Məhkəmə qərarları › İş №2-1(3-7)-540/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-540/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-540/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(4-7)-1219/2026 nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh attestasiya komissiyasının onun barəsində çıxartdığı ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü il tarixdə X1 daxil olmuş, ##.##.2008-ci il tarixdə həmin texnikumun "Fortepiano" ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının ##.##.2008-ci il tarixli qərarı ilə ona artist, konsertmeyster, uşaq musiqi məktəblərində musiqi müəllimliyi ixtisası verilmişdir. 2006-cı il tarixdən bu günədək Samux şəhəri Uşaq Musiqi məktəbində, artıq 20 ildir ki, fortepiano müəllimi vəzifəsində işləyir. AR NK-nın ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” əsasında ##.##.2026-cı il tarixdə Bakı şəhərində, Xoreoqrafiya Akademiyasında cavabdeh Mədəniyyət Nazirliyinin attestasiya komissiyası tərəfindən attestasiya olunmuşdur. Attestasiya zamanı komissiya üzvləri ondan fortepianoda əsərini ifa etməsini tələb etmişlər, o əsəri çox düzgün, səliqəli, tempi, ritmi, işarəli hər birini yerində ifa etmişdir. Sonra ona əsəri yarımçıq kəsib qammanı ifa etməsini demişlər. Qammanı da çox səliqəli şəkildə ifa etmiş və onu yarıda saxlamış ordan-burdan deyərək ifa etməsini istəmiş və onuda çox səliqəli şəkildə hər birini göstərmişdir. Sonra üzdən oxu qaydalar əsər təzə olduğu üçün tanış olmasa da onu da sayını, notları iki əllə göstərmişdir. Sonra isə nəzəriyyə müəllimləri təhlili ona etməsini söyləmiş və əsəri iki səhifə təhlil etmiş və 4 səhifəlik əsərin sonunda repriza yerini ona göstərmiş ona suallar vermişlər, artıq burda bilmişdir ki, onu kəsmək üçün bu sualları verirlər. Həmin suallar qarışıq və sistemli olmayaraq verilmişdir. Sədr nə qədər suallara cavab versədə onunla razılaşmamışdır. Bəzi sualları verəndə onunla razılaşmamışdır. Suallar çox qəliz şəkildə verilmişdir. Sualları cavablasa da, qısa cavabla qane olmamışlar. Sanki qərəzli şəkildə kəsmək idi niyyəti. Komissiyanın sədrdən başqa üzvləri onun cavablarına təsdiqedici işarə ilə, qane olduqlarını bildirirmiş, ancaq sədri çox acıqlı və kəskin danışıqları ilə özünün qeyri-obyektiv mövqeyini göstərmişdir. Cavabdehin tabeliyində olan və onun təşkil etdiyi mədəniyyət işçilərinin attestasiyadan keçirilmə attestasiya komissiyasının onun barəsində çıxarılan qərarını əsassız, qanunsuz və qeyriobyektiv hesab edir və buna görə qərara etiraz edilməsi barədə məhkəməyə müraciət etmək, qərarı mübahisələndirmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən onun attestasiya olunması barədə qərarın surəti ona təqdim edilməmişdir. Qərarın ona təqdim edilməsi barədə müraciət etsə də, onu yalnız məhkəmə sorğusu ilə təqdim edəcəyini bildirmişlər. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(4-7)-1219/2026 nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(4-7)-1219/2026 nömrəli qərardadının ləğv edilərək işə baxılması üçün Gəncə Inzibatı Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə AR Mədəniyyət Nazirliyini səhv olaraq inzibati orqan kimi qiymətləndirməyib. Məhkəmənin mövqeyini səhv hesab edərək bildirir ki, AR Mədəniyyət Nazirliyi inzibati orqandır. Ona görə də məhkəmə qərardadını əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də məhkəmənin çıxartdığı qərardad ləğv edilməli, işə yenidən baxılması üçün inzibati məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdəfiə edərək, birinci instansiya məhkəməsi qəraradadının ləğv edilərək, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Iddia ərizəsi üzrə qeyd olunan dəlillərdən və iş materiallarından aydın olur ki,, tərəflər arasında yaranmış mübahisə əmək hüquq münasibətləri ilə bağlıdır. Belə ki, mübahisə işəgötürən-işçi arasında olan əmək münasibətləri ilə bağlı olduğundan və mübahisəli məsələnin həlli əmək qanunvericiliyi ilə tənzimləndiyindən ona inzibati məhkəmə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Kollegiya xatırladır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli, * saylı qərarında da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVI, XVII və XVIII fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Inzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Işin halları ilə müəyyən edilir ki, iddiaçı Samux şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi kimi işləyir. Hazırkı iddia tələbi ilə iddiaçı Cavabdeh attestasiya komissiyasının onun barəsində çıxartdığı ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndində görə, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddənin 3-cü bəndində əsasən, işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında yaranan münasibətlər əmək münasibətləri olmaqla cavabdeh tərəfindən işəgötürən qismində iddiaçının attestasiyası keçirilmişdir. Qeyd edilməlidir ki, iddiaçının tutduğu vəzifə Inzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsində qeyd olunan vəzifələrə (dövlət qulluqçusu və.s) aid deyildir. Belə olan halda isə iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qadasında baxıla bilməz. «Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: Bənd 15.2. …. IPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə IPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi IPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddianı mümkün saymayan birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Həmçinin iddiaçıya bir daha izah edilir ki, hazırkı tələblə ərazi aidiyyət qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət müraciət edə bilər. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(4-7)-1219/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar