Məhkəmə qərarları › İş №2-1(3-8)-1007/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1007/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1007/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzil kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Sumqayıt şəhər XDS IK-nin ##.##.1986-cı il tarixli ** saylı qərarına əsasən şəhər Mənzil Idarəsi tərəfindən verilmiş ##.##.1986-cı il tarixli *** saylı mənzil dəyişmə orderinə əsasən mənzil dəyişməsi nəticəsində Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15 ünvanda yerləşən yaşayış sahəsi 28,46 kv m olan iki otaqlı ** saylı mənzil X1 ailə üzvləri ilə birlikdə ayrılmışdır. V-JQ N ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X1 ##.##.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Sumqayıt şəhər Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı iddia tələbi təmin edilərək, cavabdehlər X1, X5 və X4 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab olunması qət edilmişdir. Cavabdeh orqanın ## #### 2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər X2 Icraiyyə Komitəsinin ##.##.1986-cı il tarixli, ** saylı qərarı əsasında X1 evdəyişmə yolu ilə yaşayış sahəsi 28,46 kv m olan 2 otaqlı ünvan 1-ə köçməsi qərara alınmış, 3 nəfərdən (özü və 2 oğlu: X5 və X4) ibarət ailə tərkibinə görə mənzilə dair adına ##.##.1986-cı il tarixli *** saylı order verilmişdir. İddiaçı X1 ilə ##.##.1990- cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ərizəçi ##.##.2002-ci il tarixdə mübahisə predmeti olan 2 otaqlı ünvan 1-ə qeydiyyata düşmüşdür. İddiaçı iddia tələbi əsasında Sumqayıt şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə X1 və onun 2 övladı X5 və X4 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab olunmuşdur. Hazırda İddiaçı göstərilən ünvanda 1 nəfərdən (özü) ibarət ailə tərkibi ilə ##.##.2002-ci il tarixdən qeydiyyatdadır. Iddiaçının adı L.Tahirovanın adına verilmiş ##.##.1986-cı il tarixli *** nömrəli orderdə ailə tərkibinə dair məlumatlarda keçmədiyi üçün onunla mıənzil kirayə müqaviləsinin bağlanmasından imtina edilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsi və müqavilə üzrə ilk icarədar olan həyat yoldaşı X1 yerinə iddiaçının mənzilin icarədarı kimi tanınmasına dair sərəncam verilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdrilməasi barədə ərizə verərək, iddiaçı ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər XDS-in Icraiyyə Komitəsinin ##.##.1986-cı il tarixli ** saylı qərarı ilə X1 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11b/15 ünvanda yerləşən yaşayış sahəsi 28,46 kv m olan iki otaqlı ** saylı mənzilə köçmək üçün ##.##.1986-cı il tarixli, *** saylı order verilmişdir. Həmin order əsasında X1 ilə mənzil kirayə müqaviləsi bağlanmışdır. X1 ilə Sumqayıt şəhər “Nikah evi”ndə ##.##.1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və onun razılığı ilə icarədarın ailə üzvü kimi həmin mənzilə köçərək qeydiyyata düşmüşdür. 35 ildir ki iddiaçı həmin mənzildə yaşayır və ondan istifadə edir. Həyat yoldaşı X1 ilə bir müddət birgə yaşadıqdan sonra o, birinci nikahdan olan yetkinlik yaşına çatmayan iki övladı ilə birgə Rusiya Federasiyasında yaşayan valideyinlərinin yanına köçüb getmiş və yaşadığı mənzillə bütün əlaqələrini kəsmişdir. O vaxtdan iddiaçı icarədarın ailə üzvü kimi mənzil kirayə müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirir. Sumqayıt şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə həyat yoldaşı X1 və birinci nikahdan olan uşaqlarının mənzildən istifadə hüquqlarına xitam verilmişdir. O, mənzilə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli, *-*/*-C-**-***/**** saylı bildirişlə imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı digər məsələlər tələbi barədə işə Cavabdeh baxılmışdır. Iddia ərizəsi üzrə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ünvan 1-ə dair keçmiş həyat yoldaşı X1 adına verilmiş ##.##.1986-cı il tarixli *** saylı orderdə ailə tərkibinə dair məlumatlarda adının keçməməsi səbəbdən ona yazılı imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı ilə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətini yalnız ilkin orderdə onun adının göstərilməməsi əsası ilə rədd etməsi işin faktiki hallarına və mənzil qanunvericiliyinin məqsədinə uyğun deyildir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı uzun illər ərzində mübahisəli mənzildə daimi yaşamış, həmin yaşayış sahəsindən faktiki istifadə etmiş, yaşayış sahəsinin saxlanılması və istifadə olunması ilə bağlı öhdəlikləri yerinə yetirmişdir. Eyni zamanda, mənzilin ilkin icarədarı olmuş şəxsin və onun ailə üzvlərinin həmin yaşayış sahəsinə istifadə hüquqlarına qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xitam verilmiş, nəticədə mənzildən faktiki istifadə edən və orada qeydiyyatda qalan yeganə şəxs iddiaçı olmuşdur. Belə şəraitdə yaşayış sahəsi ilə bağlı hüquqi münasibətlərin reallığa uyğun rəsmiləşdirilməsindən imtina edilməsi hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz. Bundan başqa, iddiaçının uzun illər ərzində dövlət orqanları tərəfindən həmin ünvanda qeydiyyatda olan və yaşayış sahəsindən istifadə edən şəxs kimi qəbul edilməsi onda yaranmış hüquqi vəziyyətin sabit qalacağına dair əsaslı gözlənti formalaşdırmışdır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının yaşayış sahəsinə dair kirayə münasibətlərinin onun faktiki hüquqi vəziyyətinə uyğun rəsmiləşdirilməsi üçün hüquqi əsaslar mövcuddur və cavabdehin imtinası qanuni və əsaslı hesab edilə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh apellyasiya şikayətində işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (## ####### 2009-cu il tarixədək qüvvədə olan) Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); (-). Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. SSR Ittifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə idarə mənzil fondunun evləri SSRI Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada və müddətlərdə tədricən yerli xalq deputatları Sovetlərinin ixtiyarına verilməlidir. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR Ittifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: (-) 6) Müvafiq yerli X2nə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; (-). Maddə 17. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin səlahiyyəti (Çıxarılıb) Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi mənzil fondunun idarə olunması, istismarı və təmiri sahəsində işləri əlaqələndirir. Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin səlahiyyəti daxilində qəbul olunan aktlar Azərbaycan SSR ərazisində nazirliklər, dövlət komitələri, baş idarələr, onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar üçün, habelə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri, mənzil-tikinti kooperativləri və vətəndaşlar üçün məcburidir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X2nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir SSR Ittifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR Ittifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Inzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən, orderdə ailə tərkibinə dair məlumatlarda iddiaçının adı keçmədiyi üçün mənzil kirayə müqaviləsinin bağlanmasının təmin edilməsi qanunamüvafiq hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, mübahisəli yaşayış sahəsi ## ######## 1986-cı il tarixli *** nömrəli mənzildəyişmə orderi əsasında X1 ayrılmış, iddiaçı isə ## ### 1990-cı il tarixdə onunla rəsmi nikaha daxil olmuş və uzun illər həmin yaşayış sahəsində yaşamışdır. Iş materiallarında olan sübutlardan, o cümlədən yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, hazırda mübahisəli mənzildə qeydiyyatda olan yeganə şəxs iddiaçıdır. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ####### 2022-ci il tarixli qətnaməsi ilə X1 və övladları X6 və X8 Sumqayıt şəhəri, 45-ci məhəllə, **b/** saylı evdə yerləşən ** saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Işin qeyd olunan halları cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh iddia ərizəsinə etirazında qeyd olunan hallara istinad etmiş və imtinanın dəlili kimi L.Tahirovanın adına verilmiş orderdə iddiaçının adının göstərilməməsini qeyd etmişdir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini yalnız ilkin orderdə onun adının göstərilməməsinə istinad etməklə rədd etməsi formal xarakter daşıyır və mübahisənin faktiki və hüquqi hallarına uyğun gəlmir. Belə ki, mübahisəli yaşayış sahəsinin ilkin istifadəçisinin və onun ailə üzvlərinin həmin mənzilə dair hüquqları məhkəmə qətnaməsinə əsasən itirilmiş hesab edilmiş, iddiaçı isə uzun müddət həmin mənzildə faktiki yaşayan, qeydiyyatda olan və yaşayış sahəsindən istifadə edən yeganə şəxs kimi qalmışdır. Işin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətləri 2009cu ilədək yarandığından, həmin münasibətlərə o dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin Məcəllənin: - 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR Ittifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. - “Icarədarın ailə üzvlərinin hüquq və vəzifələri” adlı 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Icarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. .... Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Qeyd olunan hüquq normalarının birgə təhlili onu deməyə əsas verir ki, icarədarın əri (arvadı) və uşaqları onun ailə üzvləri sayılır, hansı ki, hazırkı iddia tələbinin təmin olunması üçün iddiaçının mənzilin icarədarı olan arvadı ilə mübahisəli mənzildə birgə yaşaması zəruridir. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından iddiaçının icarədar ilə rəsmi nikaha daxil olub onunla bir müddət həmin mənzildə birgə yaşaması və qeydiyyatda olması, habelə hazırda mənzildə qeydiyyatda yeganə şəxs olması müəyyən olunur ki, bununla da iddiaçının mənzilin keçmiş icarədarı olan arvadı ilə birlikdə həmin mənzildə yaşayan ailə üzvü kimi mənzilin icarədarı hesab edilməsi hüququ vardır. Bu mənada kollegiya hesab edir ki, cavabdeh orqan iddiaçının adının orderdə olmaması əsası ilə müraciətin icrasından imtina etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, icarədar qismində iddiaçının həmin mənzilə dair onunla mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərindən irəli gələn kirayə müqaviləsinin bağlanılmasını tələb etmək hüququ vardır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən haqlı olmuşdur Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Həmin dəlillər əsasən iddiaçının order sahibi olmaması ilə bağlı formal mülahizələrdən ibarət olmaqla, iş üzrə müəyyən edilmiş faktiki halları, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, iddiaçının uzunmüddətli faktiki istifadə hüququnu və hazırda yaşayış sahəsində qeydiyyatda olan yeganə şəxs olmasını aradan qaldırmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar