Məhkəmə qərarları › İş №2-1(3-7)-84/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-84/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-84/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İddiaçı cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, «üçüncü şəxslərin qeydiyyatdan çıxarılması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı üçüncü şəxslərin Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, ev 58, mənzil 49 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılmalarına dair Gəncə Şəhər Baş Polis İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli, *-**-**/*-X- *****/**/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.

İşdə olan sənədlər:

2. ##.##.2005-ci il tarixli, ***** nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Ş.İ.Xətai pr., bina 58, mənzil 49 küçəsində yerləşən 17,6 kv.m 1 yaşayış otağından ibarət yaşayış evi mülkiyyət hüququ əsasında ##.##.2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

3. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2025-ci il tarixli, ******* nömrəli arayışına əsasən, İddiaçı, üçüncü şəxs6, üçüncü şəxs4, X2, üçüncü şəxs2, üçüncü şəxs5 və üçüncü şəxs3 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin: - ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Gəncə şəhərində bir sıra küçə adları dəyişdirilmişdir. Odur ki, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi, ev 58, mənzil 49 ünvanı ilə ünvan 2 ünvanı eynilik təşkil edir. - ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Şah İsmayıl Xətai (indiki Heydər Əliyev prospekti) küçəsi, ev 58 ünvanında yerləşən ** saylı mənzil (30.3 kv.m ümumi sahəsi, 17.6 kv.m yaşayış sahəsi, 12.7 kv.m yardımçı sahəsi olan 1 yaşayış otağı) *** nömrəli order, # ###### 2005-ci il tarixli, **** nömrəli Forma 2 arayışına (qeydiyyatda olanlar: üçüncü şəxs1) əsasən üçüncü şəxs1 adına qeydiyyata alınmış və onun adına ## ###### 2005-ci il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri birinci Dövlət notariat konturunun böyük Dövlət notariusunun ## ###### 2005-ci il tarixli 4Ə-3-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs1 tərəfindən İddiaçı satılmış və onun adına ## ###### 2005-ci il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

5. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi * nömrəli xidmət sahəsinin: - ##.##.2026-cı il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, üçüncü şəxs4 və üçüncü şəxs6 ünvan 2 ünvanında qeydiyyatdadırlar, lakin hal-hazırda orada yaşamırlar. - ##.##.2026-cı il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır.

6. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2026-cı il tarixli, *-*-*/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxs6, üçüncü şəxs4, X2, üçüncü şəxs2, üçüncü şəxs5 və üçüncü şəxs3 Heydər Əliyev prospekti, bina 58, mənzil 49 ünvanında yaşamırlar. Həmin ünvanda hal-hazırda İddiaçı yaşayır.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər üçüncü şəxs6, üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs2, üçüncü şəxs5 və üçüncü şəxs3 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Ərizəsində qeyd etdiyi şəxslərin evdə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Onların qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etsə də, bundan imtina edilmişdir.

9. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı məxsusdur. Üçüncü şəxslər həmin fərdi yaşayış evində qeydiyyatdadır, lakin onlar həmin ünvanda yaşamırlar.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. Üçüncü şəxs üçüncü şəxs6 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və qardaşı ünvan 1 ünvanında yerləşən mənzildə doğulub boya-başa çatmışlar, hazırda da ataları ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçı məhkəmə tərəfindən həmin ünvana onlar üçün göndərilən bildirişlərin çatmasının qarşısını məqsədli şəkildə almışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim edilmiş etirazın məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs üçüncü şəxs6 apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunlu izahat verdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən mənzil onun mülkiyyətindədir və üçüncü şəxslər orada yaşamırlar. Üçüncü şəxs olan oğluna ayrıca ev tikdirmişdir və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır.

17. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər gəlməmiş, üzrlü səbəbləri barədə məlumat verməmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmiş, qərarın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

24. Göründüyü kimi hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Konstitusiya ilə təminat verilən mülkiyyət hüquqlarına əsasən üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını tələb etmiş, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etmişdir.

25. Gəlinən nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, işdə olan sənədlərə əsasən, üçüncü şəxslər qeydiyyatda olduqları mübahisəli evdə əvvəllər yaşasalar da, hazırda orada yaşamırlar. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi * nömrəli xidmət sahəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, üçüncü şəxs4 və üçüncü şəxs6 ünvan 2 ünvanında qeydiyyatdadırlar, lakin hal-hazırda orada yaşamırlar.

26. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının * nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2026-cı il tarixli, *-*-*/*-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxs6, üçüncü şəxs4, X2, üçüncü şəxs2, üçüncü şəxs5 və üçüncü şəxs3 Heydər Əliyev prospekti, bina 58, mənzil 49 ünvanında yaşamırlar. Həmin ünvanda hal-hazırda İddiaçı yaşayır.

27. Bundan başqa, üçüncü şəxs apellyasiya şikayətində məhkəmə bildirişlərinin mübahisəli mənzilə göndərildiyindən ona çatdırılmadığını və bu səbəbdən birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd etməklə, hazırda həmin mənzildə yaşamadığını dolayısıyla etiraf etmişdir.

28. Beləliklə məhkəmə araşdırması zamanı Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, ev 58, mənzil 49 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması, üçüncü şəxslərin orada yaşamadığı, onların hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmadığı müəyyən edilmişdir. Kollegiya hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır.

29. Belə ki, Gəncə şəhəri Birinci Dövlət notariat konturunun böyük Dövlət notariusunun ## ###### 2005-ci il tarixli 4Ə-3-*** reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən üçüncü şəxs1 tərəfindən İddiaçı satılmış və onun adına ## ###### 2005-ci il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin inzibati icraat qaydasında qeydiyyatdan çıxarılmasının mümkünlüyü müəyyən olunmuşdur.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.

32. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

33. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.

34. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

35. Məhkəmə kollegiyası tələbin təmin olunduğu təqdirdə üçüncü şəxslərin faktiki yaşadıqları mənzilə qeydiyyata düşmələrinin mümkün olmamasına münasibətdə qeyd edir ki, şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2003-cü il tarixli **s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

36. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır və apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar