Məhkəmə qərarları › İş №2-1(3-7)-97/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-97/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-97/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmixan oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı İsmixan oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İsmixan oğlunun hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2025-ci il tarixli *-**-*/*-H-*****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı güzəştli iş stajı yoxdur. Həmçinin, UT-1 ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" QSC-nin ona dair arayışında ##.##.2017-ci il tarixindən bugünədək Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində çilingər vəzifəsində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda işlədiyi Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin həmin arayışda istinad edilən kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağmədən işləri və quyupartlatma işlərindən hansına aid olması barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. ##.##.1984-ü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı İsmixan oğlu ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Azərbaycan Dağ- Mədən kombinatı şimal-qərb mədənində fəhlə, ##.##.1984-cü il tarixdən ##.##.1984-cü il tarixədək həmin mədəndə 4-cü dərəcəli ekskovator sürücüsü, ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1986-cı il tarixədək ekskovator sürücüsü, ##.##.1986-cı il tarixdən ##.##.1988-ci il tarixədək Azərbaycan Dağ- Mədən Kombinatında 6-cı dərəcəli maşinist, ##.##.1988-ci il tarixdən ##.##.1993-cü il tarixədək Azərbaycan Dağmədən kombinatında fəhlə, ##.##.1998-ci il tarixdən ##.##.1998-ci il tarixədək Azərbaycan Kənd Təsərrüfatı Maşınları sexində anbardar, ##.##.1999-cu il tarixdən ##.##.1999-cu il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində ocaqçı, ##.##.1999-cu il tarixdən ##.##.2000-ci il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində mühəndis, ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək Daşkəsın rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində * nömrəli qazanxanasında sahə ustası, ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək X4 2-ci dərəcə ilə qaynaqçı şəbəkələr üzrə t/elektrik montyoru, ##.##.2001-ci il tarixdən ##.##.2002-ci il tarixədək “Gəncəelektrik şəbəkə” ATSC-də nəzarətçi inkasator, ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək Daşkəsən rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində * saylı qazanxanada sahə ustası, ##.##.2013-cü il tarixdən ##.##.2016-cı il tarixədək “AIMROC LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında mexanik, ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək “xxxx” QSC Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində mexanik vəzifəsində işləmiş, ##.##.2017-ci il tarixdən hazırki tarixədək isə “xxxx” QSC Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində çilingər işləyir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-*-*/* nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı İsmixan oğlu ##.##.1981-ci il tarixdən ##.##.1983cü il tarixədək hərbi xidmətdə olmuşdur.

4. “xxxx” QSC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, Hacıyev Ramix İsmixan oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Çovdar filiz emalı sahəsinin Texniki xidmət bölməsinin çilingəri (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 8 il 3 ay 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıının 1.2.1-ci bəndinə uyğundur.

5. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli, **-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətin 2025-ci il üzrə struktur bölgüsünə əsasən, R.İ.Hacıyevin çalışdığı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) Cəmiyyətin Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinə aid edilmişdir.

6. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Ramiz İsmixan oğlu Hacıyevin 60 yaşının tamam olduğu ## #### 2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 39381,91 manat təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin 60 yaşının tamam olduğu ## #### 2022-ci il tarixinədək ümumi iş stajı 24 il 10 ay 7 gün (##.##.2006-cı il tarixinədək 16 il 7 gün (##.##.1981-##.##.1983-cü il (hərbi xidmətdə olduğu dövr), ##.##.1983-##.##.1984-cü il, ##.##.1985-##.##.1993-cü il, ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.2000-ci il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2001-##.##.2002-ci il və ##.##.2002-##.##.2003-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il 10 ay) təşkil edir. Həmçinin məktubunuzda qeyd edilən 27 il 7 ay 7 gün müddət İddiaçı # ##### 2025-ci il tarixədək olan ümumi iş stajını əhatə edir. Əlavə olaraq bildiririk ki, İddiaçı ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və “xxxx” QSC-nin ona dair arayışında ##.##.2017-ci il tarixindən bugünədək Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində çilingər vəzifəsində işlədiyi qeyd edilib. Lakin sözügedən arayışda işlədiyi Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin həmin arayışda istinad edilən kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikonlarda və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri və quyupartlatma işlərindən hansına aid olması barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrün güzəştli iş stajı olub-olmamasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur.

7. ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, “xxxx” ASC Dövlət Əmlakı Nazirliyinin ##.##.2001-ci il tarixli *** nömrəli Sərəncamı əsasında ləğv edilmiş “xxxx” Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatının çevrilməsi nəticəsində yaranmış, “Dağ-mədən və xxxx sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2020-ci il tarixli **** nömrəli və Azərbaycan Respubliikası Nazirlər Kabinetinin ## ######## 2020-ci il tarixli ***S nömrəli Sərəncamları ilə ləğv edilmiş və ##.##.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İddiaçı İsmixan oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək ona xüsusi şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək onunla əsaslandırmışdır ki, onun tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı yoxdur. O, ##.##.1962- ci il təvəllüdlü olmaqla artıq tələb olunan yaş 60 yaş tamam olmuş, həmin vaxtdan xüsusi şərtlərlə görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən də görünür ki, o, ##.##.1983-cü ildən ##.##.1984-cı il tarixədək DEK-da işə başlamışdır, sonuncu iş yeri olaraq isə ##.##.2017-ci il tarixdən bu günədək "xxxx" QSCdə çilingər kimi işləmişdir. Cavabdeh təşkilat onun məhz həmin vəzifədə işlədiyi müddəti güzəştli iş stajı kimi qəbul etməyərək belə əsaslandırır ki, şirkətin verdiyi arayışda həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. İddia ərizəsinə əlavə etdiyi "xxxx" QSC tərəfindən təqdim edilən arayışdan da görünür ki, o, konkret olaraq güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışır. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi "xxxx" QSC ilə onun arasında bağlanan əmək müqaviləsində də onun güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləyəcəyi qeyd edilmişdir.

10. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli etirazın məzmunu ##.##.2025-ci il tarixli *-**-*/*-H-*****/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının “xxxx” QSC ilə bağladığı əmək müqaviləsində onun ##.##.2016-cı il tarixdən işə qəbul edildiyi Təmir-Tikinti və texniki təminat şöbəsinin Çovdar inteqrəolunmuş regional emal sahəsinin mexanika bölməsinin emal sahəsinin çilingəri vəzifəsi ağır zərərli iş şəraitinə aid edildiyi qeyd olunmuşdur. Belə ki, iddiaçı əmək funksiyasını ağır zərərli şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 42 manat məbləğində əlavə, habelə əmək şəraitinin xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət müəyyən edilmiş, zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi qida məhsulları ilə təmin edilməsi də nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının zərərli və ağır şəraitdə işlədiyi vəzifələrdə stajının 12 il 6 aydan çox olması müəyyən edilir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını, iddiaçı isə izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq:

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların) yeraltı dağ-mədən fəhlələri yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) ekskavator maşinistləri

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onun işlədiyi çilingər vəzifəsinin Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin hansı sahəsinə aid olması barədə hər hansı məlumatın qeyd edilməməsi, bu səbəbdən də güzəştli iş stajının olmaması ilə əsaslandırmışdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

26. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 60 yaşın tamam olması, azı 25 il ümumi iş stajının və azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması şərtləri ödənilməlidir.

27. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı ##.##.1962-ci il tarixdə doğulmuş və ##.##.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Həmçinin, iddiaçının əmək kitabçası və iş materiallarında olan digər sənədlərlə onun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etdiyi ##.##.2022-ci il tarixədək ümumi iş stajının 25 ildən çox – 25 il 1 ay 7 gün olması müəyyən edilir.

28. Cavabdeh tərəfindən yalnız xüsusi iş stajı ilə bağlı tələb mübahisələndirməklə iddiaçının ##.##.1983-##.##.1984-cü illərdə Azərbaycan Dağ-Mədən kombinatı şimalqərb mədənində fəhlə, ##.##.1984-##.##.1984-cü illərdə 4-cü dərəcəli ekskovator sürücüsü, ##.##.1985-##.##.1985-ci illərdə fəhlə, ##.##.1985-##.##.1986-cı illərdə ekskovator sürücüsü, ##.##.1986-##.##.1988-ci illərdə Azərbaycan Dağ-Mədən Kombinatında 6-cı dərəcəli maşinist, ##.##.1988-##.##.1993-cü il tarixədək Azərbaycan Dağmədən kombinatında fəhlə, bundan başqa ##.##.2016-##.##.2017-ci illərdə “xxxx” QSC Çovdar filiz emalı sahəsinin texniki xidmət və təmir bölməsində mexanik, ##.##.2017-##.##.2022-ci illərdə həmin sahədə çilingər vəzifəsində işlədiyi dövrlər xüsusi iş stajı kimi qəbul edilmir və iddiaçının Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatında ilədiyi vəzifələr üzrə işəgötürənin güzəştli arayışının təqdim edilməməsi, habelə “xxxx” QSC Çovdar filiz emalı sahəsində işlədiyi çilingər vəzifəsinin Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin hansı sahəsinə aid olması barədə hər hansı məlumatın qeyd edilməməsi ilə əsaslandırılır.

29. Belə olan halda iddiaçının mübahisələndirilən dövrlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən və Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğu müəyyən edilməlidir.

30. İş materiallarında olan ** saylı Ərazi Vergilər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, “xxxx” ASC Dövlət Əmlakı Nazirliyinin ##.##.2001-ci il tarixli *** nömrəli Sərəncamı əsasında ləğv edilmiş “xxxx” Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan dağ-mədən filizsaflaşdırma kombinatının çevrilməsi nəticəsində yaranmış, “Dağ-mədən və xxxx sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2020-ci il tarixli **** nömrəli və Azərbaycan Respubliikası Nazirlər Kabinetinin ## ######## 2020-ci il tarixli ***S nömrəli Sərəncamları ilə ləğv edilmiş və ##.##.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.

31. Göründüyü kimi iddiaçının işlədiyi Azərbaycan Dağ-Mədən kombinatının çevrilməsi nəticəsində “xxxx” ASC yaradılmış, sonradan isə həmin Cəmiyyət tamamilə ləğv edilmiş və hər hansı hüquqi varis müəyyənləşdirilməmişdir. Belə olan halda iddiaçının həmin müəssisədə işlədiyi dövrə dair güzəştli arayış əldə etməsi mümkün deyildir və bu hal cavbadeh tərəfindən nəzərə alınmamışdır.

32. Qeyd olunmalıdır ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (“İnzibati icraat” haqqında Azərbaycan Respublikasının Qanununun 24.2-ci maddəsi).

33. Məhkəmə kollegiyası imtina və apellyasiya şikayətinin “çilingər vəzifəsinin “xxxx” QSC Çovdar filiz emalı sahəsinin fəaliyyət istiqamətinin hansı sahəsinə aid olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli **-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətin 2025-ci il üzrə struktur bölgüsünə əsasən, R.İ.Hacıyevin çalışdığı Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) Cəmiyyətin Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinə aid edilmişdir.

34. Bununla yanaşı, iddiaçının “xxxx” QSC ilə bağladığı əmək müqaviləsi ilə müəyyən edilir ki, onun ##.##.2016-cı il tarixdən qəbul işə edildiyi Təmir-Tikinti və texniki təminat şöbəsinin Çovdar inteqrəolunmuş regional emal sahəsinin mexanika bölməsinin emal sahəsinin çilingəri vəzifəsi ağır zərərli iş şəraitinə aid edilmişdir. Belə ki, iddiaçı əmək funksiyasını ağır zərərli şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 42 manat məbləğində əlavə, habelə əmək şəraitinin xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət müəyyən edilmiş, zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi qida məhsulları ilə təmin edilməsi də nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi – çilingər peşəsi Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alındıqda iddiaçıya ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.

36. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).

37. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar