Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-102/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2- 1(118)-742/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər işləməyi, xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə kimi hərbi xidməti, hərbi xidmətdən sonra xx.xx.1981-ci ildən Azərkimyatəmir Trestinə qayıdaraq xx.xx.1996-cı ilə qədər işlədiyi əmək stajını nəzərə almaqla ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, xx.xx.1978-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1980-ci ildə hərbi xidmətdən qayıtmışdır.xx.xx.1977-ci ildən xx.xx.1996-cı ilə qədər Azərkimyatəmir Trestində qazkəsici peşəsində, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ilə kimi “Azərsənayetikinti” SC 2 saylı Müəsissisədə qazkəsici peşəsində işləmişdir. Onun ümumi stajı 28 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. Müvafiq sənədləri toplamaqla 21 sentyabr 2023-cü ildə cavabdeh təşkilata müraciət etmiş, lakin 27 sentyabr 2023-cü il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 8 il 7 ay olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin imtinası qanusuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 09/58 nömrəli arayışında İddiaçı xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Səhmdar Cəmiyyətin 2 saylı müəssisəsində qazlakəsici vəzifəsində işlədiyi bildirilmiş, həmin vəzifənin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, islərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının 2 №-li siyahısının “Ümumi peşələr” bölməsinin 23200000—11618 sifrəsinə uyğun olduğu göstərilmişdir. Sözügedən dövr cavabdeh inzibati orqan tərəfindən İddiaçı güzəştli iş stajına daxil edilsə də (8 il 7 ay 14 gün (xx.xx.1996-xx.xx.2004-cü il arasındakı dövr)), qanunla tələb olunan 12 il 06 ay iş stajı tamamlanmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əsassızdır. Sonradan cavabdeh təşkilat etiraza əlavə olaraq bildirmişdir ki, məhkəmə araşdırması zamanı əldə olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 22 may 2024-cü il tarixli 3-48-DA-1OF/2-367/1 nömrəli məktubunda iddiaçının “Azərkimyatikinti” Trestinin 3 №-li TTQİ-də əmək fəaliyyətinə dair 1988-ci ilin oktyabr ayından 1996-cı ilin fevral ayınadək əməkhaqqı cədvəlləri, 05 oktyabr 1988-ci il tarixdə işə daxilolma əmri, 29 mart 1996-cı il tarixdə işdən azad edilmə əmri əks olunmuşdur. Bir daha bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Yuxarıda qeyd olunan arxiv arayışı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən məlumatları, yəni işlədiyi dövrdə zərərli əmək şəraitində çalışmasını, işlədiyi vəzifələrin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunluğunu özündə əks etdirməməklə, işəgötürən tərəfindən verilən güzəştli arayışı əvəz etmir. Bu səbəbdən iddiaçının xx.xx.1988- xx.xx.1996-cı illər arasındakı dövr ərzində işlədiyi vəzifələrin güzəştli iş stajı olub-olmadığını müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(118)-742/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.1988-ci ildən xx.xx.1996-cı ilədək Azərkimya Tikinti Trestinin 3 nömrəli Təmir-Tikinti Quraşdırma idarəsində zərərli şəraitdə təmirçiçilingər işində işləmişdir. Bu iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 №-li Qəran ilə təsdiqlənmiş 2 №-li Siyahısında “Ümumi peşələr” bölməsinin 23200000-11618 şifrəsinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verir. Lakin birinci instansiya məhkəməsi qərarında təmirçi-çilingər işini zərərli iş hesab etməmiş və iddianı təmin etməmişdir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq onu imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən məhkəməyə xx.xx.1988-xx.xx.1996-cı illər arasındakı dövr ərzində “Azərkimya” Tikinti Trestində işlədiyi vəzifə ilə bağlı “Ransan" ASC tərəfindən verilmiş güzəştli arayış təqdim edilmişdir. Bununla bağlı bildirilir ki, güzəştli arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Kimya istehsalatı bölməsinin (X) 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr (2110A030—17531) nəzərdə tutulmuşdur. “Azərkimyatikinti” trestinin İddiaçı dair arayışında xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə təmirçi çilingər vəzifəsində işlədiyi göstərilib. Onun işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Həmçinin sözügedən arayışda işlədiyi müddətdə işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olub olmaması barədə də hər hansı məlumat qeyd olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). Bu baxımdan, kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki əsas mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,6 il güzəştli iş stajının mövcud olması. İşdən görünür ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə mövcud deyil. İddiaçının 8 il 7 ay 14 gün güzəştli iş stajına malik olması cavabdeh inzibati orqan tərəfindən qəbul edilir. İnzibati orqan tərəfindən mübahisələndirilərək güzəştli iş stajına daxil edilməyən dövrlər xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövrdür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair etirazda da qeyd olunmuşdur ki, “Azərkimyatikinti” trestinin İddiaçı dair arayışında xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə təmirçi çilingər vəzifəsində işlədiyi göstərilib. Onun işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Kollegiya inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş “Azərikimya” Tikinti Tresti 3 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Taptıq oğlu 04 oktyabr 1988-ci il tarixindən 1996-cı ilin aprel ayına qədər zərərli işlərdə təmirçi-çilingər vəzifəsində çalışıb. Eləcə də Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən sorğuya cavab olaraq müvafiq əmrlər və əmək haqqı cədvəlləri təqdim edilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirilən dövrlərdə sözügedən müəssisədə çalışması əmək kitabçasında müvafiq qeydlər, arxiv çıxarışları və əmək haqqı cədvəlləri ilə öz təsdiqini tapmışdır. İddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayətinə etiraz və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın kimya istehsalatı bölmələrində müvafiq peşə nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçı müvafiq müəssisədə təmirçi çilingər peşəsində işləsə də sözügedən qərarın müvafiq bölməsində həmin vəzifənin adı keçməmişdir. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Ona görə iddiaçıya 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsassız hesab edərək qeyd edir ki, məhkəmə təcrübəsindən də aydın olduğu kimi şəxsin çalışdığı vəzifənin sahə üzrə konkret göstərilməməsi həmin vəzifənin zərərlilik dərəcəsini aradan qaldırmır. Belə ki, oxşar işlər üzrə məhkəmə qərarlarında da şəxsin çalışdığı vəzifələrlə bağlı əldə edilmiş güzəştli arayışlarla sözügedən vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nın X. Kimya istehsalatı bölməsinin “2110A00” kodlu, “a” (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) bəndindəki fəhlələr peşəsinə uyğunluğu müəyyən edilmişdir. Kollegiya hazırki iş üzrə də iddiaçının çalışdığı təmirçi-çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nın X. Kimya istehsalatı bölməsində nəzərdə tutulmamasına münasibətdə qeyd edir ki, sözügedən sahədə çalışan fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malik olduğu halda, eyni zərərli əmək şəraitində çalışan təmirçi-çilingərlərin hüquqlarının məhdudlaşdırılması bərabərlik prinsipinin pozulmasına səbəb olur. Praktikadada kimya sənayesi daha zərərli sahə olduğu üçün həmin sahədə işləyən bütün fəhlələrə güzəşt tətbiq edilir. Eləcə də “Azərikimya” Tikinti Tresti 3 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş arayışdan da göründüyü kimi İddiaçı Taptıq oğlu 04 oktyabr 1988-ci il tarixindən 1996-cı ilin aprel ayına qədər zərərli işlərdə təmirçi-çilingər vəzifəsində çalışmışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının vaxtilə çalışmış olduğu müəssisənin hazırda fəaliyyət göstərməməsi iddiaçının sosial təminat hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Beləliklə də, kollegiya hesab edir ki, 05 oktyabr 1988-ci il tarixdən 25 mart 1996-cı il tarixinədək (7 il 5 ay 20 gün) olan müddət də iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşının tamam olduğu 03 dekabr 2016-cı tarixdən yaransa da, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbi nəzərə alınmaqla pensiya ödənişləri onun cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki 3 il nəzərə alınmaqla ödənilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi ilə bağlı 19 sentyabr 2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilmişdir (iş materialları, səhifə 23). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 03 dekabr 2016-cı il tarixdən güzəştli şərtlə pensiya təyin edilməsi və onun inzibati orqana müraciət etdiyi 19 sentyabr 2023-cü il tarixdən əvvəlki üç ildən hesablama aparılaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(118)-742/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 03 dekabr 2016-cı il tarixdən güzəştli şərtlə pensiya təyin edilməsi və onun inzibati orqana müraciət etdiyi 19 sentyabr 2023-cü il tarixdən əvvəlki üç ildən hesablama aparılaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.