Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1025/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında ## #### 2017-ci il tarixli, ****gm saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Rlik kursuna başlamış, kursu bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət etmişdir. 2017-ci ilin may ayına qədər xidmətdə olmuş, qeyd edilən tarixdə hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində tamamilə əsassız və qanunsuz olaraq saxlanmış, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsində 2017-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ona qarşı edilmiş bu qanunsuzluğa baxmayaraq, ## ####### 2020-ci il tarixdə səfərbərliklə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində iştirak etmişdir. Nəticədə ## ###### 2020-ci il - ## ###### 2020-ci il tarixlərdə Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, həmin rayonun işğaldan azad edilməsi üçün hərbi xidmət fəaliyyəti göstərmişdir. Nəticədə Vətən müharibəsində iştirakla bağlı müvafiq medallarla təltif olunmuşdur. Həmin dövrdə, yəni 2017-ci ilin may-iyul aylarında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında razı olmasa da 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə elə bir vəziyyət yaranmışdır ki, harasa müraciət edib haqqı tələb etmək imkanı sadəcə mövcud deyildi. Qanunsuz olaraq saxlanılmış, sonradan sərbəst buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçıya şikayət etməməyi üçün hədə-qorxu gəlinmiş, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdur. Bundan başqa, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı məsələni məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçıya qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət həm iddiaçının, həm də digər zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra ## ###### 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaq Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra o da ifadə vermiş, ona məlum olan hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmağı ilə bağlı məlumat vermişdir. Nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin ## #### 2022-ci il tarixli qərarı ilə qanunsuz saxlanıldığı və ağlasığmaz işgəncələrə məruz qaldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu qərar iddiaçıya Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 2022-ci ilin iyul ayında təqdim olunmuşdur. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan dərhal sonra cavabdehə 2022-ci ilin iyul ayında ərizə ilə müraciət edərək, ## #### 2017-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh xidməti uyğunsuzluqla ehtiyata buraxılmağının səbəbini göstərə bilməmişdir. 2017-ci ilin iyul ayında da bu əmr ona elan edilməmiş, onun mahiyyəti indiyə qədər aydın deyildir. Əmrin sadəcə sorğu-suala cəlb edilməyilə bağlı olduğunu bildirib, ehtiyata buraxmışdılar. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassızdır. Həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti ləkələnmişdir. 2017-ci ilin may-iyun ayları ərzində qanunsuz saxlanılmış qeyri-insani rəftara və ağır işgəncələrə məruz qalmış digər hərbi qulluqçular kimi o da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. 2017-ci ildə əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı, işgəncələrə məruz qalmağı iş fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmış, səhhətində ciddi problemlər yaranmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. Belə ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli müvafiq əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin iddiaçı inzibati orqanın ## #### 2017-ci il tarixli əmrini 5 il sonra mübahisələndirmişdir. Bununla da iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh Şəxsi Heyət Baş İdarəsinin ## ####### 2022-ci il tarixli, */S-**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikasının müdafiə nazirinə və Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisinə ünvanladığı ərizələrə (yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün təkrar olaraq bildirilmişdir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ərizə komanda üzrə məruzə edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli, ****gm nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı V, R İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı V, R İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün N nömrəli hərbi hissənin komandirinin “Təqdimat”ın əsaslandırılması hissəsindən qeyd edilir ki, “R İddiaçı ## ###### 2014-cü il tarixdən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmayıb. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, tutduğu vəzifəsini layiqincə yerinə yetirmir. Təşəbbüskardırlığı zəifdir. Şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir. İradəsi, dözümlülük və etibarlıq səviyyəsi qənaətbəxş deyil, vəzifəsini tam yerinə yetirməməsi bir R kimi məsuliyyətinin dərk etməməsindən irəli gəlir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Qanunları və rəhbəredici sənədlərin tələblərini bilir. Tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmir. R İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmir. Bir R kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışmır. Yuxarıda göstərilənləri nəzərə alaraq R İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm”. ## ##### 2017-ci il tarixli 1-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmət etmək istədiyini bildirmişdir. ## #### 2017-ci il tarixli 2-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmətin davam etdirilməsini xahiş etmişdir. ## #### 2017-ci il tarixli İddiaçı dair N nömrəli hərbi hissənin 1812-ci taborunun komandiri tərəfindən tərtib edilmiş “Xidməti xasiyyətnamə”də qeyd edilir ki: “X2 N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində ona həvalə edilmiş vəzifələri və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirə bilməmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız bir R kimi göstərir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, vəzifəsini layiqincə yerinə yetirilməsi üçün əlindən gələni etmir. Təşəbbüskar deyil. Kollektivdə və yoldaşları arasında hörmətə malik deyil. İradəsizdir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Komandır və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmir. Bir R kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır. Öz üzərində qətiyyən çalışmır. Ona bildirilən iradlardan nəticə cixarmamışdır. Hərbi geyim formasına diqqət göstərmir və səliqə səhmanına daimi olaraq riayət etməyə çalışmır”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim Könül Həbibova) iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2025-cü il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Könül Həbibova) iddia təmin edilmiş, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında ## #### 2017-ci il tarixli, ****gm saylı əmri iddiaçı İddiaçı aid olan hissədə ləğv edilməsi, iddiaçı İddiaçı işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan diskresion səlahiyyətlərinə əsasən müvafiq akt qəbul edərək, həmin aktı kifayət qədər əsaslandırmalıdır. Hazırkı mübahisə predmeti olan cavabdehin əmrin verilməsinə əsas olmuş N nömrəli hərbi hissənin komandirinin təqdimatı iddiaçının “xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmadığı, tutduğu vəzifəsini layiqincə yerinə yetirmədiyi və s.” yalnız sözlə ifadə olunan nöqsanlar olmasını və hər hansı bir sübut və ya dəlillə təsdiq edilməmişdir. İddiaçı barəsində olan təqdimatda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edən sübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsi üçün əsas olmuş təqdimatı hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirə bilməz. Belə ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın verilməsini şərtləndirən faktiki əsasları inzibati aktında və məhkəmə icraatında iddiaya qarşı münasibətində bildirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya qarşı tətbiq edilmiş cəza tədbiri çox sərt olmaqla yanaşı, həm də əsassızdır və daha yüngül cəza tədbirinin tətbiq edilməsi düzgün və ədalətli ola bilərdi. İş materiallarına əlavə edilmiş iddiaçının xidməti vərəqəsindən görünür ki, barəsində qeyd edilən nöqsanlar (verilən tapşırığın vaxtında icra etməməsi, geyim formasının səligəsiz olduğu, göstərilən çatışmamazlığın aradan qaldırılmaması və s.) müvafiq olaraq cəzalandırılmış, hər biri üçün şiddətli töhmət, xəbərdarlıq, töhmət kimi cəza növləri tətbiq edilmişdir. Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 88-ci maddəsindən göründüyü kimi eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək qadağan olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və qanunçuluğun təmin edilməsi məqsədləri, habelə konstitusion əhəmiyyət daşıyan digər məqsədlər üçün qanunverici hüquqi məsuliyyətin bu və ya digər növünü müəyyən edərkən universal xarakter daşıyan və mahiyyətinə görə konstitusion hüquq qaydasının əsaslarına aid olan prinsipləri rəhbər tutmağa borcludur. Belə prinsiplərdən biri də Roma hüququndan gələn və hamılıqla qəbul olunmuş “Non bis in idem” (eyni bir xətaya görə iki dəfə) prinsipidir. Həmin prinsipin mahiyyəti baxımından, eyni bir xətaya görə iki tənbeh tədbiri tətbiq oluna bilməz və bir tənbeh tədbiri yetərli sayılmalıdır. Məhkəmə həmçinin qeyd etmək zəruri hesab edir ki, iddiaçının 2010-cu ildən mövcud olan həqiqi hərbi xidmət dövrü ərzində yuxarıda göstərilmiş və cəzalandırılmış nöqsanlar ## ####### 2016-cı il tarixdən ## ### 2017-ci il tarixədək olan dövr üçün qeyd edilmişdir (iddiaçının istinad etdiyi müvafiq hadisələr ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanındığı dövr). Həmçinin, iddiaçı ehtiyata buraxıldığından sonra ## ####### 2020-ci il tarixdə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində, Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medallar ilə təltif olunmuşdur. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən əmr qanunvericiliyinin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin ## #### 2017-ci il tarixli, ****gm nömrəli əmri iddiaçıya aid olan hissədə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və G.İ.Cabbarova) 2025-ci il ## ######## tarixli, **(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtlərinə yenidən baxılmasına dair göstərişlər vermişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı ## ###### 2014-cü il tarixdən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsində xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmadığı, xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş olmadığı, tutduğu vəzifəsini layiqincə yerinə yetirmədiyi, şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədə olduğu, iradəsi, dözümlülük və etibarılıq səviyyəsi qənaətbəxş olmadığı, vəzifəsini tam yerinə yetirməməsi bir R kimi məsuliyyətinin dərk etməməsindən irəli gəldiyi, Nizamnamə qaydalarını bilməsinə baxmayaraq, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmadığı, qanunları və rəhbəredici sənədlərin tələblərini bilməsinə baxmayaraq, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmədiyi, R İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmədiyi, bir R kimi öz xidməti vəzifəsini məsuliyyətini dərk etmədiyi, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmadığı və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışmadığı üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı V, R İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon şöbəsinin sərəncamına göndərilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması səbəbi onun hər hansı bir məsuliyyətə cəlb olunması deyil onun nizam-intizamsız bir hərbi qulluqçu olması olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair məhkəmənin qərarı və buraxılmış prosessual müddət bərpa edilməsinə dair qərardadı əsassızdır və ləğv olunmalıdır. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının # ####### 1997-ci il tarixli ***-*Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Göründüyü kimi qeyd edilən hallarla bağlı Müdafiə Nazirliyi qərar qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda deyil, yuxarıda qeyd edilən xüsusi qanunlarda nəzərdə tutulmuş qaydaları rəhbər tutur və həmin qaydaları tətbiq edir. Məhz buna görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması zamanı “İnzibati icraat haqqında" Qanunun tələblərinin pozulmasına dair məhkəmənin mövqeyi ilə razılaşmırlar. Çünki, hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrlərin verilməsi zamanı inzibati aktda məhkəmənin göstərdiyi qaydaların gözlənilməsi ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmamışdır. İnzibati aktı qəbul edən Müdafiə Nazirliyi “İnzibati icraat haqqında” Qanunun normasına istinad etmədiyindən əmrin verilməsində həmin qanunun tələblərinə əməl edilməməsi də istinad etmək düzgün deyildir. Məhkəmə öz qərarında hesab edib ki, iddiaçıya qarşı tətbiq edilmiş cəza tədbiri çox sərt olmaqla yanaşı, həm də əsassızdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması cəza deyil. Hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoymasıdır. İddiaçı İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (Mərkəzi İcra Hakimiyyəti) qərar qəbul edərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İşin hallarından müəyyən olunur ki, mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli ****gm nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. Həmin mübahisələndirilən inzibati akt- Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ****gm nömrəli əmridir. Əmr isə ## #### 2017-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə deyil 5 il sonra mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Sumqayıt inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ##### 2025ci tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin yuxarda qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Tərtər hadisələri zamanı qanunsuz və əsassız olaraq xidmətdən azad olunmuşdur. Özü 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. İnzibati məhkəmə müddəti bərpa etmişdir, lakin Ali Məhkəmənin inzibati kollegiyası, müddət məsələsinin aydınlaşdırılması məqsədilə işi yenidən apellyasiya baxışına göndərmişdir. Bildirir ki, Tərtər hadisələri çərçivəsində qanunsuz saxlanmış və işgəncələrə məruz qalmışdur. 2021-ci ildə həmin cinayət işi yenidən araşdırılmağa başlanmış, bundan sonra məhkəmədə iddia qaldırmışdır. 2021-ci ildə hüququnun pozulduğunu bilirdi, müxtəlif orqanlara bununla bağlı şikayətlər ünvanlamışdır. Hazırda inzibati məhkəmənin qərarının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında ## #### 2017-ci il tarixli, ****gm saylı əmrinin ona aid olan hissədə ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsindan ibarətdir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də qanunvericlikdə iddia müddəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti ilə əlaqədar iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi inzibati akt 2017-ci ildə qəbul edilmiş, iddia ərizəsi isə ## ###### 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur ki, bununla da mübahisələndirilən əmrin qəbul edilməsindən 5 il keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. İddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsinin səbəbi kimi fiziki və psixi zorakılığa məruz qaldığını, hərbi xidmətdən ehtiyyata buraxıldıqdan sonra isə “ona heç bir yerə şikayət etməməsi üçün təyziq olunduğunu, hədəqorxu gəlindiyini” qeyd etmiş, birinci instansiya məhkəməsi isə qeyd olunanlara, o cümlədən hüquqlarının müdafiəsinə başladığı 2021-ci il tarixdən iddia qaldırdığı tarixədək olan dövr üzrə əmri mübahisələndirə bilməməsinə dair hər hansı bir sübut təqdim olunmamasına baxmayaraq, buraxılmış iddia müddətini üzürlü hesab edərək iddianın mümkün hesab edilməsi ilə bağlı nəticəyə gəlmişlər. Lakin, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının özü iddia ərizəsində, o cümlədən prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd etmişdir ki, 2021-ci ildə onun və digər zərərçəkmiş şəxslərin çox saylı müraciətlərindən sonra onlara qarşı törədilmiş cinayət əməllərinin araşdırılmasına başlanılmış, üzləşdiyi qanunsuzluqlar və əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılması ilə bağlı məlumatlar vermişdir. Göründüyü kimi iddiaçı artıq 2021-ci ildən hüquqlarının bərpası istiamətində addımlar atmış, hüquq-mühafizə orqanlarına müraciətlər etmişdir. Lakin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ## #### 2017-ci il tarixli, ****gm nömrəli əmrini 2022-ci ilin noyabr ayında mübahisələndirmişdir ki, bununla da iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1, 82 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.