Məhkəmə qərarları › İş №2-1(3-7)-46/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-46/2026

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(3-7)-46/2026 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdehnə (üçüncü şəxslər X9, X15 və X13) qarşı “Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin mərhum atası X11 mülkiyyətinə verilməsinə dair Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarının mərhum X12 münasibətdə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1781/2025 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz rayonu, Əyyublu ərazisində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin üçüncü şəxslərin mərhum atası X11 mülkiyyətinə verilməsinə dair Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarının üçüncü şəxslərin mərhum atası X12 münasibətdə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yaşayır. Mərhum həyat yoldaşı X4 məxsus olan və Tovuz rayonun Aşağı-Ayıblı kəndində yerləşən fərdi yaşayış evinə görə Tovuz regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsə tanınmışdır. xx.xx.2024-cü il tarixli 2V-624 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülkiyyət hüquqları cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmışdır və ona xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Lakin çıxarışda onun yalnız evə görə hüquqları qeydə alınıb. Cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan və müvafiq çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə üçüncü şəxlərin mülkiyyətinə verilmiş və həmin şəxslərin mərhum atası X11 adına JN 1589A nömrəli şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə onun adına mülkiyyət hüququ ilə qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi üst-üstə düşür. Hesab edir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı üçüncü şəxslərin mərhum atası X12 münasibətdə ləğv olunmalıdır. Belə ki, qeyd etdiyi kimi ona mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin altında yerləşən həyətyanı torpaq sahəsi üçüncü şəxslərin mərhum atası X11 mülkiyyətinə verilə bilməzdi. Üçüncü şəxslərin mərhum atası Əli Qədim oğluna qanuni əsaslarla həyətyanı torpaq sahəsi qeydə alına bilməzdi. Belə ki, həmin torpaq sahəsi mərhum ərinin valideynlərinə məxsus olmuşdur. Mərhum əri hər iki valideyninin razılığı ilə həmin torpaq sahəsində hazırkı fərdi yaşayış evini tikmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9, X15 və X13 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1781/2025 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı X3 həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1781/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin iddia ərizəsində qeyd olunan halları sadalanmış, əlavə olaraq isə qeyd edilmişdir ki, məhkəməyə iddia tələbi ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Mübahisə preddmeti olan məsələ ona həyat yoldaşının vəfatından sonra məlum olmuşdur və o, dərhal məhkəməyə müraciət etmişdir. Qanun normasının tələbinə görə məhkəmə ona hüquqi yardım göstərməli idi. İş materiallarından da aydın olduğu kimi məhkəmə ona belə bir yardım göstərməmişdir. Məhkəmə təqdim olunan sübutları düzgün qiymətləndirməmiş və heç bir hüquqi əsas olmadan, iddianın mümkünsüzlüyü qərarına gəlmişdir. Bununla da həm maddi, həm də prosesual hüquq normalarını kobudluqla pozmuşdur. Cavabdehin mövqeyindən çıxış etmişdir. Bu səbəbdən də sözü gedən qərardadın ləğv olunmasını və iddia tələbimə mahiyyət üzrə baxılıb nəticə verilməsini istəyir. Çünki iddia tələbində haqlıdır. Cavabdeh onu mülkiyyətində olan əmlakdan məhrum etmiş, onun qanunsuz hərəkətlərinə görə mülkiyyət hüquqları pozulmuş, maraqlarına toxunulmuşdur. İllərlə məhkəmə mübahisəsinə cəlb olunmuşdur. Bütün bunlar iddia tələbinin mümkün olması üçün əsas hesab edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki:

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.26 ha torpaq sahəsi həyətyanı məqsədilə X12 verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN-1589A, KOD 50300068 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən ümumi sahəsi 155.8 kv.m fərdi yaşayış evi üzərində X11 DTİ və MHQİ tərəfindən mülkiyyət hüququ qeydiyyata alınaraq 52 nömrəli qeydiyyat vəsiqəsi və inventar nömrəsi 446 olan texniki pasport verilmişdir.

3. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən həmin tikililərin yerləşdiyi 0,26 ha torpaq sahəsinə dair X11 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1589 A nömrəli Şəhadətnamə verilmişdir.

4. xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi 0,26 ha torpaq sahəsi ilə birlikdə miras əmlak kimi mərhumun qardaşı X7 tərəfindən qəbul edilmişdir.

5. Tovuz rayon X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1988-ci il tarixində tərtib edilmiş texniki pasporta və Tovuz RİH Əyyublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli 1598 nömrəli arayışına əsasən ümumi sahəsi 251,6 kv.m olan fərdi yaşayış evi və mərhum qardaşı X8 qalan miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

6. xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi 0,26 ha torpaq sahəsi ilə birlikdə miras əmlak kimi mərhumun qızı X14 tərəfindən qəbul edilmiş və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində Daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X5rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Göründüyü kimi, məhkəmələr iddianın mümkünlük şərtlərini yoxlayarkən iddianın qanunla müəyyən olunmuş müddətdə verilib-verilməməsini də müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla hüquqi marağı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarının qismən, yəni mərhum X12 münasibətdə ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmçinin, bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraat”da iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli, 143-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin mülki qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: -“İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” -“Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat komissiyasının) bundan təxminən 28 il əvvəl qəbul etdiyi qərarın qanunsuz sayılaraq ləğv olunmasını tələb edir ki, hazırki halda həmin inzibati aktın mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdür və belə olan halda sözügedən qərar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qəraraaldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1781/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar