Məhkəmə qərarları › İş №2-1(3-7)-445/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-445/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-445/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı «## ### 2024-cü il tarixli, **************** saylı qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il tarixli qərarın ləğv edilməsi və 4131,54 manat maliyyə sankisyasının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, şirkət tərəfindən 2023-cü il üzrə bütün rüblük və illik hesabatlar vergi orqanına təqdim edilmişdir. 2024-cü ilin əvvəlindən etibarən isə şirkətin heç bir fəaliyyəti, əməliyyatı və alqı-satqısı olmamışdır. Iddiaçının VÖEN-i 2023-cü ilin dekabr ayında müvəqqəti bağlanmış, 2024-cü ilin əvvəlində vergi orqanı tərəfindən yenidən aktivləşdirilmiş, daha sonra isə ##.##.2024-cü il tarixində yenidən bağlanmışdır. Buna baxmayaraq, iddiaçının mobil telefonuna daxil olmuş SMS bildirişdə 2024-cü ilin birinci rübü üzrə 2.639,41 manat vergi borcu olduğu göstərilmişdir. Ərazi Vergi Idarəsinə müraciəti zamanı ona borcun kameral vergi yoxlaması əsasında hesablandığı bildirilmişdir. Qeyd edilir ki, ##.##.2024-cü il tarixindən sonra hər hansı maliyyə əməliyyatı aparılmamış, bu hal bank hesablarından da görünür. Lakin ##.##.2024-cü il tarixli məktubda borcun yaranma əsası göstərilməmiş, ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunda isə borcun məbləği 4.131,54 manata çatdırılmışdır. Iddiaçının bildirdiyinə görə, borcun yaranma səbəbi və hesablanma qaydası barədə vergi orqanına dəfələrlə müraciət olunsa da, əsaslandırılmış cavab verilməmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 106.1.14 və 164.1.18-ci maddələrinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı gəlirlər mənfəət vergisindən və ƏDV-dən azad olduğu halda, kameral yoxlama zamanı həmin dövriyyə vergiyə cəlb edilmişdir. Bu səbəbdən iddiaçı əlavə vergi hesablanmasını qanunsuz hesab edir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ## ### 2024-cü il tarixli, **************** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi İddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə Gəncə Inzibati Məhkəməsinə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlar barədə iddiaçıya rəsmi məlumat verilməmiş, həmin qərarların surətləri onun ünvanına göndərilməmişdir. Qərarların surətlərinin təqdim edilməsi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlar rəsmi qaydada təqdim olunmamışdır. Qərarların surətlərini yalnız məhkəmənin sorğusu əsasında əldə etmək mümkün olmuşdur. Bu səbəbdən iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 verdikləri vəsatətin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçı tərəfindən müddət ötürülmüşdür. Belə ki, qərarın oxunma tarixi barədə məlumat təqdim edilmişdir. Hazırda isə müddətin üzrlü hesab edilməsi üçün əsaslar yoxdur. Odur ki, ərizənin rədd edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, iddiaçı «xxxx» MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Iddiaçının nümayəndəsi İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadını ləğv edərək, prosesual müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə apellyasiya şikayəti irəli sürülmüşdür. Belə ki, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardad ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə yerləşdirilmişdir. Iddiaçı isə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə ##.##.2026-cı il tarixdə şikayət ərizəsi təqdim etmişdir. Apellyasiya şikayətində şikayəti verən şəxs haqqında məlumatlar tam və düzgün göstərilməmişdir. Belə ki, şikayətdə hüquqi şəxsin VÖEN-i göstərilməmiş, şikayətin iddiaçı tərəfindən verilməsinə baxmayaraq apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyətinin cavabdeh olduğu göstərilmişdir. Həmçinin, apellyasiya şikayətinin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” hissəsində qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsinin adı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi qeyd edilərək məhkəmənin adı yanlış göstərilmişdir. Şikayət verən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şikayətdə onu imzalamaq hüququ olan şəxs göstərilməmiş və şikayət hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı iddianın mümkün hesab edilməməsi ilə bağlı olsa da iddiaçı şikayətdə qərardad çıxarılarkən maddi və prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqeyini (dəlillərini) irəli sürə bilməmiş, şikayətini yalnız inzibati orqan olan cavabdehin qərarı ilə əsaslandırmışdır. Beləliklə, şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar düzgün göstərilməmiş, şikayəti verən şəxsin tələbi aydın ifadə edilməmiş, habelə şikayət üçün əsas olan faktlar və sübutlar şikayətə əlavə edilməmişdir. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan da görünür ki, iddiaçının mübahisələndirdiyi qərar vergi ödəyicisinə elektron üsulla ##.##.2024-cü il tarixdə təqdim edilmişdir. Belə ki, qeyd olunan qərar iddiaçıya elektron üsulla onun elektron kabinetinə göndərildikdən 3 iş günü keçdikdən sonra ona lazımi qaydada çatdırılmış hesab edilir. Həmin qərar vergi ödəyicisi tərəfindən isə ##.##.2024-cü il tarixdə oxunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə məhkəmədə iddia qaldırılmaqla qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Iş materiallarında olan: -Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, ***************** nömrəli qərara əsasən, vergi ödəyicisi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hasablanması barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərara əsasən, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi olmağı nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri 2023-cü il üzrə gəlirin (mənfəətin) 75 faizi üzrə güzəşt məbləğinin çıxarılması qərara alınmışdır. -Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ##.##.2024-cü il tarixdə İddiaçı göndərilmiş, həmin qərar müvafiq olaraq ##.##.2024-cü il tarixində vergi ödəyicisi tərəfindən oxunmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Avropa Məhkəməsi “X3rşı” ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar üzrə müəyyən edilmiş məhdudiyyətlərdin biri də iddia müddətləridir. Iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, ## ### 2024-cü il tarixli, **************** saylı qərarın ləğvi məqsədini güdür. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; -62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; -62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Iş materiallarında olan “Vergi orqanı və vergi ödəyicisi arasına qarşılıqlı məlumat mübadiləsinə dair” ##.##.2022-ci il tarixli müqavilə formasından görünür ki, cavabdeh orqanla İddiaçı arasında bağlanmış müqaviləyə əsasən tərəflər onların arasında elektron kabinet vasitəsilə sənəd və məlumatların elektron elektron üsulla mübadilə edilməsini, o cümlədən vergi ödəyicisi tərəfindən kod-parol və ya gücləndirilmiş elektron imzadan istifadə edilməklə bəyannamələrin (hesabatların) göndərilməsini, həmçinin vergi orqanı tərəfindən onların qəbulunu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsi barədə razılığa gəlmişlər. Həmçinin Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, cavabdehin ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ##.##.2024-cü il tarixdə İddiaçı göndərilmiş, həmin qərar müvafiq olaraq ##.##.2024-cü il tarixində vergi ödəyicisi tərəfindən oxunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Göründüyü kimi, tərəflər arasındakı müvafiq müqaviləyə əsasən onlar aralarında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsi barədə razılığa gəlmiş və bu əsasla vergi orqanı sözügedən qərarı elektron üsulla iddiaçıya məxsus kabinetə göndərmişdir. Sözügedən qərar ona ##.##.2024-cü il tarixdə göndərildiyindən 3 gün keçdikdən sonra yəni, ##.##.2024-cü il tarixdə lazımi qaydada çatdırılmış sayılır. Həmin qərar vergi ödəyicisi tərəfindən isə ##.##.2024-cü il tarixdə oxunmuşdur. Lakin buna baxmayaraq iddiaçı hazırki tələblə məhkəməyə 30 günlük müddəti ötürməklə müraciət etmişdir, yəni ##.##.2025-ci il tarixdə iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə təqdim etmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, IPM-in 24.1ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. Belə ki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Iddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, buraxılmış prosessual müddətin bərpasının əsası kimi qərarlar barədə iddiaçıya rəsmi məlumat verilmədiyini, həmin qərarların surətləri onun ünvanına göndərilmədiyi göstərmişdir. Məhkəmə kollegiyası iddiaçının arqumenti ilə bağlı qeyd edir ki, cavabdeh orqanla iddiaçının nümayəndəsi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən tərəflər vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlərin ona verilmiş (təqdim edilmiş) sayılması barədə razılığa gəldiklərinə görə ona məxsus elektron kabinetə nəzarət etmək, daxil olan sənədlərə baxmaq onun məsuliyyət sferasına aid olmuşdur. Göründüyü kimi, iddiaçı tərəf məhkəməyə həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüş, habelə müddətin üzürlü hesab edilməsi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar