Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-76/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi X1 iştirakları ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli, H********TIL nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz– S74.0 Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, (##.##.2020). Sağ oturaq sinirin posttravmatik nevropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə. nəticələnmiş qalıq əlaməti, yeriş funlsiyasının pozulması ilə; Ağırlaşma– T70.0 Qulağın barotravması, Barotravma (##.##.2020). İki tərəfli koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə; Ağırlaşma– Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (##.##.2020) Sağ budun yuxarı 1/3 nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3 nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpə). Budun proksimal 1/3-; Ağırlaşma– F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə.
2. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli, H********TIL nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
İşdə olan sənədlər:
3. ##.##.2024-cü il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı qoyulmuş “S74.0 G56.4 Partlayış travması (##.##.2020). Sağ oturaq sinirin postravmatik neyropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə nəticələnmiş qalıq əlaməti, yeriş funksiyasının pozulması ilə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, davranış pozuntuları ilə. T70.0 H93.3 Barotravma (##.##.2020). Ikitərəfli koxlear nevrit, ikitərefli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə. Y36.2. Partlayış travması (##.##.2020), Sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Budun proksimal 1/3-nin iç səthinin iri ölçülü ostifikasiya edən mioziti, ağrı sindromu ilə, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
4. “Məhkəmə Pskixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və depressiv daxilolmalarla (F62.0) aşkar edilir.
5. ##.##.2021-ci il tarixli Travma haqqında arayışda qeyd edilmişdir ki, çağırışçı əsgər İddiaçı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən “partlayış travması, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması xəsarətini almışdır.
6. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə F62.0.
7. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, İddiaçı ##.##.2024cü il tarixində müəyyən edilən diaqnoz “F62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müvafiq dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2000-ci il tarixində Şəmkir rayonunun Çinarlı kəndində anadan olmuşdur. ## ######## 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində Hərbi xidmət keçmişdir. ## ####### 2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə tapşırığını yerinə yetirərkən partlayış travması, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması xəsarətini almışdır. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə il müalicə aldıqdan sonra ona ##.##.2024-cü il tarixdə **** saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə xəstəliyin hərbi xidmət dövründə alındığı, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır olduğu göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, onun aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. "Hərbi travmadır, Azərbaycan respublikasinin müdafiəsi zamani alınmişdir" səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Sonuncu dəfə ##.##.2024-cü il tarixdə əlilik dərəcəsinin qiymətləndirilməsi zamanı ona imtina edilib. Səbəb əlaqəsinin diaqnozunda əlillik əlaməti təyin edilməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina verilmişdir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinəsinin təşkili barədə əmrinə uyğun o, Respublika Psixiatriya Xəstəxanasına nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi davranış pozuntuları ilə F62.0 Üzvi patalogiyanı təsdiq etmək məqsədilə nevroloji müayinə tövsiyə olunmuşdur. Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilməsi barədə 17 May 2022-ci il tarixli Nazirlər Kabinetinin 187 № li Qərarına dair izahda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə müəyyən edilmişdir ki, Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tairxli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin" 5-ci bəndə 2023-cü il tarixdə Nazirlər Kabinetinin 187 №li Qərarı əlavə edilərək qanuna müvafiq qaydada əlillik meyarlarının yüngülləşdirici hal kimi nəzərdə tutulmuşdur. Belə ki, ona, təyin olunmuş xəstəliyin əsas diaqnozu və yanaşı xəstəliklər yuxarıda qeyd etdiyi qanunlara uyğundur. Elektron onlayn alt sistemində verilən imtinada qanuna zidd əsassız imtina cavabı əlillik meyarlarına əsaslandırılmışdır.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “##.##.2024 cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası, ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydası və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun normaları ilə əsaslandırılmışdır.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, əsas diaqnozun ağırlaşması– “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəlik iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F62 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus forma 88 göndərişdə ağırlaşmalar qeyd edilməmişdir. İntellektual-anamnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi “yüngül” olaraq qiymətləndirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Beyin MRT-si müayinəsindən keçməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.7.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski – 35-60% – 2 il.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli, H********TIL nömrəli göndərişi (forma 88) əsasında cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edərək qeyd edir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə göstərilən diaqnozlardan əsas diaqnozun ağırlaşması – “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Belə ki, həmin xəstəlik iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir (Bax: hazırki qərarın 1 və 21-ci bəndləri).
27. İddiaçıda mövcud olan “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə” diaqnozu XBT-10 kodu F62.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1ci bəndində öz əksini tapmışdır. F62.0 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarlarının ya 7.7.1.1, ya da 7.7.1.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.7.1.1-ci bəndə əsasən, F62.0 kodlu xəstəlik fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski ilə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.7.1.2-ci bəndə əsasən - bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması hallarında orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.
28. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli, H********TIL nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 62) qeyd edilmişdir ki, xəstə ##.##.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Xəstəliyi MN HHK tərəfindən təsdiqlənmişdir. Forma 88 doldurulub Əlillik dərəcəsinin ilkin təyini üçün TSEK-ə göndərilir. Xəstə hündür boylu,düzgün bədən quruluşlu olub əl ağacının köməyi ilə sağ aşağı ətrafla kəskin nəzərəçarpan dərəcədə axsayır. Kəllə beyin sinirləri patologiyasızdır. Sağda dartılma simptomları müsbətdir. Valle nöqtələri ağrılıdır. Sağ pəncənin hərəkəti abs. Sağ ayağında budun və baldırın arxa lateral səthində və pəncədə hiposteziya qeyd olunur. Xəstə ayağının yerə basa bilmir, yerişi pozulub. Sağ ətrafın distal dərin süst parezi, trofiki və hissi kobud pozulmaları. Əzələ gücü 3.5 bal. Sağ ayaqda distalda yerişi kobud pozulub, zəiflik və kauzalgik daimi ağrı hesabına. Partlayış travması (##.##.2020). Sağ oturaq sinirin posttravmatik nevropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə. nəticələnmiş qalıq əlaməti, yeriş funlsiyasının pozulması ilə. Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə. Barotravma (##.##.2020). İki tərəfli koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə.Partlayış travması (##.##.2020) Sağ budun yuxarı 1/3 - nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3 nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumuşaq toxumaların yad cisimləri (metal qəlpə). Budun proksimal 1/3-nin iç səthinin iri ölçülü ostifikasiya edən mioziti, ağrı sindromu ilə, funksiyanın cüzi dərəcədə pozulması diaqnozu ilə **** nömrəli Tibbi şəhadətnamə verilmişdir.
29. “Məhkəmə Pskixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və depressiv daxilolmalarla (F62.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Davranış pozuntuları ilə F62.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, disforik olması, enməyə meylli olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
30. Bundan başqa, ##.##.2021-ci il tarixli Travma haqqında arayışda qeyd edilmişdir ki, çağırışçı əsgər İddiaçı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən “partlayış travması, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması xəsarətini almışdır.
31. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, İddiaçı ##.##.2024cü il tarixində müəyyən edilən diaqnoz “F62.0 Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi olmuşdur.
32. Göründüyü kimi iddiaçıda Meyarların 7.7.1-ci bəndində qeyd olunan xəstəliklərin olması məhkəmə psixiatrik ekspertizasının rəyi və təqdim edilmiş digər sənədlərlə öz təsdiqini tapır.
33. Məhkəmə kollegiyası iddiaçıya təyin ediləcək əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və xüsusilə vurğulayır ki, əlilliyin xüsusi səbəblərdən müəyyən oluna bilməsi üçün xəstəlik hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamədə göstərilməli, eyni zamanda, həmin xəstəlik göndərişdə əks olunmalı və diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş sözügedən xəstəlik üzrə qiymətləndirmə göstəriciləri ilə uyğunluq təşkil etməlidir. Belə ki, hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamələrdə əksini tapmış diaqnozlar əsasında əlilliyin müəyyən olunması yalnız şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə mövcud olan diaqnozlar arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsindən asılıdır.
34. İş materiallarında olan ##.##.2024-cü il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı qoyulmuş “S74.0 G56.4 Partlayış travması (##.##.2020). Sağ oturaq sinirin postravmatik neyropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə nəticələnmiş qalıq əlaməti, yeriş funksiyasının pozulması ilə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, davranış pozuntuları ilə. T70.0 H93.3 Barotravma (##.##.2020). Ikitərəfli koxlear nevrit, ikitərefli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə. Y36.2. Partlayış travması (##.##.2020), Sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Budun proksimal 1/3-nin iç səthinin iri ölçülü ostifikasiya edən mioziti, ağrı sindromu ilə, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi və əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların və ya nevroloji defisitin mövcudluğunun tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
36. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
37. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
38. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
39. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov