Məhkəmə qərarları › İş №2-1(3-7)-81/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-81/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-81/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İlyas oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı İlyas oğlunun iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X1 Dispanserinin ##.##.2024-cü il tarixli, E********XXJ nömrəli göndərişində İddiaçı İlyas oğluna qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu.

2. X1 Dispanserinin ##.##.2024-cü il tarixli, E********XXJ nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı İlyas oğlunun əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

İşdə olan sənədlər:

3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli *** nömrəli Xəstəlik haqqında qərarına əsasən, İddiaçı İlyas oğlunun diaqnozu “Bədənin müxtəlif nahiyyələrinin qəlpə yaraları, baş beyin silkələnməsi, kontuziya» (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin ##.##.2014-cü il tarixli **** saylı göndərişi, ##.##.2014-cü il tarixli *** saylı arayışı, Ağdam rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, Ağdam rayon məhkəməsinin ##.##.2014cü il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və ##.##.1995-ci ildən ##.##.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz “Sağ ağciyərin aşağı payının krupoz pnevmoniyası (N saylı hərbi hissədən verilmiş ##.##.1995-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir)” “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

4. Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı İlyas oğlu Xəstəxananın nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0

5. Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) ****** nömrəli çıxarışa əsasən, İddiaçı İlyas oğlunun diaqnozu “XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyən edilmişdir. Diaqnozun müəyyən edilmə tarixi: ##.##.2023-cü il.

6. Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) ******** nömrəli çıxarışa əsasən, İddiaçı İlyas oğlunda ##.##.2023-cü il tarixində müəyyən edilən diaqnozlar aşağıdakı kimi olmuşdur: - Əsas xəstəlik – F03 – Dəqiqləşdirilməmiş demensiya - Əsas xəstəlik – F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozğunluq - Əsas xəstəlik – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu

7. Ambulator kitabçadan (xəstəlik tarixindən) ******** nömrəli çıxarışa əsasən, İddiaçı İlyas oğlunun diaqnozu “XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyən edilmişdir. Diaqnozun müəyyən edilmə tarixi: ##.##.2024-cü il.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının *******AAF*S nömrəli göndərişi əsasında ##.##.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 5 il müddətinə (##.##.2024-cü il tarixinədək) üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə İddiaçı əlillik vəziyyətinin yenidən qiymətlənidirilməsi məqsədilə Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən *******AAGB* nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti ##.##.2019-cu il tarixində elektron qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Qiymətləndirmə nəticəsindən narazı vətəndaş həmin göndəriş və müraciəti əsasında müvafiq olaraq ##.##.2021-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2021-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti X1 Dispanserinin *******AAM** nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixində və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonuncu dəfə, vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin G********LKI nömrəli göndərişi əsasında ##.##.2024cü il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı İlyas oğlunda “Üzvi (qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə (F07.0)” aşkar olunur. İddiaçı İlyas oğlu barəsində müvafiq tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən xəstəlik əyani müayinə zamanı öz təsdiqini tapır.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı İddiaçı İlyas oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, III qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2001-ci il tarixli */*** nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arayışının surətindən görünür ki, o ##.##.1991-ci ildən ##.##.1992-ci ilə kimi N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli *** nömrəli qərarından görünür ki, döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Ağdam rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma diaqnoz: “Bədənin müxtəlif nahiyyələrinin qəlpə yaraları, baş beyin silkələnməsi, kontuziya» (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin ##.##.2014-cü il tarixli **** saylı göndərişi, ##.##.2014-cü il tarixli *** saylı arayışı, Ağdam rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, Ağdam rayon məhkəməsinin ##.##.2014cü il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR» və ##.##.1995-ci ildən ##.##.1995-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: «Sağ ağciyərin aşağı payının krupoz pnevmoniyası» (N saylı hərbi hissədən verilmiş ##.##.1995-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALINMIŞDIR”. Komissiyanın rəyindən görünür ki, ##.##.2019-cu il tarixdən ona III dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə komissiya bildiriş göndərmədən və müayinə olunmadan ##.##.2024-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

12. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (##.##.2024-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş «Əlilliyin müəyyən olunması meyarları»na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu imtina qərarının məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus Forma 88 göndərişdə heç bir ağırlaşma qeyd edilməmişdir. İntellektualamnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi “yüngül” olaraq qiymətləndirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Beyin MRT-si müayinəsindən keçirilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş X1 Dispanserinin ##.##.2024-cü il tarixli, E********XXJ nömrəli göndərişi (forma 88) ilə müəyyən olunur ki, iddiaçı “XBT 10 kodu F 07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə ##.##.2023-##.##.2023 və ##.##.2024-##.##.2024-cü il tarixlərdə Bakı “Respublika Psixiatriya Xəstəxanası”nda stasionar müalicələr almış, buna baxmayaraq, əlillik vəziyyəti həmin göndərişə əsasən “F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu əsasında cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) 11382892, 100939 və ******** nömrəli çıxarışlardan görünür ki, müvafiq olaraq ##.##.2023, ##.##.2023 və ##.##.2024-cü il tarixlərdə iddiaçı barəsində “XBT-10 üzrə kod F 07.0 əsas xəstəlik: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu müəyyən olunmuşdur. Bununla yanaşı, Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı İlyas oğlu Xəstəxananın nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0”. İddiaçıda mövcud olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır. X1 Dispanserinin ##.##.2024-cü il tarixli, E********XXJ nömrəli göndərişində aşağıdakılar qeyd edilmişdir (səh. 68-69): - “Status localis” – Anamnezindən və tibbi sənətlərdən məlum olur ki, irsiyyəti ruhiəsəb xəstəlikləri qeyd olunmur. İlkin psixo-fiziki inkişafı adi olub. Təhsili ortadır. Ailəlidir. Hərbi xidmətdə olub. İşləmir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. ##.##.1992-ci ildə hərbi xidmət keçərkən bədənin müxtəlif nahiyyələrinin qəlpə yaraları baş-beyin silkələnməsi kantuziya alıb. Bu səbəblərdən AR SN RPX-ya qəbul olunub. “Üzvi mənşəli şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə” diaqnoz təyin olunmuşdur. Xəstəliyinə görə III qrup əlillik təyin edilib. Əlillik müddətinin qurtardığı üçün stasionar müalicələrdən sonra xəstəliyinin və əlillik əlamətlərinin davam etməsini nəzərə alıb yeni qaydalara uyğun olaraq forma 88 tərtib edilib, TSEK-ə göndərilir. - “Həkim müayinəsi” – F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Xarici görnüşü səliqəlidir. Bələdliyi saxlanılıb.Formal olaraq ünsiyyətə daxil olur. Suallara düzgün qısa, asta səslə cavablar verir. Əhvalı sabit deyil. Zahirən, gərgin narahatdır. Maraq dairəs öz şəxsiyyətinə bağlıdır . İntellektual-anamnestik sferası enib. Nyaşa və aldığı təhsilə uyğun deyil. Emosional labildir. Konfiliktə meyilidir. Davranışı qeyri adekvatdır. Yaddaş və qavraması zəifləmişdir. Davranışı ciddi şəkildə pozulub. Depressiv gərgindir. Baş ağrılarından huşsuzluqdan şikayət edir. Tənqidi formaldır. Yuxusu zəifdir. Dərmanladır. Mütəmadi müalicə qəbul edir. - “Beyin MRT” – Xəstənin bədənində yad cisim (metal qəlpə) olduğu üçün Beyin MRT müayinəsi əks göstərişdir. - “Beyin KT (aksial və ya koronal və ya sagital)” – Sağ alın ön periventrikullyar. Sol arxa təpə payında arxa kortikosubkortikal lokalizaasiyada hipodens ensefalopatiya sahələri izlənilir. Pons lokalizasiyası və hər iki alın-təpə paylarında. para-periventrikullyar lokalizasiyada qliozis ocaqlar qeyd olunur. Yan mədəciklər minimal genişlənmişdir. Beyin və beyincik şırımları kortikal atrofiyaya xarakter dərinləşmişdir. Alın-gicgah paylarında subaraxnoidal sahədə genişlənmə qeyd olunur. - “EEQ çəkimi” – Müayinə oyaq vəziyyətdə hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürədə delta və teta diapazonlarda yavaş dalğalar izlənilir. Kələ daxili təzyiqin artması istisna edilmir. Baş beynin biolektrik aktivliyinin diffuz dəyişikliyi orta strukturlarının qeyri-spesfik yüksələn aktivlik əlaməti və beyin kötüyünün disfunskiya əlaməti qeyd olunur. - “Diz oynağı rentgenoqrafiyası (sağ, iki proyeksiyalı)” – Sağ diz oynağının osteoartriti ikinci mərhələ. - “Bel-oma fəqərələri MRT” – Sağ diz oynağının osteoartriti ikinci mərhələ. Bel-oma fəqərələrinin R-qrammaları. L4-L5-S1 fəqərələrarası diskin hündürlüyü tam azlıb. L1-L5 fəqərə cisimlərinin subxondral sümük səfhələrikobudlaşıb. L3-L4. L4-L5. L5-S1 fəqərəarası diskin arxaya doğru protuziyası izlənilir. L4-L5-1 fəqərəcisimlərin kənarından dimdiyəbənzər osteofitlər inkişaf edib. Fizioloji bel lordozu tam düzləşib. Bel fəqərələrarasıdisklərin degenerativ xəstəliyi. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı İlyas oğlunda “Üzvi (qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə (F07.0)” aşkar olunur. İddiaçı İlyas oğlu barəsində müvafiq tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilən xəstəlik əyani müayinə zamanı öz təsdiqini tapır. Bunu anamnestik məlumatlar 1992-ci ildə döyüş zamanı mərmi partlaması nəticəsində kəlləbeyin travması alması, Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olması, travmadan sonrakı dövrdə psixi pozuntuların meydana çıxması, əsəbi gərginliklər zamanı özünə xəsarətlər yetirməsi, psixi pozuntuların kəskinləşməsi ilə əlaqədar SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də dəfələrlə stasionar müalicə alması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Göründüyü kimi iddiaçıda Meyarların 7.6.2-ci bəndində qeyd olunan xəstəliklərin olması iş materiallarında olan tibbi sənədlər və psixiatrik ekspertizanın rəyi ilə öz təsdiqini tapır və bu hal ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli *** nömrəli Xəstəlik haqqında qərarına əsasən, İddiaçı İlyas oğlunun diaqnozu “Bədənin müxtəlif nahiyyələrinin qəlpə yaraları, baş beyin silkələnməsi, kontuziya» (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin ##.##.2014cü il tarixli **** saylı göndərişi, ##.##.2014-cü il tarixli *** saylı arayışı, Ağdam rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, Ağdam rayon məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Göründüyü kimi iddiaçının şəhadətləndirildiyi dövrdə təyin olunan diaqnoz (Bədənin müxtəlif nahiyyələrinin qəlpə yaraları, baş beyin silkələnməsi, kontuziya) ilə hazırda onda mövcud olan və iş materiallarındakı tibbi sənədlərlə öz təsdiqini tapan diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu) bir-biri ilə uzlaşmaqla eynilik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar