Məhkəmə qərarları › İş №2-1(3-7)-362/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-362/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-362/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müharibə veteranı adının və vəsiqəsinin verilməsi siyahısına ad və soyadının əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını, həmçinin ərizə təqdim edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, savadsız olduğundan elektron kabinetinə yerləşdirilən qərardan vaxtında şikayət verə bilməmiş, EMİS-də yenilənmə işləri görüldüyündən apellyasiya şikayətini göndərmək mümkün olmamış, şikayəti poçt vasitəsilə göndərməyin mümkün olduğunu bilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası İPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun, yəni qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. İş materiallarının 130-cu vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Gəncə İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli qərarı iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə təqdim olunmuş, sonuncu tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 gün müddət ötürüldükdən sonra, yəni ##.##.2026cı il tarixdə verilmişdir. İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti ##.##.2026-cı il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Prosessual müddətlərdən bəhs edən Azərbaycan Respublikası İPM-nin 24.1- ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası ərizənin dəlillərinə münasibətdə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sisteminin yeni versiyaya keçid etməsi ilə əlaqədar elektron sistem yenidən qurulmuş, lakin mübahisələndirilən qərarın iddiaçıya təqdim edildiyi – ##.##.2026cı il tarixdən iddiaçının apellyasiya şikayəti vermək imkanı olmuşdur. Bundan başqa onu da qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin elektron qaydada verilməsi məcburi olmamış, iddiaçının apellyasiya şikayətini poçt vasitəsilə də göndərmək imkanı olsa da, bunu etməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən qərar birinci instansiya məhkəməsi tərəfindən elektron sistemə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir və iddiaçının da şəxsi elektron kabineti vardır. Bu da onu deməyə əsas verir ki, həmin tarixdən sonra iddiaçının özünə məxsus şəxsi elektron kabinetdə sözügedən qərarın məzmunu ilə tanış olmaq imkanı olmuşdur. Buna baxmayaraq, qərar məhkəmə tərəfindən iddiaçıya poçt vaitəsilə göndərilmiş, sonuncuya ##.##.2026-cı il tarixdə çatdırılmış, yenə də apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar