Məhkəmə qərarları › İş №2-1(3-7)-45/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-45/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-45/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2024-cü il tarixli, *-**-*/*-T-******/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (23 il 6 ay 12 gün (##.##.1980-##.##.1982-ci il, ##.##.1997-##.##.2004-cü il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə cəmi 14 il 11 ay)) təşkil edir. # ###### 2006cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınının sığorta hissəsində 2024-cü ilin aprel ayı üzrə öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 19 gün (##.##.2011- ##.##.2018-ci il, ##.##.2018- ##.##.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38962,33 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. ##.##.1980-ci il tarixli, NZ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı ##.##.1980ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur

3. ##.##.1986-cı il tarixli, İT ****** nömrəli diploma əsasən, İddiaçı ##.##.1984-cü il tarixdə SSRİ X2 Təhsil Komitəsi Bakı Sənaye Pedoqoji Texnikomuna daxil olmuş və 1986-cı ildə mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının ##.##.1986-cı il tarixli qərarı ilə ona mühasib ixtisası verilmişdir.

4. ##.##.1997-ci il tarixli, İT ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1997-ci il tarixdən ##.##.2004-cü il tarixədək “Alunit” AİBM-nin bürünc presləmə sexində 4-cü dərəcəli təmizləyici, ##.##.2006-cı il tarixdən ##.##.2012-ci il tarixədək “X1” İS Texniki Xidmət və Təmir Departamentinin yardımçı istehsalat üzrə təmir sexinin istiliik elektrik peşəsi üzrə təmir çilingəri və İnzibati İşlər Departamentinin Təsərrüfat Xidməti Administrasiyasında abadlaşdırma fəhləsi, ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək “xxxx” MMC-də İstehsalat Departamentində kovşları təmizləyən və hörən işləmişdir, ##.##.2018-ci il tarixdən hazıradək “xxxx” MMC X7 İstehsalat şöbəsinin Metal Tökmə və X5 İstehsal Tökmə sexində kovş təmizləyən və hörən işləyir.

5. “xxxx” MMC-nin Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin X7 Metal tökmə və isti metal yayma sexində maye metal götürmə çənlərinin və ərintini boşaldan kovşların odadavamlı materiallarla hörülməsi işlərində çalışaraq Azərbaycan Respublikasının əmək nensiyaları qanunvericiliyiyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşədə; 1). "odadavamlı materialla işləyən" peşəsində (əmək kitabçasında peşənin adı "kovşları təmizləyən və hörən" adlandırılıb); ##.##.2011-ci ildən: (peşəyə təyinat ##.##.2011-ci il tarixli, əmr 127b-k;) - ##.##.2018-ci ilədək: (peşədən azad edilmə ##.##.2018-ci il tarixli, əmr N202-k;) tarixləri arasındakı dövr ərzində işləmişdir. 2). "odadavamlı materialla işləyən" peşəsində (əmək kitabçasında peşənin adı "kovşları təmizləyən və hörən" adlandırılıb) ##.##.2018-ci ildən: (peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr N **-k;) - ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir. 3). "odadavamlı materialla işləyən" peşəsində (əmək kitabçasında peşənin adı "qazantəmizləyən bənna" adlandırılıb) ##.##.2022-ci ildən: (peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr N ***-k:) – hazırki dövrədək işləməyi davam edir. İşlədiyi peşə uzrə sosial sığorta (və ya iş) stajı 12 (on iki) il 06 (altı) ay il, ay, gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri "Odadavamlı materialla işləyən"in iş xüsusiyyətləri: Odadavamlı məhlulların və istiliyədavamlı məhlulun hazırlanması. Odadavamlı materialların kəsmə, parçalama, uyğunlaşdırma və konstruktiv yonma və kəsmə üsulu ilə hazırlanması. Odadavamlı kərpicdən və formalı məmulatlardan hörgülərin sökülməsi. Odadavamlı kərpiclərdən və düzxətli və fiqurlu divarları plitələrindən və odadavamlı kərpiclərdən - bərk maddələr, astarlar, döşəmələr və qapaqların hörülməsi, Normal və formalı odadavamlı kərpiclərdən kovş və çömçələrin, soba və qazanların divarlarının hörülməsi; Sobaların kameralarının döşəmələrinin odadavamlı materialla örtülməsi, hörülməsi və astarlanması, hava qızdırıcıların, qaplterin və nəfəsliklərin isti və soyuq şəraitdə təmir işləri aparılması. Astarlanacaq sahələrin ölçülərinin və üzlük kərpiclərinin tələb olunan miqdarının və çeşidinin müəyyən edilməsi. Bütün növ divarların, ocaqların, tağların və birləşmə qalınlığı mm-ə qədər olan sobaların tağlarının odadavamlı hörgü işləri; Ufüqi və şaquli genişləndirici birləşmələrin təyini, astarlı birləşmələrin doldurulması və təmizlənməsi işləri; Forma və ölçülərinə görə odadavamlı materialların keyfiyyətinə dair əsas tələbləri, texniki şərtlərin tərkibinə uyğun olaraq xüsusi məhlulların, turşuyadavamlı, istiliyədavamlı və izolyasiya kütlələrinin hazırlanmasını bilməlidir; Odadavamlı materialların emalı, onların keyfiyyətinə olan tələbləri, bağlayıcı məhlulların hazırlanması, hörgü keyfiyyətinin yoxlanılması, hörgü sahələrin ölçülərinin müəyyən edilməsi qaydalarını və üsullarını; üzlük üçün kərpic miqdarının müəyyən edilməsi üsullarını; üzlüklərin döşənməsi, məhlulların hazırlanması və hörgülərin bərkidilməsi, tikişlərin tökülməsi və təmizlənməsi texnikasını; bir-birinə bağlanan kərpiclərin qoyulması texnikasını; astarın keyfiyyətini yoxlamaq yollarını bilməlidir. ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7. Metallurgiya istehsalati (əlvan metallar) 7.25. Əritmə və elektrotermik istehsalatı (yarımbəndində) "odadavamlı materialla işləyənlər" peşə kodunda inüəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının: - ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2006- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 30226,60 manat təşkil edir. - ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 0# ###### 2006- cı il tarixdən bugünədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 33929,99 manat təşkil edir. - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim ediyi # #### 1997-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 2-ci və 3-cü səhifələrindəki qeyddə onun işdən çıxması ilə bağlı imza atan şəxsin vəzifəsi, ad, soyad, ata adı göstərilməyib. Buna görə də adıçəkilən şəxsin ##.##.1997-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində işləməsi ilə bağlı qeydlərin mötəbərləyinə əsaslı şübhələr yaranıb. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 3 ay 24 gün (##.##.2006cı il tarixinədək 3 il 10 ay 24 gün (##.##.1980- ##.##.1982-ci il, ##.##.1984-##.##.1986-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 5 ay)) təşkil edir.

7. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, **-*-*/*-**/**** nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, dünya iqtisadiyyatında o cümlədən alüminium sənayesində 2008-2009-cu illərdə yaranmış böhran nəticəsində “xxxx” ASC-də iş həcminin kəskin azalması, istehsal olunan məhsulun satış qiymətinin bir neçə dəfə aşağı düşməsi istehsalın və işin tam dayanması ilə nəticələnmişdir. Cəmiyyətin hal-hazırkı vaxtadək hər hansı istehsalat fəaliyyəti yoxdur, istehsalat sahələri konservasiya rejimində saxlanılır. İstehsalat fəaliyyətinin tam dayanması işəgötürənin təqsiri olmadan baş verdiyindən və qarşısı alına bilinməyən hallar mövcud olduğundan həmin hal boşdayanma deyil, forsmajor halı kimi qiymətləndirildiyindən müəssisədə işçilərin hüquqlarını müdafiə edən yerli azad Həmkarlar İttifaqı Komitəsinin razılığı əsasında 2009cu ilin aprel ayından Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq bütün işçilər ödənişsiz məzuniyyətə buraxılmışlar. İddiaçı ##.##.2009-cu il tarixdən ##.##.2012-ci il tarixlərdə ödənişsiz məzuniyyətə olmuşdur.

8. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.1984-cü il tarixli **-k saylı əmrlə keçmiş Bakı Sənaye-Pedaqoji Texnikumuna (indiki ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci) “Mühasibat uçotu” ixtisasına tam orta təhsil bazasından qiyabi təhsil forması üzrə qəbul edilmişdir. O, ##.##.1986-cı il tarixli *-k saylı əmrlə həmin ixtisas üzrə qiyabi təhsil formasında texnikumu bitirmişdir. Ona İT seriyalı ****** nömrəli (adi, **** qeydiyyat nömrəli) diplom verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iş illərin sosial sığorta stajına hesablanmaqla, ##.##.2024- cü il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ona ödənilməli olan pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. Kəlbəcər rayonunun ərazisi işğal olunandan sonra ona məxsus əmək kitabçası orada qalıb. Məcburi köçkün kimi Samux rayonu Alıuşağı kəndində məskunlaşmışlar və o, ##.##.1997-ci ildə "Alunimum" AİBM-nin birinci presləmə sexinə 4cü dərəcəli təmizləyici işinə qəbul olunmuş və ##.##.2004-cü ildə öz ərizəsilə həmin işdən çıxmışdır. ##.##.2006-cı ildən ##.##.2012-ci il tarixədək "X1" İS-də, ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək "xxxx" MMC-də kovşları təmizləyən və hörən işində, ##.##.2018-ci il tarixdən hazırki vaxtadək isə "xxxx" MMC-də X7 istehsalat şöbəsinin Metal Tökmə və X5 İsti Metal tökmə sexinə kovş təmizləyən və hörən işində işləyir. Onun son olaraq işlədiyi ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək "xxxx" MMC-də kovşları təmizləyən və hörən (6 il 11 ay 19 gün), ##.##.2018-ci il tarixdən hazırki vaxtadək isə (5 il 8 ay 11 gün) "xxxx" MMC-də X7 istehsalat şöbəsinin Metal Tökmə və X5 İsti Metal tökmə sexinə kovş təmizləyən və hörən işlədiyi iş xüsusilə zərərli və ağır olan işlərdir və həmin işə görə onun iş stajı bugünki günə 12 il 8 ay edir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı nəzərə alınmaqla 2016-cı il tarixdən ona əmək pensiyası təyin olunmalıdır. Lakin hazırki vaxta kimi müxtəlif bəhanələr gətirilərək ona pensiya təyin olunmamışdır.

11. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Bakı Sənaye Pedoqoji Texnikomunda ## ######## 1984-cü il tarixdən ## #### 1986-cı il tarixədək təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə, ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-******/** nömrəli etirazın məzmunu ##.##.2024-cü il tarixli, *-**-*/*-T-******/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

13. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı ##.##.1956-cı ildə qüvvəyə minmiş və ##.##.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun qüvvəyə mindiyi vaxtdan texniki peşə məktəbindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il ######ın #-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının “Aliminum” AİBM-də işlədiyi dövrün (##.##.1997-##.##.2004-cü illər) əlavə araşdırılması zərurəti yaranmışdır. Belə ki, sözügedən dövr barədə əmək kitabçasındakı qeydi imzalayan şəxsin adı və soyadı qeyd olunmamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

18. İddiaçı ##.##.2026-cı il tarixdə tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidməti məktubunda qeyd etdiyi ##.##.1997-ci il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrün sosial sığorta stajına daxil edilməklə, ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırda təqdim edilmiş xidməti məktubdan da məlum olduğu kimi iddiaçının Bakı Sənaye Pedoqoji Texnikomunda ## ######## 1984-cü il tarixdən ## #### 1986-cı il tarixədək təhsil aldığı müddət mübahisələndirilmir, yalnız əvvəllər nəzərə alınan ##.##.1997-ci il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövr sosial sığorta stajına daxil edilmir. Belə ki, sözügedən dövr barədə əmək kitabçasındakı qeydi imzalayan şəxsin adı və soyadı gösərilməmişdir.

20. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun olaraq tələbinin təmin olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

7. Metallurgiya istehsalatı (əlvan metallar) a) fəhlələr: 7.25. Əritmə və elektrotermik istehsalatı - odadavamlı materialla işləyənlər

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək xüsusi və ümumi iş stajının az olması ilə əsaslandırmışdır.

28. Cavabdeh orqan hesab etmişdir ki, # ###### 2006-cı il tarixindən hazırki tarixədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınının sığorta hissəsində 2024-cü ilin aprel ayı üzrə öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 19 gün (##.##.2011-##.##.2018-ci il, ##.##.2018- ##.##.2024-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38962,33 manat təşkil edir.

29. Məhkəmə icraatı zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı Sənaye Pedoqoji Texnikomunda ##.##.1984-##.##.1986-cı il tarixlərdə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə, ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, tələb təmin edilmişdir.

30. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddiaçının Bakı Sənaye Pedoqoji Texnikomunda ##.##.1984-##.##.1986-cı il tarixlərdə təhsil aldığı müddətin hazırda mübahisələndirilmədiyini, mübahisənin yalnız iddiaçının ##.##.1997- ##.##.2004-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi dövrlə bağlı olduğunu, belə ki, sözügedən dövr barədə əmək kitabçasındakı qeydi imzalayan şəxsin adı və soyadının göstərilmədiyini bildirmiş, həmin hallarla bağlı cavabdeh orqan tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubu məhkəmə kollegiyasına təqdim etmişdir.

31. Bundan sonra iddiaçı hazırda cavabdeh tərəfindən mübahisələndirilən illərə uyğun olaraq tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın xidməti məktubunda qeyd etdiyi ##.##.1997-ci il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrün sosial sığorta stajına daxil edilməklə, ona ##.##.2024cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

32. Belə olan halda hazırki məhkəmə araşdırmasının predmeti iddiaçının ##.##.1997-##.##.2004-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməsinin mümkünlüyüdür. Yuxarıda da qeyd edildiyi kimi imtinanın əsası sözügedən dövr barədə əmək kitabçasındakı qeydi imzalayan şəxsin adı və soyadının göstərilməməsidir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 21-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 60 yaşın tamam olması, azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması şərtləri ödənilməlidir.

34. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ##.##.1961-ci il tarixdə doğulmuş və ##.##.2021-ci i il tarixdə 60 yaşı tamam olmuşdur. Həmçinin, iddiaçının güzəştli (xüsusi) iş stajına daxil edilən dövrlər - ##.##.2011-##.##.2018-ci və ##.##.2018- ##.##.2024-cü illər olmaqla, cəmi 12 il 5 ay 18 gün təşkil etmişdir. Hazırda iddiaçı ona ##.##.2024-cü il tarixdən pensiya təyinatı aparılmasını xahiş etdiyindən 2024-cü ilin aprel ayı üzrə fərdi şəxsi hesabda qeydə alınmış kapital nəzərə alındıqda, onun ##.##.2024-cü il tarixə 12 il 6 ay 18 gün olmaqla, xüsusi stajla bağlı tələb də ödənilir.

35. Cavabdeh tərəfindən hazırda yalnız ümumi iş stajı ilə bağlı tələb mübahisələndirilməklə iddiaçının ##.##.1997-ci il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu 6 il 6 ay 8 gün dövr ümumi iş stajı kimi qəbul edilmir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.

37. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin illər nəzərə alınır.

39. Hazırki iş üzrə iddiaçının ##.##.1997-##.##.2004-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olması İT ******* nömrəli əmək kitabçasında aparılan qeydlərlə öz təsdiqini tapır. Belə ki, sözügedən əmək kitabçasında aparılan qeydlərə əsasən iddiaçı ##.##.1997ci il tarixdə “Alunit” AİBM-nin bürünc presləmə sexinə 4-cü dərəcəli təmizləyici işinə qəbul edilmiş, ##.##.2004-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

42. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

43. Kollegiya qeyd edir ki, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən əmək kitabçasındakı qeydin imzalanıb möhürlə təsdiq edilməsinə baxmayaraq, səlahiyyətli şəxsin ad və soyadının qeyd edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.

44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırda mübahisələndirilən dövrlə bağlı nə imtina məktubunda, nə də iddia tələbinə qarşı təqdim edilmiş etirazda əsaslandırma aparılmamış, həmin hal yalnız apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə olunmayan 18 il 10 ay 24 gün (##.##.1980-##.##.1982-ci il üzrə 2 il 1 ay 4 gün, ##.##.1984-##.##.1986-cı illər üzrə 1 il 9 ay 20 gün, ##.##.2006-##.##.2024-cü illər ərzində fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alındığı cəmi 14 il 11 ay və 2024-cü ilin aprel ayındakı 1 aylıq müddət) sosial sığorta stajı vardır və mübahisə olunan dövr üzrə ##.##.1997-##.##.2004cü il tarixlərdə (6 il 6 ay 8 gün) işlədiyi dövrlər nəzərə alındıqda qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmış olur.

46. Beləliklə iddiaçının işlədiyi illərə dair əmək kitabçasında səlahiyyətli şəxsin ad və soyadını qeyd edilməməsi vətəndaşın ziyanına şərh edilə bilməz. Eyni zamanda əmək kitabçasında aparılan qeydlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

47. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).

48. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

49. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən (sosial sığorta stajına daxil ediləcək dövrlərə münasibətdə) ləğv edilərək həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qismən – “iddiaçı İddiaçı Bakı Sənaye Pedoqoji Texnikomunda ## ######## 1984-cü il tarixdən ## #### 1986-cı il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ##.##.1997-##.##.2004-cü il tarixlərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar