Məhkəmə qərarları › İş №2-1(3-7)-375/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-375/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-375/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Icra Hakimiyyətinə qarşı “yaş məhdudiyyəti ilə bağlı, Konstitusiyaya zidd inzibati iradənin yansıması olan inzibati qərarların icrası və icraatının dayandırılması, məhkəmənin yazılı formada əsaslandırılması olmayan bu inzibati qərarları yazılı olaraq tələb və təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların, Konstitusiyaya zidd və əsassız qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılmaq yolu ilə müsbət yöndə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquq pozuntularının bərpa edilməsi, Konstitusiyanın 68-ci maddəsindəki məsuliyyət hissi ilə qərar verilməsi və məhkəmənin verəcəyi qərarı əsaslandırılması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaş məhdudiyyəti ilə bağlı Konstitusiyaya zidd inzibati iradənin yansıması olan inzibati qərarların icrası və icraatının dayandırılması, məhkəmənin yazılı formada əsaslandırılması olmayan bu inzibati qərarları yazılı olaraq tələb və təmin edilməsi, inzibati qərarların məhkəmə qaydasında ləğv edilməsi, ya da qanunsuz inzibati qərarları alan inzibati orqanların, Konstitusiyaya zidd və əsassız qərarlarının mahiyyətindəki məhdudiyyətlərin, bərabərsizliklərin aradan qaldırılmaq yoluyla müsbət yöndə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, hüquq pozuntularının bərpa edilməsi, Konstitusiyanın 68-ci maddəsindəki məsuliyyət hissi ilə qərar verilməsi və məhkəmənin verəcəyi qərarını əsaslandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçının cavabdehə qarşı yönəlmiş konkret tələbi aydın ifadə edilməmişdir. Halbuki, Inzibati Prosessual Məcəlləsinin 46.1.2 və 46.1.3-cü maddələrinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir. Belə ki, ərizədən müəyyən edilir ki, iddiaçının tələbi aydın olmamaqla bərabər, müraciəti bir neçə tələbdən ibarətdir və iddiaçı tələbinə cavab verməli olan orqan qismində yalnız cavabdeh Azərbaycan Respublikası Icra Hakimiyyətini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının tələbləri müxtəlif olduğundan bütün tələbləri üzrə cavab verməli olan orqan qismində hansı orqanın olmasını düzgün qeyd etməmişdir. Digər tərəfdən iddiaçı tələbləri üzrə cavab verməli olan orqanlara müraciət etməmişdir. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq iddia tələbində qeyd edilən tələblə bağlı hazırkı iş üzrə cavabdehə və ya digər hər hansı aidiyyəti quruma müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin iddiaçının ərizəsi IPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı şikayətinə dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olubolmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Iddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın. Iddia ərizəsi və apellyasiya şikayətinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı ölkə ərzisində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 yaş müəyyən edilməsindən narazıdır və Əmək Məcəlləsinin müvafiq hissəsində (Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi) öz əksini tapan normanın Konstitusiyanın müvafiq (Maddə 35. Əmək hüququ) maddəsinin tələblərinə zidd olduğunu, eyni zamanda həmin maddənin bəzilərinə üstünlük verdiyini, böyük əksəriyyətin isə hüquqlarını məhdudlaşdırdığını iddia edərək hazırki tələbində buna dair bütün inzibati aktların məhkəmə qaydasında ləğv edilməsini, icrasının dayandırılmasını və.s xahiş edir. Əvvəla qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Bu mənada iddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 yaş müəyyən edilməsinin onun hüquqlarına hansı formada mənfi təsir etdiyini, konkret olaraq hansı hüquqlarını pozmasına səbəb olduğunu əsaslandırmamışdır. Digər tərəfdən iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, iddiaçı ##.##.1986-cı il təvəllüdlü olmaqla hazırda 40 yaşındadır və bu baxımdan ölkədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 yaş müəyyən edilməsinin iddiaçının hüquqlarını pozmasından söhbət gedə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin məzmunu tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə görə iddia ərizəsində aşağıdakılar göstərilməlidir:

1. ərizənin verildiyi məhkəmənin adı;

2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;

3. iddiaçının (ərizəçinin) tələbi. Hazırki ərizə ilə müəyyən olunur ki, iddiaçı ərizəsində cavabdeh qismində “Azərbaycan Respublikası Icra Hakimiyyəti”-ni qeyd etmişdir, hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Inzibati orqanların Təsnifatında qeyd edilən adda inzibati orqan mövcud deyildir. Iddiaçının ərizəsinin məzmunu, eləcə də məhkəmə kollegiyasının iclası zamanı verdiyi izahatı ilə müəyyən edilir ki, o, ərizəsində cavabdeh qismində qeyd etdiyi “Azərbaycan Respublikası Icra Hakimiyyəti” dedikdə Azərbaycan Respublikasında hakimiyyətin müstəqil qolu olan “Icra hakimiyyəti”ni nəzərdə tutur, hansı ki bura Prezident başda olmaqla Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyət orqanları və.s daxildir. Göstərilən halla əlaqədar qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında iddia konkret cavabdehə qarşı yönəlməli və inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması faktı mövcud olmalıdır. Lakin hazırki ərizənin qeyd edilən tələblərə cavab vermədiyi müəyyən edilir. Digər tərəfdən qeyd edilməlidir ki iddiaçı Konstitusiyaya zidd inzibati qərarların ləğv edilməsini, icrasının dayandırılmasını tələb etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları normativ hüquqi akt olmaqla, onların xüsusi ləğv qaydası müəyyənləşdirilmişdir. Belə ki, həmin aktları ləğv etmək səlahiyyətinə yalnız həmin orqanlar və Azərbaycan Respublikasının Prezidenti malikdir. Normativ hüquqi aktların inzibati məhkəmə icraatı qaydasında ləğvi isə yolverilməzdir. Inzibati məhkəmə icraatı qaydasında yalnız inzibati aktların mübahisələndiriləməsinə və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddia qaldırıla bilər. Beləliklə, işin yuxarıda qeyd edilən halları hazırki iddia tələbini mümkünsüz edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar