Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(3-7)-9/2026 21.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5149/2025 nömrəli qərardadından İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddiaçı qismində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxlərin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü qardaşı İddiaçı xx.xx.2001-ci il tarixdən xroniki xəstəliyi başlamışdır. Tibbi Sosial Ekspert Komissiyasının 0487003AADKK saylı göndərişində onun xəstəliyi barədə ətraflı yazılmışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 37 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016 ci il, xx.xx.2019 cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdən hal-hazıradək X1 "F20.0- şizofreniya paranoid forma" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Baş həkimin imzalayaraq möhürlə təsdiqlədiyi arayış, qardaşının ağır xəstəlikdən əziyyət çəkməsini sübut edir. Bu sübuta baxmayaraq, əsassız olaraq xx.xx.2021-ci ildə pensiya təyinatı əsassız olaraq dayandırılmışdır. Çoxsaylı müraciətlər etsə də, pensiya təyinatı davam etdirilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçıya Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2006-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq İddiaçı əmək pensiyasının ödənişi xx.xx.2021-ci ildən dayandırılmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı xx.xx.2025ci il tarixindən etibarən orqanizmin funskiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, həmin tarixdən 370,36 manat məbləğində əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. Qeyd olunur ki, ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan maddənin məzmunundan aydın şəkildə məlum olur ki, qanunverici şəxsin ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsini əlillik müddətinin bitməsindən sonrakı 6 ay ərzində əlilliyin bərpa edilməsi ilə şərtləndirir. Göründüyü kimi, qanunverici əlilliyin bərpa edilməsi üçün ötürülmüş müddəti imperativ norma kimi 6 ay ilə məhdudlaşdırır. Lakin hazırki iş üzrə İddiaçı əlilliyi xx.xx.2025-ci il tarixində yenidən müəyyən edilmişdir. Belə ki, iddiaçının əlilliyi müddətinin bitdiyi xx.xx.2025-ci il tarixindən 4 il 8 gün sonra bərpa edilmişdir ki, bu da öz növbəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 3.3.1-ci maddəsinə əsasən şəxsin ötürülmüş müddət daxil edilməklə əlilliyi olan şəxs hesab edilməsi uçün imperativ qaydada müəyyən edilmiş 6 aylıq müddətdən daha çoxdur. Bu səbəbdən iddiaçının əlillik muddətinin bitdiyi tarixden bərpa edildiyi tarixədək əlilliyi olan şəxs hesab edilməsi və ona əlilliyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin müddəalarına ziddir. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının və işin hallarının qarşılıqlı təhlilindən bir daha aydın olur ki, İddiaçıya əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən əlilliyin bərpa edildiyi xx.xx.2025-ci il tarixinədək əlilliyə görə əmək pensiyasının ödənilməsi qanunauyğun deyil, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur, iddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində İddiaçı, cavabdehin isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə dəqiqləşmə barədə ərizə icrata qəbul edilmiş və cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5149/2025 nömrəli qərardadı ilə (hakim F.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5149/2025 nömrəli qərardadının ləğv olunması, iddiaçının xx.xx.2021xx.xx.2025-ci il tarixləri arasında ödənilməmiş əlilliyə görə əmək pensiyasının tam ödənilməsinə qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun əlilliyi yenidən müəyyən edildiyi gündən bərpa olunmalıdır. İddiaçının əlilliyi xx.xx.2021-ci ildən dayandırılmış və yalnız xx.xx.2025-ci il tarixdə bərpa edilmişdir. Bu müddət ərzində onun hüquqları pozulmuşdur. Məhkəmə qərarında cavabdeh, qanunda nəzərdə tutulmuş 6 aylıq müddətə istinad edərək, ödənilməmiş pensiyanın ödənilməsinin mümkün olmadığını qeyd etmişdir. Lakin qanunun mətnindən və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan aydın olur ki, bu müddət yalnız əlilliyin təkrar qiymətləndirilməsinə yönəldilmişdir və iddiaçının xroniki xəstəlikdən əziyyət çəkdiyi və tibbi-sosial ekspertizanın nəticələrinin mövcudluğu ödənilməmiş pensiyanın ödənilməsinə əsas verir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3. maddəsinə əsasən, şəxs müvafiq orqan tərəfindən əlilliyi müəyyən edilən gündən əlilliyi olan şəxs hesab olunur. İddiaçı bu müddət ərzində əlillik vəziyyətində olub, tibbi sənədlərlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən qanunun bu müddəaları düzgün tətbiq edilməmiş və ödənilməmiş pensiya təmin olunmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışı və Tibbi Sosial Ekspert Komissiyasının göndərişi ilə iddiaçının uzun müddət stasionar müalicədə olduğu təsdiqlənmişdir. Cavabdeh bu sənədləri və iddiaçının xəstəliyinin xroniki xarakterini nəzərə almamış, pensiyanın dayandırılmasını qanuni əsaslandırma kimi təqdim etmişdir. Bu da maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilə bilər. Cavabdeh tərəfindən iddia olunan 6 aylıq imperativ müddət yalnız qanuni prosedurun reallaşdırılması üçündür. Lakin bu müddət iddiaçının artıq xroniki xəstəlikdən əziyyət çəkməsi və tibbi sənədlərlə təsdiqlənmiş əlillik vəziyyətinə təsir etmir. Bu səbəbdən, xx.xx.2021-xx.xx.2025 tarixləri arasında ödənilməmiş pensiya məbləğinin ödənilməməsi maddi hüquq normalarının pozulması hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə görə, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasına qərar verilərkən, tərəfin əsaslı səbəbləri və hüquqlarının qorunması prinsipi nəzərə alınmalıdır. Hazırki işdə məhkəmə iddiaçının hüquqlarını qorumaq üçün kifayət qədər addım atmamışdır, bu da prosesual hüquq normalarının pozulmasıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, məhkəmə iddianın mümkünlüyünü araşdırarkən yalnız hüququn pozulub-pozulmadığını müəyyən etməli, bununla bağlı ilkin dəyərləndirmə aparmalıdır. Məhkəmə qərarında iddianın mümkünlüyü ilə bağlı qiymətləndirmə aparılmış, lakin iddiaçının əlilliyi ilə bağlı mövcud tibbi-sosial sənədlər və qanuni müddət pozuntuları tam nəzərə alınmamışdır. Bu, prosesual qaydaların düzgün tətbiq edilməməsi kimi qiymətləndirilə bilər. İddiaçı qanuni nümayəndəsi vasitəsilə dəfələrlə cavabdeh orqana müraciət etmişdir, lakin məhkəmə iddianın mümkünlüyünü yalnız formal müddətə əsaslanaraq rədd etmişdir. Bu yanaşma İPM-in 35-ci maddəsinin ruhuna ziddir və iddiaçının hüquqi müdafiə imkanlarını məhdudlaşdırmışdır. Məhkəmə iddianı mümkün saymamağa əsaslandırarkən həm “Əmək pensiyaları haqqında” Qanun, həm də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müddəalarını düzgün təfsir etməmişdir. Xüsusilə, ötürülmüş müddətin qanuni xarakteri və tibbi-sosial ekspertiza nəticələrinin hüquqi qiymətləndirilməsi məhkəmə tərəfindən yetərincə qiymətləndirilməmişdir. Məhkəmə İPM-in 35 və 80-ci maddələrini rəhbər tutaraq qərar qəbul etmişdir, lakin iddiaçının konkret hüquqlarının pozulub-pozulmadığını müəyyən etmək üçün kifayət qədər araşdırma aparılmamışdır. Bu da prosesual hüquq normalarının pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi, həmçinin əlavə olaraq qeyd etdi ki, X3 səhlənkarlığı ucbatından qardaşının adına yeni göndəriş rəsmiləşdirilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Rauf Məmməd oğluna ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-4/2-Ə-7730/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, İddiaçı xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 5 il müddətinə (xx.xx.2021 -ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. Sonrakı dövrdə əlillik vəziyyətinizi yenidən qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə Sizə dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.” -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Qanuni nümayəndə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Ə-71644/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1 -ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olmuş tələblərinə əsasən qəyyumu olduğunuz İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlilliyinin müddəti bitdiyi üçün ödənişi xx.xx.2021ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə'*tibbi-sosiəl ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra- Agentlik) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı qüvvədə olan əlillik dərəcəsi aşkarlanmamışdır. Bu səbəbdən İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X4rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İş materialları ilə müəyyən edilir ki, iddiaçının xahişi ona ödənilən əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixindan əlilliyinin yenidən təyin edildiyi xx.xx.2025-ci il tarixinədək olan müddət üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsindən ibarətdir. Məhz bu əsasla iddiaçının qanuni nümayəndəsi cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan isə ona məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçının əlillik müayinəsinin müddəti xx.xx.2021-ci il tarixində bitdiyindən və təkrar müayinə tarixinədək (xx.xx.2025-ci il tarixinədək) 6 aydan çox ( 4 il 9 gün) müddət keçdiyi üçün ona həmin dövr üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələblələri baxımından mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İstinad olunan qanunvericilik aktlarının müddəalarından da göründüyü kimi, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə isə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, həqiqətən də iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və 5 il müddətində cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçının əlillik müddətinin bitdiyi tarixdən 4 il 9 gün sonra yəni, xx.xx.2025-ci il tarixdən etibarən orqanizmin funskiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi bərpa edilmişdir. Başqa sözlə, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əlilliyi qüvvədə olduğu müddətlərdə ona əlilliyə görə təyin olunmuş əmək pensiyası ödənilmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçının əlillik müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ona dair yeni göndəriş (Forma 88) daxil olmamış (xx.xx.2025-ci il tarixdə yenidən müəyyən edilmiş əlilliyə görə rəsmiləşdirilmiş göndəriş istisna olmaqla), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən onun əlilliyi qiymətləndirilməmişdir. Hazırda tələb olunan müddət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən iddiaçının əlilliyi müəyyən edilmədiyindən cavabdeh orqan tərəfindən haqlı olaraq həmin müddət üzrə əlilliyə görə pensiya ödənişi həyata keçirilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. İddiaçıya pensiya ödənişinin aparılmamasının əsası ona təyin edilmiş əlillik müddətinin bitməsi olmuşdur, burada da cavabdeh orqan tərəfindən hər hansı hüquq pozma halı edilməmişdir. Belə ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırki halda isə cavabdeh orqanın iddiaçının hüquqlarını pozmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki halda iddiaçının qanuni nümayəndəsi müvafiq xəstəxananın səhlənkarlığı ucbatından iddiaçının adına göndəriş rəsmiləşdirilməməsi səbəbindən əlilliyə görə əmək pensiyasını ala bilmədiyini iddia edərsə, həmin səhiyyə müəssisəsinə qarşı kompensasiya tələbi ilə bağlı iddia qaldıra bilər. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddiaya baxılması üçün iddianın mümkünlük şərtləri yaranmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5149/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-9/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-9/2026
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver