Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1018/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı İsmayılova Nailə Heydər qızının cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “RX seriyalı ******* saylı, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İsmayılova Nailə Heydər qızı cavadehlər Abşeron rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsinə cavabdehlərə məxsus idarələrin mülki geyimli və uniformalı əməkdaşlarının müdaxilələri və özbaşınalıqlarının - həmin sahədə tikintiyə qadağa, torpaq sahəsinə daxil olarkən cavabdehlərin əməkdaşları olaraq hədə qorxular gələrək “başçı qadağan edib, rəisin göstərişi var, barənizdə cinayət işi qaldırılacaq” kimi qanunsuz olaraq suni maneə və əngəl kimi hərəkətlərin qanunsuz hesab edilməsi, cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının mülkiyyətindəki torpaq sahəsinə müdaxilə edilməklə qanunsuz olaraq sökdükləri mövcud olan hasarın cavabdehlərin öz vəsaitləri hesabına yenidən bərpa edilməsi, müdaxilələrinə son qoyulması barədə və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR yazısı uniformalarında əks olunmuş əməkdaşların özbaşınalıqlar edərək mülkiyyətindəki sahəyə daxil olan zaman həmin şəxslərin əraziyə yaxın polis əməkdaşlarını dəvət edərək mülkiyyətindəki torpaq sahəsinə müdaxilələr edərək, özbaşına daxıl olub, hədə qorxular gəlmələri ilə müşayət olunan qanunsuz hərəkətlərinin aradan qaldırılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə ərizəsi təqdim edərək, “onun RX seriyalı ******* saylı, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə cavabdeh orqan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən müdaxilənin qadağan edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ərazi idarəsindən torpaq sahəsinin planı və ölçüsü çəkilərək verilibdir. Həmçinin ##.##.2015-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçı öz adına xüsusi mülkiyyətçi otaraq çıxarış da almışdır. 2024-cü ilin sentyabr ayında mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsinin ətrafında olan hasar Abşeron Rayon icra Hakimiyyətinin, AR DİN-nin Abşeron Rayon Polis İdarəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR əməkdaşları tərəfindən qanunsuz olaraq dağıdılmış və sökülmüşdür. Dəfələrlə cavabdeh qurumların qanunsuz hərəkətləri barədə müraciətlər etsə də, heç bir qanuni tədbir görülməyibdir. Bildirir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində mülkiyyətindəki 0.06 ha torpaq sahəsinin sağ tərəfi, sol tərəfi arxa sahələrində yaşayış evləri tikilib, bu torpaq sahəsi ilə bağlı 2016-cı ildən 2021-ci ilə kimi məhkəmə mübahisələri olmuş, iddiaçının mülkiyyət hüquqları üstün tutularaq məhkəmə qətnamələri çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi qüvvədə saxlanılmış və yekunda həmin mülkiyyətindəki sahə hasar daxilində iddiaçının özünə icra məmurları tərəfindən akt əsasında təhvil verilmişdir. Hazırda bu barədə qüvvədə olan məhkəmə qətnamələri vardır. Ona görə də iddia tələbi tam təmin edilməli, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısı alınmalıdır. Cavabdeh orqanın məhkəməyə ünvanlanmış məktubunda müəyyən edilir ki, iddiaçı İsmayılova Nailə Heydər qızına dair torpaq sahəsinə tərəflərindən heç bir müdaxilə olunmamış, digər orqanlar tərəfindən torpaq sahəsinə müdaxilə olunub-olunmaması ilə bağlı məlumatları yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva) İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında mülkiyyət hüququ əsasında ona məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsinin ətrafında olan hasar Abşeron Rayon İcra Hakimiyyətinin, AR DİN-nin Abşeron Rayon Polis İdarəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR əməkdaşları tərəfindən qanunsuz olaraq dağıdılmış və sökülmüşdür. Dəfələrlə cavabdeh qurumların qanunsuz hərəkətləri barədə müraciətlər etsə də, heç bir qanuni tədbir görülməyibdir. Həmçinin məhkəmə həmin dağıntının və söküntünün kameraya çəkilməsi barədə sübut istəyir ki, ahıl yaşlı qadın mülkiyyət hüquqlarını bərpa etmək üçün hər axşam yataq xəstəsi olaraq İcra qurumlarının özbaşına və qanunsuz əməllərinin baş verəcəyini ehtimal etməlidir. O, mümkün sübutlarını məhkəməyə araşdırılması üçün təqdim etmişdir. Onun mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi ərazisində 0.06 ha torpaq sahəsinin sağ tərəfi, sol tərəfi arxa sahələrində yaşayış evləri tikilib, bu torpaq sahəsi ilə bağlı 2016-cı ildən 2021-ci ilə kimi məhkəmə mübahisələri olmuş, iddiaçının mülkiyyət hüquqları üstün tutularaq məhkəmə qətnamələri çıxarılmışdır. Hazırda iddiaçının mülkiyyətindəki həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi qüvvədə saxlanılmış qərarlar mövcuddur. İcra mərhələsinin sonu olaraq iddiaçının mülkiyyətindəki sahə hasar daxilində iddiaçının özünə Abşeron Rayon icra məmurları tərəfindən akt əsasında hasar daxilində iddiaçının özünə təhvil verilmişdir. Həmin hallara məhkəmə düzgün hüquqi qiymət verməməsi iş materialları ilə ziddiyyət təşkil etməkdədir. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Şikayətdə birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Hazırda iddiaçı RX seriyalı ******* saylı, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə cavabdeh orqan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən müdaxilənin qadağan edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, məhkəmə qərarında iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin əsaslarla iddiaya mahiyyəti üzrə baxmaqla yalnış nəticəyə gəlmişdir. ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Plenum Qərarının 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə cavabdeh orqan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən müdaxilənin qadağan edilməsinə nail olmaqdan ibarətdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh inzibati orqan tərəfindən hər hansı müdaxilə edilməsisubut olunmur. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda qeyd edir ki, Nailə Heydər qızı İsmayılovaya dair torpaq sahəsinə tərəflərindən hər hansı müdaxilə olmamışdır. Qeyd olunan torpaq sahəsinə digər orqanlar tərəfindən müdaxilə olunub-olunmaması ilə bağlı Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Eləcə də iş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş müəyyən fotoşəkillər əlavə edilsə də, həmin fotoşəkillər də cavabdeh inzibati orqanın konkret hərəkətlərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmin fotoşəkillərdən onların məhz mübahisəli torpaq sahəsində çəkildiyi, eləcə də təsvir olunan halların cavabdeh inzibati orqanın fəaliyyəti ilə bağlı olduğu, konkret olaraq hansı hal ilə bağlı olduğu müəyyən edilmir. Beləliklə də, iddiaçı inzibati orqan tərəfindən mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edildiyini irəli sürsə də, bu halı təsdiq edən kifayət qədər, mötəbər və inandırıcı sübutları nə iddia ərizəsinə əlavə etmiş, nə də məhkəmə araşdırması zamanı təqdim etmişdir. İş üzrə toplanmış sübutlar cavabdeh inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hüquqlarının pozulduğunu müəyyən etməyə imkan vermir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərti yerinə yetirilməmişdir. Belə olan halda, məhkəmə ilk növbədə iddianın mümkün olub-olmamasını qiymətləndirməli, mümkünlük şərtinin mövcud olduğunu müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında cavabdeh inzibati orqanın mübahisələndirilən hərəkətlərini təsdiq edən sübutların olmadığını düzgün müəyyən etsə də, həmin hüquqi nəticədən çıxış edərək iddianı mümkün saymamalı olduğu halda, işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Halbuki, hüquqi marağın və hüququn pozulmasının ilkin əsaslandırılması mümkünlük mərhələsində müəyyən edilmədikdə, mübahisənin mahiyyəti üzrə araşdırılmasına prosessual əsas yaranmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüququn pozulması barədə yalnız ehtimal və ya subyektiv mülahizələr iddianın mümkün sayılması üçün kifayət etmir. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə etdiyini irəli sürsə də, həmin müdaxilənin məhz cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyini təsdiq edən hər hansı konkret fakt, sənəd və ya digər mötəbər sübut təqdim etməmişdir. Belə ki, yuxarıda da istinad olunduğu kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hazırki iş üzrə iddiaçı inzibati orqanın hərəkəti nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu qeyd etsə də, bunu zəruri sübutlar təqdim etməklə əsaslandıra bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia İPM-nin 35.1-ci maddəsinin tələbinə əsasən mümkünlük şərtini ödəmədiyindən birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmaqla yalnışlığa yol vermişdir. Kollegiya onuda qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi halların doğruluğu cinayət təqibi əsası yarada bilər ki, iddiaçının bununla bağlı müvafiq səlahiyyətli orqanlara müraciət etməsi istisna edilmir. Lakin iddiaçının inzibati məhkəmə icraatı qaydasında hüquq müdafiə imkanı iddianın mümkülüyü ilə əlaqədar iddiaçının sübuetməsi ilə əlaqədardır, lakin işdə belə bir sübetmə mövcud deyil. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxaraq, qərar qəbul etmiş, iddianın mümkün sayılmaması üçün əsaslar olduğu halda, həmin halları diqqətdən qaçırmış, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi ilə bağlı olduğundan, apellyasiya şikayəti qismən-məhkəmə qərarının ləğv edilməsi hissəsində təmin edilməli, iddia mümkün sayılmadığından, şikayət qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1018/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1018/2026
30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver