Məhkəmə qərarları › İş №2-1(3-7)-74/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-74/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(3-7)-74/2026 26.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun müvafiq əlilliyin müddətsiz təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2665/2025 saylı qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxxQ00001 nömrəli qərarı ilə İddiaçı “Sağ ayağın, sol baldırın, sol budun odlu silah kor qəlpə yaralanmaları. Qapalı kəllə-beyin travmasından (baş beyin əzilməsi) sonrakı vəziyyət asteno-nevrotik sindromla. Sağtərəfli postkontuzion orta otit. Sol qulağın təbil pərdəsinin quru perforasiyası. Pıçıltı nitqini AD-1,5 m AS-3 m məsafədən qavraması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 108 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, intihar fikirləri ilə F07.0” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 120 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının müharibə veteranıdır. İddiaçı ilkin olaraq ümumi xəstəliklə əlaqədar xx.xx.2003-cü il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2004-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1 il müddətinə İİİ dərəcə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə İİİ dərəcə, 2007-ci ildə 1 il müddətinə İİİ dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyinatından xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993) sol təpə və ənsə nahiyyəsində qəlpələr; Ağırlaşma – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Ağırlaşma – F06.7 – Yüngül koqnitiv pozuntu, Koqnitiv pozulmalar; Ağırlaşma – G81.1 – Spastik hemiplegiya, Sağ tərəfli spastik hemifarez; Ağırlaşma – G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya (travma); Ağırlaşma – H93.3 – Eşitmə sinirinin xəstəlikləri, Xroniki koxlear nevrit; Ağırlaşma – H90.3 – Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sağ tərəfli İ-İİ dərəcəli neyrosensor karlıq. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/182 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 763 nömrəli qərar vardır və hal-hazırda qüvvədədir. Məhkəmənin qərardadına əsasən əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Psixi pozuntuya səbəb olan üzvi patologiya mövcuddur. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2-ci qrup əlilliyini və pensiyanın dayandırılmasının aradan qaldırılması, əlilliyin və pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini döyüş zonasında keçirməklə, erməni işğalcılarına qarşı Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməklə 1-ci Qarabağ Müharibəsi qazisidir. 1993-cü ildə də, ermənilərlə döyüş zamanı "sağ ayağı, sol baldırın, sol budun odlu silah kor qəlpə yaralanmaları. Qapalı kəllə-beyin travmasından (baş-beyin əzilməsi) sonrakı vəziyyət asteno-nevrotik sindromla. Sağ tərəfli postkontuzion orta otit. Sol qulağın təbii pərdəsinin quru perforasiyası. Pıçıltı nitqinin AD-1,5m AS-3m məsafədən qavraması" diaqnozu ilə xəsarətlər almaqla Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı bu travma və xəsarətlərə görə də, 2008-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi ona pensiya təyin edilmişdir. O, 2021-ci ilə kimi 2-ci qrup Qarabağ müharibəsi əlili kimi pensiya almışdır və eyni zamanda müharibə iştirakçısı kimi Prezident təqaüdü almışdır. O, 2008-ci ildən 2021-ci ilə kimi həmin diaqnozla dəfələrlə Tibbi-müayinədən keçməklə 2-ci qrup əlilliyi və əmək qabiliyyətsizliyi təsdiq olunmaqla pensiya almaqda davam etmişdir. Ancaq, 2021-ci ildə cavabdeh orqan tərəfindən ona qanuni əsaslarla təyin edilmiş əlilliyi və pensiyasını dayandırmışdır. Bundan sonra o, dəfələrlə Qazax rayon Mərkəzi Xəstəxanasında, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasında, Akademik Mirqasımıv adına Respublika Klinik xəstəxanasında, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə xəstəxanasında, Respublika Klinik xəstəxanasında, Qazax rayon Psixiatriya Klinik xəstəxanasında müayinə və müalicələrdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" Əmrinə uyğun olaraq mən Respublika Psixiatriya xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Həmin müayinə nəticəsində də, Həkim Psixiatr Komissiyası onun "Üzvi (İ-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi, intihar fikirləri ilə F07.0" diaqnozu ilə xəstə olmağı barədə xx.xx.2024-cü il tarixli 108 saylı rəy verilmişdir. Göründüyü kimi sonradan aparılan müayinə və müalicələrdə onun İ-ci Qarabağ müharibəsi zamanı aldığım qapalı kəllə-beyin travması nəticəsində əlilliyini təsdiq edir. O, əvvəlki və sonradan aparılan müayinə və müalicələrə dair sənədləri və tibbi rəyləri cavabdehə təqdim etsə də, cavabdeh orqan özünün xx.xx.2024-cü il tarixli qərarı ilə ona əlillik təyin etməsində imtina etmişdir. O, bu imtinanı xx.xx.2024-cü il tarixdə almışdır. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır. Çünki 13 ildir ki, 2-ci qrup Qarabağ əlili kimi pensiya təyin edilib aldığı halda, formal müayinə Aktı yazdıraraq, guya diaqnoz əlillik əlaməti təyin etmir qeyd edib cavabdeh pensiyasını dayandırmaqda haqlı olmamışdır. Ona görə də, cavabdehin imtinası qanunsuz olduğuna görə, onun üzərinə qanuni əsaslarla təyin edilmiş əlilliyin və pensiyanın dayandırılmasının aradan qaldırılması, əlilliyin və pensiyanın təyin edilməsi öhdəliyi qoyulmalıdır. Əlavə olaraq bildirir ki, o, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanıb əlil hesab edildiyi üçün ona 2008-ci ildən 2021-ci il tarixədək olan müddətdə Prezident təqaüdü ödənilmişdir. Onun əlilliyi qanunsuz ləğv edildiyindən sonra, həmin Prezident təqaüdünün də, ödənişi dayandırılmışdır. Bundan əlavə əgər ona qanuni əsaslarla 2008-ci ildə təyin edilmiş əlilliyin və pensiyanın dayandırılması sonrakı illərdə qəbul edilib qüvvəyə minmiş normativ hüquqi aktlarla bağlıdırsa, onun hüquqi vəziyyətini pisləşdirən, ağırlaşdıran bu normativ hüquqi aktın ona münasibətdə tətbiqi də qanunsuzdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının faiz və müddətinə uyğun müvafiq əlilliyin müddətsiz təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2665/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80% pozulmasına görə ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş ağırlaşma – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu (F07.0) diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”na görə bu da iddiaçıya qoyulmuş diaqnoz ona ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas versə də, iddiaçının 10 il müddətindən artıq ikinci dərəcə əlilliyi olduğundan ona əlillik müddətsiz təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxxQ00001 nömrəli qərarı ilə İddiaçı “Sağ ayağın, sol baldırın, sol budun odlu silah kor qəlpə yaralanmaları. Qapalı kəllə-beyin travmasından (baş beyin əzilməsi) sonrakı vəziyyət asteno-nevrotik sindromla. Sağtərəfli postkontuzion orta otit. Sol qulağın təbil pərdəsinin quru perforasiyası. Pıçıltı nitqini AD-1,5 m AS-3 m məsafədən qavraması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 2665/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya müddətsiz əlillik təyin edilməsi əsassızdır. Belə ki, iddiaçı barədə ilk əlillik təyinatı 2003-cü ildə “Mədənin 12 barmaq bağırsağın yarası və daralmasına görə aparılmış rezeksiyadan sonrakı vəziyyət. Dempinq bağırsaq funksiyasının kəskin pozulması.” diaqnozu ilə təyin edilmişdir. Daha sonra eyni diaqnoz ilə 2004, 2005, 2007 və 2014-cü illərdə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. 2015-ci ildən isə “Keçirilmiş qapalı kəllə-beyin travması” diaqnozu ilə 1 il müddətinə, 2016-cı ildən isə 5 il müddətinə əlillik təyinatı aparılmışdır. 2021-ci ildə əlillik müddəti başa çatdığına görə dayanmışdır. Əlillik müddəti başa çatdıqdan sonra isə vətəndaş barəsində 3 dəfə (2021,2023,2024-cü illərdə) göndərişlər rəsmiləşdirilmiş olsa da əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 4.2-ci bəndinə əsasən : Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçının sonuncu göndərişi üzrə (xx.xx.2024-cü il tarixli) olan diaqnoz keçirilmiş kəllə beyin travması olmuşdur. Həmin diaqnoz üzrə əlilliyin müddətsiz təyin edilməsi üçün qanunvericiliyin tələb kimi qoyduğu həm 10 il müddət həm də ardıcıllıq məsələsi iddiaçıda yoxdur. Belə ki, keçirilmiş kəllə beyin travması üzrə iddiaçı 2015-dən 2021-dək (6 il) əlil hesab olunmuş, 2021-ci ildə əlillik müddəti bitdikdən sonra bir neçə göndərişinin olması ilə əlillikdə ardıcıllıq pozulmuşdur. Ən axırıncı göndəriş üzrə ümumiyyətlə əlillik təyinatının aparılması ilə bağlı isə məhkəmə tərəfindən heç bir araşdırma aparılmamışdır. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları ... 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxxQ00001 nömrəli qərarı ilə İddiaçı “Sağ ayağın, sol baldırın, sol budun odlu silah kor qəlpə yaralanmaları. Qapalı kəllə-beyin travmasından (baş beyin əzilməsi) sonrakı vəziyyət asteno-nevrotik sindromla. Sağtərəfli postkontuzion orta otit. Sol qulağın təbil pərdəsinin quru perforasiyası. Pıçıltı nitqini AD-1,5 m AS-3 m məsafədən qavraması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı ilkin olaraq ümumi xəstəliklə əlaqədar xx.xx.2003-cü il tarixdə 1 il müddətinə üçüncü dərəcə, xx.xx.2004-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1 il müddətinə İİİ dərəcə, xx.xx.2006-cı il tarixdə 1 il müddətinə İİİ dərəcə, 2007-ci ildə 1 il müddətinə İİİ dərəcə, xx.xx.2008-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2009-cu il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyinatından xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993) sol təpə və ənsə nahiyyəsində qəlpələr; Ağırlaşma – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Ağırlaşma – F06.7 – Yüngül koqnitiv pozuntu, Koqnitiv pozulmalar; Ağırlaşma – G81.1 – Spastik hemiplegiya, Sağ tərəfli spastik hemifarez; Ağırlaşma – G93.4 – Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya (travma); Ağırlaşma – H93.3 – Eşitmə sinirinin xəstəlikləri, Xroniki koxlear nevrit; Ağırlaşma – H90.3 – Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sağ tərəfli İ-İİ dərəcəli neyrosensor karlıq. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərardadına əsasən əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Psixi pozuntuya səbəb olan üzvi patologiya mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndinin 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Göründüyü kimi iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulmuş “ağırlaşma – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu (F07.0)” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7.6.2-ci bəndində əks olunmuşdur. İş üzrə mövcud ekspert rəyindən, tibbi sənədlərdən və müayinə nəticələrindən açıqaydın görünür ki, iddiaçıda diaqnoz üzrə məhz həmin meyarlarda nəzərdə tutulan simptomlar mövcuddur və bu vəziyyət iddiaçıda əvvəllər də olmuş, həmçinin iddiaçı əvvəl eyni xarakterli xəstəliyə görə əlil kimi tanınmış və bu statusuna malik olmuşdur. Həmçinin əlilliyin səbəb əlaqəsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxxQ00001 nömrəli qərarı ilə İddiaçı “Sağ ayağın, sol baldırın, sol budun odlu silah kor qəlpə yaralanmaları. Qapalı kəllə-beyin travmasından (baş beyin əzilməsi) sonrakı vəziyyət asteno-nevrotik sindromla. Sağtərəfli postkontuzion orta otit. Sol qulağın təbil pərdəsinin quru perforasiyası. Pıçıltı nitqini AD-1,5 m AS-3 m məsafədən qavraması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/182 nömrəli cavab məktubunda da bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 763 nömrəli qərar vardır və hal-hazırda qüvvədədir. Bundan əlavə məhkəmə kollegiyası iddiaçıya təyin olunmalı olan əlilliyin müddətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırki iş materiallarından da müəyyən edilir ki, iddiaçıya 2003-cü ildən 2021-ci ilədək ardıcıl olaraq 18 il müddətində əlillik təyin edilmiş, həmin dövr ərzində onun sağlamlıq vəziyyəti dövlət tərəfindən davamlı olaraq əlillik kimi qiymətləndirilmişdir. Ona görə də hazırda Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən iddiaçıya əlillik müddətsiz təyin olunmalıdır. Cavabdehin “əlillikdə ardıcıllığın pozulmuması” barədə mövqeyi hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən əlilliyin müddətsiz müəyyən olunması üçün əsas meyar konkret diaqnozun dəyişməz qalması deyil, orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə əlilliyin müəyyən müddət ərzində ardıcıl müəyyən olunmasıdır. Həmin bənddə 31–60 faiz aralığında ardıcıl 15 il, 61–80 faiz aralığında ardıcıl 10 il və 81–100 faiz aralığında ardıcıl 4 il müddətində orqanizmin funksiyalarının pozulmasının müəyyən edildiyi hallarda növbəti qiymətləndirmə zamanı əlilliyin müddətsiz müəyyən edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının əvvəlki illərdə əlilliyinin müxtəlif diaqnozlar əsasında müəyyən edilmiş olması ardıcıllığın pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2665/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar