Məhkəmə qərarları › İş №2-1(3-7)-454/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-454/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-454/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: pensiyanın bərpa edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasın katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Işin halları

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) ##.##.1960-ci ildə anadan olmuş, hazırda Şəmkir şəhəri, Şəmkir küçəsi, ev 22 ünvanında yaşayır.

2. ИТ-İ №******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1983-cü ildə rayona təyinatla gəlmiş ali təhsilli ümumi teniki fənlər və əmək müəllimi, ##.## 1983-cü il tarixdən Zəyəm əyani-qiyabi orta məktəbə müəllimi təyin edilmişdir. ##.##.1985-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq ##.##.1985-ci il tarixdən həmin məktəbin müəllimliyindən azad edilərək Nizami adına şəhər orta məktəbinə köçürülmüşdür.##.##.2004-cü il tarixində xidmət illərinə görə təqüdə çıxdığı üçün ərizəsinə əsasən ##.##.2004-cü il tarixdən həmin məktəbin və rayon müəlimliyindən azad edilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı təyin olunan pensiya hüququ ləğv edilərək ##.##.2004-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilən məbləğ artıqödəmə kimi müəyyən edilmişdir.

4. Iddiaçının pensiya təyini üçün cavabdehə müraciətinə cavabdeh orqanın ##.##.2025-ci il tarixli, *-**-*/*-V-******/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında’' Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinə əsasən iddiaçıya ##.##.2004-cü il tarixində xidmət illərinə görə əmək pensiyası təyin olunmuş və ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyalaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq ediiməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. Xidməti araşdırma zamanı əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1983-cü il tarixindən ##.##.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranıb. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən Qazax-Tovuz Regional Təhsil Idarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunda və X4 filialında sözügedən dövr üzrə işə daxilolma və işdərçıxma əmrləri aşkar edilməmişdir. Sözügedən dövr üzrə sadəcə 1984-cü il üzrə səkkiz ay və 1994-1999-cu illərdə əməkhaqqı aldığına dair məlumatlar aşkar olunmuşdur. Bu səbəbdən əmək pensiyasının ödənişi ##.##.2025-ci il tarixindən dayandırılıb və iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildirilir ki, hazırda “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir .

7. Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Tovuz regional Təhsil Idarəsi Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışına əsasən İddiaçı ##.##.1985-ci il tarixdən ##.##.2004-cü il tarixə kimi Nizami Gəncəvi (indiki F.Salmanov) adına tam orta ümumitəhsil məktəbində müəllim işləmişdir.

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Tovuz Regional Təhsil Idarəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında yazılmış ##.##.2004-cü il tarixli, ***/** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr Şəmkir rayonu üzrə təhsil sektorunda (Əvvəlki adı: Şəmkir Rayonu Təhsil şöbəsində) saxlanılmış əmr kitablarında yazılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, həmin ilə aid olan əmr kitabında ##.##.2004-cü il tarixli, ***/** nömrəli əmrdən sonra ##.##.2004-cü il tarixli, ***/** nömrəli əmr yazılmışdır.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Tovuz Regional Təhsil Idarəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı 1994-cü ilin sentyabr-dekabr aylarında, 1996-cı ilin yanvar-iyul, sentyabr, noyabr-dekabr aylarında, 1997-ci ilin yanvar-iyul, sentyabr-dekabr, 1998-ci ilin yanvar-iyul, oktyabr-dekabr, 1999-cu ilin yanvar-avqust aylarında əmək haqqı almışdır.

10. Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Tovuz regional Təhsil Idarəsi Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən ##.##.1985-ci il tarixdən ##.##.2004-cü il tarixə kimi Nizami Gəncəvi (indiki F.Salmanov) adına tam orta ümumtəhsil məktəbində müəllim işləmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ##.##.2004-cü il tarixdən təyin edilmiş əmək pensiyasının dayandırıldığı ##.##.2025-ci il tarixdən bərpa edilməsi və ötürülmüş müddət üçün hesablanacaq pensiya məbləğinin bir dəfəyə ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək pensiyası ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət edərək “əmək pensiya”nın bərpa edilməsini xahiş etmiş, cavabdeh tərəfindən ona ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubla müraciətnin müsbət həll edilməsindən imtina edilmişdir. Imtina onunla əsaslandırılmışdır ki, ona hesablanmış əmək pensiyası ilə əlaqədar xidməti yoxlama aparılmış və onun əmək stajının ##.##.1983-##.##.2004-cı illər arasında olan müddətin araşdırılması zərurəti yaranmış və aparılmış araşdırma ilə Qazax-Tovuz Regional Təhsil Idarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunda və X4 filialında sözügedən dövr üzrə işə daxil olma və işdən çıxama əmrləri aşkar edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası tam olaraq əsassızdır. Belə ki, cavabdehin əsaslandırmasından asılı olmayaraq onun xidməti illərə görə (tələb olunan 20 illik iş stajı) əmək pensiyası almaq üçün zəruri olan sənədlər, o cümlədən əmək kitabçanın surəti təqdim edilmişdir. Cavabdehin imtinasında əmək kitabçasında olan qeydlərin həqiqiliyini şübhə altına alan heç bir hala istinad edilməmişdir. Ancaq imtinasında qeyd edilir ki, Qazax-Tovuz Regional Təhsil Idarəsinin Şəmkir rayonu üzrə təhsil sektorunda və X4 filialında sözügedən dövr üzrə işə daxil olma və işdən çıxama əmrləri aşkar edilməmişdir. Əmrlərin aşkar edilməməsi səbəbi də aydın deyilir. Belə ki, həmin illərə dair əmrlər kitabının müəyyən edilməməsi, müvafiq qurum tərəfindən arxivə təhvil verilməməsi və ya əmrlər kitabının aşkar edilməsi ancaq onun əmək kitabçasında işə qəbul və işdən azad edilmə barədə verilmiş Əmr nömrələri ilə başqa şəxslərə aid olan əmrlərin mövcud olması, və ya ümumiyyətlə belə nömrəli əmrlərin müəyyən edilməməsi kimi əsaslandırmalar mövcud deyil. Eləcə də onun müəllim işlədiyi məktəblərdə tədris etdiyi fənlərin onun tərəfindən deyil başqa şəxslər tərəfindən tədris edilməsi də müəyyən edilməmişdir. Əmrlər kitabının müvafiq qurum tərəfindən Arxivə təhvil verilməməsi, itirilməsi və ya sair şəkildə məhv olmasına görə vətəndaş olaraq, işçi olaraq onun qanunvericiliklə heç bir məsuliyyəti yoxdur. Belə ki, işlədiyi müddətdə onun aldığı əmək haqqına görə vergi, pensiya fondu qurumlarına ödənişlər edilmişdir.

13. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən iddiaçı İddiaçı ##.##.2004-cü il tarixindən xidmət illərinə görə əmək pensiyası təyin olunmuş və ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. Xidməti araşdırma zamanı iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1983-cü il tarixindən ##.##.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü barədə əsaslı şübhələr yaranmışdır. Nəzərinizə çatdırırıq ki, Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən Qazax-Tovuz Regional Təhsil Idarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunda və X4 filialında sözügedən dövr üzrə iddiaçının işə daxilolma və işdənçıxma əmrləri aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, sözügedən dövr üzrə sadəcə 1984-cü il üzrə səkkiz ay və 1994-1999-cu illərdə əməkhaqqı aldığına dair məlumatlar aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının əmək pensiyasının ödənişi ##.##.2025-ci il tarixindən dayandırılmış və ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır) ##.##.2024-cü il tarixdən pensiya yaş həddi hazırda qadınlar üçün 64 yaş müəyyən edilib) Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsinə dair ## ##### 2022-ci il tarixli *** nömrəli qaydaların 4.1.1-ci bəndinə əsasən 2006-cı il ######ın #-dək olan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləsdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir (Qarşılıqlı yoxlama aktı qoşma olaraq əlavə olunur). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göstərilən müddəanın tələblərinə əsasən, iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixə qeydə alınmış pensiya kapitalı olmadığı üçün (X1 (PAS)-a əsasən) ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır.

14. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdehin ## ### 2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyalarının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 etirazda qeyd olunanlara eyni məzmunda izahat verərək iddanın rədd olunmasını xahiş etmişdir.

17. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, cavabdehin ## ### 2025-ci il tarixli ümumi əsaslara görə əmək pensiyalarının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamış, pensiya təyinatı barədə qüvvədə olan qərarı ləğv etməmiş, yalnız “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” adlı ##.##.2025-ci il tarixli qərar qəbul etməklə, pensiya hüququnu ləğv etmiş və nəticədə ##.##.2004-cü il tarixindən ##.##.2025-ci il tarixinədək artıq ödəmə kimi müəyyən etmişdir. Bundan sonra isə tələb olunan sığorta göstəriciləri olmadığından ##.##.2024-cü il tarixindən pensiya hüququ və aktiv əmək müqaviləsi olduğundan sosial müavinət hüququnun olmadığı qeyd edilmişdir. Lakin cavabdeh orqan iddiaçıya pensiya təyinatı barədə qərarın əsaslılığının yenidən yoxlanılmasının səbəb və əsaslarına dair hər hansı sənəd təqdim etməmiş, bu halın xidməti yoxlama zamanı aşkara çıxardığına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

20. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şıkayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq normaları

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 yerli qurumları tərəfindən aparılır.

29. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

30. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

31. IPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. IPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

33. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

36. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

37. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

38. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

39. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

41. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

45. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

46. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

47. Iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən iddiaçı İddiaçı ##.##.2004-cü il tarixindən xidmət illərinə görə əmək pensiyası təyin olunmuş və ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilmişdir. Cavabdeh orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyasının ödənişi ##.##.2025-ci il tarixindən dayandırılmış və ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab olunmuşdur. Iddiaçının pensiyasının bərpası ilə bağlı cavabdeh orqana etdiyi müraciətə həmin orqanın ##.##.2025-ci il tarixli, *-**-*/*-V-******/**** nömrəli cavab məktubu ilə imtina cavabı verilmişdir.

48. Göründüyü kimi, hazırkı mübahisə cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğvi və ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlıdır.

49. Cavabdeh orqan həmin qərarı qəbul edərkən o hala istinad etmişdir ki, xidməti araşdırma zamanı iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1983-cü il tarixindən ##.##.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü barədə əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırmasına əsasən Qazax-Tovuz Regional Təhsil Idarəsinin Şəmkir rayonu üzrə Təhsil sektorunda və X4 filialında sözügedən dövr üzrə iddiaçının işə daxilolma və işdənçıxma əmrləri aşkar edilməmişdir. Əlavə olaraq sözügedən dövr üzrə sadəcə 1984-cü il üzrə 8 ay və 1994-1999-cu illərdə əməkhaqqı aldığına dair məlumatlar aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının əmək pensiyasının ödənişi ##.##.2025-ci il tarixindən dayandırılmış və ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab olunmuşdur.

50. Beləliklə, cavabdeh orqan hazırkı mübahisə üzrə “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının əvvəllər nəzərə alınan sığorta stajını nəzərə almayaraq yenidən hesablama aparmışdır ki, bu da qanuni hesab edilə bilməz.

51. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.

52. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.

53. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

54. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamışdır. Məhkəmə icraatı gedişində cavabdeh orqan iddiaçıya pensiya təyinatı barədə qərarın əsaslılığının yenidən yoxlanılmasının səbəb və əsaslarına dair hər hansı sənəd təqdim etməmiş, bu halın xidməti yoxlama zamanı aşkara çıxardığına istinad etmişdir.

55. Qeyd olunmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurumun qərarına əsasən aparılmış və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.

56. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

57. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər, saxta sənədlər təqdim edilməsi və bu yolla pensiya təyinatına nail olmasına dair cavabdeh orqan tərəfindən əsaslı sübut təqdim edilməmiş, eyni zamanda “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan digər halların mövcudluğu da sübuta yetirilməmişdir. Belə olan halda isə iddiaçının ona pensiya təyin olunmasına dair cavabdeh orqanın hərəkətlərinə etimad hüququ vardır.

58. Mübahisənin maddi-hüquqi əsasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajını təsdiq edən əmək kitabçasını cavabdehə təqdim etmişdir ki, həmin kitabçadakı qeydlərdə də iddiaçının ##.## 1983-cü il tarixdən Zəyəm əyani-qiyabi orta məktəbə müəllimi təyin edilməsi, ailə vəziyyəti ilə əlaqədar olaraq ##.##.1985-ci il tarixdən həmin məktəbin müəllimliyindən azad edilərək Nizami adına şəhər orta məktəbinə köçürülməsi və ərizəsinə əsasən ##.##.2004-cü il tarixdən həmin məktəbin və rayon müəlimliyindən azad edilməsi öz təsdiqini tapmışdır.

59. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

60. Həmçinin, Şamxor rayon Xalq Maarif şöbəsi üzrə ## ####### 1983-cü il tarixli, ****/* nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdən Zəyəm əyani qiyabi orta məktəbə müəllim təyin edilməsi əmr edilmişdir. (Əsas: Azərbaycan SSR Maarif Nazirliyinin iyun 1983-cü il tarixli, *** nömrəli göndəriş vəriqəsi).

61. Bundan əlavə, Şamxor rayon Xalq Maarif şöbəsi üzrə ## ###### 1985-ci il tarixli, ***/** nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı – Zəyəm əyani qiyabi orta məktəbin fizika müəllimi ailə vəziyyəti ilə əlaqədar ##.##.1985-ci il tarixdən həmin məktəbin müəllimliyindən azad edilərək Nizami adına şəhər orta məktəbinə müəllim köçürülmüş dür.

62. Digər tərəfdən, Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Tovuz regional Təhsil Idarəsi Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.1985-ci il tarixdən ##.##.2004-cü il tarixə kimi Nizami Gəncəvi (indiki F.Salmanov) adına tam orta ümumitəhsil məktəbində müəllim işləmişdir.

63. Göründüyü kimi iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi iş materiallarındakı sənədlərlə (müvafiq əmrlər və arayışlarla) öz təsdiqini tapmışdır.

64. Iddiaçının işdən çıxma əmrinin, eləcə də müvafiq dövrlər üzrə əmək haqqı sənədlərinin aşkar edilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, sözügedən sənədlərin tərtibi, eləcə də arxivləşdirilməsi işəgötürənin səlahiyyət dairəsinə aid olduğundan bu hal iddiaçı üçün mənfi nəticələr doğurmamalıdır.

65. Odur ki, hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqları təmin edilməmişdir. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri isə qərarın ləğvinə əsas vermir.

66. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar