Məhkəmə qərarları › İş №2-1(3-8)-1010/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1010/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1010/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “onun mənzil növbəsinin rəsmi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “onun mənzil növbəsinin rəsmi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qazidir. Bir gözünü 44 günlük müharibədə itirmişdir. 2-ci qrup ömürlük əlildir. ünvan 2 ünvanında 5 ildən artıqdır ki, qeydiyyatdadır. Iddiaçı mənzil növbəsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina cavabı vermişdir. Belə ki, cavabdeh bidldirmişdir ki, mənzil uçotuna götürülmək üçün ən azı 5 il ərzində Abşeron rayonunda yaşamalı və pasport qeydiyyatında olmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup Vətən müharibəsi əlili kimi mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildiririk ki, iddiaçının tələbi onun Abşeron rayonunda 5 (beş) il daimi pasport qeydiyyatı olmadığından təmin olunmamışdır. Istər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Rahim Həsənov). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. ... 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. ... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ... ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2009-cu il tarixli *** nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ikinci qrup Vətən müharibəsi əlili olmaqla, mənzil növbəsinin rəsmi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Iddiaçının hüquqi marağı Abşeron rayonunda mənzil uçotuna götürülməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizə əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin norma və onun sistemli təhlili göstərir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçotu şəxsin faktiki və daimi yaşayış yeri ilə əlaqələndirilmiş hüquqi institutdur və yalnız yaşayış yerinin formal dəyişdirilməsi mənzil uçotunun avtomatik olaraq başqa inzibati ərazi üzrə aparılmasına əsas vermir. Iş materiallarına əlavə olunmuş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ## ######## 2025-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Iş materiallarına əlavə olunmuş **** nömrəli, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ş.Qurbanov küçəsi, fərdi yaşayış evində 5 ildən artıq qeydiyyatsız yaşamışdır, ## ######## 2025-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekpert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, iddiaçı ##.##.2021-ci il tarixdən ikinci dərəcəli əlildir. Hazırda qüvvədə olan Abşeron Rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1983cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdeh o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsun. Hazırda isə iddiaçı hüquqi əsas olmadan Abşeron rayonunda mənzil uçotuna götürülməsini tələb edir. Bu zaman Abşeron rayonunda qeydiyyatda olmalarına istinad edir, lakin işin hallarından göründüyü kimi sözügedən qeydiyyat formal xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin qeydiyyatda olduğu ünvan istənilən halda onun yaşayış yeri hesab olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin birinci abzasında deyilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Eyni zamanda Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq normaları yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsinin əsaslarını tənzimləmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatındada iddiaçı kirayədə yaşadığını bildirmiş və qeyd etmişdir ki, Ağstafa Rayon Icra Hakimiyyətinin hüquq şöbəsi ilə danışdıqda ona bildirildi ki, qeydiyyatını həmin ünvana köçürəcəyi təqdirdə məhkəmə tərəfindən iddiam təmin edilməzsə, yenidən mənzil növbəsinə daxil edilməyəcəyəcək. Göründüyü kimi iddiaçı Ağstafa Rayonunda mənzil növbəsində olduğu halda hüquqi əsas olmadan Abşeron Rayonunda mənzil növbəsinə durmaq istəyir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı mənzil uçotuna götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Mənzil Məcəlləsinin 52-ci madddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı artıq bir dəfə əvvəllər qeydiyyatda olduğu yer üzrə mənzil uçotuna alınmış və həmin ərazidə ona mənzilin verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, mahiyyəti etibarı ilə hazırkı mübahisə yeni uçota alınma deyil, mövcud mənzil uçotunun başqa inzibati ərazi vahidinə köçürülməsi ilə bağlıdır. Iddiaçı isə mənzil uçotunun dəyişdirilməsini zəruri edən, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi və faktiki əsasların mövcudluğunu sübuta yetirə bilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuş, birinci instansiya məhkəməsinin qərarı isə hazırda mövcud olan məhkəmə praktikasına uyğun olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTICƏVI HISSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar