Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-361/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2024-cü il tarixli, *-**-*-**/*-M-****-**/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, arxiv arayışına əsasən Əyyublu kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1991-1995-ci il tarixli ** saylı təsərrüfatbaşına kitabın 1692-ci şəxsi hesabında X2 adına 0.26 ha torpaq sahəsi, ümumi sahəsi 135 kv.m olan fərdi yaşayış evinin olması və eyni zamanda X2 vəfat etdikdən sonra təsərrüfatın onun adından çıxarılması qeyd edilmişdir. Sonuncunun adından təsərrüfat çıxarıldığına görə təsərrüfatbaşına kitabdan verilmiş arayışın hüquqi qüvvəsi qalmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı İddiaçı cavabdeh cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum atasına məxsus 0,26 ha torpaq sahəsi üzərində xəbəri olmadan aparılan sənədləşmənin ləğv edilməsi, atasından miras qalmış tikili və 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətinin müsbət həllindən imtina edilmişdir.
4. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qərar çıxarılmasının xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
5. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası cavabdeh1 ** saylı Tovuz Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia tələbi mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, tələbin dəqiqləşdirilməsi təklif olunmuş, əks halda iddianın mümkün sayılmayacağı bildirilmiş, lakin iddiaçı göndərilmiş sərəncamlara əməl etməmişdir ki, işin bu halı iddia tələbinin mümkün sayılmamasına dəlalət edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
12. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi və fərdi yaşayış evinin onun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq işin mahiyyəti üzrə araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, ona sərəncam göndərilmiş, o ərizə təqdim etmişdir. Lakin həmin sərəncamın mahiyyətini tam anlaya bilməmiş, hazırki məhkəmə iclasında hüquqi marağına uyğun tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
18. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
19. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddianın düzgün cavabdehə qarşı qaldırılması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
20. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
21. İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, tələb mümkün sayılmamış və onunla əsaslandırılmışdır ki, İPM-in 13-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilsə də, iddiaçı göndərilmiş sərəncamlara əməl etməmişdir. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, həm birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı, həm ##.##.2025-ci il tarixli məhkəmə baxış iclasının protokolu (səh.115-121), həm də eyni tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, iddiaçı həmin tarixdə məhkəmə iclasında iştirak etsə də, məhkəmə tərəfindən ona sərəncama uyğun ərizənin təqdim olunması hüququ izah edilməmişdir.
23. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım etmək məqsədi ilə ##.##.2024-cü il tarixli sərəncam göndərməklə kifayətlənməməli, iddiaçı tərəfindən ərizə təqdim edilsə də aradan qaldırılması tələb olunan çatışmazlıqlar yenidən aydın şəkildə qeyd olunmaqla iddiaçıya sərəncam təqdim edilməli, yaxud məhkəmə iclasında iddiaçıya aradan qaldırılması tələb olunan çatışmazlıqlar bildirilməli idi.
24. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, ərizə ##.##.2026-cı il tarixli qərardadla icraata qəbul edilmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçı həqiqətən də birinci instansiya məhkəməsinin sərəncamına riayət etmək niyyətində olmuş, lakin məzmunu ona tam aydın olmadığından sərəncama digər hissələrdə riayət edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bu əsasdan çıxış edən birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlməklə yanlışlığa yol vermişdir.
25. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2014-cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar.
26. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli qərarı 3.1, 3.2, 3.3, 3.5. bəndləri).
27. Məhkəmə tərkibi onu da qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı tələbinin dəqiqləşdiririlməsinə dair ərizə təqdim edərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.26 ha torpaq sahəsi və fərdi yaşayış evinin onun mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Belə olan halda, işə yenidən baxılan zaman araşdırma həmin istiqamətdə aparılmalıdır.
28. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov