Məhkəmə qərarları › İş №2-1(3-8)-1027/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1027/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1027/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “Abşeron rayonu, Qobu bələdiyyəsinin ## ### 2008-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Qobu bələdiyyəsinin ## ### 2008-ci il tarixli, ** saylı qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin ## ### 2008ci il tarixli, ** saylı qərarı ilə 0,08 ha torpaq sahəsi ona satılmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, sonuncu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Qobu Bələdiyyəsi tərəfindən ## ### 2008-ci il tarixli ** saylı qərarı ilə 0,08 ha torpaq sahəsinin iddiaçıya bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, sözügedən qərarın arxiv arayışının müraciətə əlavə olunmadığı, Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh təşkilatdan daxil olmuş ## ####### 2025-ci il tarixli, 3-21-3-32/2- *****/**** nömrəli məktubda mübahisəli torpaq sahəsinin naturada 0,0795 ha ölçüdə olduğu, üst-üstə düşmə halının mövcud olmadığı və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı olduğu qeyd edilmişdir. Abşeron rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli, *-**-*RA/*-****/**** nömrəli məktubu ilə Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** saylı qərarında iddiaçı İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli müayinə aktından görünür ki,qanun əsaslarla istifadəsində olan torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.08 ha olmaqla faktiki vəziyyətdə də 0.08 ha-dır. Abşeron rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubunda Qobu bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarında İddiaçı adı aşkar edilmədiyi qeyd edilsə də, sənədlərin əsli məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. b) Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (hazırda qüvvədə olan redaksiya) 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiya) “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı Qobu bələdiyyəsinin ## ### 2008-ci il tarixli, ** saylı qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın mübahisəli torpaq sahəsi ilə bağlı imtinasının əsaslarını aşağıdakılar təşkil etmişdir: 1) Qobu bələdiyyəsinin ## ### 2008-ci il tarixli ** saylı qərarı ilə 0,08 ha torpaq sahəsinin bələdiyyənin həmin sahə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan bilavasitə satılması; 2) Sözügedən qərarın arxiv arayışının müraciətə əlavə olunmaması; 3) Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib və təsdiq edilməməsi; Məhkəmə kollegiyası imtinanın əsaslarını iş materiallarında olan sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, hazırkı mübahisənin həlli üçün əsas hal iddiaçının istinad etdiyi bələdiyyə qərarının və ona əsaslanan sənədlərin qanunla müəyyən edilmiş qaydada hüquq əldə edilməsini təsdiq edib-etməməsidir. İş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə Qobu bələdiyyəsinin ## ### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə ona 0,08 ha torpaq sahəsinin satıldığı göstərilsə də, Abşeron Rayon Dövlət Arxivinin ## ####### 2025-ci il tarixli məktubuna əsasən arxivdə mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** saylı qərarlarında İddiaçı adı aşkar edilməmişdir. Təqdim edilmiş sənədlə rəsmi arxiv məlumatı arasındakı bu uyğunsuzluq həmin qərarın iddiaçıya münasibətdə hüquqmüəyyənedici sənəd kimi mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, dövlət qeydiyyatı barədə tələbə baxılarkən qeydiyyat orqanı və məhkəmə təqdim olunan aktın sadəcə formal mövcudluğunu deyil, daşınmaz əmlak üzərində hüququn yaranması üçün qanunvericiliyin tələb etdiyi qaydada qəbul edilibedilmədiyini yoxlamalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin normanın məzmunundan görünür ki, bələdiyyə aktının dövlət qeydiyyatı üçün əsas təşkil etməsi onun yalnız səlahiyyətli orqan tərəfindən qəbul olunması ilə deyil, həm də daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün qanunla müəyyən edilmiş maddi və prosedur qaydalara riayət edilməklə qəbul olunması ilə şərtlənir. İddiaçıya torpaq sahəsinin satıldığı tarixdə qüvvədə olmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi aşağıdakı məzmunda olmuşdur: “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bilavəsitə əldə edilməsinin istisnaları da olmamışdır. Sonradan qanunvericiliyə müvafiq istisnalar əlavə edilsə də, qeyd edilən bələdiyə qərarı qəbul edilən zaman bu istisnalar olmamışdır. Bu isə iddiaçı üçün hüquq yaradan sənədin qanunsuz olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan imperativ tələb ## ###### 2007-ci il tarixdən qüvvədə olmuşdur. İddiaçının istinad etdiyi Qobu bələdiyyəsinin ## ### 2008-ci il tarixli qərarı həmin qanunvericilik dəyişikliyinin qüvvəyə minməsindən sonrakı dövrə aiddir. Buna görə mübahisəli hüquq münasibətlərinə torpaq sahəsinin açıq hərrac və ya müsabiqə vasitəsilə verilməsini tələb edən hüquqi tənzimləmə tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, iş materiallarında mübahisəli torpaq sahəsinin açıq torpaq hərracına və ya müsabiqəyə çıxarıldığını, belə prosedurun nəticələrinə dair protokolun tərtib edildiyini və iddiaçının qalib elan olunduğunu təsdiq edən hər hansı sübut yoxdur. Əksinə, təqdim edilmiş ## ### 2008-ci il tarixli qərarın məzmunundan torpaq sahəsinin iddiaçıya bilavasitə satıldığı görünür. Eyni zamanda iş materiallarından bələdiyyənin mübahisəli 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun özgəninkiləşdirmədən əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və torpaq sahəsinin özgəninkiləşdirilməsinin notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi müəyyən olunmur. Həmçinin iddiaçı tərəfindən də yalnız bələdiyyə qərarı, torpağın təhvil aktı, yerquruluşu planından çıxarış və ödəniş qəbzi təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı işdə iddiaçının təqdim etdiyi sənədlər məcburi hərrac və ya müsabiqə proseduruna əməl olunduğunu təsdiq etmədiyindən, habelə bələdiyyə qərarının arxiv əsası ilə bağlı mühüm uyğunsuzluq mövcud olduğundan, həmin sənədlər Qanunun 8.0.1 və 11.1-ci maddələrinin mənasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün yetərli hüquqmüəyyənedici əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, naturada mövcudluğu və ölçüsünün təqdim olunmuş sxemdə göstərilən 0,08 ha sahəyə uyğun gəlməsi hüququn obyektini və faktiki istifadə vəziyyətini təsdiq edə bilər. Lakin bu hallar qanunla məcburi müəyyən edilmiş hərrac və ya müsabiqə prosedurunu əvəz etmir və qanunsuz qaydada aparılmış özgəninkiləşdirmə əsasında mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Beləliklə, yerquruluşu planından çıxarışın tərtibatındakı çatışmazlıqların ayrıca qiymətləndirilməsindən asılı olmayaraq, torpaq sahəsinin açıq hərrac və ya müsabiqə keçirilmədən bilavasitə satılması iddia tələbinin təmin edilməsini istisna edən həlledici hüquqi haldır. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə qərarının formal olaraq mövcud olması və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən geri çağırılanadək, ləğv edilənədək və ya başqa səbəbdən qüvvədən düşənədək hüquqi qüvvəsini saxlaması həmin qərarı avtomatik olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün yararlı sənədə çevirmir. Qeydiyyat üçün akt həm də xüsusi qanunvericilikdə müəyyən edilmiş əldəetmə qaydasına uyğun olmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, hazırda iddiaçıya qarşı hər hansı bir tələb irəli sürülmür və məhkəmə cavabdeh inzibati orqanın hərkətlərinin qanuni olub-olmamasını yoxlayır. Kollegiya hesab edir ki, hazırda iddiaçının hüquqi vəziyyətində olan şəxslərə güzəşt formasında hər hansı bir hüquqi tənzimləmə olmadığına görə, cavabdeh inzibati orqanın imtinası yuxarıda istinad edilən normalara uyğun olmuş və birinci instansiya məhkəməsi hazırda formalaşmış məhkmə təcrübəsinə uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar