-cü döngə, ev 28 (indiki ünvan 3 ) ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin ## ### 1983-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportu X10 adına qeyd edilmişdir. Ümumi torpaq sahəsi 393.0 kv.m olmuşdur. - Kirovabad şəhər XDS-in İcraiyyə komitəsinin # #### 1989-cu il tarixli * nömrəli protokolundan çıxarışa əsasən, Kirovabad şəhəri, Vorovski küçəsi, 3-cü döngə, ev 28 ünvanında yerləşən, ümumi sahəsi 24.0 kv.m, 22.1 kv.m şüşəli eyvan, 4.8 kv.m tambur və yarımzirzəmi dövlət qeydiyyatına alınmış, mülkə dair X10 ##.##.1989-cu il tarixli, **** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. - Gəncə şəhəri, * nömrəli Dövlət notariat kontorunda ##.##.1995-ci il tarixdə, 2B-1- 220 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mülk Zeynalova Xoşqədəm İsrəfil qızının mülkiyyətinə keçmiş, ona ##.##.1997-ci il tarixli, **** nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. - Gəncə şəhəri, 4-cü Dövlət notariat kontorunda ##.##.2008-ci il tarixdə 2V-1-209 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, fərdi yaşayış evi üçüncü şəxs2 adına keçmiş, ona ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201013001858-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi və icra vərəqəsinə; “xxxx” MMC-nin ##.##.2012-ci il tarixli **/** nömrəli “Hərracın Yekunları barədə Protokol”-una; Gəncə şəhəri * saylı notariat kontorunda ##.##.2012-ci il tarixdə, 7E-18-10930 reyestr nömrə ilə təsdiq edilmiş mülkün açıq hərracdan alınması barədə şəhadətnaməyə əsasən, fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçmiş, ona ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201013001858-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı ASC cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4 və üçüncü şəxs1 İlqar oğlunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin şəxslərin evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, onlar evin keçmiş sakinləridir. Onların qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etsə də, bundan imtina edilmişdir.
7. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, üçüncü şəxslərin qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalması isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. İş üzrə üçüncü şəxslərdən üçüncü şəxs1 İlqar oğlunun qeydiyyat ünvanı Gəncə şəhəri, Ələsgər Məmmədov küçəsi, ev 26 ünvanıdır. Bu səbəbdən iddia tələbi ona münasibətdə əsaslı hesab edilmir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. Üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cəmiyyət onları etibarlarından sui-istifadə etməklə aldatmış, həmin epizod üzrə üçüncü şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2015-ci ildə iddiaçı Cəmiyyətin bir neçə əməkdaşı CM-n 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirləndirilərək barələrində cəzalar tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi isə həmin halları nəzərə almadan iddia tələbini qismən təmin etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər və üçüncü şəxsin nümayəndəsi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh nümayəndələrinin iştiraklarını təmin etməmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmiş, qərarın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
20. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Gəncə şəhəri, 4-cü Dövlət notariat kontorunda ##.##.2008-ci il tarixdə 2V-1-209 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mübahisəli fərdi yaşayış evi üçüncü şəxs2 adına keçmiş, ona ##.##.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201013001858-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
21. Bundan sonra, Gəncə şəhər Nizami rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi və icra vərəqəsinə, “xxxx” MMC-nin ##.##.2012-ci il tarixli **/** nömrəli “Hərracın Yekunları barədə Protokol”-una, Gəncə şəhəri * saylı notariat kontorunda ##.##.2012-ci il tarixdə, 7E-18-10930 reyestr nömrə ilə təsdiq edilmiş mülkün açıq hərracdan alınması barədə şəhadətnaməyə əsasən, fərdi yaşayış evi İddiaçı ASCnin mülkiyyətinə keçmiş, ona ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, 201013001858-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
22. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Konstitusiya ilə təminat verilən mülkiyyət hüquqlarına əsasən üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmişdir.
23. Gəlinən nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, üçüncü şəxslər qeydiyyatda olduqları mübahisəli fərdi yaşayış evində yaşasalar da, həmin əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçı Cəmiyyətə məxsusdur (Bax: hazırki qərarın 2, 4 və 21-ci bəndləri).
24. Beləliklə məhkəmə araşdırması zamanı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması, üçüncü şəxslərin isə orada yaşasalar da, onların hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmadığı müəyyən edilmişdir.
25. Kollegiya hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadan orada qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
28. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
29. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.
30. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
31. Məhkəmə kollegiyası tələbin təmin olunduğu təqdirdə üçüncü şəxslərin faktiki yaşadıqları mənzilə qeydiyyata düşmələrinin mümkün olmamasına münasibətdə qeyd edir ki, şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2003-cü il tarixli **s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
32. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır və apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov