Məhkəmə qərarları › İş №2-1(3-7)-423/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-423/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-423/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçılar İddiaçı, X1 və X2 iştirakları ilə, Iddiaçılar İddiaçı və digərlərinin cavabdehlər Gədəbəy şəhər Bələdiyəsinin sədri və Gədəbəy rayon Daşınmaz Əmlak Şöbəsinin müdirinə qarşı “torpaq sahəsinin naturada tanıdılması və mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçılar İddiaçı və digərləri cavabdehlər Gədəbəy şəhər Bələdiyəsinin sədri və Gədəbəy rayon Daşınmaz Əmlak Şöbəsinin müdirinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, dövlət tərəfindən ailələrinə ayrılmış 1,19 ha torpaq sahəsinin bələdiyyə tərəfindən onlara tanıdılması, eyni zamanda həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə (hakim F.Əliyev) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Iddiaçılar qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək iddia tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Iddiaçılar İddiaçı, X1 və X2 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, iş üzrə iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) ərizənin təmin edilməsi, iddiaçılar İddiaçı və digərlərinin cavabdehlər Gədəbəy şəhər Bələdiyəsinin sədri və Gədəbəy rayon Daşınmaz Əmlak Şöbəsinin müdirinə qarşı “torpaq sahəsinin naturada tanıdılması və mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, inzibati iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Iddiaçılar İddiaçı və digərləri apellyasiya şikayəti verərək, Gədəbəy rayon Daşınmaz əmlak şöbəsinə qarşı torpaq sahəsinin naturada tanıdılmasını, mülkiyyət hüquqlarının qeydiyyata alınmasını, çıxarışın ona və ailə üzvlərinə verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi müəyyən edilmiş, bundan sonra iddiaçı İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, o 2025-ci ilin sentyabr ayında əməliyyat olduğundan Gəncə Inzibati Məhkəməsinin müvafiq qərardadından apellyasiya şikayəti verilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı həmçinin hüquqi savadsız olduğundan prosessual müddəti ötürdüyünu, odur ki buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər iddiaçılar X1 və X2 buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, müvafiq məhkəmə qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin IPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin aşağıdakı normalarına əsasən: 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərardadın tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Iş materiallarında olan sifarişli poçt xəbərnaməsindən görünür ki hazırda mübahisələndirilən qərardad ## ##### 2026-cı il tarixində iddiaçı İddiaçı təqdim edilmiş və sonuncu tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi, sözügedən məhkəmə qərardadı ona həmin tarixdə məlum olmuş, lakin şəxs tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 gün müddət ötürüldükdən sonra, yəni ## ### 2026-cı il tarixdə verilmişdir. IPM-in 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçılar tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti ## ##### 2026-cı il tarixdə başa çatmışdır. Iddiaçı müddətin ötürülməsi səbəbi kimi 2025-ci ilin sentyabr ayında əməliyat olduğunu, həmçinin hüquqi cəhətdən savadsız olduğunu qeyd edərək müddəti üzrlü səbəbdən ötürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər müddət bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, iddiaçı 2025-ci ilin sentyabr ayında əməliyyat keçirdiyini bildirsə də, hazırda mübahisələndirilən məhkəmə aktı ona ## ##### 2026-cı il tarixində təqdim edilmişdir. Yəni iddiaçının əməliyyat tarixi qərardadın ona təqdim edilmə vaxtından təxminən 7 ay öncəyə təsadüf edir ki, bu halın da müddətin ötürülməsinə səbəb olması absurddur. Digər tərəfdən qeyd edilməlidir ki, onun hüquqi savadsızlığı ötürülmüş müddətin bərpası üçün əsas vermir. Belə ki, iddiaçıya təqdim edilən qərardadda mümkün hüquqi müdafiə vasitələri ona açıq şəkildə izah edilmişdir. Eyni zamanda müvafiq qanunvericiliyi bilməmək şəxsi onun məsuliyyətindən azad etmir. Beləliklə hazırkı işdə iddiaçıların qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onların iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürülmüşdür. Odur ki, apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (Inzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçılar tərəfindən təqdim olunmuş prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar