Məhkəmə qərarları › İş №2-1(3-7)-49/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-49/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-49/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsi) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 0.055 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktub ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi AZCAD, TEKUİS və Kompleks yerquruluşu layihəsinə əsasən dövlət və bələdiyyənin ehtiyat fond torpaqlarının daxilində yerləşdiyindən müraciətə baxılması mümkün olmamışdır.

İşdə olan sənədlər:

2. Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı protokolundan çıxarışa əsasən, 0,055 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır.

3. Torpağın alqı-satqısına dair akta əsasən, Aşağı Quşçu bələdiyyə ərazisindən 0.055 ha torpaq sahəsi İddiaçı satılmış, bu barədə ##.##.2005-ci il tarixli, ** saylı qərar qəbul edilmiş, bunun müqabilində sonuncu tərəfindən Tovuz rayon Kapital bankının ********** saylı hesabına əvvəlcədən 400000 manat haqq ödənilmişdir. Bu vaxt akt Tovuz rayon Aşağı Quşçu bələdiyyə orqanının sədri X1, torpaq alan İddiaçı, DTXK Tovuz rayon şöbəsinin müdiri X2 iştirakı ilə ##.##.2005-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmiş, akt Komitənin Tovuz rayon şöbəsində ##.##.2005-ci il tarixində 11 nömrə ilə qeydiyyata alınmışdır.

4. Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubunda qeyd edilmişdir ki, Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən kənd sakini İddiaçı həyətyanı məqsədi ilə 0.055 ha torpaq sahəsinin satılması rəsmiləşdirilmişdir. Hal-hazırda Üçüncü şəxs ##.##.2005-ci il tarixli ** saylı qərarı və ##.##.2005-ci il tarixli ** nömrəli alqı-satqı aktı qüvvədədir.

5. Cavabdeh ** saylı Tovuz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İslahata dair kompleks yerquruluşu layihəsinə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.055 ha torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası torpaq sahəsinin 185 kv.m hissəsi bələdiyyənin ehtiyyat fondu torpaqları, 197 kv.m hissəsi yaşayış məntəqəsi (KPİ) torpaqları, 168 kv.m hissəsi isə boş bələdiyyə torpağıdır. AZCAD və TEKUİS məlumat bazasına əsasən torpaq sahəsi ehtiyat fondu torpaqlarında yerləşir. - Elektron baza məlumatlarına əsasən (AZCAD və TEKUİS) həmin torpaq sahəsi üzərində başqa şəxsin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmmamışdır. - Torpaq sahəsi heç bir mühafizə zonasında yerləşmir. - Elektron baza məlumatlarına əsasən naturada göstərilən və qeydə alınması nəzərdə tutulan 0.055 ha torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur. - Faktiki istifadə edilən torpaq sahəsinin koordinatları və ölçüsü sxemdə göstərilmişdir. - Faktiki torpaq sahəsində və yaxud qeydə alınması nəzərdə tutulan torpaq sahəsində 90 kv.m ölçüdə fərdi yaşayış evi tikilisi mövcuddur, lakin hansı tarixdə tikilməsini müəyyən etmək mümkün olmamışdır. - Mövcud tikili torpaq sahəsinin yerləşdiyi yerin sxemində qeyd edilən torpaq sahəsinin hüdudları daxilində yerləşir və kənara çıxma yodur. - İslahata dair kompleks yerquruluşu layihəsinə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.055 ha torpaq sahəsi ayrıldığı zaman bir hissəsi yaşayış məntəqələri torpaqları, bir hissəsi isə bələdiyyənin ehtiyat fondu torpaqları olmuşdur. - İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi torpaq sahəsinin yerləşdiyi yerin sxeminə uyğundur. - Rəyin tərtib edilməsində TEKUİS məlumatlarına və kompleks yerquruluşu layihəsinə istinad edilmişdir.

6. Cavabdeh ** saylı Tovuz Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ tərəfindən İddiaçı adına Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən qeyri-yaşayış binasına dair 537 inventar nömrəli texniki pasport tərtib edilmiş və qeyri yaşayışların qeydiyyatı kitabının 75-ci səhifəsində qeydiyyatı aparılmışdır. Qeydiyyat vəsiqəsinin nüsxəsi ** saylı Tovuz Ərazi İdarəsinin arxivində mövcud deyil.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə ona satılmış 0.055 ha torpaq sahəsinin dövlət reyestrində adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aşağı Quşçu bələdiyyə ərazisindən ona 0.055 ha torpaq sahəsi satılmış, bu barədə ##.##.2005-ci il tarixli, ** saylı qərar qəbul edilmiş, torpağın dəyəri tam olaraq bələdiyyənin hesabına ödənilmişdir. Hazırda həmin qərar qüvvədə olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən sözügedən torpağın daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmasından imtina edilmişdir.

9. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 0.055 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestridə qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim L.Əliyeva) ilə iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla, mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. İddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdeh orqana yerquruluşu sənədinin verilməsi ilə bağlı müraciət etmiş, hazırki iddia tələbi ilə bağlı ona cavabdeh tərəfindən imtina verilməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh 15 saylı Tovuz Ərazi İdarəsinin hüquq varisi kimi tanınması qərara alınmışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, əvvəlki iclasda iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

19. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, nümayəndələrinin iştiraklarını təmin etməmiş, üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (## ####### 2008-ci il tarixdən əvvəlki redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

26. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)

2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. İş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Tovuz rayonu Aşağı Quşçu bələdiyyə ərazisində yerləşən 0.055 ha torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli, ** nömrəli qərar qəbul edilmişdir.

32. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.

33. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili sözügedən torpaq sahəsinin AZCAD, TEKUİS və Kompleks yerquruluşu layihəsinə əsasən dövlət və bələdiyyənin ehtiyat fond torpaqlarının daxilində yerləşməsi olmuşdur.

34. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ## ####### 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.

36. İş materiallarında olan torpağın alqı-satqısına dair aktdan görünür ki, Aşağı Quşçu bələdiyyə ərazisindən 0.055 ha torpaq sahəsi İddiaçı satılmış, bu barədə ##.##.2005-ci il tarixli, ** saylı qərar qəbul edilmiş, bunun müqabilində sonuncu tərəfindən Tovuz rayon Kapital bankının ********** saylı hesabına əvvəlcədən 400000 manat haqq ödənilmişdir. Bu vaxt akt Tovuz rayon Aşağı Quşçu bələdiyyə orqanının sədri X1, torpaq alan İddiaçı, DTXK Tovuz rayon şöbəsinin müdiri X2 iştirakı ilə ##.##.2005-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmiş, akt Komitənin Tovuz rayon şöbəsində ##.##.2005-ci il tarixində 11 nömrə ilə qeydiyyata alınmışdır.

37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

38. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılmasına dair sənədləşdirmə işləri həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Tovuz rayon şöbəsi tərəfindən aparılmışdır.

39. Həmçinin işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Tovuz rayon şöbəsində qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş sənədlər mövcud olmuşdur.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

41. Cavabdehn ** saylı Tovuz Ərazi idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən (AZCAD və TEKUİS) həmin torpaq sahəsi üzərində başqa şəxsin və ya orqanların hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır, torpaq sahəsi heç bir mühafizə zonasında yerləşmir, torpaq sahəsinin koordinatları və ölçüsü sxemdə göstərilmişdir, faktiki istifadədə olan (naturada təqdim edilən) torpaq sahəsi torpaq sahəsinin yerləşdiyi yerin sxeminə uyğundur, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşmür.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Təqdim olunan sənədlərdə də torpaq sahəsinin sahəsi və bütün texniki göstəriciləri qeyd olunmuş, həmçinin iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də əmlakın faktiki vəziyyəti müəyyən edilmişdir.

43. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

44. “İnzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

45. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

46. İşdə olan Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubu ilə müəyyən edilir ki, hal-hazırda Üçüncü şəxs ##.##.2005-ci il tarixli ** saylı qərarı və ##.##.2005-ci il tarixli ** nömrəli alqı-satqı aktı qüvvədədir.

47. Apellyasiya şikayətinin “iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdeh tərəfindən imtina verilməməsi” dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən ##.##.2025ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli etiraz təqdim edilərək iddia tələbinə münasibət bildirilmiş və tələbin təmin edilməməsi xahiş olunmuşdur. Göründüyü kimi sonuncu tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməklə hazırki iddia tələbinin müsbət həllindən imtinaya dair iradə ifadə edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar