Məhkəmə qərarları › İş №2-1(3-7)-434/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-434/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-434/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icrasının təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, təklif olunan layihənin Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərardadından irəli gələn vəzifələrin cavabdeh tərəfindən icra olunmalı olması səbəbindən, lakin hərəkətsizlik nəticəsində icrasız qalmasına görə icrasının təmin edilməsi üçün məhkəmə sərəncamında olan qanuni təsir vasitələrindən istifadə edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim N.Hüseynov) iddia mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, iddia tələbi üzrə qanuni və əsaslı qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi müəyyən edilmiş, İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilməklə ##.##.2026-cı il tarixli müvafiq sərəncam göndərilərək ##.##.2026-cı il tarixədək apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, o, şəkər xəstəsi olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasında uçotda durur. Təqdim etdiyi epikriz vərəqindən də görünür ki, xəstəliyinin ağırlaşması səbəbindən palataya köçürülmüş və ##.##.2026-cı il tarixdən ev şəraitində ambulator müalicəyə yazılmışdır. Özünü yaxşı hiss etməməsi səbəbindən apellyasiya şikayətini müddəti ötürməklə vermişdir. Məhkəmə iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə teleqram ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Prosessual müddətlərdən bəhs edən İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati-Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 134cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci və 135.3cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. İş materiallarının 43-cü vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, hazırda mübahisələndirilən - Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı iddiaçı İddiaçı ##.##.2026-cı il tarixində təqdim edilmiş, apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 gün müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir. Halbuki, İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti ##.##.2026-cı il tarixdə başa çatmışdır. Göründüyü kimi iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürərək bunu stasionar müalicə alması ilə əsaslandırsa da, bu hal iş materiallarında olan sənədlərlələ təkzib olunur. Belə ki, sözügedən epikrizdən görünür ki, iddiaçı Xəstəxanaya ##.##.2026-cı il tarixdə daxil olmuş, ##.##.2026-cı il tarixdə çıxmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı iddiaçının xəstəxanadan çıxdığı tarixdən (##.##.2026-cı il) sonra – ##.##.2026-cı il tarixdə ona çatdırılmış, hazırda iddiaçı tərəfindən qərardaddan apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, İnzibati-Prosessual Məcəllənin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar